Məhkəmə qərarları › İş №2(071)-788/2025

Hacıqabul Rayon Məhkəməsi Qətnamə — İş №2(071)-788/2025

03.09.2025 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Doğumun qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Hacıqabul rayonu İş № 2(071)-788/2025 03.09.2025 HACIQABUL RAYON MƏHKƏMƏSİ Hakim Bayramov Orxan Telman oğlunun sədrliyi, Fərəcov İsmayıl Vəzir oğlunun katibliyi, Ərizəçi1, ərizəçinin nümayəndəsi X5 iştirakları ilə, Ərizəçilər Ərizəçi1 və Ərizəçi2 Maraqlı şəxsnə qarşı "doğum faktının müəyyən edilməsi" barədə ərizəsinə xüsusi icraat qaydasında Hacıqabul Rayon Məhkəmə binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Ərizəçilər Ərizəçi2 və Ərizəçi1 Maraqlı şəxsnə qarşı "doğum faktının müəyyən edilməsi" barədə ərizə ilə xx.xx.2025-ci il tarixdə məhkəməyə müraciət edərək, X2 xx.xx.2021-ci il tarixdə Sabirabad rayonunun Ulacalı kəndində doğulması faktının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, Ərizəçi2 və Ərizəçi1 10 sentyabr 2023-cü ildə Hacıqabul rayonu qeydiyyat şöbəsində 882 nömrəli qeyd ilə nikahları qeydiyyata alınmışdır. Birgə nikahlarından xx.xx.2021-ci il tarixdə Sabirabad rayonunun Ulacalı kənd həkim məntəqəsində X7 adlı oğlan uşağı dünyaya gəlmişdir. Daha sonra ona ş/v, doğum haqqında şəhadətnamə və.s almaqda məsuliyyətsizlik etmişlər. Bununla bağlı Maraqlı şəxsnə müraciət etmişdirlər, lakin onlara bildirilmişdir ki, bu məsələ məhkəmə predmetidir. xx.xx.2021-ci il təvəllüdlü X7 adlı Sabirabad rayonunun Ulacalı kəndində anadan olmasına dair "doğum faktının müəyyən olunması faktının" müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişlər. Məhkəmə iclasında iştirak edən Ərizəçi1 ərizənin məzmununa uyğun çıxış edərək bildirir ki, ərizənin təmin olunmasını xahiş edir. Məhkəmə iclasında iştirak edən ərizəçinin nümayəndəsi X10 ərizənin məzmununa uyğun çıxış edərək bildirir ki, ərizənin təmin olunmasını xahiş edir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar olunmuş Maraqlı şəxs nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə ərizəçinin, ərizəçinin nümayəndəsinin izahatını, şahid ifadələrini dinləyib, iş materiallarını araşdırıb, toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, ərizə təmin edilməlidir. Belə ki, iş materiallarında olan Maraqlı şəxs xx.xx.2025-ci il tarixli, 3-16-5/7-37-2025 nömrəli məktubundan müəyyən edilir ki, Ərizəçi1 ərizəsinə baxılmış və doğum faktını, vaxtını və yerini təsdiq edən tibb müəssisəsindən sənəd, uşaq tibb müəssisəsindən kənarda doğulduqda doğuma köməklik göstərmiş və ya doğuşdan sonra valideynlərin müraciət etdiyi həkimin verdiyi sənəd həmin şöbədə mövcud olmadığından və doğumunu təsdiq edən tibbi şəhadətnaməni təqdim etmədiyi üçün üçün doğumun bərpa edilməsinin mümkün olmadığı bildirilərək məhkəməyə müraciət edilməsi tövsiyyə olunmuşdur. İş materiallarında olan Hacıqabul rayon İcra Hakimiyyəti Başçısının Abdulabad kənd İƏD üzrə nümayəndəliyi tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli, 220 nömrəli arayışdan müəyyən edilir ki, Rzayev X1 rayonu Abdulabad kəndində yaşayır. İş materiallarında olan Ulacalı kənd həkim məntəqəsinin müdiri Əliyeva.K. tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli arayışdan müəyyən edilir ki, həqiqətən də xx.xx.2021-ci il tarixdə Sabirabad rayonu Ulacalı kəndində səhər saat 07:30 radələrində bir oğlan uşağı dünyaya gəlmişdir. Uşağın boyu 51sm, çəkisi 3,6kq olaraq müəyyən edilmişdir. Uşaq halhazırda sağlamdır və yaşayır. İş materiallarında olan “nikah haqqında şəhadətnamə”-dən müəyyən olunur ki, Ərizəçi2 və Ərizəçi1 nikahı Sabirabad regional “ASAN Xidmət” mərkəzi Qeydiyyat Şöbəsində xx.xx.2023-cü ildə 882 nömrəli akt qeydi əsasında rəsmiləşdirilmişdir. Məhkəmə iclası zamanı şahid qismində dindirilmiş X3 ifadəsində bildirmişdir ki, O, əvvəllər Ulacalı kənd həkim məntəqəsində həkim işləmişdir. Uşaq dünyaya gələrkən doğuş prosesində iştirak etmişdir. xx.xx.2021-ci il tarixdə Sabirabad rayonu Ulacalı kənd həkim məntəqəsində X7 adlı uşaq dünyaya gəlmişdir. Hal-hazırda uşağın heç bir sənədi yoxdur. Həmin uşaq həqiqətən də ərizəçilərin övladıdır. 27 avqust 2025-ci ildə keçirilmiş məhkəmə iclası zamanı şahid qismində dindirilmiş X6 ifadəsində bildirmişdir ki, Ərizəçi2 onun əmisi oğludur. Ərizəçi1 isə onun həyat yoldaşıdır. xx.xx.2021-ci il tarixdə Sabirabad rayonu Ulacalı kənd həkim məntəqəsində X7 adlı uşaqları dünyaya gəlmişdir. Hal-hazırda uşağın heç bir sənədi yoxdur. 27 avqust 2025-ci ildə keçirilmiş məhkəmə iclası zamanı şahid qismində dindirilmiş X4 ifadəsində bildirmişdir ki, Ərizəçi2 onun qardaşıdır. Ərizəçi1 isə onların gəlinidir. xx.xx.2021-ci il tarixdə Sabirabad rayonu Ulacalı kənd həkim məntəqəsində X7 adlı uşaqları dünyaya gəlmişdir. Hal-hazırda uşağın heç bir sənədi yoxdur. Azərbaycan Respublikası MPM-in 305.1.1-ci maddəsinə əsasən məhkəmə xüsusi icraat qaydasında hüquqi əhəmiyyətli faktların müəyyən edilməsi haqqında işlərə baxır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 307.1-ci maddəsinə əsasən, məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Həmin Məcəllənin 307.2.3-cü maddəsinə əsasən, məhkəmə doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın, ölümün qeyd edilmə faktının müəyyən edilməsi barədə işlərə baxır. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən, məhkəmə hüquqi əhəmiyyətli olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Azərbaycan Respublikası MPM-in 310.1-ci maddəsinə əsasən ərizədə həmin faktın müəyyən edilməsinin ərizəçiyə nə məqsəd üçün lazım olduğu, habelə lazımi sənədləri ərizəçinin ala bilməməsini, yaxud itən sənədlərin bərpasının mümkünsüzlüyünü təsdiq edən sübutlar göstərilməlidir. Azərbaycan Respublikası MPM-in 311-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydəalınma üçün əsasdır. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 162.1-ci maddəsinə əsasən, vətəndaşlıq vəziyyəti aktları bərpası bu cür qeydlərin həqiqətən olduğunu təsdiq edən sənədlər əsasında ərizə verənlərin yaşadıqları ərazidə müvafiq icra hakimiyyəti orqanı tərəfindən icra edilir. Həmin Məcəllənin 162.2-ci maddəsinə əsasən, itmiş yazının müvafiq icra hakimiyyəti orqanları tərəfindən bərpası mümkün olmadıqda, vətəndaşlıq vəziyyəti aktının qeydiyyatı faktı məhkəmə qaydası ilə müəyyən edilir. Göstərilənlərə əsasən məhkəmə qeyd edir ki, ərizə təmin edilməli, X2 xx.xx.2021-ci ildə tarixdə Sabirabad rayonu, Ulacalı kəndində doğulması faktı müəyyən edilməli, doğum haqqında akt qeydləri kitabında X2 doğum tarixi xx.xx.2021-ci il, doğulduğu yer Sabirabad rayonu, Ulacalı kəndi, ata qrafasında – Ərizəçi2 (milliyyəti azərbaycanlı), ana qrafasında – Ərizəçi1 (milliyyəti azərbaycanlı) kimi məlumatlar göstərilməlidir. Azərbaycan Respublikasının MPM-in 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Şərh olunanlara əsasən və AR MPM-in 216-220-ci maddələrini rəhbər tutub məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. X2 xx.xx.2021-ci ildə tarixdə Sabirabad rayonu, Ulacalı kəndində doğulması faktı müəyyən edilsin. Doğum haqqında akt qeydləri kitabında X2 doğum tarixi xx.xx.2021-ci il, doğulduğu yer Sabirabad rayonu, Ulacalı kəndi, ata qrafasında – Ərizəçi2 (milliyyəti azərbaycanlı), ana qrafasında – Ərizəçi1 (milliyyəti azərbaycanlı) kimi məlumatlar göstərilsin. Qətnamə qeydiyyat şöbəsi tərəfindən şəxsin adına göstərilən məlumatlar əsasında yeni doğum haqqında şəhadətnamənin verilməsi üçün əsasdır. Ödənilmiş dövlət rüsumu ərizəçiyə aid edilsin. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən bir ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən Hacıqabul Rayon Məhkəməsi vasitəsilə Şirvan Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasına apelyasiya şikayəti verilə bilər. Hakim: Orxan Bayramov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar