Məhkəmə qərarları › İş №2(071)-308/2022

Hacıqabul Rayon Məhkəməsi Qətnamə — İş №2(071)-308/2022

23.05.2022 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Hacıqabul rayonu İş № 2(071)-308/2022 23.05.2022 HACIQABUL RAYON MƏHKƏMƏSİ Hacıqabul rayon Məhkəməsinin hakimi və sədri vəzifəsini müvəqqəti icra edən Hacıyev Vahid Məcid oğlunun sədrliyi, Zeynalov Ələkbər Şakir oğlunun katibliyi, İddiaçı və Cavabdeh2 iştirakları ilə, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “mənzilə olan istifadə hüquqlarına xitam verilməsi” tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “mənzilə olan istifadə hüquqlarına xitam verilməsi” tələbinə dair iddia ərizəsi ilə 15.02.2022-ci il tarixdə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 onun xüsusi mülkiyyətində olan Hacıqabul şəhəri Şəhriyar küçəsi ev 16-dan, yeni qaydalarla: AZ 2400 ünvan 1 nömrəli fərdi yaşayış evindən istifadə hüquqlarının itirilmiş hesab edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı məhkəmə iclasında iddia tələbini müdafiə etdi və izahatında bildirdi ki, o, Hacıqabul şəhəri Şəhriyar küçəsi ev 16, yeni qaydalarla: AZ 2400 ünvan 1 nömrəli fərdi yaşayış evi onun xüsusi mülkiyyətindədir. İş üzrə cavabehlər Cavabdeh1 və Cavabdeh2 onun ailə üzvləri deyil, qonşularıdır, heç vaxt onun evində yaşamamışlar. Bunun səhvən olduğunu və bundan xəbərlərinin olmadığını cavabdehlər özləri də təsdiq edirlər. Cavabdehlərdən Cavabdeh1 məhkəmə işə baxılan zaman qeydiyyatdan çıxsa da, Cavabdeh2 hazırkı vaxta kimi onun evində qeydiyyatda qalmışdır. Cavabdehlərin özlərinin qonşuluqda ayrıca evləri var. Cavabdehlərin onun evində qeydiyyatda qalmaları onun həmin ev üzərində hüquqlarını məhdudlaşdırır. Odur ki, iddianın təmin edilməsini xahiş edir. Cavabdeh2 məhkəmənin hazırlıq iclasında bildirmişdir ki, iddia tələbini qəbul edir. İddiaçı onun qonşusudur. Onun şəxsiyyət vəsiqəsində Hacıqabul şəhəri Şəhriyar küçəsi ev 16, yeni qaydalarla: AZ 2400 ünvan 1 nömrəli fərdi yaşayış evində qeydiyyatda olması qeyd edilsə də, o, 30 ildir ki, özünə məxsus olan Hacıqabul şəhəri Şəhriyar küçəsindəki 24 nömrəli evdə yaşayır. Cavabdehlər Cavabdeh2 və Cavabdeh1 məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilmiş, lakin onlar məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə, Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinin tələbinə uyğun olaraq cavabdehlərin iştirakı olmadan işə mahiyyəti üzrə baxılmasını mümkün hesab edir. Məhkəmə İddiaçı izahatını dinləyib, iş materiallarında olan sənədləri nəzərdən keçirib, sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş qeydiyyat tarixi 12.07.2021-ci il, qeydiyyat nömrəsi **********, reyestr nömrəsi **********49-10301 olan çıxarışdan müəyyən edilir ki, Hacıqabul şəhəri Şəhriyar küçəsi ev 16, yeni qaydalarla: AZ 2400 ünvan 1 ünvanda yerləşən 0,06 ha torpaq sahəsinin üzərində yerləşən 115,9 kv.m-dən ibarət fərdi yaşayış evi İddiaçı xüsusi mülkiyyətindədir. “AZEMİS”-dən 23.05.2022-ci il tarixdə əldə edilmiş çıxarışdan müəyyən edilir ki, Əliyeva X2 şəhəri Şəhriyar küçəsi ev 14 ünvanda qeydiyyatdadır, ona 01.06.2012-ci ildə AZE ******* nömrəli şəxsiyyət vəsiqəsi verilmişdir. “AZEMİS”-dən 23.05.2022-ci il tarixdə əldə edilmiş çıxarışdan müəyyən edilir ki, Səmədova X1 şəhəri Şəhriyar küçəsi ev 16, yeni qaydalarla: AZ 2400 ünvan 3 ünvandan 19.05.2022-ci il tarixdə qeydiyyatdan çıxmışdır və hazırda ünvan 4 ünvanda qeydiyyatdadır, ona AA3934380 nömrəli yeni nəsil şəxsiyyət vəsiqəsi verilmişdir. Mülki Məcəllənin 228.1-ci maddəsinə əsasən yaşayış binasının tərkib hissəsi, mülkiyyətçinin ailə üzvləri və digər şəxslər yaşayış binasından istifadə hüququna, bu şərtlə malikdirlər ki, həmin hüquq daşınmaz əmlakın dövlət reyestrində qeydə alınsın. Mülki Məcəllənin 228.2-ci maddəsinə əsasən yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun əmələ gəlməsi, həyata keçirilməsi şərtləri, və xitamı mülkiyyətçi ilə bağlanan, notariat qaydasında təsdiqlənən yazılı razılaşma ilə müəyyənləşdirilir. Yaşayış binasının tərkib hissəsindən istifadə hüququna xitam verilməsi haqqında razılaşma olmadıqda bu hüquqa mülkiyyətçinin məhkəmə qaydasında tələbinə əsasən bazar qiyməti ilə müvafiq kompensasiya verməsi yolu ilə xitam verilə bilər. Mülki Məcəllənin 146.1-ci maddəsinə əsasən daşınmaz əmlaka istifadə və sahiblik hüququ onun barəsində əqdin notariat qaydasında təsdiq edildiyi andan əmələ gəlir (məhkəmə qərarı və ya digər qanuni qüvvəyə malik olan və barəsində şikayət verilə bilməyən qərar əsasında yaranan hüquq istisna olmaqla) “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci maddəsinə əsasən əmələ gələn istifadə hüququna xitam verilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu 29.03.2016-cı il tarixli Qərarında göstərmişdir ki: “Mülki Məcəllənin 228.5-ci maddəsində istifadə hüququnun mahiyyət etibarilə servitut olduğu nəzərə alınaraq qeyd olunmalıdır ki, bu hüququn kompensasiya ödəmədən xitamı zamanı Mülki Məcəllənin “Servituta xitam verilməsi” adlanan 262-ci maddəsinin müddəalarının analogiya üzrə tətbiq edilməsi mümkün sayılmalıdır. Mülki Məcəllənin 262.2-ci maddəsinə əsasən yüklü olan mülkiyyətçinin tələbi ilə servituta onun qoyulduğu əsaslar aradan qalxdığına görə xitam verilə bilər. Bu maddənin müddəaları baxımından Mülki Məcəllənin 228.5-ci maddəsinə əsasən əmələ gələn yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun sahibinin yaşayış sahəsinə ehtiyacı aradan qalxdığı təqdirdə (məsələn, keçmiş ailə üzvünün digər daimi yaşayış sahəsinə könüllü surətdə köçməsi; ev və ya digər yaşayış sahəsi üzərində mülkiyyət hüququ əldə etməsi; nikaha daxil olaraq ər-arvadın evinə köçməsi və s.) həmin hüquqa xitam verilməsi kompensasiya ödəmədən mümkündür. Mülki Məcəllənin 228.5-ci maddəsinə əsasən əmələ gələn keçmiş ailə üzvünün yaşayış binasının tərkib hissəsindən istifadə hüququna müvafiq kompensasiya ödənilmədən xitam verilməsi həmin hüququn əldə edilməsini zəruri edən əsas (yaşayış sahəsinə ehtiyac) aradan qalxdıqda mümkündür.” “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 2-ci maddəsinə müvafiq olaraq şəxsin yaşayış yeri dedikdə, şəxsin Azərbaycan Respublikası qanunvericiliyi ilə nəzərdə tutulmuş əsaslarla daimi və ya daha çox yaşadığı ev, mənzil, xidməti yaşayış sahəsi və digər bu kimi yaşayış yerləri başa düşülür. Mülki Məcəllənin 27.1-ci maddəsinə əsasən fiziki şəxsin adətən yaşadığı yer onun yaşayış yeri sayılır. Göründüyü kimi, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 İddiaçı xüsusi mülkiyyətində olan Hacıqabul şəhəri Şəhriyar küçəsi ev 16-dan, yeni qaydalarla: AZ 2400 ünvan 1 nömrəli fərdi yaşayış evində qeydiyyata alınmalarına baxmayaraq, onların həmin evdən istifadə hüquqlarının yaranması üçün mülkiyyətçi ilə onların arasında bağlanan, notariat qaydasında təsdiqlənən yazılı razılaşma və həmin hüququn daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmasını təsdiq edən sənədlər mövcud deyildir. Cavabdehlər iddiaçının ailə üzvləri deyildir, heç vaxt onun evində yaşamamış və birgə təsərrüfat aparmamışlar. Cavağbdehlər iddiaçının qonşuları olmaqla, özlərinə məxsus evlərdə yaşayırlar. Cavabdeh1 19.05.2022-ci ildə ünvan 4-da qeydiyyata düşməklə, iddiaçıya məxsus evdən qeydiyyatdan çıxmışdır. İddia tələbi Cavabdeh1 münasibətdə məhkəmədən kənar qaydada öz həllini tapmışdır. Məhkəmə qeyd edir ki, Konstitusiyası Məhkəməsinin qeyd olunan qərarının və qanunvericiliyin tələblərinə əsasən cavabdehlərin iddiaçının mülkiyyətində olan fərdi yaşayış evinə yaşayış yeri üzrə qeydiyyata alınmaları, onların həmin fərdi yaşayış evi üzərində daimi istifadə hüququnun yaranmasını özündə ehtiva etmir. Cavabdehlərin iddiaçının mülkiyyətində olan fərdi yaşayış evinə qanunla müəyyən edilmiş qaydada istifadə hüquqları yaranmamışdır, mövcud olmayan hüququn isə məhkəmə qaydasında itirilməsinə zərurət yoxdur. Belə ki, “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının vətəndaşları, əcnəbilər və vətəndaşlığı olmayan şəxslər (bundan sonra şəxslər) Azərbaycan Respublikasında yaşayış yeri və olduğu yer üzrə qeydiyyata alınmalıdırlar. Yaşayış yeri və olduğu yer üzrə qeydiyyatın məqsədi Azərbaycan Respublikasında yaşayan şəxslərin uçota alınması, onların başqa şəxslər, dövlət və cəmiyyət qarşısında vəzifələrinin icra edilməsi, insan və vətəndaş hüquqlarının və azadlıqlarının həyata keçirilməsi (sosial müdafiə, pensiya təminatı, hərbi xidmətə çağırış, məhkəmə qərarlarının icrası və s.) üçün zəruri şərait yaratmaqdır. Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat icazə xarakteri daşımır və yalnız Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş hallarda hüquqi nəticəyə səbəb ola bilər. Göründüyü kimi, qanunvericiliyin tələbinə əsasən şəxsin hər hansı mənzildə rəsmi qeydiyyatda olması, onun həmin mənzildən daimi istifadə etmək hüququnun mövcud olmasına dəlalət etmir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin birinci hissəsinin bəzi müddəalarının şərh edilməsinə dair” 24.09.2020-ci il tarixli qərarında qeyd etmişdir ki, müraciət edənin mənzildən qeydiyyatdan çıxarılma üçün bütün hallarda mənzildən istifadə hüququna xitam verilməsinə dair qətnamənin olması mövqeyi ilə əlaqədar qeyd edilməlidir ki, “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Qanunun 9-cu maddəsinin birinci hissəsinin 5-ci bəndinin müddəaları onu göstərir ki, məhkəmələr bu növ iddialara baxarkən, hər bir halda şəxsin həmin yaşayış sahəsində yaşayıb-yaşamaması, istifadə hüququnun mövcud olub-olmaması məsələsini araşdırmalıdır. Belə ki, istifadə hüququ mövcud olmadığı halda ona xitam verilməsi məsələsindən də söhbət gedə bilməz. Qeyd edilməlidir ki, şəxsin yaşayış yerindən qeydiyyatdan çıxarılması onun üçün hər hansı əlverişsiz hüquqi nəticələr yaratmamaqla yanaşı, yaşayış sahəsi üzrə, ümumiyyətlə qeydiyyatsız qalmalarına da səbəb olmur. Belə ki, həmin şəxslər özlərinin yeni yaşayış yerləri üzrə və ya Azərbaycan Respublikası Nazirlər Kabinetinin 09.04.2003-cü il tarixli 55S nömrəli sərəncamına uyğun olaraq Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin şəxsiyyət vəsiqəsi verən müvafiq orqanının ünvanı üzrə qeydiyyata alına bilərlər. Müraciətdə göstərilən mülki işdə olduğu kimi, mükiyyətçiyə məxsus yaşayış sahəsinə qeydiyata alınmış, lakin həmin yaşayış sahəsindən istifadə hüququ olmayan və orada faktiki yaşamayan şəxslərin qeydiyyatdan çıxarılması məsələsi ilə əlaqədar Konstitusiya Məhkəməsinin Plenumu qeyd etməyi zəruri hesab edir ki, bu hallarda qeydiyyatda olan şəxslərin mülkiyyətçinin ərizəsi əsasında inzibati orqan tərəfindən qeydiyyatdan çıxarılması məsələsi qanunvericilikdə birmənalı qaydada tənzimlənməsə də, “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Qanunun 9-cu maddəsinin birinci hissəsinin 1-ci bəndinin mənasına görə bu mümkün hesab edilməlidir. Belə ki, qeyd edilən norma məhz şəxsin yaşayış yerini dəyişdiyi halda müvafiq icra hakimiyyəti orqanının məlumatı əsasında onun əvvəlki yaşayış yeri üzrə qeydiyyatdan çıxarılmasını müəyyən edir. Qanunun bu normasında nəzərdə tutulmuş “şəxsin yaşayış yerini dəyişməsi” ifadəsi “şəxsin həmin yaşayış sahəsində yaşamaması” mənasını da ehtiva edir. Nəzərə alınmalıdır ki, Konstitusiya Məhkəməsi Plenumunun son illərdə qəbul etdiyi qərarlar mülkiyyətçinin hüquqlarının müdafiəsinə, üçüncü şəxslərin yaşayış sahəsinə dair əmlak hüquqlarının mövcudluğunun mülkiyyətçinin hüquqlarının, o cümlədən sərəncam hüququnun realizəsinə maneəçilik yaratmamasına istiqamətlənmişdir. Azərbaycan Respublikasının tərəfdar çıxdığı «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyasına 1 saylı Protokolun 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, mülkiyyətindən məhrum edilə bilməz. Mülki Məcəllənin 152.5-ci maddəsinə əsasən mülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə, o cümlədən müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər. Odur ki, məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, Cavabdeh2 İddiaçı mülkiyyətindəki Hacıqabul şəhəri Şəhriyar küçəsi ev 16, yeni qaydalarla: AZ 2400 ünvan 1 nömrəli fərdi yaşayış evindən istifadə hüququ olmayan şəxs hesab edilməlidir. Digər Cavabdeh1 hazırda həmin evdən qeydiyyatdan çıxaraq 19.05.2022-ci ildən ünvan 4-da qeydiyyata düşdüyündən iddia tələbi onunla bağlı hissədə rədd edilməlidir. Yuxarıda şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 119, 216-220, 227, 233, 357, 360, 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh2 İddiaçı xüsusi mülkiyyətindəki Hacıqabul şəhəri Şəhriyar küçəsi ev 16, yeni qaydalarla: AZ 2400 ünvan 1 nömrəli fərdi yaşayış evindən istifadə hüququ olmayan şəxs hesab edilsin. Digər Cavabdeh1 hazırda İddiaçı xüsusi mülkiyyətindəki Hacıqabul şəhəri Şəhriyar küçəsi ev 16, yeni qaydalarla: AZ 2400 ünvan 1 nömrəli fərdi yaşayış evindən qeydiyyatdan çıxaraq, 19.05.2022-ci ildən ünvan 4-da qeydiyyata düşdüyündən iddia tələbi onunla bağlı hissədə rədd edilsin. Bu qətnamə Cavabdeh2 İddiaçı xüsusi mülkiyyətindəki Hacıqabul şəhəri Şəhriyar küçəsi ev 16, yeni qaydalarla: AZ 2400 ünvan 1 nömrəli fərdi yaşayış evindən qeydiyyatdan çıxarılması üçün əsasdır. Ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Hacıqabul rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən:Vahid Hacıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar