Məhkəmə qərarları › İş №2(071)-112/2022

Hacıqabul Rayon Məhkəməsi Qətnamə — İş №2(071)-112/2022

27.01.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Zaminlik müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Hacıqabul rayonu İş № 2(071)-112/2022 27.01.2022 HACIQABUL RAYON MƏHKƏMƏSİ Hacıqabul rayon Məhkəməsinin hakimi və sədri vəzifəsini müvəqqəti icra edən Hacıyev Vahid Məcid oğlunun sədrliyi, Məmmədov Mirabbas Seyidxan oğlunun katibliyi, İddiaçı ASC-nin nümayəndəsi X1, cavabdehlər Cavabdeh1 və X5 iştirakı ilə, İddiaçı ASC-nin cavabdehlər Cavabdeh1 və X7 qarşı “kredit müqaviləsinin ləğv edilməsi, kreditin, faizlərin və zərərin ödənilməsi” tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı ASC cavabdehlər Cavabdeh1 və X7 qarşı “kredit müqaviləsinin ləğv edilməsi, kreditin, faizlərin və zərərin ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə 06.12.2021-ci il tarixdə məhkəməyə müraciət edərək, İddiaçı ASC ilə Cavabdeh1 arasında bağlanmış 25.12.2019-cu il tarixli 021CASA193590027 nömrəli güzəşli kredit müqaviləsinin ləğv edilməsi, cavabdehlər Cavabdeh1 və X3 25.12.2019-cu il tarixli müqavilə üzrə yaranmış 6.256,43 manat əsas kredit borcu, 51,51 manat kreditdən istifadəyə görə faiz borcu, 83,40 manat ödənilmiş dövlət rüsumu olmaqla, cəmi 6.391,34 manat pulun müştərək qaydada tutularaq İddiaçı ASC-yə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı ASC-nin nümayəndəsi X2 məhkəmə iclasında iddia tələbini müdafiə etdi və izahatında bildirdi ki, 25.12.2019-cu il tarixli 021CASA193590027 nömrəli güzəşli kredit müqaviləsinə əsasən İddiaçı ASC Cavabdeh1 60 ay müddətinə illik 1% kreditdən istifadəyə görə haqq ödəmək şərti ilə 6.256,43 manat kredit vermişdir. 25.12.2019-cu il tarixli zaminlik müqaviləsinə əsasən X8 borcalan Cavabdeh1 kredit müqaviləsi üzrə öhdəliklərinin icrası üçün birgə məsuliyyət daşımağı öz üzərinə götürmüşdür. Cavabdeh1 öhdəliklərini icra etməmişdir. Nəticədə onun 11.11.2021-ci il tarixə "Bank Respublika” ASC-yə 6.256,43 manat əsas borcu, 51,51 manat kreditdən istifadəyə görə faiz borcu olmaqla, cəmi 6.307,94 manat borcu yaranmışdır. Cavabdehlərə dəfələrlə şifahi və bildirişlə müraciət edilməsinə baxmayaraq, kreditin və kreditdən istifadəyə görə faizlərin ödənilməsi üçün tədbir görülməmiş, kredit müqaviləsindən irəli gələn öhdəliklər lazımi qaydada icra edilməmişdir. Odur ki, iddianın təmin olunmasını xahiş edir. Cavabdeh1 məhkəmə iclasında iddia tələbini qəbul etdi və izahatında bildirdi ki, o, 25.12.2019-cu il tarixli müqavilə üzrə 11.11.2021-ci il tarixə banka 6.256,43 manat əsas borc və 51,51 manat faiz borcu olmaqla, cəmi 6.307,94 manat borcu olmasını etiraf edir. Maddi imkanı olmadığından və ürəyi xəstə olduğuna görə həmin borcu vaxtında ödəyə bilməmişdir. Hazırda banka olan borcunu hər ay 50 manat olmaqla ödəməyə razıdır və iddianın təmin edilməsinə etiraz etmir. Cavabdeh X9 məhkəmə iclasında iddia tələbini qəbul etdi və izahatında bildirdi ki, maddi imkanı olmadığından və arvadı Cavabdeh1 xəstə olduğuna görə banka olan borcu vaxtında ödəyə bilməmişlər. Hazırda banka olan borcu hər ay 50 manat olmaqla ödəməyə razıdır və iddianın təmin edilməsinə etiraz etmir. Məhkəmə proses iştirakçılarının izahatını dinləyib, iş materiallarında olan sənədləri nəzərdən keçirib, sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, 25.12.2019-cu il tarixli 021CASA193590027 nömrəli güzəşli kredit müqaviləsinə əsasən İddiaçı ASC borcalan Cavabdeh1 60 ay müddətinə illik 1% kreditdən istifadəyə görə haqq ödəmək şərti ilə 6.256,43 manat kredit vermişdir. 25.12.2019-cu il tarixli güzəşli kredit müqaviləsinin təminatı qismində İddiaçı ASC ilə zamin X8 arasında 25.12.2019-cu il tarixli zaminlik müqavilələri bağlanmışdır. Zaminlik müqaviləsinə əsasən zamin güzəştli kredit müqaviləsi üzrə borcalanla birgə məsuliyyət daşımağı öhdəsinə götürmüşdür. Mülki Məcəllənin 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Mülki Məcəllənin 741-ci maddəsinə əsasən əgər müqavilənin iştirakçıları borcun faizlər ilə verilməsini şərtləşdirirlərsə, faizlər müvafiq surətdə bir ilin sonunda ödənilməli, borc bir il başa çatanadək qaytarılmalıdırsa, borcun qaytarılması ilə bir vaxtda ödənilməlidir. Mülki Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Mülki Məcəllənin 470.1-ci maddəsinə əsasən zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. Mülki Məcəllənin 472.1-ci maddəsinə əsasən borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Mülki Məcəllənin 472.2-ci maddəsinə əsasən əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. Göründüyü kimi, tərəflər arasında kredit və zaminlik müqavilələri bağlanmaqla Mülki Məcəllənin 386-cı maddəsinə əsasən həmin müqavilədən irəli gələn öhdəliklər yaranmışdır. İddiaçı müqavilə üzrə üzərinə götürdüyü öhdəliyini icra etmiş, lakin borclu müqavilə üzrə bankın müəyyən etdiyi ödəniş cədvəlinə uyğun olaraq borcunu vaxtında lazımi qaydada ödəməmiş, öhdəliyin icrasını gecikdirmişdir. 11.11.2021-ci il tarixli maliyyə arayışından müəyyən edilir ki, borcalan Cavabdeh1 25.12.2019-cu il tarixli kredit müqaviləsi üzrə İddiaçı ASC-yə 11.11.2021-ci il tarixə 6.256,43 manat əsas və 51,51 manat faiz borcu olmaqla, cəmi 6.307,94 manat borcu var. Borclu öhdəliyini lazımi qaydada icra etmədiyi üçün zamin həmin borcun ödənilməsi üçün bank qarşısında borclu ilə birgə məsuliyyət daşıyır. Mülki Məcəllənin 421.2-ci maddəsinə əsasən tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur. Mülki Məcəllənin 421.3-cü maddəsinə əsasən müqavilənin tamamilə və ya hissə-hissə icrasından birtərəfli imtina edildikdə və belə imtinaya bu Məcəllə ilə və ya tərəflərin razılaşması ilə yol verildikdə müqavilə müvafiq surətdə ləğv edilmiş və ya dəyişdirilmiş sayılır. Məhkəmə sübutlara məcmu halında qiymət verərək belə qənaətə gəlir ki, iddia təmin edilməli, İddiaçı ASC ilə Cavabdeh1 arasında bağlanmış 25.12.2019-cu il tarixli güzəşli kredit müqaviləsi ləğv edilməli, cavabdehlər (borcalan) Cavabdeh1 və (zamin) X4 müştərək qaydada 25.12.2019-cu il tarixli kredit müqaviləsi üzrə 11.11.2021-ci il tarixə yaranmış 6.256,43 manat əsas kredit borcu, 51,51 manat kreditdən istifadəyə görə faiz borcu, 83,40 manat ödənilmiş dövlət rüsumu olmaqla, cəmi 6.391,34 manat pul tutularaq İddiaçı ASC-yə ödənilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 119, 216-220, 227, 233, 357, 360, 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. İddiaçı ASC ilə Cavabdeh1 arasında bağlanmış 25.12.2019-cu il tarixli 021CASA193590027 nömrəli kredit müqaviləsi ləğv edilsin. Cavabdehlər (borcalan) Cavabdeh1 və (zamin) X4 müştərək qaydada 25.12.2019-cu il tarixli kredit müqaviləsi üzrə 11.11.2021-ci il tarixə yaranmış 6.256,43 manat əsas kredit borcu, 51,51 manat kreditdən istifadəyə görə faiz borcu, 83,40 manat ödənilmiş dövlət rüsumu olmaqla, cəmi 6.391,34 (altı min üç yüz doxsan bir manat otuz dörd qəpik) manat pul tutularaq İddiaçı ASC-yə ödənilsin. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Hacıqabul rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Vahid Hacıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar