Məhkəmə qərarları › İş №2(071)-1375/2023

Hacıqabul Rayon Məhkəməsi Qərardad — İş №2(071)-1375/2023

21.12.2023 · Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Hacıqabul rayonu İş № 2(071)-1375/2023 21.12.2023 HACIQABUL RAYON MƏHKƏMƏSİ Hakim Bayramov Orxan Telman oğlu, İddiaçı Sabirabad Regional X1 Cavabdeh qarşı “zəbt edilmiş torpaq sahəsinin boşaldılması” barədə iddia ərizəsinin məhkəmənin icraatına qəbul edilməsinin mümkünlüyünü yoxlayaraq, müəyyənetdi: İddiaçı Sabirabad X2 Mərkəzi Cavabdeh qarşı “zəbt edilmiş torpaq sahəsinin boşaldılması barədə” iddia ərizəsi ilə Hacıqabul rayon Məhkəməsinə müraciət etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, Sabirabad Regional X1 əməkdaşları tərəfindən xx.xx.2023-cü il tarixdə Sabirabad meşəbəyliyinin ərazisində meşə fondu torpaqlarının təyinatından kənar istifadə halları yoxlanılarkən Hacıqabul rayon Abdulabad kənd sakini Cavabdeh tərəfindən Sabirabad meşəbəyliyinin 7 saylı meşə dolayından 14cü kvartalında 0,70 ha torpaq sahəsində qeyri-qanuni olaraq kənd təsərrüfatı məhsulları əkilmişdir. Həmin fakt əsasında müvafiq akt tərtib edilmiş, ərazinin koordinatları, ərazidən çıxarış və fotoşəkillər akta əlavə edilmişdir. Cavabdeh tərəfindən meşə qanunvericiliyinin tələbləri pozulduğu üçün onun ünvanına xəbərdarlıq məktubunun göndərilməsinə baxmayaraq, dövlət meşə fonduna aid torpaq sahəsi hazırki vaxta kimi boşaldılmamışdır. İddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək məhkəmə hesab edir ki, iddia ərizəsi geri qaytarılmalıdır. Belə ki, mülki-prosessual qanunvericiliyə əsasən prosesdə tərəflər iddiaçı və cavabdeh hesab edilirlər. Fiziki və hüquqi şəxslər, vəzifəli şəxslər, dövlət orqanları və başqa orqanlar iddiaçı və ya cavabdeh qismində çıxış edə bilərlər. (MPM 50.1-ci maddə) İddia ərizəsinin imzalanması, işin münsiflər məhkəməsinə verilməsi, iddia tələblərindən tam və ya qismən imtina edilməsi, iddianın etiraf edilməsi, iddianın predmetinin və ya əsasının dəyişdirilməsi, barışıq sazişi bağlanması səlahiyyətinin başqa şəxsə tapşırılması, mübahisənin mediasiya vasitəsilə həllinə razılıq verilməsi, məhkəmə aktından şikayət verilməsi, məhkəmə aktının məcburi icrası tələbləri, qət olunmuş əmlakın və ya pul məbləğinin alınması ilə əlaqədar nümayəndənin səlahiyyətləri təmsil olunan tərəfin verdiyi etibarnamədə xüsusi göstərilməlidir (MPM 74.2-ci maddə). Azərbaycan Respublikası Nazirlər Kabinetinin 136 saylı, xx.xx.2007-ci il tarixli qərarı ilə təsdiq edilmiş “İnzibati orqanların Təsnifatı”ında inzibati orqanların siyahısı verilmişdir. Həmin siyahının 17.1.2-ci bəndində göstərilir ki, Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Meşələrin İnkişafı Xidməti inzibati orqandır. Həmin qurumun tabeçiliyində olan X2 Mərkəzləri isə inzibati orqan kimi həmin siyahıda qeyd edilməmişdir. Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 27 mart tarixli 975 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Meşələrin İnkişafı Xidməti haqqında Əsasnamə”nin 2.0.6-cı bəndində göstərilir ki, meşələrin qorunması, meşə fondundan səmərəli istifadə, meşələrin məhv olmaqdan, zədələnməkdən, xəstəlik və zərərvericilərdən, yanğından, çirklənmədən və digər mənfi təsirlərdən mühafizəsi məqsədi ilə fəaliyyəti həyata keçirmək Xidmətin fəaliyyət istiqamətlərindən biridir. Əsasnamənin 5.4.12-ci bəndində isə qeyd olunur ki, Xidmətin rəisi Nazirliyin verdiyi səlahiyyətlər daxilində Xidmətin fəaliyyət istiqamətlərinə aid məsələlərlə bağlı məhkəmələrdə Nazirliyi təmsil edir. Əsasnamədən göründüyü kimi, meşələrin qorunması, meşə fondundan səmərəli istifadə məsələləri ilə bağlı məhkəmələrdə tərəf kimi (iddiaçı və ya cavabdeh) əslində Ekologiya və Təbii Sərvətlər Nazirliyi çıxış etməli, Nazirliyinin yanında Meşələrin İnkişafı Xidməti və ya onun yerli bölmələri isə yalnız Nazirliyin verdiyi səlahiyyətlər daxilində (o cümlədən MPM 74.2-ci maddəsində nəzərdə tutulan səlahiyyətlər) məhkəmələrdə Nazirliyin adından iddia qaldıra bilər və ya məhkəmələrdə nümayəndə kimi Nazirliyi təmsil edə bilər. Hazırki iddia ərizəsində isə iddiaçı qismində “Ekologiya və Təbii Sərvətlər Nazirliyi” deyil, Meşələrin İnkişafı Xidmətinin “3 saylı (Sabirabad) X2 Mərkəzi” göstərilmişdir ki, həmin qurum inzibati orqan olmamaqla bərabər həm də hüquqi şəxs statusu olmadığından mülki prosesdə müstəqil tərəf kimi çıxış edə bilməz. Bununla da iddia ərizəsində faktiki olaraq iddiaçının göstərilmədiyi müəyyən olunur. Bundan başqa, iddia ərizəsində cavabdeh kimi “Cavabdeh” adlı şəxs göstərilsə də, ərizədə onun şəxsiyyət vəsiqəsinin nömrəsi qeyd olunmamışdır və elektron-məhkəmə informasiya sistemindən də həmin şəxs barədə eyniləşdirmə məlumatlarını əldə etmək mümkün olmamışdır. Bununla da həmin şəxsin şəxsiyyətini müəyyən etmək mümkün olmamışdır. Halbuki, Azərbaycan Respublikası MPM-in 149.2.2-ci maddəsinin tələbinə əsasən, tələbinə görə iddiaçının, onun nümayəndəsinin (əgər iddia ərizəsini nümayəndə təqdim edirsə), cavabdehin və işdə iştirak edən digər şəxslərin, şahidin və məhkəmə iclasına dəvət etmək istədiyi digər şəxslərin soyadı, adı, atasının adı (hüquqi şəxsə münasibətdə adı), şəxsiyyəti eyniləşdirməyə imkan verən digər məlumatlar, yaşayış yeri və ya olduğu yer (həm faktiki, həm də rəsmi qeydə alındığı ünvanı), yazışmaların aparılmasının istənildiyi digər ünvan, olduğu halda – iş yerinin ünvanı, telefon nömrələri, o cümlədən mobil telefon nömrələri, elektron poçt ünvanı, cavabdehin və işdə iştirak edən digər şəxslərin eyniləşdirmə məlumatları (şəxsiyyət vəsiqəsinin seriya nömrəsi və ya VÖEN, əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin, xarici hüquqi şəxslərin və ya onların nümayəndəsinin eyniləşdirmə məlumatları) iddia ərizəsində göstərilməlidir. Həmin Məcəllənin 151.1-ci maddəsinə əsasən, iddia ərizəsi bu Məcəllənin tələblərinə riayət edilməklə verildikdə, onun məhkəmə icraatı mümkündür. Həmin Məcəllənin 152.1.1-ci maddəsinin tələbinə əsasən, iddia ərizəsinin bu Məcəllənin 149-cu maddəsi ilə müəyyən olunmuş formasına və məzmununa riayət edilmədikdə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Bundan başqa, məhkəmə prosessual qənaət prinsipi baxımından qeyd edir ki, hazırki iddia tələbi zəbt edilmiş torpaq sahəsinin boşaldılması ilə bağlı olduğundan, həmin iddia tələbinə müstəsna aidiyyət qaydalarına uyğun olaraq torpaq sahəsinin yerləşdiyi yer üzrə məhkəmədə baxılmalıdır. Belə ki, MPM-in 39.1-ci maddəsinə əsasən daşınmaz əşyaya mülkiyyət hüququnun tanınması, daşınmaz əşyanın başqasının qeyri-qanuni sahibliyindən götürülməsi, mülkiyyət hüququndan məhrum etmə ilə əlaqədar olmayan mülkiyyətçinin və yaxud başqa qanuni sahibin hüquqlarının pozulmasını aradan qaldırmaq haqqında iddialar daşınmaz əşyanın olduğu yerə görə verilir. Eyni zamanda, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin internet informasiya sistemindən əldə edilmiş məlumatdan müəyyən olunur ki, 3 saylı Regional X1 xidməti ərazisinə Şirvan şəhəri, Neftçala, Salyan, Sabirabad, Saatlı, Biləsuvar və Kürdəmir rayonları daxildir. Həmin siyahıda Hacıqabul rayonu göstərilməmişdir. İddia ərizəsinə əlavə edilmiş sənədlərdən isə mübahisəli torpaq sahəsinin Hacıqabul rayonu ərazisində yerləşməsi dəqiq müəyyən olunmur. Məhkəmə qeyd edir ki, mübahisəli torpaq sahəsi Hacıqabul rayonu ərazisində yerləşdiyi halda, hazırki tələbə Hacıqabul rayon Məhkəməsində baxıla bilər, əks təqdirdə torpaq sahəsinin yerləşdiyi yer üzrə məhkəmədə baxılmalıdır. Odur ki, yenidən məhkəməyə müraciət edilərkən torpaq sahəsinin hansı rayonunun inzibati ərazisinin hüdudlarında olması barədə mötəbər sübutların ərizəyə əlavə edilməsi tövsiyyə edilir. Azərbaycan Respublikası MPM-in 152.4-cü maddəsinə əsasən, iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Yuxarıda göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 149-152, 263, 264, 267 və 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə qəraraaldı: İddiaçı Sabirabad Regional X1 Cavabdeh qarşı “zəbt edilmiş torpaq sahəsinin boşaldılması” barədə iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılsın. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetə yerləşdirilməklə, Hacıqabul Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim Orxan Bayramov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar