Məhkəmə qərarları › İş №2(071)-38/2023

Hacıqabul Rayon Məhkəməsi Qətnamə — İş №2(071)-38/2023

19.09.2023 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Hacıqabul rayonu İş № 2(071)-38/2023 19.09.2023 HACIQABUL RAYON MƏHKƏMƏSİ X5 Nazim oğlunun sədrliyi, Səlimova Günel Rauf qızının katibliyi, İddiaçı və onun nümayəndəsi Vəkil, cavabdehlər Cavabdeh1, Cavabdeh2 və onun vəkili X1 iştirakları ilə, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “mülkiyyət hüququnun müdafiəsi” tələbi barədə iddiasına dair mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Hacıqabul rayonunun Qubalı kəndində yerləşən onun mülkiyyətində olan 0,36 ha yaşayış məntəqələrinin torpaqlarından cavabdehlərin çıxarılması və həmin torpaq sahəsinin onun qanuni istifadəsinə qaytarılması, gələcəkdə həmin torpaq sahəsindən sərbəst istifadəsinə hər hansı maneəçilik törədilməsinin cavabdehlərə və digər şəxslərə qadağanın qoyulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o hal-hazırda Hacıqabul rayonunun Qubalı kəndində qeydiyyatda olmaqla orada yaşayır. Hacıqabul rayon Aqrar İslahat Komissiyasının xx.xx.1998-ci il tarixli, 04 saylı qərarı ilə Hacıqabul rayonunun Qubalı kəndində yerləşən yaşayış məntəqələrinin torpaqlarından 0,36 ha torpaq sahəsi onun xüsusi mülkiyyətinə verilmişdir. Həmin torpaq sahəsinin şəhadətnaməsi JN-088F, KOD 91008038 nömrə ilə təsdiq edilir. Qeyd edir ki, həmin torpaq sahəsində nar ağacları əkmişdir. Daha sonra həmin torpaq sahəsini müvəqqəti olaraq qardaşı Cavabdeh1 vermişdir. Bu yaxınlarda həmin torpaq sahəsini qardaşı Cavabdeh1 geri tələb etdikdə ona məlum oldu ki, onun oğlu Cavabdeh2 onun razılığı olmadan, yəni qeyri-qanuni yolla həmin torpaq sahəsini Bələdiyyənin xx.xx.2004-cü ildə öz adına keçirib, bunu ona Cavabdeh2 bildirdikdən sonra o ərizə ilə Hacıqabul rayonu, 2-ci Udulu Bələdiyyəsinə xx.xx.2022-ci ildə müraciət edib. Bələdiyyədən xx.xx.2022-ci il tarixli, 05 nömrəli məktubundan sonra bilib ki, iş üzrə Cavabdeh1 həmin torpaq sahəsi öz adına Bələdiyyə qərarı ilə keçirmişdir. Halhazırda onun mülkiyyətində olan həmin torpaq sahəsindən öz istədiyi kimi istifadə edə bilmir. İş üzrə cavabdehlər Cavabdeh1 və Cavabdeh2 onun mülkiyyətində olan həmin torpaq sahəsini qanunsuz yollarla zəbt edərək, ona maddi və mənəvi ziyan vurur. Ona görə də o aidiyyəti üzrə məhkəməyə müraciət etmək məcburiyyətindədir. Hesab edir ki, onun şəxsi mülkiyyətində olan torpaq sahəsindən sərbəst istifadədə yaranmış məneə və müdaxilələr məhkəmə qaydasında aradan qaldırılmalıdır. Bundan sonra iddiaçının nümayəndəsi Vəkil iddia ərizəsinin həcminin artırılması barədə ərizə ilə məhkəməyə müraciət edərək, Hacıqabul rayon Aqrar İslahat Komissiyasının 17 mart 1998-ci il tarixli, 04 saylı qərarı ilə İddiaçı xüsusi mülkiyyətinə verilmiş Hacıqabul rayonunun Qubalı kəndində yerləşən yaşayış məntəqələrinin torpaqlarından 0,36 ha torpaq sahəsi JN-088F və 0,06 ha torpaq sahəsi isə JN-088A nömrəli torpaq sahələri, KOD 91008038 nömrəli ayrı-ayrı şəhadətnamələr ilə verilmiş bitişik torpaq sahələrindən cavabdehlər Cavabdeh1 və Cavabdeh2 çıxarılması, həmin torpaq sahələrinin iddiaçıların qanuni istifadəsinə qaytarılması və gələcəkdə həmin torpaq sahələrindən sərbəst istifadəsinə hər hansı maneçilik törədilməsinin cavabdehlərə və digər şəxslərə qadağan edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddianın həcminin artırılması barədə ərizə onunla əsaslandırılmışdır ki, həm 0,36 ha həm də 0,06 ha torpaq sahələri iddiaçının mülkiyyətindədir. Cavabdehlər isə həmin torpaq sahələrini qeyri-qanuni yolla zəbt etmişlər. Məhkəmə iclasında iddiaçının nümayəndəsi Vəkil iddia ərizəsinin məzmununa uyğun izahat verərək əlavə olaraq bildirdi ki, Hacıqabul rayon Aqrar İslahat Komissiyasının 17 mart 1998-ci il tarixli, 04 saylı qərarı ilə İddiaçı mülkiyyətinə bir-birilərinə bitişik olan 0,36 ha və 0,06 ha torpaq sahələri verilmişdir. Həmin torpaq sahələri hazırda cavabdehlər tərəfindən zəbt edilmiş və iddiaçıya torpaq sahələrindən istifadə edilməsinə maneçilik törədilir. Cavabdehlərin həmin torpaq sahələrindən istifadə etmələrinə dair heç bir qanuni əsas yoxdur. İddiaçıya məxsus qeyd edilən torpaq sahələrinin hazırda cavabdehlər tərəfindən zəbt edilməsi və istifadə edilməsi ekspertizanın rəyi ilə təsdiq olunur. Bu səbəbdən iddiaçının mülkiyyət hüququ müdafiə edilməlidir. Odur ki, iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında İddiaçı nümayəndəsinin izahatı ilə razı olduğunu bildirdi və iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında Cavabdeh1 izahatında göstərdi ki, mübahisə predmeti olan 0,36 ha torpaq sahəsini 40 il bundan əvvəl o almış, lakin qardaşı Rafiqin adına rəsmiləşdirmişdir. Həmin torpaq sahəsini əkib-becərmiş, Rafiqin də bundan məlumatı olmuşdur. O və oğlu Elnur torpaq sahəsini qanunsuz olaraq zəbt etməmişdir. 2004-cü ildə Bələdiyyənin də iştirakı ilə akt tərtib edilmiş və Rafiq ona məxsus torpaq sahəsini Elnura bağışlamışdır. Sonradan aralarında narazılıq yarandığına görə Rafiq hazırki iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Bundan başqa qeyd edir ki, Rafiqin mülkiyyətində yalnız 0,36 ha torpaq sahəsi olmuş, 0,06 ha torpaq sahəsini sonradan qanunsuz olaraq öz adına rəsmiləşdirmişdir. Bu səbəbdən 0,36 ha torpaq sahəsinə münasibətdə iddianın təmin edilməsinə heç bir sözü yoxdur, lakin 0,06 ha torpaq sahəsinə münasibətdə iddianı qəbul etmir. Odur ki, qanuna müvafiq qaydada qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında Cavabdeh2 Cavabdeh1 ilə eyni məzmunlu izahat verdi. İş materiallarında olan “Torpağın mülkiyyətə verilməsinə dair” JN-088F, KOD 91008038 nömrəli şəhadətnamədən görünür ki, Hacıqabul rayon Aqrar İslahat Komissiyasının 17 mart 1998-ci il tarixli, 04 saylı qərarı ilə İddiaçı mülkiyyətinə 0,36 ha həyətyanı torpaq sahəsi verilmişdir. İş materiallarında olan “Torpağın mülkiyyətə verilməsinə dair” JN-088A, KOD 91008038 nömrəli şəhadətnamədən görünür ki, Hacıqabul rayon Aqrar İslahat Komissiyasının 17 mart 1998-ci il tarixli, 04 saylı qərarı ilə İddiaçı mülkiyyətinə 0,06 ha həyətyanı torpaq sahəsi verilmişdir. İş materiallarında olan Əmlak Məsələləri Dövlət Xidmətinin DƏDK və Reyestr Publik hüquqi şəxsi 13 saylı Şirvan Ərazi İdarəsi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli mütəxəssis rəyindən müəyyən edilir ki, İddiaçı xüsusi mülkiyyətinə verilmiş Hacıqabul rayonu Qubalı kəndində yerləşən yaşayış məntəqələrinin torpaqlarından 0,36 ha, 0.06 ha və artıq istifadəsində olan baza məlumatlarında bələdiyyə mülkiyyəti kimi göstərilmiş 0,1983 ha torpaq sahəsinin cizgiləri və döngə nöqtələrinin koordinatları rəyə əlavə edilmiş yerquruluşu planında göstərilmişdir. İddiaçı xüsusi mülkiyyətinə verilmiş Hacıqabul rayonu Qubalı kəndində yerləşən yaşayış məntəqələrinin torpaqlarından 0,36 ha, 0,06 ha torpaq sahəsi və artıq istifadədə olan 0,1983 ha torpaq sahəsi də faktiki olaraq cavabdehlər Cavabdeh1 və Cavabdeh2 istifadəsindədir. İş üzrə keçirilmiş məhkəmə-tikinti-texniki ekspertizasının xx.xx.2023-cü il tarixli 10/4846 saylı rəyindən görünür ki, İddiaçı xüsusi mülkiyyətinə verilmiş Hacıqabul rayonu Qubalı kəndində yerləşən yaşayış məntəqələrinin torpaqlarından 0,36 ha, 0,06 ha və artıq istifadəsində olan baza məlumalarında bələdiyyə mülkiyyəti kimi göstərilmiş 0,1983 ha torpaq sahəsinin cizgiləri və döngə nöqtələrinin koordinatları mütəxəssis rəyinə əlavə edilmiş yerquruluşu planında göstərilmişdir. İddiaçı xüsusi mülkiyyətinə verilmiş Hacıqabul rayonu, Qubalı kəndində yerləşən yaşayış məntəqələrinin torpaqlarından 0,36 ha, 0,06 ha və artıq istifadəsində olan 0,1983 ha torpaq sahəsi faktiki olaraq cavabdehlər Cavabdeh1 və Cavabdeh2 istifadəsindədir. Mütəxəssis rəyinə əlavə edilmiş yerquruluşu planında İddiaçı mülkiyyətinə verilmiş 0,36 ha, 0,06 ha torpaq sahələri və baza məlumatlarında bələdiyyə mülkiyyəti kimi göstərilmiş 0,1983 ha torpaq sahələrinin hər birinin sərhədləri ayrı-ayrılıqda deyil, həmin torpaq sahələri ümumi göstərildiyindən, iddiaçının mülkiyyətində olan torpaq sahələrinin hər birinin sərhəd nöqtələrinin dəqiqləşdirilməsi zərurəti ilə əlaqədar rəyi tərtib etmiş mütəxəssis məhkəmə iclasına dəvət edilmişdir. Məhkəmə iclasında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi şəxsi 13 Saylı Şirvan Ərazi İdarəsinin mütəxəssisi X2 izahat verərək bildirdi ki, iddiaçının mülkiyyətinə 0,36 ha torpaq sahəsinin verilməsinə dair şəhadətnamədəki çizgidə olan 141BB nömrəli sahə 0,12 ha olmaqla, baza məlumatlarında həmin hissə zəbt sahəsi kimi qeyd olunub və gələcəkdə həmin sahə yalnız iddiaçının adına ya da onun razılığı ilə başqa şəxsin adına rəsmiləşdirilə bilər. Həmin ərazidə olan 0,07 ha torpaq sahəsi isə bələdiyyənin mülkiyyətindədir. Həmin ərazidə olan torpaq sahəsi ümumilikdə 0,61 ha təşkil edir. İddiaçının adına verilmiş mülkiyyət hüququna dair şəhadətnamələr köhnə olduqlarından, həmin şəhadətnamələrdə olan məlumatlar hazırda mövcud olan baza məlumatları ilə tam üst-üstə düşmür. Bu səbəbdən 0,36 ha, 0,06 ha və 0,19 ha torpaq sahələrinin hər birinin ayrı-ayrılıqda sərhəd nöqtələrinin müəyyənləşdirilməsi yalnız iddiaçının mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydə alındıqdan sonra mümkün ola bilər. Beləliklə, məhkəmə iclasında tədqiq edilmiş sübutlarla müəyyən olundu ki, Hacıqabul rayon Aqrar İslahat Komissiyasının 17 mart 1998-ci il tarixli, 04 saylı qərarı ilə İddiaçı mülkiyyətinə Hacıqabul rayonu Qubalı kəndi ərazisində 0,36 ha və 0,06 ha torpaq sahələri verilmişdir. İddiaçının mülkiyyətində olan torpaq sahələri cavabdehlər tərəfindən istifadə olunur və iddiaçının öz mülkiyyətində olan torpaq sahələrinə sahiblik etməsinə və ondan istifadə etməsinə cavabdehlər tərəfindən maneçilik törədilir. İddiaçıya məxsus torpaq sahələrinin cavabdehlərin qanuni istifadələrində olmasına dair hər hansı mötəbər sübut məhkəməyə təqdim edilməmişdir. Cavabdehlərin həmin torpaq sahələri üzərində hər hansı hüquqlarının olmamasına baxmayaraq, onlar iddiaçıya məxsus torpaq sahələrinə davamlı olaraq müdaxilələr etmiş, iddiaçının həmin əmlaklar üzərində sahiblik və istifadə hüquqlarını həyata keçirməyə mane olmuşlar, bununla da onun mülkiyyət hüququnu pozmuşlar. Bu səbəbdən, məhkəmə hesab edir ki, iddiaçı cavabdehlərə qarşı “mülkiyyətin müdafiəsi” tələbi ilə məhkəməyə müraciət etməkdə haqlıdır. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin 1-ci hissəsinə görə Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 2-ci bəndinə görə mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə görə mülkiyyət hüququ subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüquqdur. Həmin Məcəllənin 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Bütün yuxarıda göstərilən işin faktiki hallarının məcmusunu nəzərə almaqla, həmçinin onlara tətbiq ediləcək şərh olunan hüquq normalarını rəhbər tutmaqla məhkəmə belə qənaətə gəlir ki, Hacıqabul rayonunun Qubalı kəndində yerləşən İddiaçı mülkiyyətində olan 0,36 ha və 0,06 ha həyətyanı torpaq sahələrindən cavabdehlər çıxarılmalı, həmin torpaq sahələri iddiaçının qanuni sahibliyinə qaytarılmalı, iddiaçının həmin torpaq sahəsindən sərbəst qaydada istifadəsinə hər hansı maneçilik törədilməsi cavabdehlərə qadağan edilməlidir. İddiaçı tələbində mülkiyyətində olan torpaq sahəsindən sərbəst qaydada istifadəsinə hər hansı maneçilik törədilməsinin cavabdehlərlə yanaşı digər şəxslərə də qadağan edilməsini tələb etməsinə baxmayaraq, məhkəmə hesab edir ki, həmin tələb qeyrimüəyyən şəxslərə qarşı irəli sürüldüyündən iddia həmin hissədə təmin edilməməlidir. Məhkəmə iclasında Cavabdeh1 izahatında iddiaçının torpaq sahəsini onun oğlu Elnura bağışladığını, bundan başqa iddiaçının 0,06 ha torpaq sahəsini sonradan qanunsuz olaraq öz adına rəsmiləşdirdiyini bildirsə də, məhkəmə cavabdehin bu dəlillərini əsassız hesab edir. Belə ki, əvvəla iddiaçının mülkiyyətində olan torpaq sahəsini Cavabdeh2 qanunla nəzərdə tutulmuş formada bağışlamasına dair iş materiallarında hər hansı sübut mövcud deyil. Çünki, mövcud qanunvericiliyə əsasən torpaq sahəsi yalnız qanunla nəzərdə tutulmuş formada (notarial qaydada) bağlanmış bağışlama müqaviləsi əsasında bağışlana bilər. Qanunla nəzərdə tutulmuş formada bağlanmamış istənilən əqd (razılaşma) etibarsız olmaqla hüquqi əhəmiyyəti yoxdur. Digər tərəfdən məhkəmə qeyd edir ki, mübahisə predmeti olan 0,06 ha torpaq sahəsinin iddiaçının mülkiyyətində olmasını təsdiq edən torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə mübahisələndirilmədiyindən və ləğv edilmədiyindən, iddiaçının həmin torpaq sahəsinə mülkiyyət hüququ dövlət tərəfindən tanınır və qorunur. Azərbaycan Respublikası MPM-in 107-ci və 119.1-ci maddələrinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Göstərilən qanunvericilik normalarına əsasən məhkəmə hesab edir ki, iddia ərizəsinin verilməsi ilə əlaqədar ödənilmiş dövlət rüsumunun əvəzi cavabdehlərdən müştərək qaydada alınaraq iddiaçıya ödənilməlidir. Bununla yanaşı, məhkəmə hesab edir ki, iş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri kimi 50 (əlli) manat pul cavabdehlərdən müştərək qaydada tutularaq Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 14.2, 217.4 və 218.3-cü maddələrinə müvafiq olaraq məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdıraraq, onlardan istifadə edərək, yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanaraq, iddia tələblərinin hədlərindən kənara çıxmadan verilmiş tələblər üzrə qətnamə çıxarır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-in 216-220, 227 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: İddia qismən təmin edilsin. Hacıqabul rayon Aqrar İslahat Komissiyasının 17 mart 1998-ci il tarixli, 04 saylı qərarı ilə İddiaçı xüsusi mülkiyyətinə verilmiş Hacıqabul rayonunun Qubalı kəndində yerləşən sahəsi 0,36 ha (JN-088F, KOD ********) və 0,06 ha (JN-088A, KOD ********) olan həyətyanı torpaq sahələrindən Cavabdeh1 və Cavabdeh2 çıxarılsın, həmin torpaq sahələri İddiaçı qanuni sahibliyinə qaytarılsın və onun torpaq sahələrindən sərbəst istifadəsinə hər hansı maneçilik törədilməsi Cavabdeh1 və Cavabdeh2 qadağan edilsin. İddia qalan hissədə təmin edilməsin. Cavabdeh1 və Cavabdeh2 ödənilmiş dövlət rüsumunun əvəzi kimi 100 manat pul müştərək qaydada alınaraq İddiaçı verilsin. İş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 50 (əlli) manat pul Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada alınaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülsün. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetə yerləşdirilməklə, Hacıqabul rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. X6

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar