Azərbaycan Respublikası adından QƏTNAMƏ Hacıqabul rayonu İş № 2(071)-38/2025 30.05.2025 HACIQABUL RAYON MƏHKƏMƏSİ Hakim Bayramov Orxan Telman oğlunun sədrliyi, Fərəcov İsmayıl Vəzir oğlunun katibliyi, İddiaçı, Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı “maneənin aradan qaldırılması və mülkiyyətdən istifadə hüququna maneçilik törədilməsinin qadağan edilməsi” tələbinə dair mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə m ü ə y y ə n e t d i̇ : İddiaçı Cavabdeh qarşı “maneənin aradan qaldırılması və mülkiyyətdən istifadə hüququna maneçilik törədilməsinin qadağan edilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ünvan 1 ünvanında 0.0273 ha torpaq sahəsi üzərində yerləşən DƏDRX tərəfindən keçmiş **********31 reyestr nömrəli çıxarışla mülkiyyət hüququ üzrə iddiaçıya məxsus fərdi yaşayış evinə Hacıqabul şəhəri, H.Həmidov küçəsi, ev 49 binası istiqamətində olan giriş-çıxışın bərpa olunması, Cavabdeh tərəfindən Hacıqabul şəhəri, H.Həmidov küçəsi, ev 49 binası istiqamətində yoluna qoyulmuş fərdi-yaşayış evindən küçəyə çıxış hissəsində olan maneənin aradan qaldırılması və mülkiyyətindən istifadəsinə maneəçilik törədən bütün hallar cavabdehə qadağan olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, xx.xx.1961-ci ildə Qazı-Məmməd şəhərində (hazırki Hacıqabul rayonu) anadan olmuşdur. Uzun illər AR DİN orqanlarında polis zabiti olaraq xidmət edərək veteran polis kimi xidmətini başa vuraraq təqaüdə çıxmışdır. Hazırda ailəsilə birlikdə yaşayır. xx.xx.2020-ci ildə ünvan 2 ünvanında yerləşən yaşayış məntəqələrinin torpaqlarından 0.0273 ha torpaq sahəsi almış və müvafiq olaraq DƏDRX-dən qeydiyyatdan keçərək **********31 reyestr nömrəli çıxarışla mülkiyyət hüququnu rəsmiləşdirmişdir. Hazırda həmin torpaq sahəsi üzərində ev inşa edərək orada yaşayır. Lakin qonşusu Cavabdeh Ələddin oğlu onun mənzilinə giriş qapısını tutaraq həmin mənzilə giriş-çıxışına mane olur. Məsələ ilə bağlı cavabdehin özünə və rayondaxili bütün orqanlara müraciət etsə də, hər hansı bir nəticə əldə edə bilməmişdir. Hətta məsələnin məhkəmədənkənar həlli ilə bağlı mediasiya şurasına müraciət etsə də, nəticə əldə olunmamışdır. Cavabdeh Ələddin oğlu qanunsuz tikili aparmasına baxmayaraq öz yük maşınını da qapısında qəsdən saxlayaraq giriş-çıxışına mane olur. Odur ki, aidiyyatı üzrə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia ərizəsini müdafiə edərək izahatında bildirmişdir ki, qonşusu Cavabdeh Ələddin oğlu onun mənzilinə giriş qapısını tutaraq həmin mənzilə giriş-çıxışına mane olur. Məsələ ilə bağlı cavabdehin özünə və rayondaxili bütün orqanlara müraciət etsə də, hər hansı bir nəticə əldə edə bilməmişdir. Verilmiş suallara cavab olaraq bildirmişdir ki, Cavabdeh onun qapı qonşusudur. Qədim onun öz evinə əlavə qapı açmağına mane olur. Onun evinə açdığı qapı cavabdehə heç bir maneçilik törətmir. Göstərilənlərə əsasən iddia tələbinin təmin olunmasını xahiş edir. Məhkəmə iclasında iştirak edən Cavabdeh iddia tələbini qəbul etməyərək izahatında bildirmişdir ki, iddiaçı onun qapı qonşusudur. O, avtomobilini öz qapısının qarşısında saxlayır. İddiaçı əlavə olaraq evindən həyətə ayrı qapı açmışdır. Həmin açdığı qapı onun avtomobilini saxladığı yerə açılır. Göstərilənlərə əsasən iddianın rədd olunmasını xahiş edir. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarını araşdırıb və sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi rədd edilməlidir. Belə ki, iş materiallarında olan Hacıqabul Rayon İcra Hakimiyyəti Başçısının Aparatının xx.xx.2024-cü il tarixli məktubundan müəyyən edilir ki, İddiaçı müraciətinə baxılmış və aidiyyatı üzrə hüquq mühafizə orqanlarına müraciət etməsi tövsiyə olunmuşdur. İş materiallarında olan Hacıqabul Rayon İcra Hakimiyyəti Başçısının Aparatının xx.xx.2024-cü il tarixli məktubundan müəyyən edilir ki, İddiaçı Azərbaycan Respublikası Prezidentinin Administrasiyasına ünvanladığı müraciət baxılmaq üçün Rayon İcra Hakimiyyətinə göndərilmişdir. Müraciətdə ünvan 2 ünvanında yerləşən yaşayış məntəqələrinin torpaqlarından 0.0273 ha torpaq sahəsini rəsmi qaydada aldığını, üzərində ev inşa etdiyini, lakin qonşusu Cavabdeh Ələddin oğlunun evin giriş çıxış qapısını tutaraq, hərəkəti məhdudlaşdırdığını iddia etmişdir. Qeyd olunan əraziyə Rayon İcra Hakimiyyətinin Memarlıq və Tikinti şöbəsinin əməkdaşları və Hacıqabul şəhərinin Bələdiyyə sədri ilə birlikdə baxış keçirilmişdir. Araşdırma nəticəsində bəlli olmuşdur ki, hər iki tərəf mövcud qanunvericiliyin tələblərini və tikinti normalarını kobud şəkildə pozmuşunuz. Belə ki, vətəndaş Cavabdeh Ələddin oğlu çoxmənzilli yaşayış binasının çevrəsini hasar ilə əhatələmiş və qanunsuz olaraq darvaza yerləşdirərək hərəkəti məhdud vəziyyətə gətirmişdir. İddiaçı isə fərdi evinə tikinti normalarına və qonşuların birgə yaşayış qaydalarına uyğun olmayacaq şəkildə əlavə giriş qapısı yerləşdirmişdir. Törətdiyi qanunsuz hərəkətləri dərhal dayandırmağı, əlavə giriş qapısını bağlamaq İddiaçı tələb olunmuşdur. İş materiallarında olan Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinin 13 saylı Şirvan Ərazi İdarəsinin xx.xx.2024-cü il tarixli məktubundan müəyyən edilir ki, İddiaçı müraciətinə baxılmış və qeyd edilmişdir ki, “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsin 13 saylı Şirvan Ərazi İdarəsi hüquqi və fiziki şəxslərin müraciəti əsasında daşınmaz əmlak obyektləri üzərində hüquqların dövlət qeydiyyatını aparır. Torpaq sahələri və qanunsuz tikililərlə bağlı mübahisəli halların araşdırılması və barəsində qərar qəbul edilməsi Ərazi idarəsinin səlahiyyətlərinə daxil deyildir. Odur ki, məsələ ilə bağlı müvafiq icra hakimiyyəti orqanlarına və ya məhkəməyə müraciət etməyi tövsiyə edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi Tikintidə X3 Agentliyinin xx.xx.2025-ci il tarixli məktubundan müəyyən edilir ki, İddiaçı müraciətinə baxılmış və qeyd edilmişdir ki, Azərbaycan Respublikasının Mənzil Məcəlləsinə və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 04 sentyabr 2000-ci il tarixli, 160 nömrəli Qərarına əsasən istismarda olan binalarda yenidənqurma və yenidən planlaşdırma işlərinə icazələrin verilməsi və bu məsələlərlə bağlı inzibati icraatın həyata keçirilməsi yerli icra hakimiyyəti orqanlarının səlahiyyətindədir. Fövqəladə Hallar Nazirliyinin Tikintidə X3 Agentliyi yalnız tikintisinə icazə verilmiş obyektlərin tikintisinə dövlət nəzarəti təşkil edir və həyata keçirir. İş materiallarında olan fotoşəkillərdən müəyyən edilir ki, İddiaçı məxsus fərdi yaşayış evinin kənarından fərdi yaşayış sahəsinə giriş üçün əlavə qapı qoyulmuş, həmin qapı Cavabdeh məxsus həyətyanı sahəyə açılmaqla, sonuncunun nəqliyyat vasitəsini saxladığı yerə birbaşa giriş-çıxışı olduğu müəyyən olunur. Hacıqabul Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(071)-38/2025 saylı qərardadı ilə İddiaçı Cavabdeh qarşı “maneənin aradan qaldırılması və mülkiyyətdən istifadə hüququna maneçilik törədilməsinin qadağan edilməsi” tələbinə dair mülki iş üzrə məhkəmə tikinti-texniki ekspertizası təyin edilmiş, ekspert rəyi məhkəməyə təqdim olunanadək iş üzrə icraat dayandırılmışdır. xx.xx.2025-ci il tarixdə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2025-ci il tarixli ekspertiza məktubu, rəyi və mülki iş materialları məhkəməyə daxil olmuş, mülki iş üzrə icraat təzələnmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 10/1422 nömrəli rəyi tədqiq edilən zaman müəyyən olunmuşdur ki, tədqiq olunan qapının eninin 0,9 metr, hündürlüyünün isə 2,2 metr olduğu müəyyən edilmişdir. Tədqiq olunan qapının quraşdırılmasına dair müvafiq təşkilatlardan icazə sənədləri və texniki şərtlərə dair zəruri sənədlər mülki iş materiallarında olmadığından, həmin qapının Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2000-ci il tarixli 160 nömrəli qərarı ilə təsdiq edilmiş “Təsdiq olunmuş şəhərsalma sənədləri üzrə yeni obyektlərin yerləşdirilməsi, bina və qurğularda yenidənplanlaşdırma aparılması, mövcud şəhərsalma obyektlərində dəyişikliklər edilməsinin tərtibatçılarla və sənədləri təsdiq edən müvafiq icra hakimiyyəti orqanları ilə razılaşdırılması” Qaydalarının 4.1. və 4.2. bəndlərinin tələblərinə uyğun quraşdırılıb-quraşdırılmadığının müəyyən edilməsinə dair tədqiqat aparılmamışdır. Hacıqabul Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(071)-38/2025 saylı qərardadı ilə İddiaçı Cavabdeh qarşı “maneənin aradan qaldırılması və mülkiyyətdən istifadə hüququna maneçilik törədilməsinin qadağan edilməsi” tələbinə dair mülki iş üzrə icraat təzələnmişdir. Məsələnin obyektiv araşdırılması məqsədi ilə xx.xx.2025-ci il tarixində mülki iş üzrə ünvan 3 ünvanında yerləşən evə baxış keçirilmişdir. Yerli baxış zamanı müəyyən olunmuşdur ki, ünvan 3 ünvanında iddiaçı evin mətbəx otağından küçəyə əlavə qapı açmışdır. Həmin qapıya daşla pilləkən hörülmüş, daha sonra həmən pilləkən sökülmüşdür. Həmin açılmış qapı cavabdehin qapısına giriş çıxışına mane olur. Cavabdehin maşınla həyətə giriş-çıxışı etməsinin qeyri-mümkün olduğu müəyyən edilmişdir. Eyni zamanda müəyyən edilmişdir ki, iddiaçıya məxsus yaşayış evinin H.Həmidov küçəsinə çıxışı qanunla müəyyən edilmiş qaydada qapısı və darvazası vardır. Məhkəmə tərəfindən işin baxılması zamanı aparılmış sübutların qiymətləndirilməsi, yerində baxış protokolu, fotoşəkillər, ekspertiza rəyi və inzibati orqanın rəsmi məktubu əsasında iş üzrə aşağıdakı faktiki hallar müəyyən edilmişdir. Belə ki, iddiaçı Əmişov X1 şəhəri, H. Həmidov küçəsi 88 A ünvanında yerləşən və onun mülkiyyətində olan fərdi yaşayış sahəsində 2020-ci il tarixindən etibarən istifadə edir və həmin əmlak üzrə qanuni çıxarışa malikdir. Lakin, bu mülkiyyət hüququndan irəli gələn səlahiyyətlərini həyata keçirərkən iddiaçı qanunvericilikdə nəzərdə tutulmuş tikinti və planlaşdırma prosedurlarını pozmaqla, yaşayış evinin küçəyə baxan fasad divarından qonşu Cavabdeh məxsus həyətyanı sahəyə açılan əlavə giriş qapısı quraşdırmışdır. Məhkəməyə təqdim olunmuş fotoşəkillərdə həmin qapının birbaşa qonşunun sahəsinə – konkret olaraq cavabdehə məxsus nəqliyyat vasitəsinin (** MN *** dövlət qeydiyyat nişanlı avtomobil) saxlanıldığı yerə açıldığı, avtomobilin isə qapıya bitişik vəziyyətdə yerləşdiyi müşahidə olunur. Əlavə olaraq, həmin qapının alt hissəsində daş və kərpiclərdən ibarət müvəqqəti pilləkən düzəldilmiş, daha sonra sökülsə də, qapının yerləşdiyi mövqe qonşunun həyətdə sərbəst hərəkətini, xüsusən də nəqliyyat vasitəsinin giriş-çıxış imkanlarını ciddi şəkildə məhdudlaşdırır. Ekspertiza rəyi ilə müəyyən olunmuşdur ki, qapının eni 0,9 m, hündürlüyü 2,2 m olmaqla, tikinti norma və qaydalarına zidd şəkildə, heç bir layihələndirmə və ya icazə sənədi olmadan quraşdırılmışdır. Hacıqabul Rayon İcra Hakimiyyəti Başçısının Aparatının 22 avqust 2024-cü il tarixli məktubunda qeyd olunmuşdur ki, hər iki tərəf – həm iddiaçı, həm də cavabdeh – öz sahələrində qanunvericiliyin tələblərinə zidd olaraq tikinti işləri aparmış, bu da onların qarşılıqlı istifadəsinə və sərbəst qonşuluq münasibətlərinə ciddi maneələr yaratmışdır. Ancaq məhz iddiaçının açdığı əlavə qapı cavabdehin real istifadə imkanlarını bloklaşdıran əsas səbəb kimi çıxış edir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2000-ci il tarixli 160 nömrəli qərarı ilə təsdiq edilmiş “Təsdiq olunmuş şəhərsalma sənədləri üzrə yeni obyektlərin yerləşdirilməsi, bina və qurğularda yenidənplanlaşdırma aparılması, mövcud şəhərsalma obyektlərində dəyişikliklər edilməsinin tərtibatçılarla və sənədləri təsdiq edən müvafiq icra hakimiyyəti orqanları ilə razılaşdırılması” Qaydalarının 4.1-ci bəndinə əsasən sifarişçi, mülkiyyət sahibi və ya icarədar ilk növbədə mövcud obyektdə ediləcək dəyişikliklərin məzmunu və məqsədi barədə şəhər (rayon) yerli icra hakimiyyətinə müraciət etməlidir. Bu müraciətə Dövlət Şəhərsalma və Arxitektura Komitəsi» və «Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin qərarı ilə təsdiq olunmuş formada təqdimat əlavə olunmalıdır. Müraciətə yerli icra hakimiyyəti tərəfindən təyin edilmiş və mütəxəssislərdən ibarət komissiya baxmalı və nəticəsi haqqında texniki rəy verməlidir. Həmin Qaydaların 4.2-ci bəndinə əsasən şəhər (rayon) yerli icra hakimiyyətinin müvafiq memarlıq-tikinti xidməti mövcud obyektdə dəyişikliklərin eskiz cizgilərini nəzərdən keçirməli və bu barədə öz rəyini yerli icra hakimiyyətinin rəhbərliyinə bildirməlidir. Həmin Qaydaların 4.3-cü bəndinə əsasən memarlıq-tikinti xidmətinin müvafiq rəyi nəzərə alınmaqla, obyektdə dəyişikliklərin edilməsi yerli icra hakimiyyəti ilə razılaşdırılır. Məhkəmə iş üzrə toplanmış sübutların ümumi təhlilindən sonra belə nəticəyə gəlmişdir ki, iddiaçı tərəfindən irəli sürülmüş “maneənin aradan qaldırılması və mülkiyyətdən istifadə hüququna maneənin qadağan olunması” barədə tələb hüquqi və faktiki əsaslardan məhrumdur. Məhkəmə müəyyən etmişdir ki, iddiaçının öz yaşayış sahəsində həyata keçirdiyi yenidənplanlama və tikinti işləri normativ hüquqi aktlarla müəyyən edilmiş icazə və razılaşdırma prosedurlarına riayət olunmadan həyata keçirilmişdir. Belə ki, əlavə giriş qapısının quraşdırılması, ona çıxış üçün pilləkən tikilməsi, bu elementlərin qonşunun sahəsinə birbaşa müdaxilə təşkil etməsi və xüsusən də qapının qonşuya məxsus nəqliyyat vasitəsinin yerləşdiyi sahəyə baxması, iddiaçının bu tikintini sırf öz mülkiyyət hüququ çərçivəsində deyil, qonşunun mülki hüquqlarına kobud müdaxilə etməklə həyata keçirdiyini göstərir. Məhkəmə qeyd edir ki, qarşılıqlı qonşuluq münasibətləri və yaşayış sahəsinin istifadəsi zamanı hər bir şəxs öz hüquqlarını qanunvericiliyin müəyyən etdiyi sərhədlər daxilində həyata keçirməli, bu zaman digər şəxsin mülkiyyət hüquqlarına və faktiki istifadə imkanlarına hörmət etməlidir. Məhkəmənin qənaətinə görə, iddiaçı bu öhdəliyə əməl etməmiş, əksinə öz hərəkətləri ilə cavabdehin faktiki istifadəsinə ciddi maneələr yaratmışdır. Belə olan halda, iddiaçının cavabdeh tərəfindən ona qarşı hər hansı qanunsuz müdaxilə və ya maneənin törədildiyinə dair tələbi hüquqi cəhətdən əsassız hesab olunmalı və rədd edilməlidir. Məhkəmə iş üzrə qərar qəbul edərkən bir tərəfdən mülkiyyət hüququnun toxunulmazlığı prinsipinə, digər tərəfdən isə mülki hüquq münasibətlərində balansın qorunması prinsipinə istinad etmişdir. İddiaçının yaşayış sahəsində istədiyi dəyişiklikləri aparmaq hüququ yalnız qanunvericilikdə müəyyən edilmiş normalar çərçivəsində mümkün ola bilərdi. Lakin iş üzrə müəyyən edilmiş faktiki hallardan görünür ki, iddiaçı həmin çərçivədən kənara çıxaraq, özbaşına tikinti işləri aparmış, qonşu sahəyə çıxış verən əlavə qapı quraşdırmış və bununla da cavabdehin faktiki istifadəsinə, xüsusən də avtomobilin həyətdə sərbəst hərəkətinə obyektiv və ciddi maneə yaratmışdır. Məhkəmə tərəfindən təqdim olunan fotoşəkillər, ekspertiza rəyi və inzibati orqanın rəsmi mövqeyi bir daha təsdiq edir ki, iddiaçı tərəfindən həyata keçirilmiş bu tikinti fəaliyyətinin heç bir hüquqi əsası olmamış, bu səbəbdən də mübahisə predmeti olan qapı qanunsuz tikinti kimi qiymətləndirilməlidir. İddiaçının bu şəraitdə cavabdeh tərəfindən ona qarşı guya hər hansı hüquqa zidd müdaxilənin olması ilə bağlı irəli sürdüyü tələbin isə nə hüquqi dayanağı, nə də sübutedici əsası yoxdur. Əksinə, toplanmış bütün sübutlar göstərir ki, əslində cavabdehin əmlakdan istifadə imkanları məhdudlaşdırılmış, onun hüquqları pozulmuş, lakin buna baxmayaraq, cavabdeh hər hansı iddia ilə çıxış etməmişdir. Bu isə iddiaçının tələbinin xüsusilə formal xarakterli, süni və nəticə etibarilə əsassız olduğunu ortaya qoyur. Məhkəmə belə hallarda yalnız bir tərəfin formaca deyil, məzmunca qanuni müdafiəyə ehtiyacı olub-olmadığını nəzərə alır və konkret olaraq bu işdə iddiaçının hərəkətlərinin nəticəsində yaranmış vəziyyətə görə hüquqi müdafiəyə layiq olmadığını müəyyən etmişdir. Beləliklə, məhkəmə hesab etmişdir ki, iddiaçının tələb etdiyi hüquqi müdafiə tədbiri nə hüquqi normativlərə, nə də faktiki reallıqlara uyğun gəlmir və bu səbəbdən iddianın rədd edilməsi yeganə ədalətli və qanuni qərardır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ – subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəllənin 178.1-ci maddəsinə əsasən, daşınmaz əmlaka mülkiyyət hüququ onun verilməsinin daşınmaz əmlakın dövlət reyestrində qeydə alındığı andan əldə edənə keçir. “Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 18 mart 2019-cu il tarixli Qərarında irəli sürülmüş hüquqi mövqeyə əsasən mülki məhkəmə icraatında Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin “Məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir” müddəası Konstitusiyanın 127-ci maddəsinin İİ, İV və Vİİ hissələrində, 129-cu maddəsinin İİİ hissəsində təsbit olunmuş ədalət mühakiməsinin çəkişmə, tərəflərin bərabərliyi, faktlar əsasında və qanuna müvafiq keçirilməsi, məhkəmə qərarının qanuna və sübutlara əsaslanmasına dair ədalət mühakiməsinin həyata keçirilməsinin əsas prinsipləri və şərtləri ilə əlaqəli şəkildə tətbiq olunmalıdır. Mülki işlər və iqtisadi mübahisələr üzrə məhkəmə icraatı zamanı məhkəmələr ədalət mühakiməsini çəkişmə və tərəflərin bərabərliyi prinsipinə riayət etməklə, tərəflərin təqdim etdiyi sübutlar və faktlar əsasında həyata keçirməli, öz qərarlarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, təqdim etdikləri və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin tələblərinə müvafiq olaraq əldə edilmiş sübutlarla əsaslandırmalı, həmin sübutların araşdırılmasından irəli gələn həqiqəti müəyyən etməlidir. X4 Məhkəməsi izah etmişdir ki, mülki prosessual qanunvericilikdə də çəkişmə prinsipinin mövcudluğu hər bir tərəfə öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etmək vəzifəsini qoyur. Sübutetmə vəzifəsinin tərəflər arasında bölüşdürülməsinin ümumi qaydalarını Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsi müəyyən edir. Bu qaydalar onu ifadə edir ki, işdə iştirak edən hər bir şəxs istinad etdiyi halların mövcudluğunu və doğruluğunu yalnız özü sübut etməlidir və heç kəs, o cümlədən məhkəmə onu bu vəzifədən azad edə bilməz. İstisnanı yalnız Mülki Prosessual Məcəllənin 82 və 106.3-cü maddələrində göstərilən hallar təşkil edir. Eyni zamanda, çəkişmə və dispozitivlik prinsiplərinin üstünlüyündən irəli gələrək mülki prosessual qanunvericilik məhkəmənin heç bir halda öz təşəbbüsü ilə sübut toplamaq vəzifəsini nəzərdə tutmur, əksinə bunu məhkəməyə qadağan edir. Hüquqi həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Təqdim olunmuş sübutlar əsasında həqiqətin müəyyən edilməsi isə məhkəmə tərəfindən sübutların düzgün qiymətləndirilməsindən asılıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Beləliklə, məhkəmə hesab edir ki, İddiaçı Cavabdeh qarşı “maneənin aradan qaldırılması və mülkiyyətdən istifadə hüququna maneçilik törədilməsinin qadağan edilməsi” tələbinə dair iddiası rədd edilməlidir. Bundan başqa, Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2025-ci il tarixli məktubuna əlavə edilmiş ekspertiza xərcinə dair bildirişdən görünür ki, keçirilmiş ekspertizanın xərci 100 manat məbləğində müəyyən edilmişdir. Məhkəmə qeyd edir ki, iddia tələbi təmin olunmadığından keçirilmiş ekspertiza xərcinin əvəzi olan 100 (yüz) manat İddiaçı tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməlidir. Yuxarıda göstərilənlərə əsasən və MPM-nin 216-220-ci, 358-ci və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə q ə t e t d i̇ : İddia tələbi rədd edilsin. Keçirilmiş ekspertiza xərcinin əvəzi olan 100 (yüz) manat İddiaçı tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (Az.MEM, VÖEN **********, AZ34CTRE********************, X2, Kod 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZO**********003003944, S.W.İ.F.T. Bik: CTREAZ22) ödənilsin. Ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən bir ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən Hacıqabul Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim: Orxan Bayramov
Məhkəmə qərarları › İş №2(071)-38/2025
Hacıqabul Rayon Məhkəməsi Qətnamə — İş №2(071)-38/2025
30.05.2025 · Mənzil mübahisələri - Mənzil münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver