Məhkəmə qərarları › İş №2(071)-77/2022

Hacıqabul Rayon Məhkəməsi Qərardad — İş №2(071)-77/2022

18.01.2022 · Torpaq mübahisələri - Torpaq münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Hacıqabul rayonu İş № 2(071)-77/2022 18.01.2022 HACIQABUL RAYON MƏHKƏMƏSİ Hacıqabul rayon Məhkəməsinin hakimi və sədri vəzifəsini müvəqqəti icra edən Hacıyev Vahid Məcid oğlunun sədrliyi, Məmmədov Mirabbas Seyidxan oğlunun katibliyi, İddiaçı Hacıqabul rayon Qarasu Bələdiyyəsinin nümayəndəsi və vəkili Vəkil və Cavabdeh iştirakı ilə, İddiaçı Hacıqabul rayon Qarasu Bələdiyyəsinin Cavabdeh qarşı “torpaq sahəsindən çıxarılma və tikililərin sökülməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Hacıqabul rayon Qarasu Bələdiyyəsi Cavabdeh qarşı “torpaq sahəsindən çıxarılma və tikililərin sökülməsi” tələbinə dair iddia ərizəsi ilə 01.11.2021-ci il tarixdə Hacıqabul rayon Məhkəməsinə müraciət edərək, 29.04.2021-ci il tarixli ********** qeydiyyat nömrəli çıxarışa əsasən Hacıqabul rayon Qarasu Bələdiyyəsinin mülkiyyətində olan və kənd təsərrüfatı məhsullarının istehsalı məqsədilə hərraca çıxarılmış 24 may 2021-ci il tarixli 11/01 nömrəli qərarı ilə 18 hektar, 11/02 nömrəli qərarı ilə 17 hektar, 11/03 nömrəli qərarı ilə 25,5 hektar olmaqla, cəmi 60,5 ha torpaq sahəsindən Cavabdeh çıxarılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı Hacıqabul rayon Qarasu Bələdiyyəsinin nümayəndəsi və vəkili Vəkil məhkəmə iclasında iddia tələbini müdafiə etdi və izahatında bildirdi ki, Hacıqabul rayon Qarasu Bələdiyyəsi 29.04.2021-ci il tarixli ********** qeydiyyat nömrəli çıxarışla mülkiyyətində olan 60,5 ha torpaq sahəsini ayrı-ayrı hissələrlə kənd təsərrüfatı məhsullarının istehsalı məqsədilə icarəyə verilməsi üçün müsabiqənin keçrilməsini qərara almış və bununla bağlı həmin torpaq sahəsinə dair Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Hərracların Təşkili üzrə X2 ərazi torpaq müsabiqə və hərrac Komissiyasının sədri X1 ilə Hərrac müqavilələri bağlamışdır. Belə ki, Hacıqabul rayonu Qarasu Bələdiyyəsinin 24 may 2021-ci il tarixli 11/01 nömrəli qərarı ilə mülkiyyətində olan 18 ha torpaq sahəsi, 11/02 nömrəli qərarı ilə 17 ha torpaq sahəsi və 11/03 nömrəli qərarı ilə 25,5 ha torpaq sahəsi olmaqla, cəmi 60,5 ha torpaq sahəsi kənd təsərrüfatı məhsullarının istehsalı məqsədi ilə hərraca çıxarılmışdır. Qərara uyğun olaraq 27 iyul 2021-ci il tarxili hərrac müqavilələri bağlanlmışdır. Torpaq sahəsi hərraca çıxarıldıqdan sonra iş üzrə Cavabdeh hərracda qalib gələrək, torpaq sahəsini əldə etmək imkanını qazanmışdır. Lakin cavabdeh 26 avqust 2021-ci il tarixində hərracda qalib gəlməklə əldə etdiyi torpaq sahəsindən imtina etmişdir. Buna baxmayaraq Qarasu Bələdiyyəsi poçt vasitəsi ilə cavabdehə 2 dəfə müraciət edərək, İcarə Müqaviləsi bağlanmasını təklif etmişdir. Lakin cavabdeh təklifdən imtina elmiş və 20 günlük müqavilənin bağlanması müddətini də ötürmüşdür. Əlavə olaraq bildirir ki, cavabdeh icarə müqaviləsi bağlamaqdan imtina etdiyi 60,5 ha torpaq sahəsindən hazırda istifadə edir və orada 3 ədəd tövlə və 1 ədəd çoban evini inşa etmişdir. Hacıqabul rayon Qarasu Bələdiyyəsi mübahisənin məhkəmədən kənar qaydada həll edilməsi üçün dəfələrlə cəhd etsə də, cavabdehin günahı ucbatından problem öz həllini tapmamışdır. Odur ki, iddianın təmin edilməsini xahiş edir. Cavabdeh məhkəmə iclasında iddia tələbini qəbul etmədi və izahatında bildirdi ki, o, fərdi sahibkardır və VÖEN ********** nömrəsi var. Qeyd olunan torpaq sahələrini sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi məqsədilə 2014-cü ildə 15 il müddətinə icarəyə götürmüşdür və çıxarış əldə etmişdir. Yaranmış mübahisə sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə bağlıdır. Mübahisəyə kommersiya məhkəməsində baxılmalı olduğuna görə, mülki işin məhkəmə aidiyyəti üzrə baxılması üçün Şirvan Kommersiya Məhkəməsinə göndərilməsini xahiş edir. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarında olan sənədlərini araşdırıb hesab edir ki, hazırkı mülki iş məhkəmə aidiyyəti üzrə baxılması üçün Şirvan Kommersiya Məhkəməsinə göndərilməlidir. Çünki, “AZEMİS” və Vahid Məhkəmə Portalı vasitəsilə elektron sistemin vergi ödəyicilərinin məlumatları ilə təsdiq edilir ki, Cavabdeh (VÖEN **********, FİN xxxxxxx) fərdi sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxs kimi 22.02.2011-cı il tarixdə qeydiyyata alınmışdır. Hacıqabul rayon Qarasu Bələdiyyəsi isə hüquqi şəxsdir. Yaranmış mübahisə hüquqi şəxs olan iddiaçı Hacıqabul rayon Qarasu Bələdiyyəsi ilə fərdi sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxs Cavabdeh arasındaır. Həmçinin mübahisə sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə bağlı yaranmış kommersiya mübahisədir. Azərbaycan Respublikası MPM-in 24.2-ci maddəsinə əsasən Mübahisənin ümumi məhkəməyə və ya kommersiya məhkəməsinə aidiyyəti işdə iştirak edən şəxslərin subyektiv tərkibi, mübahisənin predmeti və hüquq münasibətlərinin xarakteri nəzərə alınmaqla, bu Məcəlləyə müvafiq olaraq müəyyən edilir. Azərbaycan Respublikası MPM-in 26.1-ci maddəsinə əsasən sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olan mübahisələrə (kommersiya mübahisələrinə) dair işlərə mülki məhkəmə icraatı qaydasında kommersiya məhkəmələri baxır. Azərbaycan Respublikası MPM-in 32.3-cü maddəsinə əsasən hakimin özü də mübahisənin məhkəməyə aidiyyəti olmamasını aşkara çıxara bilər. Azərbaycan Respublikası MPM-in 32.4-cü maddəsinə əsasən aidiyyət haqqında məsələ qalxdıqda, hakim işin aidiyyəti üzrə göndərilməsi və ya aidiyyət haqqında ərizənin rədd edilməsi barədə əsaslandırılmış qərardad çıxarır. Azərbaycan Respublikası MPM-in 32.5-ci maddəsinə əsasən aidiyyət haqqında qərardaddan işdə iştirak edən şəxslər, qərardad onlara təqdim olunduğu (onlar tərəfindən alındığı) gündən 10 gün müddətində bu Məcəllənin 21-ci fəsli ilə müəyyən edilmiş qaydada şikayət verə bilərlər. Azərbaycan Respublikası MPM-in 32.6-cı maddəsinə əsasən iş bir məhkəmədən başqa məhkəməyə aidiyyət haqqında qərardaddan şikayət verilmə müddəti başa çatdıqdan sonra göndərilir. Azərbaycan Respublikası MPM-in 32.7-ci maddəsinə əsasən bir məhkəmədən digərinə göndərilən iş onun göndərildiyi məhkəmə tərəfindən baxılmağa qəbul edilməlidir. Məhkəmələr arasında məhkəmə aidiyyətinə dair mübahisələrə yol verilmir. Məhkəmələr arasında fikir ayrılığı olduğu hallarda iş onu baxmağa qəbul etmiş məhkəmənin əsaslandırılmış qərardadı ilə kassasiya instansiyası məhkəməsinə göndərilir və aidiyyət məsələsi həmin məhkəmə tərəfindən həll edilir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 24.2, 26.1, 32, 263264, 266- 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçı Hacıqabul rayon Qarasu Bələdiyyəsinin Cavabdeh qarşı “torpaq sahəsindən çıxarılma və tikililərin sökülməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki iş, sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olan mübahisələr üzrə mülki icraat qaydasında baxılması üçün Şirvan Kommersiya Məhkəməsinə göndərilsin. Qərardaddan 10 gün müddətində Hacıqabul rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən:Vahid Hacıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar