Azərbaycan Respublikası adından QƏRARDAD Hacıqabul rayonu İş № 2(071)-770/2024 03.07.2024 HACIQABUL RAYON MƏHKƏMƏSİ Hakim Bayramov Orxan Telman oğlu, İddiaçı Cavabdeh qarşı “mənzildən istifadə hüququna xitam verilməsi” tələbinə dair iddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək, MÜƏYYƏNETDİ: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə Hacıqabul Rayon Məhkəməsinə müraciət edərək, cavabdehin onun xüsusi mülkiyyətində olan Hacıqabul rayonu Qarasu kəndində yerləşən fərdi yaşayış evindən istifadə hüququna xitam verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, Hacıqabul rayonu Qarasu kəndində xüsusi mülkiyyətində olan fərdi yaşayış evində qeydiyyatda olmaqla yaşayır. O, Cavabdeh ilə xx.xx.2012-ci il tarixdə nikahlarını rəsmi qeyd etdirməklə ailə həyatı qurmuşdur. Birgə nikahlarından uşaqları anadan olmuşdur. 2022-ci ildə cavabdeh ona qarşı xəyanət etdiyi üçün ailə münasibətləri pozulmuş və cavabdeh uşaqlarını özü ilə götürərək evi tərk etmiş, anasına məxsus Salyan rayonunda yerləşən mənzilə köçmüşdür. Daha sonra nikahları məhkəmə qaydasında pozulmuşdur. Hazırda cavabdeh ona məxsus mənzildə olan cehiz əşyalarını götürərək başqa ünvanda yaşayır. Cavabdehin ona məxsus mənzildə qeydiyyatda olması onun həmin mənzil üzərində sərəncam vermək hüququnu məhdudlaşdırır. Bununla əlaqədar cavabdehin onun xüsusi mülkiyyətində olan fərdi yaşayış evində istifadə hüququnun itirilmiş hesab edilməsinə dair qətnamə çıxarılması üçün məhkəməyə müraciət etmişdir. İddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək məhkəmə hesab edir ki, iddianın yolverilməzliyinə görə iddia ərizəsinin qəbul edilməsindən imtina edilməlidir. İş materiallarında olan Hacıqabul rayon məhkəməsinin 2(071)-1105/2023 saylı xx.xx.2023cü il tarixli qətnaməsindən görünür ki, hazır ki, iş üzrə Cavabdeh həmin mənzildən istifadə hüququ yaranmamışdır. Belə ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.1 və 228.2-ci və Azərbaycan Respublikasının Mənzil Məcəlləsinin 30.1, 30.2-ci maddələrinin şərh edilməsinə dair” 16 oktyabr 2014-cü il tarixli Qərarında “yaşayış sahəsindən istifadə hüququ”na anlayış verilərək qeyd edilmişdir ki, Mülki Məcəllənin 228-ci maddəsində yaşayış binasının tərkib hissəsindən istifadə etmək səlahiyyətini təmin edən hüquq, mülki qanunvericilikdə məhdud əşya hüquqlarına dair nəzərdə tutulan bütün xüsusiyyətləri özündə əks etdirdiyinə görə, məhdud əşya hüququdur. Yaşayış sahəsindən istifadə hüququ ilə yaşayış sahəsi üzrə qeydiyyat ayrı-ayrı anlayışlardır. Belə olan halda Cavabdeh İddiaçı məxsus mənzildə qeydiyyatda olması onun həmin yaşayış sahəsindən istifadə hüququna malik olması kimi qəbul edilməməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin birinci hissəsinin bəzi müddəalarının şərh edilməsinə dair 24 sentyabr 2020-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228-ci, Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30-cu və “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinin mənası baxımından şəxsin yaşayış yeri üzrə qeydiyyatı onun yaşadığı yerin dövlət tərəfindən rəsmi qaydada qeydə alınmasını təmin edən vasitə olmaqla məhdud əşya hüququ mənasında istifadə hüququnu ehtiva etmir. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin birinci hissəsinin mənasına görə mülkiyyətçinin ərizəsi əsasında qeydiyyata alınmış, lakin həmin yaşayış sahəsində faktiki yaşamayan və ya istifadə hüququ olmayan şəxsin qeydiyyatına mülkiyyətçinin inzibati orqana müraciəti əsasında xitam verilməlidir.Yaşayış sahəsinə əmlak hüquqları mövcud olmayan şəxslərin mülkiyyətçinin tələbi əsasında qeydiyyatdan çıxarılmasından inzibati orqan tərəfindən imtina edildikdə, məhkəmələr bununla bağlı mübahisələrə inzibati məhkəmə icraatı qaydasında baxaraq şəxsin yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması öhdəliyini həmin orqanın üzərinə qoya bilər. Konstitusiya Məhkəməsinin Plenumunun qərarındakı mövqeyə əsasən hazırkı əsaslarla bu iddia tələbinə mülki mühakimə icraatı qaydasında baxılmalı olmadığından iddia ərizəsinin icraata qəbul edilməsindən imtina edilməli və iddiaçıya cavabdehin ona məxsus evdən pasport qeydiyyatından çıxarılması tələbi ilə ilkin olaraq Hacıqabul Rayon Polis Şöbəsinə müraciət etməsi, onun müraciətindən imtina edildikdə isə həmin orqana qarşı Şirvan İnzibati Məhkəməsinə müraciət etmək hüququnun olduğu izah edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 153.2.1-ci maddəsinə əsasən ərizəyə mülki məhkəmə qaydasında baxılmalı deyildirsə, hakim iddianın yolverilməzliyinə görə iddia ərizəsini qəbul etməkdən imtina edir. Həmin Məcəllənin 153.4 və 153.5-ci maddələrinə əsasən ərizəni qəbul etməkdən imtina haqqında qərardad ərizəyə əlavə olunmuş bütün sənədlərlə birlikdə ərizəçiyə rəsmi qaydada verilməlidir. Ərizəni qəbul etməkdən imtina edilməsi ərizəçiyə həmin cavabdehə qarşı, həmin predmet barəsində və həmin əsaslarla yenidən iddia qaldırmağa mane olur. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-in114, 153, 263, 264, 267 və 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə qəraraaldı: İddiaçı Cavabdeh qarşı mənzildən istifadə hüququna xitam verilməsi tələbinə dair iddia ərizəsinin icraata qəbul olunmasından imtina edilsin. "xxxx" ASC vasitəsilə xx.xx.2024-cü il tarixli ********** nömrəli mədaxil qəbzinə əsasən Hacıqabul rayon Məhkəməsinə dövlət rüsumu kimi ödənilmiş 100 manat pul Azərbaycan Respublikası Maliyyə Nazirliyinin Hacıqabul rayonu üzrə maliyyə şöbəsi tərəfindən İddiaçı qaytarılsın. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Hacıqabul Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim Orxan Bayramov
Məhkəmə qərarları › İş №2(071)-770/2024
Hacıqabul Rayon Məhkəməsi Qərardad — İş №2(071)-770/2024
03.07.2024 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver