Məhkəmə qərarları › İş №2(071)-27/2022

Hacıqabul Rayon Məhkəməsi Qətnamə — İş №2(071)-27/2022

02.02.2022 · Mənzil mübahisələri - Mənzil münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Hacıqabul rayonu İş № 2(071)-27/2022 02.02.2022 HACIQABUL RAYON MƏHKƏMƏSİ Hacıqabul rayon Məhkəməsinin hakimi və sədri vəzifəsini müvəqqəti icra edən Hacıyev Vahid Məcid oğlunun sədrliyi, Məmmədov Mirabbas Seyidxan oğlunun katibliyi, İddiaçı və vəkili Vəkil, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “zəbt edilmiş otağın cavabdehlərin öz vəsaiti hesabına əvvəlki vəziyyətinə qaytarılması” tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh2 qarşı “zəbt edilmiş otağın cavabdehin öz vəsaiti hesabına əvvəlki vəziyyətinə qaytarılması” tələbinə dair iddia ərizəsi ilə 18.11.2019-cu il tarixdə müraciət edərək, ünvan 1 ünvanda 1-ci blokda, 1-ci mərtəbədə, 25,5 kv.m sahəsi olan 2 otaqlı mənzilin, 12 kv.m olan yaşayış sahəsi olan 1 otağının Cavabdeh2 öz vəsaiti hesabına əvvəlki vəziyyətinə qaytarılmaqla, gələcəkdə onun həmin mənzildən sərbəst istifadəsinə hər hansı bir maneçilik yaradılmasının cavabdehə qadağan edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı 15.01.2020-ci il tarixdə məhkəməyə iddia tələbinə dəyişiklik edilməsi barədə ərizə təqdim edərək, 09.06.1960-cı ildə Salyan rayonu Rəncbər kəndində doğulmuş və Hacıqabul rayonu Rəncbər kəndində yaşayan Cavabdeh1 əlavə cavabdeh qismində cəlb edilməsini xahiş etmişdir. Məhkəmə Cavabdeh1 əlavə cavabdeh qismində işə cəlb edir. İddiaçı və vəkili Vəkil vəsatəti əsasında Hacıqabul rayon Məhkəməsinin 10.06.2020-ci il tarixli 2(071)-38/2020 nömrəli qərardadı ilə mülki iş üzrə məhkəmə texniki-tikinti ekspertizası təyin edilmişdir. Ekspertizanın rəyi məhkəməyə təqdim edilənədək iş üzrə icraat dayandırılmışdır. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi 28.10.2020-ci il tarixli 10/1933 nömrəli ekspert rəyində Hacıqabul rayon X14 soveti icrayə komitəsinin 03 dekabr 1997-ci il tarixli 154 nömrəli qərarı ilə, 03 dekabr 1997-ci il tarixli, 03 dekabr 1997-ci 35 nömrəli orderlə verilmiş ünvan 1 ünvanda 1-ci blokda, 1-ci mərtəbədə yerləşən ümumi sahəsi 29,1 kv.m təşkil etdiyi və tədqiq edilən mənzilə bitişik əlavə tikililərin olduğu müəyyən edilmişdir. Hacıqabul rayon X14 soveti icrayə komitəsinin 03 dekabr 1997-ci il tarixli 154 nömrəli qərarı ilə, 04 noyabr 1996-cı il tarixli 04 noyabr 1984-cü il tarixli 20 nömrəli orderlə verilmiş ünvan 2 ünvanda 3 otaqdan ibarət mənzilin ümumi sahəsi 56,2 kv.m təşkil etdiyi və tədqiq edilən mənzilə bitişik əlavə tikililərin olduğu müəyyən edilmişdir. ünvan 2 ünvanda 3 otaqdan ibarət mənzilin sahəsi 26,05 kv.m (56,2- 30,15) olduğunu nəzərə alaraq mənzilin konsturktiv elementlərində dəyişikliklərin aparıldığı müəyyən edilsə də, Hacıqabul şəhəri Nəsimi küçəsi 3 saylı yaşayış evinə aid ilkin layihə sənədləri olmadığından həmin dəyişiklərin nədən ibarət olduğunu müəyyən etmək mümkün olmamışdır. İddiaçı və vəkili Vəkil vəsatəti əsasında Hacıqabul rayon Məhkəməsinin 06.04.2021-ci il tarixli 2(071)-92/2021 nömrəli qərardadı ilə mülki iş üzrə təkrar məhkəmə texniki-tikinti ekspertizası təyin edilmişdir. İş üzrə icraat ekspertizanın rəyi məhkəməyə təqdim edilənədək dayandırılmışdır. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 30.08.2021-ci il tarixli 10/1834 nömrəli məktubu ilə ekspertizanın aparılmasından imtina edilmiş və iş məhkəməyə qaytarılmışdır. İddiaçı və vəkili Vəkil vəsatət verərək, təkrar ekspertiza keçirilməsini xahiş etsələr də, binanın ilkin layihə sənədlərini təqdim edə bilmədiklərinə görə, məhkəmə təkrar ekspertizanın keçirilməsi barədə vəsatəti rədd etmişdir. İddiaçı vəkili Vəkil məhkəməyə ərizə ilə müraciət edərək hakimə etiraz etmişdir. Hacıqabul rayon Məhkəməsinin 09.09.2021-ci il tarixli 2(071)-92/2021 nömrəli qərardadı ilə İddiaçı vəkili Vəkil hakimə etiraz ərizəsi təmin edilmiş və iş baxılması üçün Şirvan Apellyasiya Məhkəməsinə göndərilmişdir. Şirvan Apellyasiya Məhkəməsinin 06.10.2021-ci il tarixli 2(106)-3127/2021 saylı qərardadı ilə İddiaçı vəkili Vəkil hakimə etiraz ərizəsi təmin edilməmiş və iş mahiyyəti üzrə baxılması üçün Hacıqabul rayon Məhkəməsinə qaytarılmışdır. İddiaçı Azərbaycan Respublikası MPM-nin 53-cü maddəsinə əsasən iddia tələbinin həcminin artırılması barədə ərizə ilə 09.12.2021-ci il tarixdə məhkəməyə müraciət edərək, ünvan 1 ünvanda ümumi 25.5 kv.m sahəsi olan, iki otaqlı mənzilin, 12 kv.m ölçüdə olan yaşayış sahəsinin, yəni bir otağının (zəbt edilmiş otağının) cavabdehlər Cavabdeh1 və Cavabdeh2 öz vəsaitləri hesabına əvvəlki vəziyyətinə qaytarılmaqla, gələcəkdə onun həmin mənzildən sərbəst istifadəsinə hər hansı bir maneçilik yaradılmasının cavabdehlərə qadağan edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı və vəkili Vəkil Hacıqabul Rayon İcra Hakimiyyətini 3-cü şəxs kimi işə cəlb edilməsi və təkrar ekspertiza keçirilməsi barədə vəsatətləri təmin edilməmişdir. İddiaçı məhkəmə iclasında iddia tələbini müdafiə etdi və izahatında bildirdi ki, Hacıqabul X14 soveti icrayə komitəsinin 03 dekabr 1997-ci il tarixli 154 nömrəli qərarı ilə 03 dekabr 1997-ci il tarixli 35 nömrəli orderlə ünvan 1 ünvanda 1-ci blokda, 1-ci mərtəbədə, 25.5 kv.m sahəsi olan, 2 otaqlı mənzil onun istifadəsinə verilmişdir. Mənzil onun istifadəsinə verildiyi vaxtdan indiyə kimi qonşu mənzillə onun mənzilinin arasındakı divara hər hansı bir dəyişiklik edilməmişdir. Hesab edir ki, yaşadığı mənzil ona verilməmişdən əvvəl, onun mənzilinə aid bir otaq qonşusu Cavabdeh1 mənzilinə birləşdirilmişdir. Hacıqabul şəhəri Nəsimi küçəsi 3 nömrəli evin 2 nömrəli mənzili ona verilərkən, mənzilin tikililər hazırda olduğu kimi kiçik giriş, girişdən sağda böyük otaq və girişin qarşında isə kiçik otaq olmuşdur. Yəni onun mənzili üç tikilidən ibarət olmuşdur, həmin tikililər indiyə kimi yerində qalır. Qonşu Cavabdeh1 verilmiş Hacıqabul şəhəri Nəsimi küçəsi 3 nömrəli evin 1 nömrəli mənzili ilə onun mənzilinin böyük otağının divarı ortaq divardır və o, 1997-ci ildə bu mənzilə köçdüyü vaxtdan hazırkı vaxta kimi həmin divar olduğu kimi yerində qalır. Divarda nə o, nə də Cavabdeh1 hər hansı bir dəyişiklik etməmişdir. Onun mənzilinin faktiki sahəsi, orderdə göstərilən sahəyə uyğun gəlmir. Bu səbəbdən hesab edir ki, ona məxsus olan mənzilin sahəsi 12 kv.m olan bir otağı Cavabdeh1 mənzilinin ərazisində qalmışdır və onun özünə qaytarılmasını tələb edir. Bu otağın qaytarılmasını tələb etməklə, otağına günəş işığının düşməsini təmin etmək istəyir. O, mənzilinin böyük otağının qarşısında olan eyvanı sökmüş və mənzil şəraitini yaxşılaşdırmaq məqsədilə mənzilin arxa tərəfində, mənzilinə bitişik olmaqla, Cavabdeh1 mənzilinin də arxa divarına bitişik olmaqla böyük otaq və mətbəx tikdirmişdir. Hacıqabul şəhəri Nəsimi küçəsi 3 nömrəli binanın 2 nömrəli mənzili ona verilərkən, mənzilin plan-sxemi ona verilməmişdir. Dövlət arxivinə müraciət etsə də, mənzilinin və binanın ilkin layihə sənədlərini, plan-sxemini əldə edə bilməmişdir. Buna baxmayaraq hesab edir ki, onun mənzilinin sahəsi 12 kv.m ölçüdə olan otağı (zəbt edilmiş otağı) cavabdehlər Cavabdeh1 və Cavabdeh2 öz vəsaitləri hesabına əvvəlki vəziyyətinə qaytarılmaqla, gələcəkdə onun həmin mənzildən sərbəst istifadəsinə hər hansı bir maneçilik yaradılması cavabdehlərə qadağan edilməlidir. Odur ki, iddia tələbinin təmin edilməsini xahiş edir. Cavabdeh1 məhkəmə iclasında iddia tələbini qəbul etmədi və izahatında bildirdi ki, o, 1982ci ildə institutu bitirmiş və gənc mütəxəssis kimi təyinatla ünvan 3 ünvanda yerləşən Rabitə Nazirliyinin 2 saylı X3 baş mühəndis vəzifəsinə təyin edilmişdir. Bir neçə il işlədikdən sonra həmin İdarə Cəlilabad rayonu Prişib qəsəbəsinə köçürülmüşdür. İdarənin ünvan 3 ünvanda yerləşən qeyri-yaşayış binasından üç otağı 04.11.1986-cı il tarixli orderlə Hacıqabul şəhəri Nəsimi küçəsi 3 nömrəli evin üç otaqlı 1 nömrəli mənzili kimi ona verilmişdir. Həmin mənzil İdarənin müdirinin, baş mühəndisinin, katibənin otağı, sanitar qovşağı, dar koridordan ibarət tikililər ona Hacıqabul şəhəri Nəsimi küçəsi 3 nömrəli evin üç otaqlı 1 nömrəli mənzili kimi verilmiş və koridor sökülərək mənzilin sahəsinə qatılmışdır. O, 1986-cı ildən həmin mənzilə köçmüş və hazırkı vaxta kimi mənzildə hər hansı bir dəyişiklik aparmamış, qonşu mənzillə onun mənzilinin arasındakı divarı sökməmiş və yerini dəyişdirməmişdir. Hazırda onun mənzilində qardaşı oğlu Cavabdeh2 ailəsi ilə yaşayır və Cavabdeh2 da mənzildə hər hansı bir dəyişiklik etməmişdir. Onlar İddiaçı məxsus olan mənzilin ərazisinə keçməmiş və ona aid heç bir hissəsini zəbt etməmiş və öz mənzillərinin sahəsinə qatmamışlar. İdarənin baş mühasibinin, mühasibatlıq otağı və dar girişdən ibarət olan tikililər Hacıqabul şəhəri Nəsimi küçəsi 3 nömrəli evin 2 otaqlı 2 nömrəli mənzili kimi 1997-ci ildə İddiaçı verilmişdir. İddiaçı verilən mənzildə əvvəllər 4-5 ailə yaşamışdır. Sonuncu olaraq həmin mənzil İddiaçı verilmişdir. Binada ona və İddiaçı verilən mənzillərin yerində idarə yerləşmişdir, binanın qalan hissələrində isə sakinlərin mənzilləri olmuşdur. 1997-ci ildən indiyə kimi İddiaçı ilə onun arasında mənzilə dair hər hansı bir mübahisə olmamışdır. İddiaçı özünə məxsus mənzilin eyvanını sökmüş və qarşısında qanunsuz əlavə otaqlar və mətbəx tikililəri inşa etməklə, mənzilinin sahəsini genişləndirmişdir. Bu səbəbdən İddiaçı mənzilinə düşən günəş işığının qarşısı kəsilmişdir. İddiaçı mənzilində artırmalar edərək onun mənzilinin pəncərəsinin qarşısını kəsmiş və bu azmış kimi heç bir əsas və sübut olmadan bir otağının guya onlar tərəfindən zəbt edildiyini göstərərək, həmin otağın onların vəsaitləri hesabına əvvəlki vəziyyətinə qaytarılmaqla, gələcəkdə onun həmin mənzildən sərbəst istifadəsinə hər hansı bir maneçilik yaradılması onlara qadağan edilməsi barədə məhkəmədə iddia qaldırmışdır. Hesab edir ki, iddiaçının iddiası əsassızdır. Odur ki, iddianın rədd edilməsini xahiş edir. Cavabdeh2 məhkəmə iclasında iddianı qəbul etmədi, əmisi Cavabdeh1 izahatı ilə razı olduğunu bildirdi və əlavə olaraq qeyd etdi ki, o, öz ailəsi ilə birlikdə əmisi Cavabdeh1 məxsus olan Hacıqabul şəhəri Nəsimi küçəsi 3 nömrəli evin üç otaqlı 1 nömrəli mənzilində yaşayır və mənzildə heç bir təmir və dəyişiklik etməmişdir. Qonşuları İddiaçı məxsus olan Hacıqabul şəhəri Nəsimi küçəsi 3 nömrəli evin 2 nömrəli mənzilin hər hansı bir yerini zəbt etməmişlər. Mənzillərin arasındakı divar olduğu kimi durur. Bunu İddiaçı da məhkəmə iclasında öz izahatında təsdiq etmişdir. Əksinə İddiaçı mənzilinin evyanını sökərək, binanın arxa tərəfini zəbt etməklə orada geniş otaqlar inşa etmiş və onların mənzilinin arxa divarını da öz mənzilinin ərazisinə qatmışdır. Hesab edir ki, iddia əsassızdır. Odur ki, iddianın rədd edilməsini xahiş edir. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarında olan sənədləri nəzərdən keçirərək, sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra hesab edir ki, iddia rədd edilməlidir. Belə ki, Hacıqabul rayon X14 Soveti İcraiyyə Komitəsi tərəfindən verilmiş 04.11.1986-cı il tarixli 87 nömrəli orderə əsasən Hacıqabul şəhəri Nəsimi küçəsi 3 nömrəli evin sahəsi 30,15 kv.m olan 3 otaqlı 1 nömrəli mənzili iki nəfər ailə tərkibində (özü, arvadı X8 və qardaşı X9) Tikinti Trestində mühəndis işləyən Cavabdeh1 verilmişdir. Hacıqabul rayon X14 Soveti İcraiyyə Komitəsi tərəfindən verilmiş 03.12.1997-ci il tarixli 35 nömrəli orderlə Hacıqabul rayon Yerli XDS İK-nin 03.12.1997-ci il tarixli 154 nömrəli qərarına əsasən Hacıqabul şəhəri Nəsimi küçəsi 3 nömrəli evin sahəsi 25,5 kv.m olan 2 otaqlı 2 nömrəli mənzili X5 verilmişdir. Hacıqabul rayon X14 Soveti İcraiyyə Komitəsinin 03.12.1997-ci il tarixli 154 nömrəli (Hacıqabul rayon MİS rəhbərliyinin 11.11.1997-ci il tarixli 351-795 nömrəli məktubuna baxılması barədə) qərarından çıxarışda göstərilmişdir ki, Azərbaycan Respublikası Kommunal Təsərrüfatı Nazirliyinin balansında olan yaşayış binalarında uzun müddət yaşayan Qazıməmməd şəhər sakini X6 orderi olmadığı üçün yaşadığı mənzilin istismarı, kirayə və istifadə etdikləri su, enerji və qaz pullarının yığılmasında çətinliklər yaranır, vətəndaşlar həmin evlərdə qeydiyyatda olmadıqlarına görə müqavilə bağlamaq mümkün olmur. Məktubda adları göstərilən vətəndaşların sənədlərini hazırlayıb mənzil-məişət ekomissiyasına verilməsi MİS-nin rəisi Cavabdeh1 tapşırılmışdır. Sənədlər hazır olduqdan sonra vətəndaşlara yaşadıqları mənzilə dair order verilməsi Mənzil İstismar Komissiyasına tapşırılmışdır. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 28.10.2020-ci il tarixli 10/1933 nömrəli ekspert rəyindən görünür ki, X5 Hacıqabul rayon X14 Soveti İcraiyyə Komitəsi tərəfindən verilmiş 03.12.1997-ci il tarixli 35 nömrəli orderlə Hacıqabul rayon Yerli XDS İKnin 03.12.1997-ci il tarixli 154 nömrəli qərarına əsasən verilmiş ünvan 1 ünvanda 1-ci blokda, 1-ci mərtəbədə yerləşən mənzilin ümumi sahəsi 29,1 kv.m (1 saylı tikili 4,2 kv.m, 2 saylı tikili 9,4 kv.m, 3 saylı tikili 15,5 kv.m olmaqla, cəmi 29,1 kv.m) təşkil etdiyi müəyyən edilir. Qeyd olunur ki, tədqiq olunan mənzilə bitişik vəziyyətdə əlavə tikililərin inşa olunduğu müəyyən edilmişdir və həmin tikililər üzrə ölçü işlərinin aparılmasına etiraz bildirilmişdir. Cavabdeh1 Hacıqabul rayon X14 Soveti İcraiyyə Komitəsi tərəfindən verilmiş 04.11.1986-cı il tarixli 87 nömrəli orderə əsasən verilmiş ünvan 2 ünvanda 3 otaqdan ibarət mənzilin ümumi sahəsi 56,2 kv. (1 saylı tikili 18,3 kv.m, 2 saylı tikili 15,8 kv.m, 3 saylı tikili 22,1 kv.m olmaqla, cəmi 56,2 kv.m) təşkil etdiyi müəyyən edilir. Qeyd olunur ki, tədqiq olunan mənzilə bitişik vəziyyətdə əlavə tikililərin inşa olunduğuk müəyyən edilmişdir və həmin tikililər üzrə ölçü işlərinin aparılmasına etiraz bildirilmişdir. ünvan 2 ünvanda 3 otaqdan ibarət mənzilin sahəsinin 26,05 kv.m (56,2-30,15) çox olduğunu nəzərə alaraq, mənzilin konstruktiv elementlərində dəyişikliklər aparıldığı müəyyən edilir. Lakin Hacıqabul şəhəri Nəsimi küçəsi 3 nömrəli yaşayış evinə aid ilkin layihə sənədləri olmadığından, həmin dəyişikliklərin nədən ibarət olmasını müəyyən etmək mümkün olmamışdır. Azərbaycan Respublikası Milli Arxiv İdarəsi Azərbaycan Respublikası Dövlət Arxivinin Şirvan filialının 26.01.2022-ci il tarixli 38 nömrəli, Azərbaycan Respublikası Milli Arxiv İdarəsi Hacıqabul rayon İcra Hakimiyyəti Hacıqabul rayon Dövlət Arxivinin 26.01.2022-ci il tarixli 6 nömrəli məktublarından müəyyən edilir ki, Hacıqabul şəhəri Nəsimi küçəsi 3 nömrəli binanın ilkin layihə sənədləri arxivdə aşkar edilməmişdir. Hacıqabul şəhəri Nəsimi küçəsi 3 nömrəli binanın ilkin layihə sənədləri məhkəməyə təqdim edilmədiyinə görə, məhkəmə iş üzrə təkrar ekspertiza keçirilməsinə dair iddiaçının vəsatətini rədd etmişdir. Azərbaycan Respublikası MPM-in 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Məhkəmə qeyd edir ki, tərəflər (qonşular) arasındakı mübahisəli hüquq münasibəti 1997-ci ildə yarandığına görə, hazırkı mübahisəyə 01.10.2009-cu il tarixə kimi qüvvədə olmuş Azərbaycan Respublikasının Mənzil Məcəlləsi tərtbiq edilməlidir. 01.10.2009-cu il tarixə kimi qüvvədə olmuş Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 48ci maddəsinə əsasən dövlət və ya ictimai mənzil fondu evində yaşayış sahəsi verilməsi haqqında qərar əsasında rayon, şəhər, şəhərdə rayon, qəsəbə, kənd xalq deputatları Sovetinin icraiyyə komitəsi vətəndaşa order verir və bu order yaşayış sahəsinə köçmək üçün yeganə əsasdır. Order yalnız boş olan ayrıca yaşayış sahəsinə verilə bilər. Həmin Məcəllənin 98-ci maddəsinə əsasən yaşayış sahəsini özbaşına tutmuş şəxslər bu Məcəllənin 89-cu maddəsinin ikinci hissəsində nəzərdə tutulan qaydada digər yaşayış sahəsi verilmədən çıxarılırlar. Mənzil Məcəlləsinin 89-cu maddəsinin 2-ci hissəsinə əsasən yaşayış sahəsindən çıxarma məhkəmə qaydasında həyata keçirilir. Ancaq yaşayış sahəsini özbaşına tutmuş və ya uçmaq qorxusu olan evlərdə yaşayan şəxslərin prokurorun sanksiyası ilə inzibati qaydada çıxarılmasına yol verilir. Göründüyü kimi, tərəfləri yaşadıqları Hacıqabul şəhəri Nəsimi küçəsi 3 nömrəli evin 1 və 2 nömrəli mənzilləri əvvəllər qeyri-yaşayış sahəsi olmaqla, bütövlükdə Rabitə Nazirliyinin 2 saylı X1 xidməti sahəsi olmuşdur. Cavabdeh1 Rabitə Nazirliyinin 2 saylı X2 1982-ci ildən mühəndis kimi işləməyə başlamışdır. Bir neçə il sonra Rabitə Nazirliyinin 2 saylı X4 Cəlilabad rayonu Prişib qəsəbəsinə köçürülmüşdür. Bundan sonra Rabitə Nazirliyinin 2 saylı X1 yerləşdiyi qeyri-yaşayış sahəsi iki mənzil halına salınmış, 04.11.1986-cı il tarixli orderlə Hacıqabul şəhəri Nəsimi küçəsi 3 nömrəli evin sahəsi 30,15 kv. olan üç otaqlı 1 nömrəli mənzili kimi Cavabdeh1 verilmişdir. Digər hissəsi, yəni Hacıqabul şəhəri Nəsimi küçəsi 3 nömrəli evin sahəsi 25,5 kv.m olan 2 otaqlı 2 nömrəli mənzili Hacıqabul rayon X14 Soveti İcraiyyə Komitəsi tərəfindən verilmiş 03.12.1997-ci il tarixli 35 nömrəli orderlə Rəhimova (Hüseynova) Ulduzə Əlisahib qızına verilmişdir. Tərəflər yaşadıqları mənzillərə köçdükləri vaxtdan (cavabdeh 1986-cı ildən, iddiaçı 1997-ci ildən) indiyə kimi mənzillərinin arasındakı ortaq divarı sökməmiş və yerini dəyişdirməmişlər. Cavabdehlər iddiaçının mənzilinin ərazisinə keçməmiş və ona aid heç bir hissəsini zəbt etməmiş və öz mənzillərinin sahəsinə qatmamışlar. 28.10.2020-ci il tarixli ekspert rəyindən də görünür ki, X5 verilmiş ünvan 1 ünvanda 1-ci blokda, 1-ci mərtəbədə yerləşən mənzilin ümumi sahəsi 29,1 kv.m (1 saylı tikili 4,2 kv.m, 2 saylı tikili 9,4 kv.m, 3 saylı tikili 15,5 kv.m olmaqla, cəmi 29,1 kv.m) təşkil etdiyi müəyyən edilir. Bu isə orderdə göstərilən 25,5 kv.m ölçüdən 3,6 kv.m artıqdır. Bütün bunlar isə onu deməyə əsas verir ki, iddiaçıya verilmiş mənzilin hər hansı bir hissəsi cavabdehlər tərəfindən zəbt edilməmiş və öz mənzillərinə qatılmamışdır. Çünki, tərəflər məhkəmə iclasında verdikləri izahatlarında da, 1 və 2 nömrəli mənzillərin ortaq divarının onların yaşadıqları dövr ərzində iddiaçı və ya cavabdehlər tərəfindən sökülmədiyini və yerinin dəyişdirilmədiyini təsdiq etmişlər. Cavabdehlər özlərinə aid mənzildə qanuni əsaslarla yaşayırlar və iddiaçının hər hansı bir hüququnu pozmamışlar. Məhkəmə tərəflərin iştirakı ilə mübahisəli mənzillərə yerində baxış keçirən zaman müəyyən etdi ki, Məhkəmə Ekspertizası Mərkəzinin 28.10.2020-ci il tarixli 10/1933 nömrəli ekspert rəyində göstərildiyi kimi, X5 Hacıqabul rayon X14 Soveti İcraiyyə Komitəsi tərəfindən verilmiş 03.12.1997-ci il tarixli 35 nömrəli orderlə verilmiş ünvan 1 ünvanda 1-ci blokda, 1-ci mərtəbədə yerləşən mənzilin ümumi sahəsi 29,1 kv.m (mənzilin girişində - 1 saylı tikili 4,2 kv.m, girişin qarşısındakı - 2 saylı tikili 9,4 kv.m, girişdən sağdakı - 3 saylı tikili 15,5 kv.m olmaqla, cəmi 29,1 kv.m) təşkil edir. Mənzilin böyük otağının, yəni sahəsi 15,5 kv.m olan otağın qarşısındakı eyvan iddiaçı tərəfindən sökülmüş və qapı və pəncərə qoyulmaqla mənzilə bitişik olmaqla evin arxa tərəfində böyük ölçüdə əla təmirli qonaq otağı və ona bitişik olmaqla arası açıq formada mətbəx tikililəri inşa edilmişdir. Bu tikililərin bir hissəsi 1 nömrəli mənzilin arxa divarına birləşdirilməklə inşa edilmişdir. Bu tikililər qanunsuz tikili olmaqla, inşası üçün hər hansı bir sənəd təqdim edilməmişdir. İddiaçının özü ərəfindən inşa edilmiş bu tikililərin mövcud olması iddiaçının mənzilinə gün işığının düşməsinin qarşısını almışdır. Eyni zamanda, Cavabdeh1 Hacıqabul rayon X14 Soveti İcraiyyə Komitəsi tərəfindən verilmiş 04.11.1986-cı il tarixli 87 nömrəli orderə əsasən verilmiş ünvan 2 ünvanda 3 otaqdan ibarət mənzilin ümumi sahəsi 56,2 kv. (girişdə 1 saylı tikili 18,3 kv.m, həmin tikilidən soldakı 3 saylı tikili 22,1 kv.m, 2 saylı tikili 15,8 kv.m olmaqla, cəmi 56,2 kv.m) təşkil etdiyi müəyyən edilir. Qeyd olunur ki, tədqiq olunan mənzilə bitişik vəziyyətdə əlavə tikililərin inşa olunmuşdur. Yerində baxış zamanı tərəflərin qonşu kimi yaşadıqları müddət ərzində 1 və 2 nömrəli mənzillərin ortaq divarının yerinin dəyişdirilmədiyi və sökülmədiyi müəyyən edilmişdir. Məhkəmə qeyd edir ki, iddiaçının iddia tələbi özü-özlüyündə əsassızdır və rədd edilməlidir. Çünki, iddiaçı iddia tələbinin əsasını sübuta yetirə bilməmişdir. İddiaçı cavabdehlərin ona məxsus olan mənzilin 12 kv.m-dən ibarət olan bir otağını zəbt etdiklərini iddia etsə də, buna dair mötəbər yazılı sübutları məhkəməyə təqdim edə bilməmişdir. İddia tələbinin əsasını tərəfin mülahizələri deyil, mötəbər yazılı sübutlar təşkil etməlidir. Azərbaycan Respublikası MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası MPM-in 81-ci maddəsinə əsasən qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Məhkəmə qeyd edir ki, iddia rədd edilməli, ödənilmiş 10 manat dövlət rüsumu iddiaçıya aid edilməli, iş üzrə keçirilmiş məhkəmə-tikinti texniki ekspertizasının xərci 100 manat pul İddiaçı tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 119, 216-220, 227, 233, 357, 360, 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “İddiaçı məxsus Hacıqabul şəhəri Nəsimi küçəsi 3 nömrəli evin ümumi 25,5 kv.m sahəsi olan iki otaqlı 2 nömrəli mənzilinin, 12 kv.m ölçüdə olan yaşayış sahəsinin, yəni bir otağının (zəbt edilmiş otağının) cavabdehlər Cavabdeh1 və Cavabdeh2 öz vəsaitləri hesabına əvvəlki vəziyyətinə qaytarılmaqla, gələcəkdə onun həmin mənzildən sərbəst istifadəsinə hər hansı bir maneçilik yaradılmasının cavabdehlərə qadağan edilməsi” tələbinə dair iddiası rədd edilsin. Ödənilmiş 10 manat dövlət rüsumu iddiaçıya aid edilsin. İş üzrə keçirilmiş məhkəmə-tikinti texniki ekspertizasının xərci 100 manat pul İddiaçı tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (X7 kod: 2100005, VÖEN **********, müxbir hesabı: AZ41NABZ ********************, SFİFT BİK:CTREAZ22, VÖEN: **********, hesab: AZ34CTRE ********************) ödənilsin. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Hacıqabul rayon Məhkəməsi vasitəsilə Şirvan Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Vahid Hacıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar