Məhkəmə qərarları › İş №2(071)-30/2024

Hacıqabul Rayon Məhkəməsi Qətnamə — İş №2(071)-30/2024

25.01.2024 · Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Hacıqabul rayonu İş № 2(071)-30/2024 25.01.2024 HACIQABUL RAYON MƏHKƏMƏSİ X11 Nazim oğlunun sədrliyi, Səlimova Günel Rauf qızının katibliyi, İddiaçı və onun nümayəndəsi Nümayəndə1, Cavabdeh1 iştirakları ilə, İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh3 və Cavabdeh2 qarşı “əmlak tələbi” barədə iddiasına dair mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: İddiaçı Cavabdeh1 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Aqrar İslahat Komissiyasının xx.xx.1998-ci il tarixli 14 saylı qərarı ilə ailəsinə verilmiş və JN 195A; KOD 91006018 nömrəli torpağa mülkiyyətə verilməsinə dair şəhadətnaməyə əsasən onlara məxsus 0.06 ha həyətyanı sahə və fərdi yaşayış evindən, Hacıqabul rayonu, Aqrar İslahat Komissiyasının xx.xx.2006-cı il tarixli 01 saylı qərarı ilə ailəsinə verilmiş JN 0296; KOD 91006005 nömrəli torpağa mülkiyyət hüququna dair şəhadətnaməyə əsasən 5.92 ha torpaq sahəsindən cavabdehin çıxarılması və əmlakların boşaldılması, mübahisə predmeti olan torpaq sahələri və fərdi yaşayış evinin üzərində mülkiyyət, istifadə və sərəncam hüquqlarının həyata keçirilməsinə o cümlədən, müvafiq icra hakimiyyəti orqanı tərəfindən plan və ölçü, texniki sənələrin tərtibi, mərzçəkmə işlərinin aparılmasına maneəçilik törədən hərəkətlərin törədilməsinin cavabdehə qadağan edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, Məmmədov Şamil Əlipənah oğlu ilə xx.xx.1987-ci il tarixdə rəsmi nikaha daxil olaraq ailə həyatı qurmuşdur. Hacıqabul rayonu, Navahı kəndində yerləşən evə gəlin köçərək orada yaşamışdır. Həmin nikahdan X7 və Məmmədov Hicran Şamil oğlu adlı uşaqları anadan olmuşlar. Hacıqabul rayonu, Aqrar İslahat Komissiyasının xx.xx.1998-ci il tarixli 14 saylı qərarı ilə ailəsinə 0.06 ha həyətyanı sahə, fərdi yaşayış evi və bağçılıq təsərrüfatı ilə bağlı torpaq sahəsi verilmiş, buna dair JN 195A; KOD 91006018 nömrəli Torpağa mülkiyyətə verilməsinə dair şəhadətnamə verilmişdir. Həmin torpaq sahəsi üzərində fərdi yaşayış evi inşa etdirərək orada yaşamışlar. Lakin, qaynı Cavabdeh1 evlərinə zorla girərək onları ordan çıxarmışdır. Bundan başqa, Azərbaycan Respublikasında aqrar islahat komissiyası aparılan zaman Hacıqabul rayonu, Aqrar İslahat Komissiyasının xx.xx.2006-cı il tarixli 01 saylı qərarı ilə ailəsinə 5.92 ha torpaq sahəsi verilmiş, buna dair JN 0296; KOD 91006005 nömrəli Torpağa mülkiyyət hüququna dair şəhadətnamə verilmişdir. Həyat yoldaşı xx.xx.2021-ci ildə ürək xəstəliyindən vəfat etmişdir. Yas mərasimi bitdikdən sonra o həyat yoldaşından qalmış miras əmlaka dair hüquqların dövlət qeydiyyatı haqqında çıxarış almaq üçün müvafiq icra hakimiyyətinə müraciət edib. Lakin, həmin orqan torpaq sahəsi və fərdi yaşayış evinə dair mübahisənin olmasını və ölçü (mərz) işlərinin aparılmasının qeyri-mümkün olmasını bəhanə gətirərək mülkiyyət hüquqlarını təsdiqləyən çıxarışı verməkdən imtina edib və mübahisənin olması əsası ilə bununla bağlı məhkəməyə müraciət edilməsini tövsiyyə edib. Onlara ayrılmış torpaq sahəsinə və yaşadığı fərdi yaşayış evindən cavabdehi çıxara bilmədiyi üçün məhkəməyə müraciət etmək məcburiyyətindədir. Məhkəmənin hazırlıq iclası mərhələsində qəbul edilmiş xx.xx.2023-cü il tarixli qərardadla İddiaçı övladları – Məmmədov Hicran Şamil oğlu və X7 iddiaçı tərəfdən müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində mülki işə cəlb edilmişlər. Həmçinin, məhkəmənin hazırlıq iclası mərhələsində qəbul edilmiş xx.xx.2023-cü il tarixli qərardadla X6 müstəqil tələb irəli sürməyən üçüncü şəxs kimi mülki işə cəlb edilmişdir. Bundan sonra İddiaçı və onun nümayəndəsi Nümayəndə1 birgə ərizə ilə məhkəməyə müraciət edərək, hazırda mübahisə predmeti olan fərdi yaşayış evində Cavabdeh3 və Muxtarova (Məmmədova) Təranə Famil qızının yaşadıqlarını bildirərək, həmin şəxslərin əlavə cavabdeh qismində işə cəlb edilməsini xahiş etmişlər. Məhkəmənin hazırlıq mərhələsində qəbul edilmiş xx.xx.2023-cü il tarixli qərardadla Cavabdeh3 və Muxtarova (Məmmədova) Təranə Famil qızı mülki işə əlavə cavabdeh qismində cəlb edilmişlər. Məhkəmə iclasında iddiaçının nümayəndəsi Nümayəndə1 iddia ərizəsinin məzmununa uyğun izahat verərək əlavə olaraq bildirdi ki, İddiaçı ilə Şamil Məmmədov 1987-ci ildə rəsmi nikaha daxil olaraq ailə həyatı qurmuşlar. Onlara dövlət tərəfindən Hacıqabul rayonu, Nəvai kəndində 0,06 ha torpaq sahəsi verilmişdir. Həmin torpaq sahəsi və onun üzərində olan fərdi yaşayış evi Cavabdeh1 və onun ailə üzvləri tərəfindən zəbt edilmişdir. Həmin evdə hazırda onun qızı Təranə ilə kürəkəni Cavid yaşayır. Sözügedən torpaq sahəsi və fərdi yaşayış evinə dair mülkiyyət hüququnu təsdiq edən çıxarış alınması üçün DƏDRX-in 13 saylı Şirvan Ərazi İdarəsinə müraciət edilmiş, həmin qurumun mütəxəssisləri torpaq sahəsinə və evə baxış keçirmək üçün getsələr də, cavabdeh və onun ailə üzvləri torpağa baxış keçirilməsinə icazə verməyərək buna mane olmuşlar. Bundan başqa, iddiaçı ilə onun ailə üzvlərinin birgə mülkiyyətinə Hacıqabul rayonu, Aqrar İslahat Komissiyasının xx.xx.2006-cı il tarixli qərarı ilə 5,92 ha torpaq sahəsi verilmişdir. İddiaçının əri vəfat etdiyindən onun həmin əmlakda olan payı qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamələrə əsasən onun arvadı İddiaçı, oğlu Məmmədov Hicran Şamil oğlu və qızı X5 hər birinə ¼ hissədə pay verilmiş, digər qeyri-rəsmi nikahdan doğulmuş qızı X2 ¼ hissədə payı isə açıq saxlanılmışdır. Mübahisə predmeti olan torpaq sahəsi Cavabdeh1 tərəfindən qanunsuz olaraq əkilib-becərilir. Hazırki halda, iddiaçı həm kənd təsərrüfatlı təyinatlı torpaq sahəsinin mülkiyyətçilərindən biri kimi, həm də mərhum Şamil Məmmədovun vərəsəsi kimi onun mülkiyyətində olan torpaq sahəsi və üzərində yerləşən fərdi yaşayış evindən cavabdehlərin çıxarılmasını və əmlakların boşaldılmasını tələb edir. Odur ki, qeyd edilənləri nəzərə alaraq, iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında İddiaçı iddianı müdafiə edərək izahatında bildirdi ki, 1987-ci ildə Şamil Məmmədov ilə ailə həyatı quraraq onun atası tərəfindən inşa edilmiş fərdi yaşayış evinə gəlin köçmüşdür. Həmin ev Şamil Məmmədovun atası tərəfindən onlar üçün tikilmiş və evin rəsmi heç bir sənədi olmamışdır. Onların birgə nikahından iki uşaqları olmuşdur. Sonra həmin fərdi yaşayış evinin yerləşdiyi 0,06 ha torpaq sahəsi aqrar islahat komissiyasının qərarına əsasən Şamil Məmmədovun mülkiyyətinə verilmişdir. Eyni zamanda, 2006-cı ildə onların ailə üzvlərinə Nəvai kəndi ərazisində 5,92 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi verilmişdir. Həmin torpaq sahələri və fərdi yaşayış evi qaynı Cavabdeh1 və onun ailə üzvləri tərəfindən qanunsuz olaraq zəbt edilmişdir. Halbuki, Cavabdeh1 həmin kənddə özünə məxsus 0,06 ha torpaq sahəsi və həmin torpaq sahəsi üzərində inşa edilmiş fərdi yaşayış evi var. Odur ki, iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında Cavabdeh1 iddianı qəbul etməyərək izahatında bildirdi ki, iddiaçı onun qardaşı Şamil Məmmədovla ailə həyatı quraraq atası tərəfindən Şamil üçün inşa edilmiş fərdi yaşayış evinə gəlin gəlmişdir. Onların nikahından iki uşaqları doğulmuşdur. İddiaçı onun atası və anası ilə yola getmədikləri üçün həmin evdən ayrılmışlar. Həmin ev atası Əlpənah Məmmədov tərəfindən Şamil Məmmədov üçün tikilmişdir. İddiaçı gəlin gələrkən ev tam hazır vəziyyətdə olmuşdur. Sonradan həmin evin yerləşdiyi torpaq sahəsi qardaşı Şamilə verilmişdir. İddiaçı və onun ailə üzvləri tərəfindən həmin evin tikintisinə hər hansı formada xərc çəkilməmişdir. İddiaçı və ailə üzvləri evi tərk etdikdən sonra atası Əlpənah Məmmədov həmin evi kürəkəninin atasına satmışdır. Buna görə də həmin evdə kürəkəni və onun ailə üzvləri yaşayır. Bu səbəbdən hesab edir ki, iddiaçının həmin evi tələb etməsi əsassızdır. Bundan başqa, iddiaçı ilə onun ailə üzvlərinə həqiqətən də Nəvai kəndi ərazisində kənd təsərrüfatlı təyinatlı torpaq sahəsi verilmişdir. Lakin, həmin torpaq sahəsini o heç vaxt zəbt etməmiş, orada hər hansı əkin işləri aparmamışdır. Həmin torpaq sahəsinin kimin tərəfindən əkilib-becərilməsini də bilmir. Çünki, onun özünün başqa bir torpaq sahəsi var və o, yalnız öz torpaq sahəsində əkin işləri aparır və onun torpaq sahəsi ilə iddiaçının ailə üzvlərinə verilmiş torpaq sahələri arasında kifayət qədər uzun məsafə var. Odur ki, qeyd edilənləri nəzərə alaraq, iddianın rədd edilməsini xahiş etdi. İş materiallarında olan nikah haqqında şəhadətnamənin surətindən görünür ki, Məmmədov Şamil Əlipənah oğlu ilə X1 nikahı xx.xx.1987-ci il tarixdə rəsmi qeydə alınmış, nikah bağlandıqdan sonra ərə “Məmmədov”, arvada “Məmmədova” soyadı verilmişdir. İş materiallarında olan “Torpağın mülkiyyətə verilməsinə dair” JN-195A, KOD 91006018 nömrəli şəhadətnamənin surətindən görünür ki, Hacıqabul rayon Aqrar İslahat Komissiyasının 28 oktyabr 1998-ci il tarixli, 14 saylı qərarı ilə Məmmədov Şamil Əlipənah oğlunun mülkiyyətinə 0,06 ha həyətyanı torpaq sahəsi verilmişdir. İş materiallarında olan “Torpağın mülkiyyətə verilməsinə dair” JN-0296, KOD 91006005 nömrəli şəhadətnamənin surətindən görünür ki, Hacıqabul rayon Aqrar İslahat Komissiyasının 11 aprel 2006-cı il tarixli, 01 saylı qərarı ilə Məmmədov Şamil Əlipənah oğlunun, İddiaçı, X3 və Məmmədov Hicran Şamil oğlunun mülkiyyətinə cizgidə göstərilən sərhəd daxilində 5,92 ha kənd təsərrüfatı istehsalı məqsədi ilə torpaq sahəsi verilmişdir. İş materiallarında olan ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, Məmmədov şamil Əlipənah oğlu xx.xx.2021-ci il tarixdə ürəyin dəqiqləşdirilməmiş kəskin işemik xəstəliyindən ölmüşdür. Bu barədə ölüm haqqında akt qeydləri kitabında xx.xx.2021-ci il tarixdə 159 nömrə ilə qeyd edilmişdir. İş materiallarında olan İddiaçı müraciətlərinə Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 13 saylı Şirvan Ərazi İdarəsi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli, **********35 nömrəli və xx.xx.2023-cü il tarixli, 3-21-3-38/2-335/2023 nömrəli cavab məktublarından görünür ki, onun həyat yoldaşı Məmmədov Şamil Əlipənah oğlunun adına Hacıqabul rayonu, Nəvahi kəndində yerləşən torpaq sahəsi və üzərindəki fərdi yaşayış evinə dair mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınması ilə bağlı ərizəsinə baxılmışdır. Araşdırma zamanı müəyyən edilmişdir ki, Hacıqabul rayonu, Navahi kəndində yerləşən torpaq sahəsi və üzərindəki fərdi yaşayış evinə yerində baxış keçirilməsi və ölçü işlərinin aparılmasına 13 saylı Şirvan Ərazi İdarəsinin Hacıqabul rayon şöbəsinin mütəxəssisinə şərait yaradılmamış və sözügedən əmlakla bağlı digər şəxslə aralarında mübahisəli halın olması aşkarlanmışdır. 13 saylı Şirvan Ərazi İdarəsinin və ya Hacıqabul rayon şöbəsinin mütəxəssisinə (mühəndis və texniklərinə) sözügedən torpaq sahəsi və üzərindəki fərdi yaşayış evinə ölçü işlərinin aparılmasına şərait yaradılacağı təqdirdə hüquqlarının qeydiyyata alınması məsələsinə mövcud qanunvericiliyin tələblərinə uyğun olaraq baxılacaqdır. İş materiallarında olan Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi tərəfindən verilmiş “Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış”dan görünür ki, Cavabdeh1 və onun ailə üzvlərinin birgə mülkiyyətinə Hacıqabul rayonu, Navahi kəndi ərazisində 17,6924 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi verilmişdir. İş materiallarında olan “Torpağın mülkiyyətə verilməsinə dair” JN-198A, KOD 91006018 nömrəli şəhadətnamənin surətindən görünür ki, Hacıqabul rayon Aqrar İslahat Komissiyasının 28 oktyabr 1998-ci il tarixli, 14 saylı qərarı ilə Cavabdeh1 mülkiyyətinə 0,06 ha həyətyanı torpaq sahəsi verilmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş fotoşəkillərdən görünür ki, mübahisə predmeti olan fərdi yaşayış evinin yerləşdiyi torpaq sahəsi ilə Cavabdeh1 yaşadığı evin yerləşdiyi torpaq sahəsi bir-birindən ayrı olmaqla, yaxın ərazidə yerləşirlər. İş materiallarında olan Navahi kənd İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyi tərəfindən məhkəməyə verilmiş “Təsərrüfatbaşına kitabdan çıxarış”dan görünür ki, həqiqətən də mərhum Məmmədov Şamil Əlipənah oğluna məxsus 85 nömrəli təsərrüfat Hacıqabul rayonu, Navahi kəndində yerləşir. Həmin təsərrüfatda 1987-ci ildə tikilmiş, ümumi sahəsi 60 kv.m, yaşayış sahəsi 40 kv.m olan fərdi yaşayış evi Navahi kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin 02 saylı təsərrüfatbaşına kitabın 2-ci səhifəsində 85 saylı şəxsi hesabında qeydə alınmışdır. İş materiallarında olan Navahi kənd Bələdiyyəsi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli arayışdan görünür ki, Hacıqabul rayon Aqrar İslahat Komissiyasının 28 oktyabr 1998-ci il tarixli, 14 saylı qərarına əsasən JN-195A, KOD 91006018 nömrəli torpağın mülkiyyətə verilməsinə dair şəhadətnaməyə əsasən 0,06 ha torpaq sahəsi və fərdi yaşayış evi Məmmədov Şamil Əlipənah oğluna məxsusdur. Hazırda orada Cavabdeh3 və onun həyat yoldaşı Məmmədova (Muxtarova) Təranə Famil qızı yaşayırlar. İş materiallarında olan Navahi kənd İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli, 19 nömrəli sorğuya cavab məktubundan görünür ki, mərhum Məmmədov Şamil Əlpənah oğlu 85 nömrəli təsərrüfatda qeydiyyatda olmuşdur və bu təsərrüfatda ümumi sahəsi 60 kv.m, yaşayış sahəsi 40 kv.m olan fərdi yaşayış evi vardır. Mərhum Məmmədov Şamil Əlpənah oğlu bu təsərrüfatda 2006-cı ilə qədər ailəsi ilə birgə yaşamışdır. Hal-hazırda həmin təsərrüfatda Cavabdeh3 ailəsi ilə birlikdə yaşayır. İş materiallarında olan Navahi kənd Bələdiyyəsi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli arayışdan görünür ki, Hacıqabul rayonu, Navahi kəndində Məmmədov Şamil Əlipənah oğluna məxsus 296 nömrəli dövlət aktına əsasən 5,92 ha, hal-hazırda azalma ilə 5,79 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi var. İş materiallarında olan Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi tərəfindən verilmiş “Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış”dan və torpaq sahəsinin plan və ölçüsündən müəyyən olunur ki, “Torpağın mülkiyyətə verilməsinə dair” JN-0296, KOD 91006005 nömrəli şəhadətnamə əsasında torpaq sahəsinin plan və ölçüsü tərtib edilmiş və Hacıqabul rayonu, Navahi kəndi ərazisində yerləşən 5,7911 ha kənd təsərrüfatlı təyinatlı torpaq sahəsi üzərində İddiaçı, mərhum Məmmədov Şamil Əlipənah oğlunun, Məmmədov Hicran Şamil oğlu və X3 mülkiyyət hüquqları qeydə alınmışdır. İş materiallarında olan “Qanun üzrə vərəsəlik hüququ haqqında” xx.xx.2023-cü il tarixli şəhadətnamələrdən görünür ki, Hacıqabul rayonu, Navahi kəndində yerləşən ümumi sahəsi 5,7911 ha olan torpaq sahəsindən mərhum Məmmədov Şamil Əlipənah oğluna məxsus hissədən arvadı – İddiaçı ¼ hissədə, oğlu – Məmmədov Hicran Şamil oğlu ¼ hissədə, qızı – X7 ¼ hissədə pay almışlar, xx.xx.2009-cu il təvəllüdlü X4 münasibətdə ¼ hissədə pay açıq saxlanılmışdır. İş materiallarında olan Hacıqabul rayon Məhkəməsinin xx.xx.2010-cu il tarixli qətnaməsindən görünür ki, İddiaçı Səddar qızının cavabdehlər Cavabdeh2 və Cavabdeh3 qarşı ev tələbinə dair iddiası təmin edilməmişdir. Məhkəmə qətnaməsini onunla əsaslandırmışdır ki, iddiaçı məhkəmə iclasında iddiasını əsaslandıra bilməmiş və mübahisəli evin ona məxsus olmasını təsdiq edən hər hansı sübutu məhkəməyə təqdim edə bilməmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi şəxsi 13 Saylı Şirvan Ərazi İdarəsinin mütəxəssisi Nümayəndə3 ifadəsində bildirdi ki, o, reyestr xidmətində inventarlaşdırma üzrə mühəndis vəzifəsində işləyir. İddiaçı Hacıqabul rayonu, Navahi kəndində yerləşən fərdi yaşayış evinə baxış keçirilib çıxarış verilməsi barədə ərizə ilə müraciət etmişdir. İddiaçı ərizəsi qəbul edilmiş və o, mühəndis kimi evə baxış keçirilib çertyojun çəkilməsi üçün cəlb edilmişdir. Buna əsasən o, İddiaçı və onun qızı ilə birlikdə evə baxış keçirmək üçün getmişlər. Qeyd edilən ünvana çatdıqda, orada Cavabdeh1 və digər şəxslər qapıda onları qarşılamış və içəri girib baxış keçirmələrinə mane olmuşlar. Evin texniki pasportunun hazırlanması üçün baxış keçirilməsi zəruri idi. Evin yerləşdiyi torpaq sahəsi baza qeydlərində Şamil Məmmədovun adına olduğuna görə, torpaq sahəsinin üzərində yerləşən evə dair mülkiyyət hüququ da Şamil Məmmədovun adına qeydə alınacaqdır. Lakin, evə baxış keçirilməsinə imkan yaradılmadığından, ölçü işlərinin aparılması mümkün olmamışdır. Beləliklə, məhkəmə iclasında tədqiq edilmiş sübutlarla müəyyən olundu ki, İddiaçı ilə Şamil Məmmədov 1987-ci ildə rəsmi nikaha daxil olmaqla ailə həyatı qurmuşlar. Onların birgə nikahından iki uşaqları – Hicran Məmmədov və Sona Məmmədova doğulmuşdur. Ailə həyatı qurduqları vaxtdan onlar Şamil Məmmədovun atası Əlpənah Məmmədov tərəfindən onlar üçün inşa edilmiş mübahisə predmeti olan fərdi yaşayış evində yaşamışlar. Həmin dövrdə qeyd edilən fərdi yaşayış evi və altındakı torpaq sahəsinə dair heç bir hüquqmüəyyənedici sənəd olmamışdır. Hacıqabul rayon Aqrar İslahat Komissiyasının 28 oktyabr 1998-ci il tarixli, 14 saylı qərarı ilə mübahisə predmeti olan fərdi yaşayış evinin yerləşdiyi 0,06 ha torpaq sahəsi Məmmədov Şamil Əlipənah oğlunun mülkiyyətinə verilmişdir. Məmmədov Şamil Əlipənah oğlu və ailə üzvləri 2006-cı ilədək həmin evdə yaşamışlar. Ondan sonrakı dövrdən başlayaraq həmin evdə iş üzrə cavabdehlər Cavabdeh2 və Cavabdeh3 yaşayırlar. Həmçinin, məhkəmə iclasında tədqiq edilmiş sübutlarla müəyyən edilir ki, Hacıqabul rayon Aqrar İslahat Komissiyasının 11 aprel 2006-cı il tarixli, 01 saylı qərarı ilə Məmmədov Şamil Əlipənah oğlunun, İddiaçı, X3 və Məmmədov Hicran Şamil oğlunun mülkiyyətinə 5,92 ha kənd təsərrüfatı istehsalı məqsədi ilə torpaq sahəsi verilmişdir. Daha sonra, Hacıqabul rayonu, Navahi kəndi ərazisində yerləşən və faktiki sahəsi 5,7911 ha olan kənd təsərrüfatlı təyinatlı torpaq sahəsi üzərində İddiaçı, mərhum Məmmədov Şamil Əlipənah oğlunun, Məmmədov Hicran Şamil oğlu və X3 mülkiyyət hüquqları qeydə alınmışdır. Məmmədov Şamil Əlipənah oğlu xx.xx.2021-ci il tarixdə ölmüş və Hacıqabul rayonu, Navahi kəndində yerləşən ümumi sahəsi 5,7911 ha olan torpaq sahəsindən mərhum Məmmədov Şamil Əlipənah oğluna məxsus hissədən arvadı – İddiaçı ¼ hissədə, oğlu – Məmmədov Hicran Şamil oğlu ¼ hissədə, qızı – X7 ¼ hissədə pay almışlar, xx.xx.2009-cu il təvəllüdlü X4 münasibətdə ¼ hissədə pay açıq saxlanılmışdır. Hazırda İddiaçı iddia tələbi ilə məhkəməyə müraciət edərək, mərhum əri Şamil Məmmədovun mülkiyyətində olan 0,06 ha həyətyanı torpaq sahəsi və həmin torpaq sahəsi üzərində yerləşən fərdi yaşayış evində cavabdehlərin yaşadıqlarını əsas gətirərək, onların torpaq sahəsindən və fərdi yaşayış evindən çıxarılmasını, əmlakın boşaldılmasını, torpaq sahəsi və fərdi yaşayış evi üzərində mülkiyyət hüquqlarının həyata keçirilməsinə, o cümlədən müvafiq icra hakimiyyəti orqanı tərəfindən həmin torpaq sahəsi və ev ilə bağlı plan və ölçü, texniki sənədlərin tərtibi, mərzçəkmə işlərinin aparılmasına maneçilik edən hərəkətlərin törədilməsinin cavabdehlərə qadağan edilməsini tələb etmişdir. Məhkəmə, iddianın həmin hissəsini araşdıraraq hesab edir ki, iddia bu hissədə qismən əsaslıdır. Belə ki, işin məhkəmə tərəfindən müəyyən edilmiş faktiki halları ondan ibarətdir ki, mübahisə predmeti olan 0,06 ha torpaq sahəsi Şamil Məmmədovun mülkiyyətinə verilmişdir. Həmin torpaq sahəsi üzərində yerləşən fərdi yaşayış evi isə 1987-ci ildə onun atası tərəfindən Şamil Məmmədov və onun ailə üzvlərinin yaşaması üçün tikilmişdir. Həmin evin heç bir hüquq müəyyənedici sənədi yoxdur, həmin əmlak dövlət qeydiyyatından keçməmişdir. Lakin, həmin fərdi yaşayış evinə ən azından mülkiyyət hüququndan səmərəli şəkildə istifadənin əldə olunmasına ağlabatan və qanuni gözlənti vardır. Belə ki, İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin formalaşdırdığı hüquqi mövqeyə əsasən, “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 1 saylı Protokolunun 1-ci maddəsinin birinci hissəsində nəzərdə tutulmuş “mülkiyyət” anlayışı müstəqil məzmuna malikdir. Maddi əşyalar kimi, əmlakı təşkil edən bəzi digər hüquqlar və maraqlar da “mülkiyyət hüququ” kimi tanınmalı və beləliklə, bu maddənin məzmunu baxımından “mülkiyyət” hesab olunmalıdır. “Mülkiyyət” anlayışı “mövcud mülkiyyətlə” məhdudlaşmır və tələblər də daxil olmaqla, ərizəçinin ən azından mülkiyyət hüququndan səmərəli şəkildə istifadənin əldə olunmasına ağlabatan və “qanuni gözləntisi” olan əmlakı da əhatə edə bilər. “Gözlənti” o halda qanunidir ki, o hər hansı qanunvericilik müddəasına və ya mübahisə obyektinə dair hüquqi sənədə əsaslansın (Saghinadze və başqaları Gürcüstana qarşı iş üzrə 2010-cu il 27 may tarixli Qərar, §103). İşin faktiki hallarından görünür ki, mübahisəli fərdi yaşayış evinin yerləşdiyi 0,06 ha torpaq sahəsi mərhum Şamil Məmmədovun mülkiyyətindədir və həmin fərdi yaşayış evi üzərində onun mülkiyyət hüququnun qeydə alınacağına dair qanuni gözləntisi olmuşdur. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin formalaşdırdığı hüquqi mövqeyinə əsasən qanuni gözlənti olan əmlak da “mülkiyyət” anlayışı ilə əhatə olunur. Məhkəmə iclasında şahid qismində dindirilmiş mütəxəssis Nümayəndə3 da ifadəsində bildirdi ki, mübahisəli evin yerləşdiyi torpaq sahəsi baza qeydlərində Şamil Məmmədovun adına olduğuna görə, torpaq sahəsinin üzərində yerləşən evə dair mülkiyyət hüququ da Şamil Məmmədovun adına qeydə alınacaqdır. Şamil Məmmədov xx.xx.2021-ci il tarixdə öldükdən sonra, İddiaçı və onun uşaqları Hicran və Sona mərhumdan miras qalmış Hacıqabul rayonu, Navahi kəndində yerləşən ümumi sahəsi 5,7911 ha olan torpaq sahəsinin mərhum Məmmədov Şamil Əlipənah oğluna məxsus hissədən qanun üzrə vərəsəlik hüququ əsasında hər biri ¼ hissədə pay almışlar (miras payın ¼ hissəsi isə digər vərəsəyə görə açıq saxlanılmışdır). Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: 1133.1-ci maddəsinə əsasən ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir. 1134.1-ci maddəsinə əsasən qanun üzrə vərəsəlik zamanı vərəsələr miras qoyanın öldüyü məqamda sağ olmuş şəxslər, habelə miras qoyanın ölümündən sonra doğulmuş uşaqları ola bilərlər. 1145-ci maddəsinə əsasən miras fiziki şəxsin ölümü və ya məhkəmə tərəfindən ölmüş elan edilməsi ilə açılır. 1146-cı maddəsinə əsasən miras qoyanın öldüyü gün və ya fiziki şəxsin ölmüş elan edilməsi barədə məhkəmə qərarının qüvvəyə mindiyi gün mirasın açıldığı vaxt sayılır. 1151.1-сi maddəsinə əsasən, mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir. 1159.1-ci maddəsinə əsasən qanun üzrə vərəsəlik zamanı birinci növbədə - ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər) bərabər pay hüquqlu vərəsələr sayılırlar. 1243-ci maddəsinə əsasən, mirası istər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsə qəbul edir. Vərəsə mirasın açıldığı yer üzrə notariat kontoruna mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. Vərəsə mirasın bir hissəsinə sahiblik etməyə faktik başladıqda hesab edilir ki, mirasın nədə ifadə edilməsindən və harada olmasından asılı olmayaraq, o, mirası tamamilə qəbul etmişdir. 215.3.2-ci maddəsinə əsasən paylı mülkiyyətin hər bir mülkiyyətçisi əşyaya dəymək qorxusu olan və ya dəyə biləcək zərərin qarşısını almaq üçün dərhal görülməli olan tədbirləri bütün şərikli sahiblər hesabına müstəqil həyata keçirmək səlahiyyətinə malikdir. Göstərilən qanunvericilik normalarına əsaslanaraq məhkəmə qeyd edir ki, İddiaçı mərhum Şamil Məmmədovun arvadı kimi onun birinci növbə vərəsəsi olduğundan, eləcə də iddiaçı miras açıldıqdan sonra birgə mülkiyyətdə olan torpaq sahəsinin mərhumdan miras qalmış hissəsinə münasibətdə mirası qəbul etdiyindən, o və digər vərəsələr mərhumdan miras qalmış bütün əmlakları (o cümlədən torpaq sahəsi və qanuni gözləntisi olan fərdi yaşayış evini) vərəsəlik qaydasında qəbul etmiş sayılırlar. İş materiallarında olan Hacıqabul rayon Məhkəməsinin xx.xx.2010-cu il tarixli qətnaməsindən görünür ki, bundan əvvəl İddiaçı Səddar qızı cavabdehlər Cavabdeh2 və Cavabdeh3 qarşı mübahisə predmeti olan evin cavabdehlərdən alınaraq ona verilməsinə dair iddia tələbi ilə məhkəməyə müraciət etmiş və onun iddiası təmin edilməmişdir. Məhkəmə qətnaməsini onunla əsaslandırmışdır ki, iddiaçı mübahisəli evin ona məxsus olmasını təsdiq edən hər hansı sübutu məhkəməyə təqdim edə bilməmişdir. Göründüyü kimi, hazırki mülki iş üzrə iddianın əsası əvvəlki mülki işdəkindən fərqlidir. Belə ki, əvvəlki mülki işdə iddiaçı mübahisə predmeti olan fərdi yaşayış evinin ona məxsus olmasını əsas gətirsə də, hazırki mülki işdə o, mübahisəli evin mərhum əri Şamil Məmmədova məxsus olmasını əsas gətirir və həmin evi mərhum ərindən miras qalmış əmlak kimi cavabdehlərdən tələb edir. Belə olan vəziyyətdə məhkəmə hesab edir ki, iddiaçı mərhum ərindən miras qalmış torpaq sahəsi və qanuni gözlənti əsasında onun mülkiyyəti hesab olunan torpaq sahəsi üzərində yerləşən fərdi yaşayış evindən cavabdehlərin çıxarılmasını, həmin əmlaklar üzərində sahiblik və istifadə hüquqlarının (mülkiyyət hüququ qeydə alınmadığına görə sərəncam hüququ həyata keçirilə bilməz – Mülki Məcəllə 146.2) həyata keçirilməsinə maneçiliyin aradan qaldırılmasını cavabdehlərdən tələb etməkdə haqlıdır. İş materiallarında olan fotoşəkillərlə, arayışlarla və sorğuya cavab məktubları ilə müəyyən olunur ki, mübahisə predmeti olan fərdi yaşayış evində hər hansı qanuni əsas olmadan faktiki olaraq cavabdehlər Cavabdeh3 və onun həyat yoldaşı Məmmədova (Muxtarova) Təranə Famil qızı yaşayırlar. Cavabdeh1 isə həmin evdə faktiki olaraq yaşamır və onun yaşadığı fərdi yaşayış evi mübahisə predmeti olan fərdi yaşayış evinin yaxınlığında yerləşir. Bununla belə, məhkəmə iclasında dindirilmiş şahidin ifadəsindən və DƏDRX-nin 13 saylı Şirvan Ərazi İdarəsinin verdiyi müraciətə cavab məktubundan müəyyən olunur ki, mübahisə predmeti olan torpaq sahəsi və üzərində yerləşən fərdi yaşayış evi ilə bağlı müvafiq icra hakimiyyəti orqanı tərəfindən plan və ölçü, texniki sənədlərin tərtibi, mərzçəkmə işlərinin aparılmasına Cavabdeh1 Əlpənah oğlu və digər cavabdehlər birgə maneçilik törədirlər. Məhkəmə iclasında Cavabdeh1 izahatında bildirmişdir ki, iddiaçı və ailə üzvləri evi tərk etdikdən sonra atası Əlpənah Məmmədov həmin evi kürəkəni Cavabdeh3 atasına satmışdır. Buna görə də həmin evdə kürəkəni və onun ailə üzvləri yaşayır. Məhkəmə, cavabdehin göstərilən dəlillərini əsassız hesab edərək qeyd edir ki, əvvəla cavabdeh bu dəlilləri təsdiq edən hər hansı sübutu məhkəməyə təqdim etməmişdir. Digər tərəfdən, yuxarıda qeyd edildiyi kimi mübahisə predmeti olan fərdi yaşayış evinin həmin dövrdə hüquqmüəyyənedici heç bir sənədi olmadığına həmin fərdi yaşayış evi üzərində qanuni şəkildə hər hansı sərəncamverici əqd bağlanması da mümkün deyildi. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin 1-ci hissəsinə görə Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 2-ci bəndinə görə mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə görə mülkiyyət hüququ subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüquqdur. Həmin Məcəllənin 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Bütün yuxarıda göstərilən işin faktiki hallarının məcmusunu nəzərə almaqla, həmçinin onlara tətbiq ediləcək şərh olunan hüquq normalarını rəhbər tutmaqla məhkəmə belə qənaətə gəlir ki, iddia bu hissədə qismən təmin edilməli, Hacıqabul rayon Aqrar İslahat Komissiyasının 28 oktyabr 1998-ci il tarixli, 14 saylı qərarı ilə mərhum Məmmədov Şamil Əlipənah oğluna verilmiş 0,06 ha həyətyanı torpaq sahəsi və həmin torpaq sahəsi üzərində yerləşən fərdi yaşayış evindən Cavabdeh2 və Cavabdeh3 çıxarılmaqla əmlak boşaldılmalı, həmin torpaq sahəsi və fərdi yaşayış evi üzərində iddiaçı tərəfindən sahiblik və istifadə hüquqlarının həyata keçirilməsi, o cümlədən müvafiq icra hakimiyyəti orqanı tərəfindən plan və ölçü, texniki sənədlərin tərtibi, mərzçəkmə işlərinin aparılmasına maneçilik edən hərəkətlərin törədilməsi Cavabdeh1 Əlpənah oğlu, Cavabdeh3 və Cavabdeh2 qadağan edilməlidir. Bundan başqa, iddiaçı tələbində Hacıqabul rayonu, Aqrar İslahat Komissiyasının xx.xx.2006-cı il tarixli 01 saylı qərarı ilə ailəsinə verilmiş JN 0296; KOD 91006005 nömrəli torpağa mülkiyyət hüququna dair şəhadətnaməyə əsasən 5.92 ha torpaq sahəsindən Cavabdeh1 çıxarılmasını tələb etmişdir. İşin faktiki hallarından görünür ki, Hacıqabul rayon Aqrar İslahat Komissiyasının 11 aprel 2006-cı il tarixli, 01 saylı qərarı ilə Məmmədov Şamil Əlipənah oğlunun, İddiaçı, X3 və Məmmədov Hicran Şamil oğlunun mülkiyyətinə 5,92 ha kənd təsərrüfatı istehsalı məqsədi ilə torpaq sahəsi verilmişdir. Daha sonra, Hacıqabul rayonu, Navahi kəndi ərazisində yerləşən və faktiki sahəsi 5,7911 ha olan kənd təsərrüfatlı təyinatlı torpaq sahəsi üzərində İddiaçı, mərhum Məmmədov Şamil Əlipənah oğlunun, Məmmədov Hicran Şamil oğlu və X3 mülkiyyət hüquqları qeydə alınmışdır. Bu mənada iddiaçı birgə mülkiyyətdə olan torpaq sahəsinin özgəsinin qanunsuz sahibliyindən geri tələb edə bilər (Mülki Məcəllə 157.2). Hazırda iddiaçı həmin torpaq sahəsinin Cavabdeh1 tərəfindən qanunsuz istifadə edildiyini, əkilib-becərildiyini iddia etsə də, iddiasını təsdiq edən sübutları, yəni torpaq sahəsinin həqiqətən də cavabdeh tərəfindən əkilib-becərilməsi, onun tərəfindən faktiki olaraq istifadə olunmasına dair sübutlarını məhkəməyə təqdim etməmişdir. Halbuki, MPMin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Odur ki, məhkəmə hesab edir ki, iddia tələbi cavabdehin kənd təsərrüfatlı təyinatlı torpaq sahəsindən çıxarılması hissəsində rədd edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 14.2, 217.4 və 218.3-cü maddələrinə müvafiq olaraq məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdıraraq, onlardan istifadə edərək, yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanaraq, iddia tələblərinin hədlərindən kənara çıxmadan verilmiş tələblər üzrə qətnamə çıxarır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-in 216-220, 227 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: İddia qismən təmin edilsin. Hacıqabul rayon Aqrar İslahat Komissiyasının 28 oktyabr 1998-ci il tarixli, 14 saylı qərarı ilə mərhum Məmmədov Şamil Əlipənah oğluna verilmiş 0,06 ha həyətyanı torpaq sahəsi və həmin torpaq sahəsi üzərində yerləşən fərdi yaşayış evindən Cavabdeh2 və Cavabdeh3 çıxarılsın və əmlaklar boşaldılsın. Həmin torpaq sahəsi və fərdi yaşayış evi üzərində İddiaçı sahiblik və istifadə hüquqlarının həyata keçirilməsinə, o cümlədən müvafiq icra hakimiyyəti orqanı tərəfindən plan və ölçü, texniki sənədlərin tərtibi, mərzçəkmə işlərinin aparılmasına maneçilik edən hərəkətlərin törədilməsi Cavabdeh1 Əlpənah oğlu, Cavabdeh3 və Cavabdeh2 qadağan edilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetə yerləşdirilməklə, Hacıqabul rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. X12

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar