Azərbaycan Respublikası adından QƏTNAMƏ Hacıqabul rayonu İş № 2(071)-112/2023 03.04.2023 HACIQABUL RAYON MƏHKƏMƏSİ X19 Nazim oğlunun sədrliyi, Səlimova Günel Rauf qızının katibliyi, İddiaçı və onun nümayəndəsi Vəkil1, Cavabdehin nümayəndəsi Vəkil2 iştirakları ilə, İddiaçı Cavabdeh qarşı “evə köçürülmə” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onu iki yetkinlik yaşına çatmayan uşaqları ilə birlikdə Hacıqabul rayonu, Abdulabad kəndi fərdi yaşayış evə köçürülmələrinə və orada yaşamalarına maneçilik törədən bütün halların cavabdehə qadağan edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, xx.xx.2008-ci ildə cavabdehlə qeyri-rəsmi nikaha dail olaraq ailə həyatı qurmuşlar. xx.xx.2010-cu ildə cavabdehlə aralarındakı qeyrirəsmi nikahları Hacıqabul rayonu Qeydiyyat şöbəsi tərəfindən 281 saylı nikah aktı rəsmiləşdirilmişdir. O, gəlin olaraq cavabdehin Hacıqabul rayonu, Abdulabad kəndində yerləşən evinə gəlin köçərək orada yaşamışdır. Cavabdeh məhkəməyə müraciət edərək aralarında olan nikahın pozulmasını və birgə nikahlarından doğulmuş uşaqlarının cavabdehin himayəsinə verilməsini xahiş etmişdir. Hacıqabul Rayon Məhkəməsinin xx.xx.2015-ci il tarixli 2(071)-370/2015 saylı qətnaməsinə əsasən onun iddiası təmin edilmiş, xx.xx.2010-cu il tarixli 281 nömrəli nikah akt qeydi pozulmuşdur, birgə nikahdan doğulmuş uşaqlarının atalarının himayəsində qalmaları müəyyən edilmişdir. Daha sonra o, məhkəməyə müraciət edərək uşaqlarının onun himayəsində olmaq faktının müəyyən edilməsi və uşaqların yetkinlik yaşına çatana qədər saxlanılması üçün alimentin tutulmasını xahiş etmişdir. Hacıqabul Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2(071)-125/2021 saylı qətnaməsinə əsasən iddia tələbi təmin edilmişdir. O, gəlin köçərək illərdir yaşadığı evdən çıxıb başqa yerdə yaşamağa məcbur qalmışdır və hazırda yaşayış yeri olmadığı üçün gəlin köçərək yaşadığı evə uşaqlarla birlikdə köçüb və yaşamaq istəyir. Məhkəmə iclasında İddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında iddiaçının nümayəndəsi Vəkil1 iddianı müdafiə edərək və iddia ərizəsinin məzmununa uyğun izahat verərək əlavə olaraq bildirdi ki, iddiaçı ailə həyatı qurduqdan nikahın pozulduğu vaxtadək gəlin kimi köçdüyü evdə yaşamışdır. Bu səbəbdən iddiaçının həmin evdən istifadə etmək hüququ vardır. Hazırda isə cavabdeh iddiaçıya həmin evə köçüb yaşamasına imkan vermir. Odur ki, iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında cavabdehin nümayəndəsi Vəkil2 iddianı qəbul etməyərək izahatında bildirdi ki, xx.xx.2008-ci il tarixdə Cavabdeh və İddiaçı evlənib Hacıqabul rayonu Abdulabad kəndində yerləşən cavabdehin babası X6 evində yaşayıblar. Onlar aralarında rəsmi nikah xx.xx.2010-cu ildə bağlanmışdır. Onların birgə nikahından 2 uşaqları doğulmuşdur. Onlar 2 uşaqları ilə birlikdə 6 il Müşfiqin babasının evində yaşayıblar. xx.xx.2015-ci ildə aralarında olan nikah məhkəmə qətnaməsi ilə pozulmuş və uşaqların atanın himayəsində qalmaları müəyyən edilmişdir. Daha sonra Hacıqabul rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli qətnaməsi ilə uşaqların ananın himayəsinə verilməsi haqqında qətnamə qəbul edilmişdir. Cavabdeh adına hər hansı mülki yoxdur. İddia tələbində qeyd edilən ev cavabdehin anasının və qardaşının mülkiyyətindədir. Belə olan halda, iddiaçının həmin evdən istifadə hüququ yoxdur. Odur ki, qeyd edilənləri nəzərə alaraq, iddianın rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. İş materiallarında olan Əmlak məsələləri Dövlət Komitəsinin yanında DƏDRX tərəfindən verilmiş RX ******* nömrəli “Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarış”ın surətindən görünür ki, Hacıqabul rayonu rayonu, Abdulabad kəndində yerləşən ümimi sahəsi 182,3 kv.m olan fərdi yaşayış evi tam, altındakı 0,5 ha torpaq sahəsi isə X7 ilə birgə Süleymanov Kərim Kamil oğlunun mülkiyyətində olmuşdur. İş materiallarında olan xx.xx.2016-cı il tarixli “Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə”dən görünür ki, xx.xx.2002-ci il tarixdə ölmüş mərhum Süleymanov Kərim Kamil oğlunun vərəsəsi – arvadı X7 və oğlu Süleymanov Hicran Kərim oğludur və onlar miras əmlakdan ½ hissədə pay almalıdırlar. Miras əmlak isə Hacıqabul rayonu, Abdulabad kəndində yerləşən 0,5 ha torpaq sahəsi üzərindəki ümumi sahəsi 182,3 kv.m olan fərdi yaşayış evindən ibarətdir. İş materiallarında olan Əmlak məsələləri Dövlət Komitəsinin yanında DƏDRX tərəfindən verilmiş “Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarış”ın surətindən görünür ki, Hacıqabul rayonu rayonu, Abdulabad kəndində yerləşən ümumi sahəsi 182,3 kv.m olan fərdi yaşayış evinin ½ hissəsi Süleymanov Hicran Kərim oğlunun, ½ hissəsi isə X2 mülkiyyətindədir. İş materiallarında olan Hacıqabul Rayon Məhkəməsinin xx.xx.2015-ci il tarixli, 2(071)- 370/2015 saylı qətnaməsindən görünür ki, Cavabdeh ilə İddiaçı nikahı xx.xx.2010-cu il tarixdə rəsmi olaraq qeydə alınmışdır. Qətnaməyə əsasən tərəflər arasında rəsmiləşdirilmiş nikah akt qeydi pozulmuş və tərəflərin birgə nikahından doğulmuş xx.xx.2010-cu il təvəllüdlü X3 və xx.xx.2013-cü il təvəllüdlü X10 ataları Cavabdeh himayəsində saxlanılmışdır. İş materiallarında olan Hacıqabul Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(071)- 125/2015 saylı qətnaməsindən görünür ki, xx.xx.2010-cu il təvəllüdlü X1 və xx.xx.2013-cü il təvəllüdlü X4 anaları İddiaçı himayəsində olmaları faktı müəyyən edilmiş və əvvəli 10 fevral 2021-ci il tarixdən hesablamaqla xx.xx.2010-cu il təvəllüdlü X1 və xx.xx.2013-cü il təvəllüdlü X4 yetkinlik yaşına çatanadək saxlanılmalı üçün Cavabdeh hər ay bir uşağa 125 manat olmaqla cəmi 250 manat sabit pul məbləğində alimentin tutularaq İddiaçı verilməsi qət edilmişdir. İş materiallarında olan Hacıqabul rayonu İsra Hakimiyyətinin Abdulabad kənd İƏD-nin nüməyəndəliyi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli sorğuya cavab məktubundan görünür ki, Hacıqabul rayonu Abdulabad kəndində qeydiyyatda olan Cavabdeh adında Hacıqabul rayonu Abdulabad kəndində daşınmaz əmlak qeydə alınmamışdır. Təsərrüfat başına kitabda təsərrüfat onun anası X2 adınadır. Təsərrüfat başına kitabdan çıxarış: X7, Cavabdeh, Süleymanov Hicran Kərim oğlu, X5, X3, X8, X9, Süleymanov Rəsul Hicran oğlu, Süleymanov Rəşid Hicran oğlu. Qeyd edilir ki, X5 həyat yoldaşından ayrıldığı üçün uşaqları X3 və X8 hal-hazırda Hacıqabul rayonu Abdulabad kəndində yaşamıllar. Onların yaşayış yeri haqqında heç bir məlumat yoxdur. Məhkəmə, proses iştirakçılarının izahatlarını dinləyərək və təqdim olunmuş sübutları araşdıraraq hesab edir ki, iddia rədd olunmalıdır. Belə ki, məhkəmə iclasında tədqiq olunmuş sübutlarla müəyyən edilmişdir ki, tərəflər 2008-ci ildə qeyr-rəsmi şəkildə ailə həyatı qurmuş və iddiaçı Hacıqabul rayonu Abdulabad kəndində yerləşən əvvəllər cavabdehin atası Süleymanov Kərim Kamil oğlunun mülkiyyətində olmuş fərdi yaşayış evinə gəlin köçmüşdür. xx.xx.2010-cu il tarixdə isə tərəflər arasında rəsmi nikah bağlanmışdır. Tərəflərin birgə nikahından iki uşaqları doğulmuşdur. Tərəflər arasında ailə münasibətləri baş tutmadığından onlar ayrılmışlar və nikahları məhkəmənin qətnaməsi əsasında pozulmuşdur. Tərəflərin birgə nikahından doğulmuş uşaqları iddiaçının yanında yaşayırlar. İşin faktiki halları ilə həmçinin müəyyən edilir ki, iddiaçının gəlin kimi köçdüyü Hacıqabul rayonu Abdulabad kəndində yerləşən ev cavabdehin atası Kərim Süleymanovun mülkiyyətində olmuşdur və sonuncu xx.xx.2002-ci il tarixdə öldükdən sonra onun qanun üzrə vərəsələri – arvadı X7 və oğlu Süleymanov Hicran Kərim oğlu həmin miras əmlakdan ½ hissədə pay almışlar və daha sonra həmin fərdi yaşayış evi üzərində Qumru Süleymanova və Hicran Süleymanovun hər birinin ½ hissədə mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1255-ci maddəsinə əsasən qəbul edilmiş miras onun açıldığı gündən vərəsənin mülkiyyəti sayılır. Qeyd edilən maddi hüquq normasına əsasən mirasın açıldığı, yəni Kərim Süleymanovun öldüyü gündən, iddiaçının gəlin kimi köçdüyü Hacıqabul rayonu Abdulabad kəndində yerləşən ev cavabdehin anası və qardaşı - Qumru Süleymanova və Hicran Süleymanovun paylı mülkiyyətində sayılır. Hazırda cavabdeh tərəfindən iddiaçıya uşaqları ilə birlikdə mübahisəli evə köçməsinə və orada yaşamasına maneçilik törədildiyindən, iddiaçı evin mülkiyyətçilərinə (üçüncü şəxslərə) qarşı deyil, məhz cavabdehə qarşı iddia tələbi irəli sürərək, uşaqları ilə birlikdə həmin evə köçürülməsini və orada yaşamalarına maneçilik törədilməsinin cavabdehə qadağan edilməsini tələb edir. Məhkəmə qeyd edir ki, İddiaçı mübahisəli evə köçürülməsi ilə bağlı mübahisə həll edilərkən, ilk öncə onun həmin evdən istifadə hüququnun olub-olmadığı müəyyən edilməlidir. “X.Məmmədovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 12 iyun 2013-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Konstitusiya Məhkəməsi Plenumunun 11 iyul 2014-cü il tarixli qərarında qeyd edilir ki, yaşayış sahəsinin mülkiyyət formasının dəyişdirilməsinin, yəni xüsusi mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması anı həmin yaşayış sahəsində yaşayan şəxslər və mülkiyyətçi arasında mövcud olan hüquq və vəzifələrin həcminin dəyişilməsinə səbəb olur. Bu halda, xüsusi mülkiyyət hüququ əsasında dövlət qeydiyyatına alınan belə yaşayış sahəsinə digər ailə üzvlərinin yaşayış hüququnun yaranması Mülki Məcəllənin 228.1 və 228.2-ci maddələrində və ya qüvvədə olan Mənzil Məcəlləsinin 30-cu maddəsində müəyyən edilmiş əsaslara və qaydalara uyğun olaraq həll olunmalıdır. Məhkəmələr tərəfindən göstərilən maddi hüquq normalarının tətbiqi zamanı həmçinin nəzərə alınmalıdır ki, yaşayış sahəsinin mülkiyyətçisi ilə digər ailə üzvləri arasında həmin sahədən istifadə hüququ ilə bağlı məsələlər həll edilərkən 2009-cu il oktyabrın 1-dək yaranmış münasibətlərə Mülki Məcəllənin 228-ci maddəsinin, həmin tarixdən sonra isə qüvvədə olan Mənzil Məcəlləsinin 30-cu maddəsinin müddəaları tətbiq edilməlidir. Məhkəmə hesab edir ki, iddiaçı 2008-ci ildə mübahisəli evə faktiki olaraq gəlin kimi köçsə də, tərəflər arasında nikah münasibəti xx.xx.2010-cu il tarixdə rəsmiləşdirildiyindən, yaşayış evindən istifadə hüququnun yaranıb-yaranmaması müəyyən edilərkən rəsmi nikah münasibətinə daxil olma vaxtı əsas götürülməlidir. Belə olan halda, iddiaçının cavabdehin anası və qardaşının paylı mülkiyyətində olan yaşayış sahəsindən istifadə hüququnun olub-olmaması məsələsi Mənzil Məcəlləsinin 30-cu maddəsi ilə müəyyən edilmiş qaydalara uyğun olaraq həll edilməlidir. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.1-ci maddəsinə əsasən yaşayış sahəsi mülkiyyətçisinin ailə üzvlərinə həmin mülkiyyətçi ilə ona məxsus olan yaşayış sahəsində birlikdə yaşayan mülkiyyətçinin arvadı (əri), habelə onun uşaqları və valideynləri aid edilir. Digər qohumlar, mülkiyyətçinin himayəsində olan əmək qabiliyyəti olmayanlar mülkiyyətçi tərəfindən ailə üzvləri kimi yaşayış sahəsinə köçürüldükdə, onun ailə üzvləri hesab edilə bilərlər. Məhkəmə hesab edir ki, Mənzil Məcəlləsinin 30.1-ci maddəsinin tələbləri baxımından iddiaçı yaşayış sahəsinin mülkiyyətçisi olan Qumru Süleymanova və Hicran Süleymanova münasibətdə onların ailə üzvü hesab olunmur. Belə ki, mülkiyyətçinin ailə üzvləri dedikdə, onun arvadı (əri), uşaqları və valideynləri başa düşülür. Mənzil Məcəlləsinin 30.1-ci maddəsində göstərilən “digər qohumlar” ifadəsinə gəldikdə isə qeyd edilməlidir ki, “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.1 və 228.2-ci və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.1 və 30.2-ci maddələrinin şərh edilməsinə dair” Konstitusiya Məhkəməsi Plenumunun 16 dekabr 2014-cü il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.1-ci maddəsinin ikinci cümləsinin “digər qohumlar” ifadəsi Azərbaycan Respublikası Ailə Məcəlləsinin 15-ci Fəslinin müddəalarına əsasən yaşayış sahəsinin mülkiyyətçisindən özünün saxlanılmasını tələb etmək hüququ olan şəxsləri ehtiva edir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddiaçı yaşayış sahəsinin mülkiyyətçilərinin ailə üzvü hesab olunmadığından, Mənzil Məcəlləsinin 30.1-ci maddəsinin tələbləri baxımından onun yaşayış sahəsindən istifadə hüququ yaranmır. Belə olan halda, iddiaçının qeyd edilən yaşayış sahəsindən istifadə hüququnun əmələ gəlməsi üçün Mülki Məcəllənin 228.1 və 228.2-ci maddəsinə riayət edilməsi tələb olunurdu. Belə ki, qeyd olunan maddi hüquq normalarına əsasən mülkiyyətçinin ailə üzvü sayılmayan şəxslərin yaşayış sahəsindən istifadə hüququnun yaranması üçün mülkiyyətçi ilə onun arasında yazılı razılaşmanın bağlanılması, həmin razılaşmanın notariat qaydasında təsdiq edilməsi və istifadə hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması mütləq şərt kimi göstərilmişdir. Lakin, iş materialları ilə müəyyən olunur ki, iddiaçı ilə yaşayış sahəsinin mülkiyyətçiləri arasında yaşayış sahəsindən istifadə hüququnun əmələ gəlməsinə dair notariat qaydasında təsdiqlənən yazılı müqavilə bağlanmamışdır. İddiaçı tərəf buna dair hər hansı sübutu məhkəməyə təqdim etməmişdir. Belə müqavilə bağlanmadığına görə, iddiaçının yaşayış sahəsindən istifadə hüququ da əmələ gəlməmişdir. Beləliklə, məhkəmə hesab edir ki, İddiaçı mübahisə predmeti olan fərdi yaşayış evindən istifadə hüququ olmadığına görə onun himayəsində olan azyaşlı uşaqları (məhkəmə qətnaməsi ilə uşaqlar onun yanında saxlanılmışdır) ilə birlikdə həmin yaşayış sahəsinə köçürülməsinə dair iddia tələbi təmin edilə bilməz. Digər tərəfdən, məhkəmə qeyd edir ki, iddiaçının mübahisə predmeti olan fərdi yaşayış evindən istifadə hüququ olmuş olsa idi belə, hazırki iddia tələbi təmin edilə bilməzdi. Belə ki, iş materialları ilə müəyyən olunur ki, həmin ev cavabdehə deyil, onun anası və qardaşına məxsusdur və iddiaçı iddia tələbini həmin şəxslərə qarşı irəli sürməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-in 216-220, 227 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: İddiaçı Cavabdeh qarşı “evə köçürülmə” tələbinə dair iddiası rədd edilsin. İş üzrə ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Hacıqabul rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. X20
Məhkəmə qərarları › İş №2(071)-112/2023
Hacıqabul Rayon Məhkəməsi Qətnamə — İş №2(071)-112/2023
03.04.2023 · Mənzil mübahisələri - Mənzilə köçürmə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver