Məhkəmə qərarları › İş №2(071)-409/2023

Hacıqabul Rayon Məhkəməsi Qətnamə — İş №2(071)-409/2023

24.05.2023 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Doğumun qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Hacıqabul rayonu İş № 2(071)-409/2023 24.05.2023 HACIQABUL RAYON MƏHKƏMƏSİ X11 Nazim oğlunun sədrliyi, Səlimova Günel Rauf qızının katibliyi ilə, Ərizəçilər Ərizəçi1 və Ərizəçi2 iştirakları ilə, Ərizəçilər Ərizəçi1 və Ərizəçi2 (maraqlı şəxs – Maraqlı şəxs) “doğum faktının müəyyən edilməsi” barədə ərizəsinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: Ərizəçilər Ərizəçi1 və Ərizəçi2 doğum faktının müəyyən edilməsinə dair ərizə ilə məhkəməyə müraciət edərək, 05 noyabr 2004-cü il tarixdə Hacıqabul rayonunun Atbulaq kəndində doğulmuş Akşin adlı uşağın doğum faktının müəyyən edilməsi və onların Akşinin valideynləri qismində yazılması barədə qətnamə qəbul edilməsini xahiş etmişlər. Ərizə onunla əsaslandırılmışdır ki, Ərizəçi1 ilə Ərizəçi2 02 noyabr 1998-ci il tarixdə rəsmi nikaha daxil olaraq ailə həyatı qurmuşlar. Birgə nikah dövründə 05 noyabr 2004-cü il tarixdə Akşin adlı bir uşaqları doğulmuşdur. Maddi imkanları olmadığına görə uşaq evdə sahə həkiminin köməkliyi ilə doğulmuşdur. Doğum haqqında həkim arayışı olmadığına görə Akşinə doğum haqqında şəhadətnamə ala bilməmişlər. Bu barədə Maraqlı şəxsnə müraciət etmişlər, lakin onlara məhkəməyə müraciət etməyi tövsiyyə etmişlər. Bu səbəbdən Akşinin doğum faktının müəyyən edilməsi üçün məhkəməyə müraciət etmək məcburiyyətində qalmışlar. Məhkəmə iclasında ərizəçilər Ərizəçi1 və Ərizəçi2 ərizənin dəqiqləşməsi barədə ərizə təqdim edərək, Ərizəçi2 tərəfindən 05 noyabr 2004-cü il tarixdə Hacıqabul rayonunun Atbulaq kəndində ev şəraitində oğlan uşağı doğması faktının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişlər. Məhkəmə iclasında Ərizəçi1 ərizənin məzmununa uyğun izahat verərək əlavə olaraq bildirdi ki, Ərizəçi2 ilə onun birgə nikahından bir qız, iki oğlan uşaqları doğulmuşdur. Uşaqlarından ikisinin sənədi olsa da, 05 noyabr 2004-cü il tarixdə doğulmuş Akşinə bugünə kimi heç bir sənəd almamışlar. Bu səbəbdən Akşin məktəbə və ya hərbi xidmətə getməmişdir. Akşin qeyd edilən tarixdə Hacıqabul rayonu, Atbulaq kəndində yerləşən evdə doğulmuşdur. Həmin vaxt maddi imkanları olmadığından xəstəxanaya getməmişlər. Odur ki, qeyd edilənləri nəzərə alaraq, ərizənin təmin edilməsi, Ərizəçi2 tərəfindən 05 noyabr 2004-cü il tarixdə Hacıqabul rayonunun Atbulaq kəndində ev şəraitində oğlan uşağı doğulması faktının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında Ərizəçi2 Ərizəçi1 ilə eyni məzmunlu izahat verdi. Maraqlı şəxsnə məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbərdar edilməsinə baxmayaraq, maraqlı şəxs məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məlumat verməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddələrinə əsasən məhkəmə onun məhkəmə iclasına gəlməməsini üzrsüz hesab edərək, mülki işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan Vİİ-KQ 275308 nömrəli nikah haqqında şəhadətnamənin surətindən görünür ki, xx.xx.1998-ci il tarixdə Hacıqabul rayon X10 ərazi nümayəndəliyində Ərizəçi1 ilə X1 nikahı bağlanmış, bu barədə nikahın bağlanması haqqında akt qeydləri kitabında 23 nömrə ilə qeydiyyat aparılmışdır. Nikah bağlandıqdan sonra ərə “İsmayılov”, arvada “İsmayılova” soyadı verilmişdir. İş materiallarına əlavə edilən Maraqlı şəxs Ərizəçi1 ünvanladığı 42 saylı, xx.xx.2022ci il tarixli məktubdan görünür ki, xx.xx.2004-cü il tarixində ev şəraitində anadan olmuş oğlan övladının doğum faktını təsdiq edən tibbi sənədi təqdim edə bilmədiyindən, həmin uşağın doğumunun qeydə alınması barədə ərizənin təmin edilməsi imkan xaricindədir. İş materiallarında olan Hacıqabul rayon Mərkəzi Xəstəxanası PHŞ-nin Atbulaq Kənd həkim məntəqəsi tərəfindən verilmiş arayışdan görünür ki, Ərizəçi2 xx.xx.2004-cü il tarixdə hamiləlikdən azad olunmuşdur. Uşaq hal-hazırda sağlamdır və Atbulaq kəndində yaşayır. İş materiallarında olan Hacıqabul rayon İcra Hakimiyyəti Başçısının X10 Ərazi Dairəsi üzrə Nümayəndəliyi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli arayışdan görünür ki, Hacıqabul rayonu, Atbulaq kənd sakini Ərizəçi2 05 noyabr 2004-cü il tarixdə bir nəfər oğlan uşağı doğmuşdur. Həmin oğlan uşağı hal-hazırda Hacıqabul rayonu, Atbulaq kəndində yaşayır. Məhkəmə iclasında şahid qismində dindirilmiş X4 ifadəsində bildirdi ki, ərizəçilər onun ata və anasıdır. O, 1998-ci il təvəllüdlüdür. Ailədə özündən başqa Akşin və Muradlı adlı iki qardaşı da var. xx.xx.2004-cü il tarixdə anası kənddə evdə Akşini dünyaya gətirmişdir. Həmin anları yaxşı xatırlayır. Uşağın adını Akşin qoydular və onlar ailədə birlikdə böyüyüblər. Məhkəmə iclasında şahid qismində dindirilmiş X2 ifadəsində bildirdi ki, ərizəçi Ruhiyyə onun ögəy qızıdır. O, Ruhiyyənin analığıdır. Ruhiyyənin atasının 2-ci arvadıdır və 1992-ci ildə onlar rəsmi nihaka daxil olmuşlar. 1998-ci ildə Ruhiyyəni gəlin köçürmüş və onun üç uşağı doğulmuşdur. 05 noyabr 2004-cü ildə Atbulaq kəndində Ruhiyyə evdə doğum edərkən onun yanında olmuşdur. Həmin vaxt xəstəxanaya getmək imkanı olmadığından uşaq ev şəraitində doğulmuşdur. Sonradan uşağa Akşin adı qoyulmuşdur. Məhkəmə iclasında şahid qismində dindirilmiş X7 ifadəsində bildirdi ki, ərizəçi Qalibin bacısıdır. Onlar 1998-ci ildə ailə quraraq rəsmi nikaha giriblər. Onların 1 qız uşağı, 2 oğlan uşağı dünyaya gəlmişdir. Akşin doğulan zaman o, qardaşı ilə birlikdə ata yurdunda yaşayırdı. 05 noyabr 2004-cü ildə Akşin doğulan zaman evdə o və Ruhiyyənin analığı var idi. Azərbaycan Respublikası MPM-in 307.1-ci maddəsinə əsasən, məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən, məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin. Məhkəmə baxışı zamanı tədqiq edilmiş sübutlarla müəyyən edilmişdir ki, 05 noyabr 2004-cü il tarixdə Hacıqabul rayonu Atbulaq kəndində Ərizəçi2 tərəfindən ev şəraitində oğlan cinsli uşaq doğulub. Uşağın doğumu səlahiyyətli dövlət orqanlarında qeydə alınmayıb. Uşaq hal-hazırda sağlam olmaqla ərizəçilərin himayəsində yaşayır. Odur ki, ərizə təmin edilməli və uşağın doğum faktı müəyyən olunmalıdır. Məhkəmə MPM-in 88-ci və 217.4-cü maddələrinin tələblərinə uyğun olaraq iş üzrə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, ərizədə qoyulmuş xahiş üzrə nəticəyə gələrkən yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Məhkəmə nəzərə alır ki, ərizəçinin lazımi sənədi başqa qaydada ala bilməməsi təqdim olunan sübutlarla təsdiq olunur. Ərizəçilərin doğum faktının müəyyən edilməsini xahiş etdiyi uşağının şəxsiyyətini təsdiq edən sənədinin olmaması, onun bir sıra hüquqlarının həyata keçirilməsində ciddi maneədir. Bu baxımdan ərizədə qoyulan tələbin təmin edilməsi ilk növbədə doğum faktı müəyyən edilən şəxsin qanuni mənafelərinin müdafiəsi baxımından zəruridir. Məhkəmə, həmçinin MPM-in 311-ci maddəsinə müvafiq olaraq qeyd edir ki, məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydə alınma üçün əsasdır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-in 216-220, 227 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: Ərizə təmin edilsin. Ərizəçi2 tərəfindən 05 noyabr 2004-cü il tarixdə Hacıqabul rayonu Atbulaq kəndində ev şəraitində oğlan cinsli uşağın doğulması faktı müəyyən edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Hacıqabul Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. X12

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar