Məhkəmə qərarları › İş №2(071)-613/2024

Hacıqabul Rayon Məhkəməsi Qətnamə — İş №2(071)-613/2024

27.12.2024 · Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Hacıqabul rayonu İş № 2(071)-613/2024 27.12.2024 HACIQABUL RAYON MƏHKƏMƏSİ Hakim Bayramov Orxan Telman oğlunun sədrliyi, Fərəcov İsmayıl Vəzir oğlunun katibliyi ilə, İddiaçı Sabirabad Regional X3 Cavabdeh qarşı “zəbt olunmuş torpaq sahəsindən boşaldılması” tələbinə dair mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı Sabirabad X6 Mərkəzi Cavabdeh qarşı “zəbt olunmuş torpaq sahəsindən boşaldılması” tələbinə dair iddia ərizəsi ilə xx.xx.2024-cü il tarixdə məhkəməyə müraciət edərək, Hacıqabul rayon Abdulabad kənd sakini Cavabdeh Sabirabad meşəbəyliyinin 7 saylı meşə dolayının 14-cı kvartalında özbaşına tutduğu (zəbt etdiyi) 1.50 ha torpaq sahəsində kənd təsərüfatı məhsulları əkdiyi ərazinin boşaldılıb əvvəlki vəziyyətinə qaytarılaraq 3 saylı X6 Mərkəzinə təhvil verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi belə əsaslandırılmışdır ki, 3 saylı X4 Mərkəzinin əməkdaşları tərəfindən xx.xx.2023-ci il tarixdə Sabirabad meşəbəyliyinin ərazisində meşə fondu torpaqlarının təyinatından kənar istifadə halları yoxlanılarkən Hacıqabul rayon Abdulabad kənd sakini Cavabdeh tərəfindən Sabirabad meşəbəyliyinin 7 saylı meşə dolayından 14-ci kvartalında 1,50 ha torpaq sahəsində qeyri-qanuni olaraq kənd təsərüfatı məhsulları əkmişdir. Həmin fakt əsasında Əhəd Möhbalıyev, Cəlal Məmmədov və İsimxan İsgəndərov iştirakları ilə xx.xx.2023-cü il tarixində müvafiq akt tərtib edilmiş, ərazinin kordinatları, ərazidən çıxarış və fotoşəkillər akta əlavə edilmişdir. X5 tərəfindən meşə qanunvericiliyinin tələbləri pozulduğu üçün adı çəkilən sahənin könüllü boşaldılması barədə onun ünvanına xx.xx.2023-cü il tarixli 3-14-27-03/2-Ə-0/83-3/2023 nömrəli məktubun göndərilməsinə baxmayaraq, dövlət meşə fonduna aid torpaq sahəsi hazırki vaxta kimi boşaldılmamışdır. Odur ki, iddianın təmin olunması barədə qətnamə qəbul edilməsi xahiş olunur. İddiaçı Sabirabad Regional X3 nümayəndəsi xx.xx.2024-cü il tarixdə məhkəməyə elektron qaydada ərizə ünvanlayaraq, səhhəti ilə bağlı yaranmış səbəbə görə məhkəmə iclasında üzürlü səbəbdən iştirak edə bilməyəcəyini bildirmişdir. Odur ki, məhkəmə iclasının onun iştirakı olmadan keçirilməsini və iddianın təmin olunmasını xahiş etmişdir. Məhkəmə baxışı iclasının vaxtı və yeri barədə qanunla nəzərdə tutulmuş qaydada məlumat verilməsinə baxmayaraq, Cavabdeh məhkəmə iclasında iştirak etmədiyindən, Mülki Prosessual Məcəllənin 185.5-ci maddəsinə əsasən məhkəmə mülki işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, iş materiallarını araşdırıb və iş üzrə toplanmış sübutları məcmu halında qiymətləndirərək hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Məhkəmənin xx.xx.2024-cü il tarixli qərardadı əsasında mülki iş üzrə məhkəmətorpaqşünaslıq ekspertizası təyin edilmiş, həmçinin mülki iş üzrə icraat rəy məhkəməyə daxil olanadək dayandırılmışdır. xx.xx.2024-cü il tarixdə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2024-cü il tarixli məktubu ilə 3-16-16/2-10/9125 nömrəli ekspert rəyi və mülki iş materialları məhkəməyə daxil olmuş və mülki iş üzrə icraat təzələnmişdir. Ekspert rəyində müəyyən edilmişdir ki, istifadə edilən ərazi kimi göstərilən və Cavabdeh Əhmədali oğlunun istifadəsində olan 2.0 hektar torpaq sahəsinin 3 saylı X6 X1 7 saylı meşə dolayının 14-cü kvartalında yerləşən ərazinin Hacıqabul rayonu ərazisinə və 3 saylı Regional X3 balansında olan torpaq sahəsinə aid olduğu müəyyən edilmişdir. Sabirabad Meşəbəyliyinin 7 saylı meşə dolayının 14-cü kvartalında öz başına istifadə edilən kimi göstərilən ərazinin ölçüləri 2.0 hektar təşkil etmişdir. Sabirabad Meşəbəyliyinin 7 saylı meşə dolayının 14-cü kvartalında yerləşən 2.0 hektar ərazinin meşə təsərrüfatı təyinatının dəyişdirilmədiyi və hazırda həmin torpaq sahəsindən əkin məqsədi ilə istifadə olunduğu müəyyən edilmişdir. İş materiallarına əlavə olunmuş meşə fonduna aid edilən torpaq sahəsinin sərhəd və kordinatlarını müəyyən edən xəritədən görünür ki, iddiaçı təşkilat tərəfindən boşaldılması tələb olunan torpaq sahəsi Sabirabad Meşəbəyliyinin 7 saylı meşə dolayının 14-cü kvartalında yerləşən 1.5 ha ərazisidir. İş materiallarına əlavə olunmuş xx.xx.2023-cü il tarixli 002799 saylı AKTın surətindən görünür ki, iddiaçı təşkilat tərəfindən boşaldılması tələb olunan torpaq sahəsinə keçirilən baxış zamanı Hacıqabul rayon Abdulabad kənd sakini Cavabdeh tərəfindən meşə fonduna aid edilən 1.5 ha torpaq sahəsinin zəbt edilərək kənd təsərrüfatı bitkiləri əkdiyi müəyyən edilir. İş materiallarına əlavə olunmuş xx.xx.2023-cü il tarixli 3-14-27-03/2-Ə-083-3/2023 saylı xəbərdarlıq məktubunun surətindən görünür ki, cavabdehə üzərinə düşən öhdəliyi yerinə yetirmədiyi təqdirdə məhkəməyə müraciət olunacağı bildirilmişdir. Qeyd edilir ki, MPM-nin 4.1-ci və 4.2-ci maddələrinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Məhkəməyə müraciət etmək hüququndan imtina edilməsi etibarsızdır. Torpaq Məcəlləsinin 31-ci maddəsinin 2-ci, 5-ci və 9-cu bəndlərinə əsasən meşə fondu torpaqları əsasən meşə təsərrüfatının aparılması və genişlənməsi (meşələrin bərpası, meşələr salınması və i.a.) məqsədləri üçün istifadə edilir. Meşə fondu torpaqlarının özgəninkiləşdirilməsinə gətirən və gətirə bilən alqı-satqısına, ipotekasına və digər əqdlərə, habelə başqa məqsədlər üçün istifadəsinə yol verilmir. Meşə fondu torpaqlarının verilməsi, geri alınması və istifadə qaydaları bu Məcəllə, Meşə Məcəlləsi və digər normativ-hüquqi aktlarla müəyyən edilir. Torpaq Məcəlləsinin 46-cı maddəsinə əsasən meşə fondu torpaqları (dövlət kənd təsərrüfatı müəssisələrinin meşələri də daxil olmaqla) Dövlət mülkiyyətində olan torpaqlara daxil edilir. Azərbaycan Respublikasının Konstitusiyasının 13-cü maddəsinin 1-ci hissəsinə görə Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Məhkəmə araşdırılmış sübutlar əsasında belə nəticəyə gəlir ki, iddiaçı təşkilat tərəfindən boşaldılması tələb olunan 1.5 ha torpaq sahəsinin Cavabdeh istifadəsinə verilməsi barədə hər hansı bir sənəd müəyyən edilməmişdir. Həmin torpaq sahəsi cavabdeh tərəfindən istifadə edilməklə zəbt edilmişdir. Bu səbəbdən iddiaçı mövcud iddia tələbi ilə məhkəməyə müraciət etməkdə haqlı olmuşdur. Belə ki, Torpaq Məcəlləsinin 111-ci maddəsinə əsasən Azərbaycan Respublikasında torpaqların özbaşına tutulması (zəbt edilməsi) qanunla qadağan olunur. Özbaşına tutulmuş (zəbt edilmiş) torpaq sahələri qanunsuz istifadə zamanı çəkilən xərclərin əvəzi ödənilmədən aidiyyatı üzrə geri qaytarılır. Torpaqların əvvəlki vəziyyətinə gətirilməsi (orada olan binaların, tikililərin və qurğuların sökülməsi də daxil olmaqla) torpaqları zəbt etmiş hüquqi və fiziki şəxslər tərəfindən və ya onların hesabına həyata keçirilir. Məhkəmə hesab edir ki, zəbtdən azad olunması tələb olunan Sabirabad meşəbəyliyinin 7 saylı meşə dolayının 14-cü kvartalında 1.50 ha meşə fondu torpağı olmaqla iddiaçı təşkilat 3 saylı X6 Mərkəzinə təhkim olunmuş dövlət mülkiyyətində olan torpaqlara aid edildiyi üçün, iddiaçı dövlət təşkilatı ona təhkim olunmuş həmin torpaq sahəsinə öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək hüququna malikdir, habelə hüquqlarını həyata keçirmə istəyi cavabdehə münasibətdə qanunidir. Cavabdehin isə həmin torpaq sahəsinə hər hansı mülkiyyət, sahiblik və ya istifadə hüquqları müəyyən edilməmişdir. Odur ki, iddiaçı dövlət təşkilatının ona təhkim olunmuş meşə fonduna aid edilən torpaq sahəsinə dair hüquqları cavabdeh tərəfindən hər hansı şəkildə məhdudlaşdırıla bilməz. İddiaçı dövlət təşkilatın ona təhkim olunmuş torpaq sahəsinin sahibi kimi boşaldılması torpaq sahəsinə qəsd edən cavabehin hərəkətlərinə son qoyulmaqla, torpaq sahəsinə istifadənin cavabdeh tərəfindən dayandırılaraq, onun həmin torpaq sahəsindən çıxarılmasını və torpağın ona qaytarılmasını tələb etməkdə haqlı olmuşdur. Ona görə də, iddia tələbi əsaslı olduğundan təmin edilməli, Hacıqabul rayon Abdulabad kənd sakini Cavabdeh Sabirabad meşəbəyliyinin 7 saylı meşə dolayının 14-cü kvartalında özbaşına tutduğu (zəbt etdiyi) 1.50 ha torpaq sahəsində kənd təsərüfatı məhsulları əkdiyi ərazinin boşaldılıb əvvəlki vəziyyətinə qaytarılaraq 3 saylı X6 Mərkəzinə təhvil verilməsi öhdəliyi Cavabdeh üzərinə qoyulmalıdır. Məhkəmə həmçinin hesab edir ki, keçirilmiş ekspertiza xərcinin əvəzi olan 100 (yüz) manat məbləğində pul vəsaiti Cavabdeh tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməlidir. Qeyd olunanlarla yanaşı məhkəmə hesab edir ki, Azərbaycan Respublikası MPM-nın 220.5-ci maddəsinə əsasən qətnamənin nəticə hissəsində məhkəmə xərclərinin bölüşdürülməsi də əks olunmalı olduğundan, bu məsələ də öz həllini tapmalıdır. Belə ki, “Dövlət rüsumu haqqında” Qanunun 9.1.14-cü maddəsinə əsasən, məhkəmələrə verilən iddia ərizələri və bütün növ şikayətlər üzrə - büdcə təşkilatları dövlət rüsumu ödəməkdən azad olunurlar. Həmin Qanunun 8.2-ci madəsinə əsasən qiymətləndirilməyən iddia ərizəsinin verilməsinə görə 100 manat məbləğində dövlət rüsumu tutulur. Azərbaycan Respublikası MPM-nin 119.2-ci maddəsinə əsasən, iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. MPM-nın 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Göstərilən qanunvericilik aktı normalarına əsasən məhkəmə hesab edir ki, tələbin növü qiymətləndirilməyən iddia ilə bağlı olduğundan və bu qəbildən iddialarla bağlı dövlət rüsumu 100 manat müəyyən edildiyindən, iddiaçı təşkilat isə büdcə təşkilatı olaraq “Dövlət rüsumu haqqında” Qanunun 9.1.14-cü maddəsinin tələbləri əsasında dövlət rüsumunu ödəməkdən azad edildiyindən və iddia tələbi təmin edildiyi üçün 100 manat məbləğində dövlət rüsumu cavabdehdən tutularaq dövlət büdcəsinə ödənilməlidir. Göstərilənlərə əsasən və MPM-nin 119, 216-220-ci maddələrini rəhbər tutub, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Hacıqabul rayon Abdulabad kənd sakini Cavabdeh Sabirabad meşəbəyliyinin 7 saylı meşə dolayının 14-cü kvartalında özbaşına tutduğu (zəbt etdiyi) 1.50 ha torpaq sahəsində kənd təsərüfatı məhsulları əkdiyi ərazinin boşaldılıb əvvəlki vəziyyətinə qaytarılaraq 3 saylı X6 Mərkəzinə təhvil verilməsi öhdəliyi Cavabdeh üzərinə qoyulsun. Keçirilmiş ekspertiza xərcinin əvəzi olan 100 (yüz) manat məbləğində pul vəsaiti Cavabdeh tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (Az.MEM, VÖEN **********, AZ34CTRE********************, X2, Kod 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZO**********003003944, S.W.İ.F.T. Bik: CTREAZ22) ödənilsin. Dövlət rüsumu 100 manat məbləğində pul vəsaiti Cavabdeh tutularaq dövlət büdcəsinə ödənilsin. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən bir ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən Hacıqabul Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim: Orxan Bayramov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar