Məhkəmə qərarları › İş №2(071)-710/2022

Hacıqabul Rayon Məhkəməsi Qətnamə — İş №2(071)-710/2022

26.10.2022 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi - Ailə münasibətləri üzrə mübahisələr - Uşaq tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Hacıqabul rayonu İş № 2(071)-710/2022 26.10.2022 HACIQABUL RAYON MƏHKƏMƏSİ Hacıqabul rayon Məhkəməsinin hakimi və sədri vəzifəsini müvəqqəti icra edən Hacıyev Vahid Məcid oğlunun sədrliyi, Surxayev Eldost Elşad oğlunun katibliyi, İddiaçı və mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs qismində işə cəlb etmiş Hacıqabul rayon İcra Hakimiyyətinin Qəyyumluq və Himayəçilik Komissiyasının nümayəndəsi X2 iştirakı ilə İddiaçı Cavabdeh qarşı “uşağın onun himayəsinə verilməsi və aliment tutulması” tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı “uşağın onun himayəsinə verilməsi və aliment tutulması” tələbinə dair iddia ərizəsi ilə xx.xx.2022-ci il tarixdə məhkəməyə müraciət edərək, Cavabdeh ilə faktiki nikahından doğulmuş övladı xx.xx.2018-ci il təvəllüdlü X3 atası Cavabdeh alınaraq onun himayəsinə verilməsi və uşağın yetkinlik yaşına çatana qədər saxlanması üçün Cavabdeh hər ay 200 manat sabit pul məbləğində alimentin alınaraq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə, Şirvan şəhər İcra Hakimiyyətinin Qəyyumluq və Himayəçilik Komissiyasını və Hacıqabul rayon İcra Hakimiyyətinin Qəyyumluq və Himayəçilik Komissiyasını mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs qismində işə cəlb etmişdir. Hacıqabul rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2(071)-710/2022 nömrəli qərardadı ilə mübahisə ilə bağlı tərəflərin birgə nikahından doğulmuş övladı - xx.xx.2018-ci il təvəllüdlü X4 ilə ünsiyyətdə olmaq istəyən İddiaçı (ananın) və Cavabdeh (atanın) həyat şəraitinin müayinə edilməsi, müayinə aktını və mübahisəyə dair ona əsaslanmış rəyin məhkəməyə təqdim edilməsi Şirvan şəhər İcra Hakimiyyətinin Qəyyumluq və Himayəçilik Komissiyasına və Hacıqabul rayon İcra Hakimiyyətinin Qəyyumluq və Himayəçilik Komissiyasına həvalə edilmişdir. İş üzrə icraat qəyyumluq və himayəçilik orqanının rəyi məhkəməyə təqdim edilənədək dayandırılmışdır. Hacıqabul rayon İcra Hakimiyyətinin Qəyyumluq və Himayəçilik Komissiyasının xx.xx.2022-ci il tarixli Vİİİ-14/545 nömrəli rəyi xx.xx.2022-ci il tarixdə məhkəməyə daxil olmuşdur. Şirvan şəhər İcra Hakimiyyətinin Qəyyumluq və Himayəçilik Komissiyasının xx.xx.2022-ci il tarixli 1712 nömrəli rəyi xx.xx.2022-ci il tarixdə məhkəməyə daxil olmuşdur. Hacıqabul rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2(071)-710/2022 nömrəli qərardadı ilə iş üzrə icraat təzələnmiş və məhkəmə baxışı iclası xx.xx.2022-ci il tarixə saat 09:30-a təyin edilmişdir. Bu barədə tərəflərə rəsmi məlumat verilmişdir. İddiaçı məhkəmənin iclasında iddia tələbini müdafiə etdi və izahatında bildirdi ki, o, Cavabdeh ilə xx.xx.2017-ci il tarixdə faktiki nikaha girərək ailə qurmuşdur. Faktiki nikahdan onların xx.xx.2018-ci il təvəllüdlü X4 adlı bir uşağı var. 2021-ci ilin yayında qaynanası ilə aralarında yaranan mübahisə zamanı qaynanası ona sillə vurmuş və o, bu səbəbdən acıq edərək çıxıb valideynlərinin yaşadığı Şirvan şəhəri M.Mirzəyev küçəsindəki 3 nömrəli evə getmişdir. O, cavabdehin evindən çıxarkən oğlu Cavidanı da özü ilə aparmaq istəsə də, qaynanası buna imkan verməmiş, ona “atan evindən uşaq gətirməmisən ki, aparasan” demişdir. Cavabdehlə barışmaq niyyəti olduğundan uşaq tələbi barədə iddia qaldırmamışdır. Lakin cavabdehlə barışmaq mümkün olmamışdır. Bu müddət ərzində uşaq 1 həftə onun yanında qalmışdır. Sonradan uşağı atasına vermək məcburiyyətində qalmışdır. Cavabdehlə uşağın bir həftə onun, bir həftə cavabdehin yanında qalması barədə razılaşsalar da, cavabdeh razılaşmaya əməl etməmişdir. Uşağı aldıqdan sonra valideynlərinə məxsus olan Şirvan şəhəri M.Mirzəyev küçəsindəki 3 nömrəli evdə birlikdə yaşamaq və Şirvan şəhərində işləmək fikri vardır. Cavabdeh başqa qadınla evlənib və Xırdalan şəhərində qalır. Uşağı isə anasının yanında qoyub. O, uşağa baxmaq üçün Şirvan şəhərində hər cür şəraiti olan valideynlərinə məxsus olan evdə yaşayır və azyaşlının da ana qayğısına daha çox ehtiyacı var. Bu səbəbdən də, uşağın onun yanında qalmasını istəyir. Odur ki, iddiasının təmin edilməsini xahiş edir. Mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs qismində işə cəlb etmiş Hacıqabul rayon İcra Hakimiyyətinin Qəyyumluq və Himayəçilik Komissiyasının nümayəndəsi X5 məhkəmə iclasında izahat verərək göstərdi ki, azyaşlının normal yaşayışının təmin edilməsi, müalicəsi, sağlam mühitdə normal tərbiyə edilməsi kimi məsələləri hər iki valideynin imkanı daxilindədir, lakin 09 sentyabr 2018-ci il təvəllüdlü X3 azyaşlı olmasına və ana qayğısına daha çox ehtiyacı olduğuna görə anası İddiaçı yanında qalması daha məqsədə uyğundur. Cavabdeh məhkəmə hazırlıq iclasında iddia tələbini qəbul etməyərək və izahatında göstərmişdir ki, o, İddiaçı ilə xx.xx.2017-ci il tarixdə faktiki nikaha girərək ailə qurmuşdur. Faktiki nikahdan onların xx.xx.2018-ci il təvəllüdlü X4 adlı bir uşağı var. Aralarında rəsmi nikah olmasa da, o, uşağına öz soyadını vermiş və atalığın müəyyən edilməsi barədə şəhadətnamə almışdır. İddiaçı heç bir əsaslı səbəb olmadan bir ildir ki, uşağı yaşadıqları evdə qoyaraq öz valideynlərinin yaşadığı ünvan 1 ünvana getmişdir. O, iddiaçını evdən qovmamış və geri qayıtmasına maneə olmamışdır. İddiaçı özü geri qayıtmaq istəməmişdir. Bundan sonra cavabdeh uşağı ondan 3 günlük almışdır. O, 3 gündən sonra uşağı götürmək üçün getdikdə, iddiaçı 1 həftə qalmasını istəmişdir. O, buna etiraz etməmiş uşaq 1 həftə iddiaçının yanında qalmışdır. Lakin 1 həftə sonra da iddiaçı uşağı ona vermək istəməmişdir. Bu səbəbdən o, uşağı iddiaçıdan geri almışdır. İddiaçı ilə aralarında olan razılaşmaya əsasən uşağın bir həftə onda 1 həftə cavabdehə qalması barədə razılaşsalar da, uşağı iddiaçıdan ala bilmədiyinə görə bir daha uşağı iddiaçıya verməmişdir. Hazırda uşaq onun himayəsindədir və iddiaçının uşaqla görüşməsinə etiraz etmir. O, usta işləyir, işdə olduğu zaman uşağın qayğısına onun anası qalır. Uşağı iddiaçıya vermək niyyəti yoxdur. Uşağın onun yanında qalmasını və iddia tələbinin rədd edilməsini xahiş etmişdir. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə məhkəmə bildirişi göndərilməklə məlumat verilsə də, cavabdeh məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə, Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinin tələbinə uyğun olaraq cavabdehin iştirakı olmadan işə mahiyyəti üzrə baxılmasını mümkün hesab edir. Məhkəmə iddiaçının izahatını dinləyib, iş materiallarında olan sənədləri nəzərdən keçirib, sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, Şirvan şəhər Qeydiyyat şöbəsi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli 69/537 saylı arayışdan müəyyən edilir ki, xx.xx.2018-ci ildə Şirvan şəhərində doğulmuş İddiaçı doğulmuş X1 atası Cavabdeh hesab edilmişdir. Bu barədə xx.xx.2018-ci il tarixdə Şirvan şəhər qeydiyyat şöbəsində 107 nömrəli atalığın müəyyən edilməsi haqqında akt qeydi tərtib edilmişdir. Şirvan şəhər Qeydiyyat şöbəsi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli 69/538 saylı arayışdan müəyyən edilir ki, X4 xx.xx.2018-ci ildə Şirvan şəhərində doğulmuşdur, atası Cavabdeh, anası İddiaçıdır. Bu barədə xx.xx.2018-ci il tarixdə Şirvan şəhər qeydiyyat şöbəsi tərəfindən 839 nömrəli doğum haqqında akt qeydi tərtib edilmişdir. Hacıqabul rayon İcra Hakimiyyətinin Qəyyumluq və Himayəçilik Komissiyasının xx.xx.2022-ci il tarixli Vİİİ-14/545 nömrəli rəyində göstərilir ki, azyaşlının normal yaşayışının təmin edilməsi, müalicəsi, sağlam mühitdə normal tərbiyə edilməsi kimi məsələləri hər iki valideynin imkanı daxilindədir, lakin 09 sentyabr 2018-ci il təvəllüdlü X3 azyaşlı olmasına və ana qayğısına daha çox ehtiyacı olduğuna görə anası İddiaçı yanında qalması daha məqsədə uyğun hesab edilir. Şirvan şəhər İcra Hakimiyyətinin Qəyyumluq və Himayəçilik Komissiyasının xx.xx.2022-ci il tarixli 1712 nömrəli rəyində göstərilir ki, komissiya 09 sentyabr 2018-ci il təvəllüdlü X3 azyaşlı olmasını, azyaşlı uşaqların isə ana qayğısına xüsusi ehtiyacının olduğunu, azyaşlı uşaqların daha çox anasına bağlılığını, anasından ayrılacağı təqdirdə, bu halın onların psixi, fiziki və mənəvi inkişafına mənfi təsir edəcəyini və ümumiyyətlə azyaşlı uşağınanasından ayrılması üçün müstəsna şəraitin mövcud olmadığını nəzərə alaraq, azyaşlı uşağın mənafeyini müdafiə edərək, 09 sentyabr 2018-ci il təvəllüdlü X3 anası İddiaçı yanında qalmasını və yaşamasını məqsədə uyğun hesab edir. Ailə Məcəlləsinin 78.1-ci maddəsinə əsasən valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin və ya marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Ailə Məcəlləsinin 78.2-ci maddəsinə əsasən sabit pul məbləğində alimentin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətə layiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. Ailə Məcəlləsinin 73.1-ci maddəsinə əsasən uşaqların tərbiyəsi ilə əlaqədar mübahisələrə məhkəmədə baxılarkən, uşağın müdafiəsi üçün iddianın kim tərəfindən qaldırılmasından asılı olmayaraq müvafiq icra hakimiyyəti orqanı işə cəlb edilir. “Azərbaycan Respublikasında 2022-ci il üçün yaşayış minimumu haqqında” Azərbaycan Respublikası Qanununa görə 2022-ci il üçün yaşayış minimumu uşaqlar üçün 193 manat müəyyən edilmişdir. Mediasiya Şurası tərəfindən verilmiş ilkin Mediasiya prosesinin davam etdirilə bilməməsi barədə xx.xx.2022-ci il tarixli 375 №-li arayışdan müəyyən edilir ki, tərəflər ilkin mediasiya sessiyasından sonra prosesi davam etdirmək barədə qərar qəbul etmədilər. Məhkəmə, uşağın körpə olmasını, ana qayğısına və qulluğuna ehtiyacı olmasını, Qəyyumluq və Himayəçilik Komissiyasının rəylərini nəzərə alaraq hesab edir ki, İddiaçı ilə Cavabdeh faktiki nikahından doğulmuş övladı xx.xx.2018-ci il təvəllüdlü X4 atası Cavabdeh alınaraq anası İddiaçı himayəsinə verilməlidir. xx.xx.2018-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatana qədər saxlanması üçün Cavabdeh hər ay 100 manat sabit pul məbləğində alimentin alınaraq İddiaçı verilməli, aliment tutulmasının əvvəli uşaq anaya faktiki təhvil verildiyi vaxtdan hesablanmalıdır. Ödənilmiş 50 manat dövlət rüsumu iddiaçıya aid edilməlidir. İddia tələbi qalan hissədə, yəni 100 manat aliment tutulması hissəsində rədd edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 119, 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. İddiaçı ilə Cavabdeh faktiki nikahından doğulmuş övladı xx.xx.2018-ci il təvəllüdlü X4 atası Cavabdeh alınaraq anası İddiaçı himayəsinə verilsin. xx.xx.2018-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatana qədər saxlanması üçün Cavabdeh hər ay 100 (yüz) manat sabit pul məbləğində alimentin alınaraq İddiaçı verilsin. Aliment tutulmasının əvvəli uşaq anaya faktiki təhvil verildiyi vaxtdan hesablansın. Ödənilmiş 50 manat dövlət rüsumu iddiaçıya aid edilsin. İddia tələbi qalan hissədə rədd edilsin. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Hacıqabul rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Vahid Hacıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar