Azərbaycan Respublikası adından QƏRARDAD Hacıqabul rayonu İş № 2(071)-685/2023 25.07.2023 HACIQABUL RAYON MƏHKƏMƏSİ X5 Nazim oğlunun sədrliyi, Səlimova Günel Rauf qızının katibliyi ilə, Ərizəçilər Ərizəçi1 və Ərizəçi2 iştirakları ilə, Ərizəçilər Ərizəçi1 və Ərizəçi2 “doğum faktının müəyyən edilməsi” barədə ərizəsinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: Ərizəçilər Ərizəçi1 və Ərizəçi2 doğum qeydi faktının müəyyən edilməsinə dair ərizə ilə Hacıqabul rayon Məhkəməsinə müraciət edərək, xx.xx.2016-cı il tarixdə doğulmuş övladları X3 doğum faktının müəyyən edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmənin hazırlıq iclasında Ərizəçi2 ərizənin məzmununa uyğun izahat verərək bildirdi ki, o, birinci nikahı pozulmadan Ərizəçi1la birlikdə yaşamış və onların faktiki nikahlarından xx.xx.2016-cı il tarixdə bir uşaqları doğulmuşdur. Uşaq xəstəxanada doğulmuşdur. Lakin, nikahı pozulmadığına görə uşağın atası kimi nikahda olan şəxs yazılacaq deyə, o bugünə kimi uşağına doğum sənədi almamışdır. İstəyir ki, uşağının doğum faktı məhkəmə qaydasında müəyyən edilsin. Məhkəmənin hazırlıq iclasında Ərizəçi1 oxşar məzmunlu izahat verdi. Məhkəmə, ərizəçilərin izahatını dinləyərək, ərizəni və ona əlavə edimiş sənədləri nəzərdən keçirərək hesab edir ki, mülki iş üzrə icraata xitam verilməlidir. Belə ki, iş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Abşeron rayon Mərkəzi Xəstəxanasının xx.xx.2018-ci il tarixli TQS№103 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, Ərizəçi2 tərəfindən xx.xx.2016-cı il tarixdə saat 00:00-da Abşeron rayon Mərkəzi Xəstəxanasında oğlan cinsli uşaq doğulmuşdur. İş materiallarına əlavə edilmiş Sumqayıt “Asan Xidmət” X2 tərəfindən verilmiş məktubdan görünür ki, anadan olmuş oğlan uşağınızın doğumunu təsdiq edən həkim arayışı təqdim olunmadığından doğum faktının müəyyən edilməsi üçün yaşayış yeri üzrə məhkəməyə müraciət etməyiniz tövsiyyə olunmuş və doğumun qeydə alınması zəruri sənədlərə tibbi arayış, uşaq tibb müəssəsindən kənarda doğulduqda, doğuma kömək göstərmiş və ya doğuşdan sonra valideynlərin müraciət etdiyi həkimin verdiyi sənəd nəzərdə tutulmuşdur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Həmçinin, “Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 aprel 2019-cu il tarixli, 03 saylı Qərarının 1.2-ci bəndində göstərilir ki, hüquqi əhəmiyyəti olan faktlar məhkəmə qaydasında o halda müəyyən edilə bilər ki, qanuna əsasən belə faktlar hüquqi nəticələr doğurmaqla fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinə səbəb olsun, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın, qüvvədə olan qanunvericiliklə belə faktın müəyyən edilməsinin məhkəmədən kənar qaydası nəzərdə tutulmasın və hüquq haqqında mübahisə olmasın. Bütün bu şərtlər birlikdə mövcud olmalıdır, onların hər hansı birinin mövcud olmaması həmin işə xüsusi icraat qaydasında baxılmasını istisna edir. Həmin Qərarın 4.3-cü bəndində isə göstərilir ki, uşağın tibb müəssisəsindən kənarda doğulması ilə əlaqədar doğum haqqında arayış verilməsi mümkün olmadıqda və vətəndaşlıq vəziyyəti aktlarını qeydə alan orqan uşağın doğumunu qeydə almaqdan imtina etdikdə, məhkəmə uşağın doğum faktının müəyyən edilməsi barədə ərizəyə baxmaqda haqlıdır. Belə ərizələrə baxılarkən məhkəmə ananın hamiləliyi və doğuşla bağlı bütün halları aydınlaşdırmalı, ərizəni doğum faktının mövcudluğunu təsdiq edən mötəbər və təkzibedilməz sübutlar əsasında həll etməlidir. Qətnamənin nəticə hissəsində ananın soyadı, adı, atasının adı, uşağın cinsi, doğulduğu tarix və doğumun vətəndaşlıq vəziyyəti aktlarını qeydə alan orqanda qeydiyyatı üçün zəruri olan bütün digər məlumatlar öz əksini tapmalıdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2003-cü il 31 oktyabr tarixli 145 nömrəli qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası”nın 2.5.3-cü bəndinə əsasən doğum faktını, vaxtını və yerini təsdiq edən tibb müəssisəsinin sənədi əsasında doğumun qeydə alınması mümkündür. Göründüyü kimi, məhkəmə hüquqi əhəmiyyəti olan faktı o zaman müəyyən edə bilər ki, həmin faktı təsdiq edən sənədi başqa qaydada əldə etmək mümkün olmasın. Faktı təsdiq edən sənəd mövcud olduqda isə həmin faktın məhkəmə qaydasında müəyyən edilməsi yolverilməzdir. Ərizəyə əlavə edilmiş sənədlərdən görünür ki, ərizəçi X1 xx.xx.2016-cı il tarixdə Abşeron Rayon Mərkəzi Xəstəxanasında oğlan cinsli uşaq doğmuşdur və bu barədə ona doğum haqqında tibbi şəhadətnamə verilmişdir. Belə olan halda, həmin uşağın doğumunun verilmiş tibbi şəhadətnamə əsasında qeydə alınması mümkündür. Uşağın doğum faktının məhkəmə qaydasında müəyyən edilməsinə lüzum yoxdur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 170.1-ci maddəsinə əsasən bu Məcəllənin 254, 255, 261.0.1—261.0.3 və 261.0.6— 261.0.8-ci maddələrində göstərilən əsaslar olduqda, məhkəmə baxışına hazırlığın icraatı dayandırıla və ya xitam edilə bilər, yaxud iddiaçının vəsatəti ilə ərizə qaytarıla bilər. 261.0.1-ci maddəsinə əsasən, iş məhkəmədə baxılmalı deyildirsə, məhkəmə iş üzrə icraata xitam verir. 262.4-cü maddəsinə əsasən işin icraatına xitam verildikdə, eyni tərəflər arasında, eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə müraciət edilməsinə yol verilmir. Məhkəmə göstərilənləri nəzərə alaraq hesab edir ki, Ərizəçi2 tərəfindən oğlan cinsli uşağın xəstəxanada doğulmasını təsdiq edən tibbi şəhadətnamə mövcud olduğundan, onun doğum faktının məhkəmə qaydasında müəyyən edilməsi yolverilməzdir. Buna görə də iş üzrə icraata xitam verilməli, ərizəçiyə qeyd olunan sənəd əsasında doğumun qeydə alınması üçün qeydiyyat şöbəsinə müraciət etməsi, bundan imtina edildikdə isə inzibati orqana qarşı müvafiq inzibati məhkəməyə müraciət etmək hüququnun olması izah edilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 153, 170, 263 və 264-cü maddələrini rəhbər tutaraq, məhkəmə qəraraaldı: Ərizəçilər Ərizəçi1 və Ərizəçi2 “doğum faktının müəyyən edilməsi” barədə ərizəsinə dair mülki iş üzrə icraata xitam verilsin. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Hacıqabul Rayon Məhkəməsinə şikayət verilə bilər. X6
Məhkəmə qərarları › İş №2(071)-685/2023
Hacıqabul Rayon Məhkəməsi Qərardad — İş №2(071)-685/2023
25.07.2023 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Doğumun qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver