Məhkəmə qərarları › İş №2(071)-178/2025

Hacıqabul Rayon Məhkəməsi Qətnamə — İş №2(071)-178/2025

07.05.2025 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Doğumun qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Hacıqabul rayonu İş № 2(071)-178/2025 07.05.2025 HACIQABUL RAYON MƏHKƏMƏSİ Hakim Bayramov Orxan Telman oğlunun sədrliyi, Fərəcov İsmayıl Vəzir oğlunun katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi Maraqlı şəxsnə qarşı "doğum faktının müəyyən edilməsi" barədə ərizəsinə xüsusi icraat qaydasında Hacıqabul Rayon Məhkəmə binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə m ü ə y y ə n e t d i̇ : Ərizəçi Maraqlı şəxsnə qarşı "doğum faktının müəyyən edilməsi" barədə ərizə ilə xx.xx.2025-ci il tarixdə məhkəməyə müraciət edərək, Ərizəçi xx.xx.1979-cu ildə tarixdə Hacıqabul rayonunda doğulması faktının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, Ərizəçi xx.xx.1979-cu ildə Hacıqabul rayonunda anadan olmuşdur. Lakin, bu günə qədər doğum haqqında şəhadətnamə ala bilməmişdir. Sənədin əldə olunması üçün Maraqlı şəxsnə müraciət etmişdir. Maraqlı şəxs tərəfindən ona verilmiş xx.xx.2023-cü il tarixli cavab məktubunda göstərilmişdir ki, 1979-1981-ci illər üzrə Maraqlı şəxs və Ələtli Kənd İcra Nümayəndəliyindən habelə Vətəndaşlıq vəziyyəti aktları avtomatlaşdırılmış informasiya sisteminə daxil edilmiş bütün vətəndaşlıq vəziyyəti aktları üzrə yoxlama aparılmış, lakin doğum haqqında akt qeydi aşkar olunmamışdır. Məhkəmə iclasında iştirak edən Ərizəçi ərizənin məzmununa uyğun çıxış edərək bildirir ki, ərizənin təmin olunmasını xahiş edir. Maraqlı şəxs nümayəndəsi xx.xx.2025-ci il tarixində məhkəməyə məktub ünvanlayaraq qeyd etmişdir ki, məhkəmənin xx.xx.2025-ci il tarixli baxış iclasında maraqlı şəxsin nümayəndəsi üzürlü səbəbdən iştirak edə bilməyəcəyindən məhkəmə iclasının maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan keçirilməsini xahiş etmişdir. Məhkəmə Ərizəçi izahatını dinləyib, iş materiallarını araşdırıb, toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, ərizə təmin edilməlidir. Belə ki, iş materiallarında olan Maraqlı şəxs xx.xx.2024-cü il tarixli, 3-16-5/8-49-2024 nömrəli məktubundan müəyyən edilir ki, Ərizəçi ərizəsinə baxılmış və doğum fatını, vaxtını və yerini təsdiq edən tibb müəssisəsindən sənəd, uşaq tibb müəssisəsindən kənarda doğulduqda doğuma köməklik göstərmiş və ya doğuşdan sonra valideynlərin müraciət etdiyi həkimin verdiyi sənəd həmin şöbədə mövcud olmadığından və doğumunu təsdiq edən tibbi şəhadətnaməni təqdim etmədiyi üçün üçün doğumun bərpa edilməsinin mümkün olmadığı bildirilərək məhkəməyə müraciət edilməsi tövsiyyə olunmuşdur. İş materiallarında olan Hacıqabul rayon İcra Hakimiyyəti Başçısının Ələtli kənd İƏD üzrə nümayəndəliyi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli, 103 nömrəli arayışdan müəyyən edilir ki, Ərizəçi Hacıqabul rayonu Ələtli kəndində yaşayır. İş materiallarında olan “Hacıqabul RMX” PHŞ-nin Ailə Sağlamlıq Mərkəzi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli, 796 nömrəli arayışdan müəyyən edilir ki, Ərizəçi tibbi müayinədən keçmişdir. Hal-hazırda sağlamdır. İş materiallarında olan Hacıqabul rayon İcra Hakimiyyəti Hacıqabul rayon Dövlət Arxivindən məhkəmənin soğusuna əsasən göndərilmiş xx.xx.2025-ci il tarixli mətubdan müəyyən edilir ki, Ərizəçi doğum tarixi və doğulduğu yer qeyd olunmadığı üçün onun barəsində məlumat aşkarlanmamışdır. İş materiallarında olan və məhkəmənin xx.xx.2025-ci il tarixli sorğusuna əsasən Hacıqabul RPŞ-dən daxil olmuş xx.xx.2025-ci il tarixli məktubdan müəyyən edilir ki, Ərizəçi barəsində Hacıqabul RPŞ-də hər hansı bir təqsirləndirici material aşkar olunmamışdır. İş materiallarında olan və məhkəmənin xx.xx.2025-ci il tarixli sorğusuna əsasən Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətindən məhkəməyə xx.xx.2025-ci il tarixdə daxil olmuş məktubdan müəyyən edilir ki, Penitensiar xidmətin 10 saylı cəzaçəkmə müəssisəsinin arxivində saxlanılan əlifba qeydiyyat vərəqəsində mövcud olan məlumata əsasən, 1979-cu il təvəllüdlü X5 (Hacıqabul Rayon Xalq Məhkəməsinin xx.xx.1999-cu il tarixli hökmü, AR CM-nin 93-3-cü maddəsinin 2-ci hissəsi (köhnə redaksiya), 01 il müddətinə azadlıqdan məhrum etməcəzası, cəzasının əvvəli xx.xx.1999cu il, cəzasının sonu xx.xx.2000-ci il) Azərbaycan Respublikasının Milli Məclisinin xx.xx.1999-cu iİ tarixli Amnistiya Qərarına əsasən, həmin müəssisədən xx.xx.1999-cu il tarixdə azad edilmişdir. Əlavə olaraq qeyd edilir ki, Ərizəçi arxiv şəxsi işi aşkar edilmədiyindən, hər hansı bir sənədin verilməsi mümkün deyildir. İş materiallarında olan Maraqlı şəxs tərəfindən xx.xx.2025-ci il tarixində verilmiş “ölüm haqqında şəhadətnamə”dən müəyyən edilir ki, X2 xx.xx.2025-ci il tarixində vəfat etmişdir. Bu barədə akt qeydləri kitabında xx.xx.2025-ci il tarixində 129 nömrə ilə qeyd edilmişdir. İş materiallarında olan şəxsiyyət vəsiqəsinin surətindən və “Elektron Məhkəmə” İnformasiya Sistemindən əldə edilmiş məlumatlardan müəyyən edilir ki, X3 (ərizəçinin anası) xx.xx.1951-ci il tarixində Azərbaycan Respublikası, Naxçıvan MR, Şərur rayonunda doğulmuş, hazırda Hacıqabul rayonu, Ələtli kəndinə yaşayır. Məhkəmə iclası zamanı şahid qismində dindirilmiş X3 ifadəsində bildirmişdir ki, Ərizəçi onun oğludur. O, xx.xx.1972-ci ildə tarixdə Hacıqabul rayonunda doğulmuş, lakin müəyyən səbəblərdən oğlu - Ərizəçi üçün doğum haqqında şəhadətnamə ala bilməmişdirlər. Məhkəmə iclası zamanı şahid qismində dindirilmiş X1 ifadəsində bildirmişdir ki, Ərizəçi onun qardaşıdır. O, xx.xx.1972-ci ildə tarixdə Hacıqabul rayonunda doğulmuş, lakin etinasızlıqdan Ərizəçi üçün valideynləri doğum haqqında şəhadətnamə ala bilməmişdir. Azərbaycan Respublikası MPM-in 305.1.1-ci maddəsinə əsasən məhkəmə xüsusi icraat qaydasında hüquqi əhəmiyyətli faktların müəyyən edilməsi haqqında işlərə baxır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 307.1-ci maddəsinə əsasən, məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Həmin Məcəllənin 307.2.3-cü maddəsinə əsasən, məhkəmə doğumun, övladılğa götürmənin, nikahın, boşanmanın, ölümün qeyd edilmə faktının müəyyən edilməsi barədə işlərə baxır. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən, məhkəmə hüquqi əhəmiyyətli olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Azərbaycan Respublikası MPM-in 310.1-ci maddəsinə əsasən ərizədə həmin faktın müəyyən edilməsinin ərizəçiyə nə məqsəd üçün lazım olduğu, habelə lazımi sənədləri ərizəçinin ala bilməməsini, yaxud itən sənədlərin bərpasının mümkünsüzlüyünü təsdiq edən sübutlar göstərilməlidir. Azərbaycan Respublikası MPM-in 311-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydəalınma üçün əsasdır. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 162.1-ci maddəsinə əsasən, vətəndaşlıq vəziyyəti aktları bərpası bu cür qeydlərin həqiqətən olduğunu təsdiq edən sənədlər əsasında ərizə verənlərin yaşadıqları ərazidə müvafiq icra hakimiyyəti orqanı tərəfindən icra edilir. Həmin Məcəllənin 162.2-ci maddəsinə əsasən, itmiş yazının müvafiq icra hakimiyyəti orqanları tərəfindən bərpası mümkün olmadıqda, vətəndaşlıq vəziyyəti aktının qeydiyyatı faktı məhkəmə qaydası ilə müəyyən edilir. Göstərilənlərə əsasən məhkəmə qeyd edir ki, ərizə təmin edilməli, Ərizəçi xx.xx.1972-ci ildə tarixdə Hacıqabul rayonunda doğulması faktı müəyyən edilməli, doğum haqqında akt qeydləri kitabında Ərizəçi doğum tarixi xx.xx.1972-ci il, doğulduğu yer Hacıqabul rayonu, ata qrafasında –X2 (milliyyəti azərbaycanlı), ana qrafasında –X4 (milliyyəti azərbaycanlı) kimi məlumatlar göstərilməlidir. Azərbaycan Respublikasının MPM-in 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Şərh olunanlara əsasən və AR MPM-in 216-220-ci maddələrini rəhbər tutub məhkəmə q ə t e t d i̇ : Ərizə təmin edilsin. Ərizəçi xx.xx.1972-ci ildə tarixdə Hacıqabul rayonunda doğulması faktı müəyyən edilsin. Doğum haqqında akt qeydləri kitabında Ərizəçi doğum tarixi xx.xx.1972-ci il, doğulduğu yer Hacıqabul rayonu, ata qrafasında –X2 (milliyyəti azərbaycanlı), ana qrafasında –X4 (milliyyəti azərbaycanlı) kimi məlumatlar göstərilsin. Qətnamə qeydiyyat şöbəsi tərəfindən şəxsin adına göstərilən məlumatlar əsasında yeni doğum haqqında şəhadətnamənin verilməsi üçün əsasdır. Ödənilmiş dövlət rüsumu ərizəçiyə aid edilsin. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən bir ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən Hacıqabul Rayon Məhkəməsi vasitəsilə Şirvan Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasına apelyasiya şikayəti verilə bilər. Hakim: Orxan Bayramov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar