Məhkəmə qərarları › İş №2(071)-291/2023

Hacıqabul Rayon Məhkəməsi Qətnamə — İş №2(071)-291/2023

01.05.2023 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Mirasın qəbul edilməsi və vərəsəliyin açılma yerinin müəyyən edilməsi faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Hacıqabul rayonu İş № 2(071)-291/2023 01.05.2023 HACIQABUL RAYON MƏHKƏMƏSİ X26 Nazim oğlunun sədrliyi, Səlimova Günel Rauf qızının katibliyi, İddiaçı Ərizəçi iştirakı ilə, İddiaçı Ərizəçi cavabdeh Hacıqabul rayon Notariat Ofisinə qarşı “mirasın qəbul edilməsi müddətinin uzadılması tələbi” barədə iddiasına dair mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: İddiaçı Ərizəçi cavabdeh Hacıqabul rayon Notariat Ofisinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ünvan 1 ünvanında yerləşən 0.0514 ha torpaq sahəsi və üzərində inşa edilmiş 1 mərtəbəli 3 otaqlı ümumi sahəsi 88.0 m2 yaşayış sahəsi 53.0 m2 köməkçi sahə 35.0 m2-dən ibarət fərdi yaşayış evinin miras əmlak kimi qəbul edilməsi üçün qanunla müəyyən olunmuş müddətin ötürülməsini üzrlü hesab edib, miras əmlakın qəbulu ilə bağlı qanunvericilikdə nəzərdə tutulmuş müddətin uzadılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı ərizəsini onunla əsaslandırmışdır ki, nənəsi X12 04 mart 1965-ci il tarixdə, qardaşı X8 13 sentyabr 2009-cu il tarixdə və anası X3 isə 24 iyul 2016-cı il tarixində vəfat etmişdirlər. Valideyinlərindən ünvan 1 ünvanında yerləşən 0,0514 ha torpaq sahəsi və üzərində inşa edilmiş 1 mərtəbəli 3 otaqlı ümumi sahəsi 88.0 m2 yaşayış sahəsi 53.0 m2 köməkçi sahə 35.0 m2-dən ibarət fərdi yaşayış evi miras qalmışdır. Bununla bağlı xx.xx.2022-ci ildə Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri puplik hüquqi şəxsi 13 saylı Şirvan Ərazi idarəsi tərəfindən reyestr nömrəsi **********73-10301 fərdi yaşayış evinə mülkiyyət hüququna dair “Çıxarış” verilmişdir. Səhlənkarlıqdan miras əmlakın qəbul edilməsi ilə bağlı Hacıqabul şəhər Notariat Ofisinə bu yaxınlarda müraciət etmişdir. Notariat ofisindən ona bildirmişdirlər ki, miras əmlakın qəbul edilməsi ilə bağlı qanunda nəzərdə tutulmuş müddəti ötürmüşdür və buna görə də məhkəməyə müddətin uzadılması barədə ərizə ilə müraciət etməlidir. Qeyd edir ki, o hüquqi savadsızlığı səbəbindən bu işlərin konkret müddətlər çərçivəsində həll edildiyini bilməmişdir. Elə bilmişdir ki, bu işlə əlaqədar istənilən vaxt müraciət edə bilər. Odur ki, ötrülmüş müddətin üzrlü hesab edilərək uzadılması üçün məhkəməyə müraciət etmək zəruriyyətində qalmışdır. Məhkəmə iclasında iddiaçı Ərizəçi iddia ərizəsinin məzmununa uyğun izahat verərək əlavə olaraq bildirdi ki, miras əmlak nənəsi Mədinənin adına rəsmiləşdirilmişdir. Nənəsi Mədinə 1965-ci il öldükdən sonra ona məxsus evdə vərəsələrindən yalnız anası Gülxanım yaşamışdır. Qardaşı Telman 2009-cu ildə ölmüşdür. Anası Gülxanım isə 2016-cı ildə ölmüşdür. Anası və qardaşının ailəsi nənəsi Mədinə məxsus evdə yaşamışlar. Özü isə ailə həyatı qurduqdan sonra həmin evdə yaşamamış, həmin evi miras əmlak kimi faktiki qəbul etməmişdir. Anası Gülxanım 2016-cı ildə öldükdən sonra isə miras qalmış evdə yalnız qardaşının arvadı X13 yaşamışdır. Qardaşının arvadı və uşaqları ilə onun arasında həmin mülklə bağlı heç bir mübahisə yoxdur. Miras əmlak nənəsi Mədinəyə məxsus olduğundan, onun adına daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın alınması prosesi uzun çəkmiş, bu səbəbdən mirasın qəbul edilməsi üçün vaxtında notariusa müraciət edə bilməmişdir. Odur ki, mirasın qəbulu müddətinin ötürülməsini üzrlü hesab edərək, mirasın qəbulu müddətinin uzadılması barədə qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş X14 izahatında göstərdi ki, iddiaçı Ərizəçi onun baldızıdır. Onlar bir bacı bir qardaş olublar. 2009-cu ildə əri Telman vəfat etmişdir. Evin mülkiyyətçisi Mədinə Dəmirova isə ərinin nənəsi olmuşdur. Onun 4 övladı var və hamısı ailəlidir, ayrı yaşayırlar. Nənə və qaynanası rəhmətə gedəndən sonra o evdə tək yaşayır. Qaynanasından miras olaraq bir köhnə ev qalmışdır. Evin Ərizəçi adına keçməsinə özünün və uşaqlarının heç bir narazılıqları yoxdur. Cavabdeh Hacıqabul rayon Dövlət Notariat Kontoru və üçüncü şəxslər Heydərova (Həsənova) Dilarə Telman qızı, X9, X10, Hacıyeva (Heydərova) Pərvanə Telman qızı məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq, cavabdehin nümayəndəsi və üçüncü şəxslər məhkəmə iclasında iştirak etmədiyindən, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən məhkəmə mülki işə cavabdehin nümayəndəsinin və üçüncü şəxslərin iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan 02 sentyabr 1959-cu il tarixli doğum haqqında şəhadətnamədən görünür ki, Ərizəçi xx xxxxxxx 1958-ci il tarixdə Əli-Bayramlı şəhərində anadan olmuşdur. Şəhadətnamənin ata adı qrafasında X5, ana adı qrafasında isə X2 qeyd olunmuşdur. İş materiallarında olan Hacıqabul şəhər İnzibati Ərazi dairəsi üzrə Nümayəndəliyi tərəfindən verilmiş 10 fevral 2023-cü il tarixli, 184 saylı arayışdan müəyyən edilir ki, Heydərova X4 şəhəri, Z.Tağıyev küçəsi ev 260-da yaşayır. İş materiallarında olan Azərbaycan Respublikası Milli Arxiv İdarəsi Azərbaycan Respublikasının Dövlət Arxivinin 22 dekabr 2022-ci il tarixli, DA-02485-2022 saylı arxiv arayışında qeyd olunur ki, “Azərbaycan Respublikası Ədliyyə Nazirliyi yanında notariat və vətəndaşlıq vəziyyəti aktları idarəsi” arxiv fondunda mühafizə edilən sənədlərində 1937-ci ilə dair Bakı şəhəri Molotov (Qaradağ) rayonu Ələt qəsəbəsi üzrə doğum haqqında qeydiyyat kitabında 20 fevral 1937-ci ildə doğulan Dəmirova (sənəddə olduğu kimi) Gülxanım Ağabala qızının təvəllüdü qeyd olunur. X25 anası X16 kimi qeyd olunmuşdur. İş materiallarında olan 14 dekabr 2022-ci il tarixli, xx/xx-1014 saylı arayışda qeyd olunmuşdur ki, X7 və X1 nikahın pozulması ər-arvadın qarşılıqlı razılaşması əsasında xx.xx.1962-ci ildə 21 nömrəli akt qeydi ilə Şirvan şəhər Qeydiyyat şöbəsində dövlət qeydiyyatına alınmışdır. Nikah pozulduqdan sonra ərə Heydərov arvada Heydərova soyadı verilmişdir. İş materiallarında olan AZ-İ 812351 nömrəli, 05 avqust 2016-cı il tarixli ölüm haqqında şəhadətnamədən görünür ki, X3 xx.xx.2016-cı ildə ölmüşdür. Bu barədə ölüm haqqında akt qeydləri kitabında 2016-cı ilin avqust ayının 05 günündə 130 nömrə ilə qeyd edilmişdir. İş materiallarında olan AZ-İ 364396 nömrəli, 16.9.2009-cu il tarixli ölüm haqqında şəhadətnamədən görünür ki, X8 xx.xx.2009-cu ildə ölmüşdür. Bu barədə ölüm haqqında akt qeydləri kitabında 2009-cu ilin sentyabr ayının 16 günündə 124 nömrə ilə qeyd edilmişdir. İş materiallarında olan AZ-İİ 294116 nömrəli, 11 noyabr 2022-ci il tarixli ölüm haqqında şəhadətnamədən görünür ki, X12 xx.xx.1965-ci ildə ölmüşdür. Bu barədə ölüm haqqında akt qeydləri kitabında 1965-ci ilin mart ayının 18 günündə 25 nömrə ilə qeyd edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında DƏDRX-i tərəfindən verilmiş Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən 07 oktyabr 2022-ci il tarixli, ********** qeydiyyat nömrəli çıxarışdan müəyyən edilir ki, ünvan 2-da yerləşən fərdi yaşayış evi X6 xüsusi mülkiyyətində olmuşdur. İş materiallarında olan xx.xx.2022-ci il tarixli, 910-1/11672 inventar nömrəli texniki pasportdan görünür ki, ünvan 2-da yerləşən fərdi yaşayış evinə dair X6 adına texniki pasort tərtib edilmişdir. İş materiallarında olan Hacıqabul Rayon Notariat Ofisinin 01 fevral 2023-cü il tarixli, 30 nömrəli məktubundan görünür ki, Ərizəçi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1246 və 1248-ci maddələrinin tələblərinə əsasən məhkəməyə müraciət etməsi tövsiyə olunmuşdur. Məhkəmə, iddiaçınin izahatını, şahidin ifadəsini dinləyərək, tədqiq edilmiş sübutlara və araşdırılmış iş materiallarına məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia əsaslıdır. Belə ki, işin məhkəmə tərəfindən müəyyən edilmiş faktiki hallarından görünür ki, ünvan 2-da yerləşən fərdi yaşayış evi X6 xüsusi mülkiyyətində olmuşdur. Mədinə Dəmirova 1965-ci ildə öldükdən sonra onun vərəsələrindən yalnız qızı – Dəmirova (Heydərova) Gülxanım Ağabala qızı miras qoyana məxsus miras əmlak olan ünvan 2-da yerləşən fərdi yaşayış evini miras əmlak kimi faktiki olaraq qəbul etmiş və həmin evdə yaşamışdır. Dəmirova (Heydərova) Gülxanım Ağabala qızı ailə həyatı qurmuş və onun X7 ilə birgə nikahından iki uşaqları – X8 və Ərizəçi (iddiaçı) doğulmuşdur. X8 2009-cu ildə ölmüş və o öldükdən sonra arvadı və uşaqları ünvan 2-da yerləşən fərdi yaşayış evində yaşamaqda davam etmişlər. Dəmirova (Heydərova) Gülxanım Ağabala qızı 2016-cı ildə ölmüşdür və onun ölümündən sonra ünvan 2-da yerləşən fərdi yaşayış evində qanun üzrə vərəsələrindən heç biri yaşamamış, miras əmlakı faktiki olaraq qəbul etməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Qeyd olunan prosessual hüquq normasının tələbinə görə, miras qoyan X12 xx.xx.1965-ci il tarixdə öldüyünə görə, ondan miras qalmış əmlaka münasibətdə vərəsəlik hüquq münasibətləri ilə bağlı xx.xx.2000-ci il tarixədək qüvvədə olan Mülki Məcəlləsinin normaları tətbiq olunmalıdır. xx.xx.2000-ci il tarixədək qüvvədə olan Mülki Məcəllənin 528-ci maddəsinə əsasən vərəsəlik miras qoyan şəxsin ölməsi və yaxud onun ölmüş elan edilməsi ilə açılır. Həmin Məcəllənin 532-ci maddəsinə əsasən qanun üzrə vərəsəlikdə payları bərabər olmaqla, uşaqlar (o cümlədən övladlığa götürülənlər), ər (arvad) və ölənin valideynləri (övladlığa götürənləri) birinci növbə vərəsələr hesab olunurlar. Həmin Məcəllənin 552-ci maddəsinə əsasən vərəsə, miras əmlakını faktiki surətdə idarə etməyə başladıqda və ya mirasa yiyələndikdə, o, eləcə də vərəsəliyin açıldığı yerdə notariat orqanına mirası qəbul etmək barədə ərizə verdikdə, mirası qəbul etmiş hesab olunur. Qəbul edilmiş miras vərəsəlik açıldığı vaxtdan vərəsəyə məxsus hesab olunur. Göstərilən maddi hüquq normalarına əsasən məhkəmə hesab edir ki, miras qoyan X12 öldükdən sonra onun birinci növbə vərəsəsi olan uşağı – Dəmirova (Heydərova) Gülxanım Ağabala qızı miras qalmış ünvan 2-da yerləşən fərdi yaşayış evinə faktiki surətdə yiyələndiklərindən və həmin əmlakı idarə etdiyindən, o, həmin dövrdə anasından qalmış mirası qəbul etmiş sayılır. Bundan başqa, iş materialları ilə müəyyən olunur ki, Dəmirova (Heydərova) Gülxanım Ağabala qızı xx.xx.2016-cı il tarixdə ölmüş və onun ölümündən sonra birinci növbə vərəsələrindən nə iddiaçı Ərizəçi, nə də 2009-cu ildə ölmüş oğlu Telman Heydərovun uşaqları – mülki iş üzrə üçüncü şəxs qismində cəlb edilmiş Heydərova (Həsənova) Dilarə Telman qızı, X9, X10 və Hacıyeva (Heydərova) Pərvanə Telman qızının heç biri miras əmlakı nə formal, nə də qeyri-formal üsulla qəbul etməmişlər. ünvan 2-da yerləşən fərdi yaşayış evinə mülkiyyət hüququna dair Mədinə Dəmirovanın adına daşınmaz əmlakın dövlət reystrində qeydiyyat isə xx.xx.2022-ci il tarixdə aparılmış və bu barədə daşınmaz əmlakın dövlət reystrindən çıxarış verilmişdir. Bundan sonra, iddiaçı notariat orqanına ərizə ilə müraciət edərək, mirası qəbul etdiyini bildirmiş, lakin notariat ofisi mirasın qəbulu müddətinin ötürülməsini, bu müddətin uzadılması ilə bağlı məhkəməyə müraciət etməsini iddiaçıya tövsiyyə etmişdir. Bu səbəbdən, iddiaçı mirasın qəbulu müddətinin uzadılması üçün məhkəməyə müraciət etmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 1134.1-ci maddəsinə əsasən qanun üzrə vərəsəlik zamanı vərəsələr miras qoyanın öldüyü məqamda sağ olmuş şəxslər, habelə miras qoyanın ölümündən sonra doğulmuş uşaqları ola bilərlər. 1133.1-ci maddəsinə əsasən ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir; 1145-ci maddəsinə əsasən miras fiziki şəxsin ölümü və ya məhkəmə tərəfindən ölmüş elan edilməsi ilə açılır; 1146-cı maddəsinə əsasən miras qoyanın öldüyü gün və ya fiziki şəxsin ölmüş elan edilməsi barədə məhkəmə qərarının qüvvəyə mindiyi gün mirasın açıldığı vaxt sayılır; 1159.1.1-ci maddəsinə əsasən birinci növbədə - ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər) vərəsəlik zamanı bərabər pay hüquqlu vərəsələr sayılırlar; 1243.2-ci maddəsinə əsasən vərəsə mirasın açıldığı yer üzrə notariat kontoruna mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktiki başladıqda və ya bununla mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır; 1246-cı maddəsinə əsasən vərəsə vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində mirası qəbul edə bilər. Miras açıldığı gündən altı ay keçdikdən sonra mirasın qəbuluna yol verilmir. 1248.1-ci maddəsinə əsasən, mirasın qəbul edilməsi üçün müəyyənləşdirilmiş müddəti məhkəmə, gecikdirmənin səbəbini üzrlü sayarsa, uzada bilər. Müddət qurtardıqdan sonra, əgər mirası qəbul edən bütün digər vərəsələr razıdırlarsa, miras məhkəməyə müraciət edilmədən də qəbul oluna bilər. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1246, 1248.1 və 1268.2-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” Konstitusiya Məhkəməsi Plenumunun 14 oktyabr 2022-ci il tarixli qərarında göstərilir ki, Mülki Məcəllənin 1248.1-ci maddəsinə müvafiq olaraq, mirasın qəbul edilməsi üçün müəyyənləşdirilmiş altı aylıq müddətin uzadılması tələbi ilə bağlı işlərə baxarkən məhkəmələr tərəfindən həmin maddədə nəzərdə tutulmuş “üzrlü səbəb” anlayışı yalnız şəxsin iradəsindən asılı olmayaraq vərəsəlik hüququnun realizəsi üçün müraciət edə bilmədiyi hallarla məhdudlaşdırılmamalı, işin bütün halları, belə müraciətin qanunvericiliklə müəyyən edilmiş müddət ərzində edilməməsinin səbəbləri ətraflı araşdırılmaqla məsələyə hüquqi qiymət verilməlidir. İşin faktiki hallarından göründüyü kimi, iddiaçının anası Gülxanım Dəmirova 2016-cı ildə öldükdən sonra iddiaçının mirasın qəbul edilməsi ilə bağlı vaxtında müraciət etməməsinin səbəbi, miras əmlaka dair nənəsi Mədinə Dəmirovanın adına daşınmaz əmlakın dövlət reyestrində mülkiyyət hüququnun həmin dövrdə qeydə alınmaması olmuşdur. Mədinə Dəmirovanın adına miras əmlaka dair mülkiyyət hüququ xx.xx.2022-ci il tarixdə qeydə alınmışdır. Belə olan halda, məhkəmə hesab edir ki, iddiaçının mirası qəbul etmək üçün qanunla nəzərdə tutulmuş müddəti ötürməsi səbəbi üzrlü sayılmalı, mirası qəbul etmək üçün müəyyənləşdirilmiş müddət uzadılmalıdır. İddiaçı bu müddəti hansı vaxtadək uzadılmasını tələbində göstərməsə də, məhkəmə qeyd edir ki, qanunvericiliyə əsasən vərəsə vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində mirası qəbul edə bilər (MM 1246). Bu baxımdan məhkəmə hesab edir ki, mirası qəbul edilməsi üçün qanunla müəyyən edilmiş müddət qeyri-müəyyən müddətə uzadıla bilməz, bu müddət qətnamənin qanuni qüvvəyə mindiyi gündən hesablanmaqla üç ay uzadılmalıdır. Mülki Prosessual Məcəllənin 14.2, 217.4 və 218.3-cü maddələrinə müvafiq olaraq məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdıraraq, onlardan istifadə edərək, yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanaraq, iddia tələblərinin hədlərindən kənara çıxmadan işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-in 216-220, 227 və 360-cı maddələrinə əsasən, məhkəmə qətetdi: İddia təmin edilsin. ünvan 2 ünvanında yerləşən 0,0514 ha torpaq sahəsi və həmin torpaq sahəsi üzərində inşa edilmiş ümumi sahəsi 88 kv.m olan fərdi yaşayış evinin miras əmlak kimi qəbul edilməsi üçün Ərizəçi tərəfindən qanunla müəyyən edilmiş müddətin ötürülməsi səbəbi üzrlü hesab edilsin və onun miras əmlakı qəbul etməsi üçün qanunla müəyyən edilmiş müddət qətnamənin qanuni qüvvəyə mindiyi gündən hesablanmaqla 3 (üç) ay müddətinə uzadılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Hacıqabul rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. X27

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar