Məhkəmə qərarları › İş №2(071)-1232/2023

Hacıqabul Rayon Məhkəməsi Qətnamə — İş №2(071)-1232/2023

26.12.2023 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Mirasın qəbul edilməsi və vərəsəliyin açılma yerinin müəyyən edilməsi faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Hacıqabul rayonu İş № 2(071)-1232/2023 26.12.2023 HACIQABUL RAYON MƏHKƏMƏSİ Hakim Bayramov Orxan Telman oğlunun sədrliyi, Eynullayev Muxtar Mehman oğlunun katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi (maraqlı şəxs Hacıqabul rayon Notariat Ofisi) “mirasın qəbul edilməsi faktının müəyyən edilməsi” barədə ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyənetdi: Ərizəçi (maraqlı şəxs Hacıqabul rayon Notariat Ofisi) ərizə ilə məhkəməyə müraciət edərək, xx.xx.2020-ci ildə vəfat etmiş həyat yoldaşı X2 miras qalmış VAZ-2106 minik markalı ** RG *** dövlət qeydiyyat nömrəli nəqliyyat vasitəsinin miras kimi qəbul edilməsi üçün qanunla müəyyən edilmiş müddətin buraxılma səbəbləri üzürlü hesab edilməklə, həmin müddətin uzadılması və onun tərəfindən həmin miras əmlakın qəbul edilmə faktı müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı ərizəsini onunla əsaslandırmışdır ki, o, xx.xx.1959-cu ildə Salyan rayonu, Rəncbər kəndində anadan olmuş, həyat yoldaşı X6 xx.xx.2020-ci ildə vəfat etmişdir. xx.xx.2016-cı il tarixdə mülkiyyətlərində olan VAZ-2106 minik markalı ** RG *** dövlət qeydiyyat nişanlı avtomobil mərhum həyat yoldaşının adına rəsmiləşdirilmişdir. Halhazırda məhkəməyə müraciət etməyinin səbəbi kimi həmin nəqliyyat vasitəsinin sənədləşməsində çətinlik çəkməkdə olmasıdır. Həyat yoldaşı X6 rəhmətə getdikdən sonra vaxtında müraciət edib sənədləşmənin həyata keçirilməsini bilməmiş və bu vaxta qədər sənədləşmə lazım olmamışdır. Hal-hazırda lazım olduğu üçün Hacıqabul rayon Notariat ofisinə müraciət etmiş, onun müraciətinə cavab olaraq xx.xx.2023-cü il tarixli, 313 saylı məktubla Notariat ofisindən bildirilmişdir ki, Azərbaycan Respublikasının MM-nin 1246 və 1248-ci maddələrinin tələblərinə əsasən buraxılmış müddətin bərpası üçün məhkəməyə müraciət olunmalıdır. Odur ki, ötrülmüş müddətin üzrlü hesab edilərək uzadılması üçün məhkəməyə müraciət etmək zəruriyyətində qalmışdır. Məhkəmə iclasında Ərizəçi ərizəni müdafiə edərək bildirdi ki, avtomobil həyat yoldaşının adında olub. Həyat yoldaşı vəfat etdiyi üçün miras kimi avtomobili öz adına keçirib sonra isə nəvəsinə vermək istəyir. Həmin minik avtomobilini miras əmlak kimi qanun üzrə birinci növbə vərəsələrindən yalnız o qəbul etmişdir. Maraqlı şəxs Hacıqabul rayon Dövlət Notariat Kontoru məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq, maraqlı şəxsin nümayəndəsi məhkəmə iclasında iştirak etmədiyindən, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən məhkəmə mülki işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan X7, X8, X4 və X5 tərəfindən ayrı-ayrılıqda notarial qaydada verilmiş xx.xx.2023-cü il və xx.xx.2023-cü il tarixli ərizələrdən görünür ki, onlar ataları X2 miras qalmış əmlaklara dair vərəsəliyi qəbul etmirlər və etmək fikrində də deyildirlər. İş materiallarında olan xx.xx.1980-cı il tarixli nikah haqqında şəhadətnamənin surətindən görünür ki, X6 ilə Ərizəçi nikahı xx.xx.1980-ci il tarixdə Salyan rayon Rəncbər kənd XDC icraiyyə komitəsində 8 saylı akt qeydi ilə bağlanmışdır. Nikah bağlandıqdan sonra ərə “Məmmədov” arvada “Məmmədova” soyadı verilmişdir. İş materiallarında olan Hacıqabul şəhər İnzibati Ərazi dairəsi üzrə Nümayəndəliyi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli, 1877 saylı arayışdan müəyyən edilir ki, Məmmədova X1 şəhəri, M.Əsədov küçəsi 76 saylı evdə yaşayır. İş materiallarında olan AZ-İİ 117290 nömrəli, xx.xx.2020-ci il tarixli ölüm haqqında şəhadətnamədən görünür ki, X6 xx.xx.2020-ci ildə ölmüşdür. Bu barədə ölüm haqqında akt qeydləri kitabında 2020-ci ilin dekabr ayının 25 günündə 372 nömrə ilə qeyd edilmişdir. İş materiallarında olan AC 705958 saylı Nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsindən görünür ki, VAZ-2106 minik markalı ** RG *** dövlət qeydiyyat nişanlı avtomobil X3 xüsusi mülkiyyətində olmuşdur. İş materiallarında olan Hacıqabul Rayon Notariat Ofisinin 13 noyabr 2023-cü il tarixli, 313 nömrəli məktubundan görünür ki, Ərizəçi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1246 və 1248-ci maddələrinin tələblərinə əsasən məhkəməyə müraciət etməsi tövsiyə olunmuşdur. Məhkəmə, ərizəçinin və maraqlı şəxslərin izahatlarını dinləyərək, tədqiq edilmiş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, ərizə təmin olunmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 1134.1-ci maddəsinə əsasən qanun üzrə vərəsəlik zamanı vərəsələr miras qoyanın öldüyü məqamda sağ olmuş şəxslər, habelə miras qoyanın ölümündən sonra doğulmuş uşaqları ola bilərlər. 1133.1-ci maddəsinə əsasən ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir; 1145-ci maddəsinə əsasən miras fiziki şəxsin ölümü və ya məhkəmə tərəfindən ölmüş elan edilməsi ilə açılır; 1146-cı maddəsinə əsasən miras qoyanın öldüyü gün və ya fiziki şəxsin ölmüş elan edilməsi barədə məhkəmə qərarının qüvvəyə mindiyi gün mirasın açıldığı vaxt sayılır; 1159.1.1-ci maddəsinə əsasən birinci növbədə - ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər) vərəsəlik zamanı bərabər pay hüquqlu vərəsələr sayılırlar; 1243.2-ci maddəsinə əsasən vərəsə mirasın açıldığı yer üzrə notariat kontoruna mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktiki başladıqda və ya bununla mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır; 1243.3-cü maddəsinə əsasən vərəsə mirasın bir hissəsinə sahiblik etməyə faktik başladıqda hesab edilir ki, mirasın nədə ifadə edilməsindən və harada olmasından asılı olmayaraq, o, mirası tamamilə qəbul etmişdir; 1255-ci maddəsinə əsasən qəbul edilmiş miras onun açıldığı gündən vərəsənin mülkiyyəti sayılır; Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 305.1.1-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında işlərə xüsusi icraat qaydasında baxır. 307.2.9-cu maddəsinə əsasən, məhkəmə mirasın qəbul edilməsi faktının və vərəsəliyin açılma yerinin müəyyən edilməsi barədə işlərə baxır. 308-ci maddəsinə əsasən, məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. İşin məhkəmə tərəfindən müəyyən edilmiş halları ondan ibarətdir ki, Ərizəçi ilə X6 xx.xx.1980-cı il tarixdə rəsmi nikaha daxil olaraq ailə həyatı qurmuşlar. Onların nikahından dörd uşaqları doğulmuşdur. Həsən Məmmədov xx.xx.2020-ci il tarixdə ölmüşdür. Onun ölümündən sonra miras qalmış VAZ-2106 minik markalı ** RG *** dövlət qeydiyyat nişanlı avtomobil qanun üzrə birinci növbə vərəsələrindən yalnız Ərizəçi mirası faktiki olaraq qəbul etmişdir. Ərizəçi miras əmlaka dair vərəsəlik hüququ haqqında şəhadətnamə almaq üçün notariat orqanına ərizə ilə müraciət etsə də, ona mirasın qəbul edilməsi üçün qanunla müəyyən edilmiş müddəti ötürdüyünə görə məhkəməyə müraciət etməsi tövsiyyə edilmişdir. Belə olan təqdirdə, ərizəçi mərhum ərindən miras qalmış əmlakı vəsərəlik qaydasında qəbul edilməsi faktının müəyyən edilməsi üçün məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Qeyd olunan prosessual hüquq normasının tələbinə görə, miras qoyan X6 xx.xx.2020-ci il tarixdə öldüyünə görə, ondan miras qalmış əmlaka münasibətdə vərəsəlik hüquq münasibətləri ilə bağlı xx.xx.2000-ci il tarixədək qüvvədə olan Mülki Məcəlləsinin normaları tətbiq olunmalıdır. Göstərilən maddi hüquq normalarına əsasən məhkəmə hesab edir ki, miras qoyan X6 öldükdən sonra onun birinci növbə vərəsələrindən yalnız arvadı - Ərizəçi miras qalmış əmlaka faktiki surətdə yiyələndiyindən və və həmin əmlakı idarə etdiyindən, o, mirası qəbul etmiş sayılır. Odur ki, məhkəmə hesab edir ki, ərizə təmin edilməli, mərhum X2 miras qalmış VAZ- 2106 minik markalı ** RG *** dövlət qeydiyyat nişanlı avtomobilin Ərizəçi tərəfindən miras əmlak kimi qəbul edilməsi faktı müəyyən edilməlidir. Mülki Prosessual Məcəllənin 14.2, 217.4 və 218.3-cü maddələrinə müvafiq olaraq məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdıraraq, onlardan istifadə edərək, yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanaraq, iddia tələblərinin hədlərindən kənara çıxmadan işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-in 216-220, 227 və 360-cı maddələrinə əsasən, məhkəmə qətetdi: Ərizə təmin edilsin. X2 miras qalmış VAZ-2106 minik markalı ** RG *** dövlət qeydiyyat nişanlı avtomobilin Ərizəçi tərəfindən miras əmlak kimi qəbul edilməsi faktı müəyyən edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Hacıqabul rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Orxan Bayramov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar