Məhkəmə qərarları › İş №2(071)-552/2024

Hacıqabul Rayon Məhkəməsi Qətnamə — İş №2(071)-552/2024

01.07.2024 · Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Hacıqabul rayonu İş № 2(071)-552/2024 01.07.2024 HACIQABUL RAYON MƏHKƏMƏSİ Hakim Əkbərli Günel Bəkir qızının sədrliyi, Hacıyev Ceyhun Kamal oğlunun katibliyi, İddiaçının nümayəndəsi X1, Cavabdeh iştirakı ilə, İddiaçı Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Meşələrin İnkişafı Xidmətinin 3 saylı X3 Mərkəzinin Cavabdeh qarşı ”torpaq sahəsinin boşaldılması” tələbinə dair mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Meşələrin İnkişafı Xidmətinin 3 saylı X3 Mərkəzi Cavabdeh qarşı «torpaq sahəsinin boşaldılması» tələbi barədə iddia ərizəsi və iddianın dəqiqləşdirilməsi ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh Hacıqabul rayon Talış kənd sakini Cavabdeh tərəfindən Şirvan meşəbəyliyinin 1 saylı 2-ci kvartalında özbaşına tutduğu (zəbt etdiyi) və kənd təsərrüfatı məhsulları əkdiyi 2.5 ha torpaq sahəsinin boşaldılıb, əvvəlki vəziyyətinə qaytarılaraq 3 saylı X3 Mərkəzinə təhvil verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi belə əsaslandırılmışdır ki, 3 saylı X3 Mərkəzinin əməkdaşları tərəfindən xx.xx.2023-cü il tarixdə Şirvan meşəbəyliyinin ərazisində meşə fondu torpaqlarının təyinatından kənar itifadə halları yoxlanılarkən Hacıqabul rayon Talış kənd sakini Cavabdeh Şirvan meşəbəyliyinin 1 saylı dolayının 2-ci kvartalında yerləşən 2.5 ha torpaq sahəsində qeyri-qanuni olaraq kənd təsərrüfatı məhsulları əkməsi müəyyən olunmuşdur. Həmin fakt əsasında Mərkəzin əməkdaşları Seidağa Rəhimzadənin, Əhəd Möbalıyevin, Şamo Həsənov və Muxtarlı Mirkazımın iştirakları ilə xx.xx.2023-cü il tarixində müvafiq akt tərtib edilmiş, ərazinin kordinatları, ərazidən çıxarış və fotoşəkillər akta əlavə edilmişdir. Həmçinin Cavabdeh tərəfindən meşə qanunvericiliyinin tələbləri pozulduğu üçün adı çəkilən sahənin könüllü boşaldılması barədə onun ünvanına xx.xx.2023-cü il tarixli 3-14- 27-03/2-C-/76-3/2023 nömrəli məktubun göndərilməsinə baxmayaraq, dövlət meşə fonduna aid torpaq sahəsi hazırki vaxta kimi boşaldılmamışdır. Odur ki, iddianın təmin olunması barədə qətnamə qəbul edilməsi xahiş olunur. Məhkəmə iclasında iştirak etmiş iddiaçı 3 saylı X3 Mərkəzinin etibarnamə üzrə nümayəndəsi X2 iddia tələbini müdafiə edib, iddia ərizəsinə uyğun məzmunda izahat verərək, iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak etmiş Cavabdeh iddia tələbini etiraf edərək iddiaçı Sabirabad 3 saylı X3 Mərkəzinin balansında olan torpaq sahəsini zəbt etdiyini və kənd təsərrüfatı məhsulları əkdiyini bildirmişdir. Məhkəmə iddiaçının nümayəndəsinin və cavabdehin izahatını dinləyib, iş materiallarını araşdırıb və iş üzrə toplanmış sübutları məcmu halında qiymətləndirərək hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. İş materiallarına əlavə olunmuş meşə fonduna aid edilən torpaq sahəsinin sərhəd və kordinatlarını müəyyən edən xəritədən görünür ki, iddiaçı təşkilat tərəfindən boşaldılması tələb olunan torpaq sahəsi Şirvan meşəbəyliyinin 1 saylı dolayının 2-ci kvartalında yerləşən 2.5 ha ərazisidir. İş materiallarına əlavə olunmuş xx.xx.2023-cü il tarixli 002810 saylı AKTın surətindən görünür ki, iddiaçı təşkilat tərəfindən boşaldılması tələb olunan torpaq sahəsinə keçirilən baxış zamanı Hacıqabul rayon Talış kənd sakini Cavabdeh tərəfindən meşə fonduna aid edilən 2.5 ha torpaq sahəsinin zəbt edilərək kənd təsərrüfatı bitkiləri əkdiyi müəyyən edilir. İş materiallarına əlavə olunmuş xx.xx.2023-cü il tarixli 3-14-27-03/2-C-176-3/2023 saylı xəbərdarlıq məktubunun surətindən görünür ki, cavabdehə üzərinə düşən öhdəliyi yerinə yetirmədiyi təqdirdə məhkəməyə müraciət olunacağı bildirilmişdir. Qeyd edilir ki, MPM-nin 4.1-ci və 4.2-ci maddələrinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Məhkəməyə müraciət etmək hüququndan imtina edilməsi etibarsızdır. Məhkəmə iclasında 3 saylı X3 Mərkəzinin etibarnamə üzrə nümayəndəsi Nümayəndə izahatı, xx.xx.2023-cü il tarixli 002810 saylı AKTla və meşə fonduna aid edilən torpaq sahəsinin sərhəd və kordinatlarını müəyyən edən xəritə və işin araşdırılmış halları ilə müəyyən edilmişdir ki, iddiaçı təşkilat tərəfindən boşaldılması tələb olunan 2.5 ha torpaq sahəsinin Cavabdeh tərəfindən hər hansı əsas olmadan istifadə edilərək zəbt olunması müəyyən edilir. Torpaq Məcəlləsinin 31-ci maddəsinin 2-ci, 5-ci və 9-cu bəndlərinə əsasən meşə fondu torpaqları əsasən meşə təsərrüfatının aparılması və genişlənməsi (meşələrin bərpası, meşələr salınması və i.a.) məqsədləri üçün istifadə edilir. Meşə fondu torpaqlarının özgəninkiləşdirilməsinə gətirən və gətirə bilən alqı-satqısına, ipotekasına və digər əqdlərə, habelə başqa məqsədlər üçün istifadəsinə yol verilmir. Meşə fondu torpaqlarının verilməsi, geri alınması və istifadə qaydaları bu Məcəllə, Meşə Məcəlləsi və digər normativ-hüquqi aktlarla müəyyən edilir. Torpaq Məcəlləsinin 46-cı maddəsinə əsasən meşə fondu torpaqları (dövlət kənd təsərrüfatı müəssisələrinin meşələri də daxil olmaqla) Dövlət mülkiyyətində olan torpaqlara daxil edilir. Azərbaycan Respublikasının Konstitusiyasının 13-cü maddəsinin 1-ci hissəsinə görə Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Məhkəmə araşdırılmış sübutlar əsasında belə nəticəyə gəlir ki, iddiaçı təşkilat tərəfindən boşaldılması tələb olunan 2.5 ha torpaq sahəsinin Cavabdeh istifadəsinə verilməsi barədə hər hansı bir sənəd müəyyən edilməmişdir. Həmin torpaq sahəsi cavabdeh tərəfindən istifadə edilməklə zəbt edilmişdir. Bu səbəbdən iddiaçı mövcud iddia tələbi ilə məhkəməyə müraciət etməkdə haqlı olmuşdur. Belə ki, Torpaq Məcəlləsinin 111-ci maddəsinə əsasən Azərbaycan Respublikasında torpaqların özbaşına tutulması (zəbt edilməsi) qanunla qadağan olunur. Özbaşına tutulmuş (zəbt edilmiş) torpaq sahələri qanunsuz istifadə zamanı çəkilən xərclərin əvəzi ödənilmədən aidiyyatı üzrə geri qaytarılır. Torpaqların əvvəlki vəziyyətinə gətirilməsi (orada olan binaların, tikililərin və qurğuların sökülməsi də daxil olmaqla) torpaqları zəbt etmiş hüquqi və fiziki şəxslər tərəfindən və ya onların hesabına həyata keçirilir. Məhkəmə hesab edir ki, zəbtdən azad olunması tələb olunan Şirvan meşəbəyliyinin 1 saylı 2-ci dolayında yerləşən 2.5 ha. torpaq sahəsi meşə fondu torpağı olmaqla iddiaçı təşkilat 3 saylı X3 Mərkəzinə təhkim olunmuş dövlət mülkiyyətində olan torpaqlara aid edildiyi üçün, iddiaçı dövlət təşkilatı ona təhkim olunmuş həmin torpaq sahəsinə öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək hüququna malikdir, habelə hüquqlarını həyata keçirmə istəyi cavabdehə münasibətdə qanunidir. Cavabdehin isə həmin torpaq sahəsinə hər hansı mülkiyyət, sahiblik və ya istifadə hüquqları müəyyən edilməmişdir. Odur ki, iddiaçı dövlət təşkilatının ona təhkim olunmuş meşə fonduna aid edilən torpaq sahəsinə dair hüquqları cavabdeh tərəfindən hər hansı şəkildə məhdudlaşdırıla bilməz. İddiaçı dövlət təşkilatın ona təhkim olunmuş torpaq sahəsinin sahibi kimi boşaldılması torpaq sahəsinə qəsd edən cavabehin hərəkətlərinə son qoyulmaqla, torpaq sahəsinə istifadənin cavabdeh tərəfindən dayandırılaraq, onun həmin torpaq sahəsindən çıxarılmasını və torpağın ona qaytarılmasını tələb etməkdə haqlı olmuşdur. Ona görə də, iddia tələbi əsaslı olduğundan təmin edilməli, Şirvan Meşəbəyliyinin 1 saylı meşə dolayının 2-ci kvartalında Cavabdeh tərəfindən özbaşına zəbt etdilmiş 2,5 hektar torpaq sahəsinin boşaldılıb əvvəlki vəziyyətə gətirilərək 3 saylı X3 Mərkəzinə təhvil verilməsi öhdəliyi Cavabdeh üzərinə qoyulmalıdır. Qeyd olunanlarla yanaşı məhkəmə hesab edir ki, Azərbaycan Respublikası MPM-nın 220.5-ci maddəsinə əsasən qətnamənin nəticə hissəsində məhkəmə xərclərinin bölüşdürülməsi də əks olunmalı olduğundan, bu məsələ də öz həllini tapmalıdır. Belə ki, “Dövlət rüsumu haqqında” Qanunun 9.1.14-cü maddəsinə əsasən, məhkəmələrə verilən iddia ərizələri və bütün növ şikayətlər üzrə - büdcə təşkilatları dövlət rüsumu ödəməkdən azad olunurlar. Həmin Qanunun 8.2-ci madəsinə əsasən qiymətləndirilməyən iddia ərizəsinin verilməsinə görə 100 manat məbləğində dövlət rüsumu tutulur. Azərbaycan Respublikası MPM-nin 119.2-ci maddəsinə əsasən, iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. MPM-nın 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Göstərilən qanunvericilik aktı normalarına əsasən məhkəmə hesab edir ki, tələbin növü qiymətləndirilməyən iddia ilə bağlı olduğundan və bu qəbildən iddialarla bağlı dövlət rüsumu 100 manat müəyyən edildiyindən, iddiaçı təşkilat isə büdcə təşkilatı olaraq “Dövlət rüsumu haqqında” Qanunun 9.1.14-cü maddəsinin tələbləri əsasında dövlət rüsumunu ödəməkdən azad edildiyindən və iddia tələbi təmin edildiyi üçün 100 manat məbləğində dövlət rüsumu cavabdehdən tutularaq dövlət büdcəsinə ödənilməlidir. Göstərilənlərə əsasən və MPM-nin 119, 216-220-ci maddələrini rəhbər tutub, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Şirvan Meşəbəyliyinin 1 saylı meşə dolayının 2-ci kvartalında Cavabdeh tərəfindən özbaşına zəbt etdilmiş 2,5 hektar torpaq sahəsinin boşaldılıb əvvəlki vəziyyətə gətirilərək 3 saylı X3 Mərkəzinə təhvil verilməsi öhdəliyi Cavabdeh üzərinə qoyulsun. Dövlət rüsumu 100 manat məbləğində pul vəsaiti Cavabdeh tutularaq dövlət büdcəsinə ödənilsin. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən bir ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən Hacıqabul Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Günel Əkbərli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar