Azərbaycan Respublikası adından QƏTNAMƏ Hacıqabul rayonu İş № 2(071)-98/2025 19.02.2025 HACIQABUL RAYON MƏHKƏMƏSİ Hakim Bayramov Orxan Telman oğlunun sədrliyi, Fərəcov İsmayıl Vəzir oğlunun katibliyi, iddiaçı Ərizəçi iştirakı ilə, İddiaçı Ərizəçi müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində X5, X14 və X8 cəlb edilməklə cavabdeh Hacıqabul rayon Notariat Ofisinə qarşı “miras əmlakın qəbul edilməsi müddətinin uzadılması” tələbinə dair iddiasına məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyənetdi: İddiaçı Ərizəçi cavabdeh Hacıqabul rayon Notariat Ofisinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.2015-ci il tarixində vəfat etmiş X3 miras qalmış Hacıqabul rayonu Padar qəsəbəsində yerləşən, Azərbaycan Respublikası Torpağa Mülkiyyət hüququna dair Dövlət Aktına əsasən (JN-0070, KOD ********) 0.52 ha torpaq sahəsinin miras əmlak kimi qəbul edilməsi üçün Ərizəçi tərəfindən qanunla müəyyən edilmiş müddətin ötürülməsi səbəbi üzrlü hesab edilməklə, həmin müddətin uzadılması və onun tərəfindən həmin miras əmlakın qəbul edilmə faktının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı ərizəsini onunla əsaslandırmışdır ki, o, xx.xx.1956-cı ildə Sabirabad rayonu Padar qəsəbəsində anadan olmuşdur. Qaynanası - X15 xx.xx.2015-cı ildə vəfat etmişdir. Azərbaycan Respublikası Torpağa Mülkiyyət hüququna dair Dövlət Aktına (JN-0070, KOD ********) əsasən X9 xx.xx.2002-ci il tarixdə Hacıqabul rayonu, Aqrar İslahatı Komissiyasının 06 saylı qərarı ilə 0.52 ha kənd təsərrüfatı məhsullarının istehsalı məqsədi ilə torpaq verilmişdir. Hal-hazırda məhkəməyə müraciət etməyinin səbəbi həmin torpaq sahəsinin sənədləşməsində çətinlik çəkməkdə olmasıdır. Qaynanası - X15 rəhmətə getdikdən sonra vaxtında müraciət edib sənədləşmənin edilməsini bilməmiş və bu vaxta qədər lazım olmamışdır. Hal-hazırda lazım olduğu üçün Hacıqabul rayon Notariat ofisinə müraciət etmiş, onun müraciətinə cavab olaraq 06 sentyabr 2023-ci il tarixli, 243 saylı məktubla Notariat ofisindən bildirilmişdir ki, Azərbaycan Respublikasinin MM-nin 1246 və 1248-ci maddələrinin tələblərinə əsasən buraxılmış müddətin bərpası üçün məhkəməyə müraciət olunmalıdır. Odur ki, məhkəməyə müraciət etmək qərarına gəlmişdir. Məhkəmə iclasında iddiaçı Ərizəçi iddia ərizəsinin məzmununa uyğun izahat verərək əlavə olaraq bildirdi ki, mirasın qəbulu müddətinin ötürülməsini üzrlü hesab edərək, mirasın qəbulu müddətinin uzadılması barədə qətnamə qəbul edilməsini xahiş etdi. Cavabdeh Hacıqabul rayon Notariat Ofisinə və üçüncü şəxslər X5, X14 və X4 məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq, cavabdehin nümayəndəsi və üçüncü şəxslər məhkəmə iclasında iştirak etmədiyindən, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən məhkəmə mülki işə cavabdehin nümayəndəsinin və üçüncü şəxslərin iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Hacıqabul rayon Notariat Ofisinin Ərizəçi ünvanladığı xx.xx.2023-cü il tarixli, 243 nömrəli məktubun notarial qaydada təsdiq edilmiş surətindən müəyyən edilir ki, Ərizəçi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1246 və 1248-ci maddələrinin tələblərinə əsasən məhkəməyə müraciət etməsi tövsiyə olunmuşdur. İş materiallarında olan Hacıqabul rayon Qeydiyyat Şöbəsi tərəfindən 25 dekabr 2015-ci il tarixdə verilmiş AZ-İ seriyalı, 760172 nömrəli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X15 xx.xx.2015-ci il tarixdə vəfat etmiş və bu barədə ölüm haqqında akt qeydləri kitabında xx.xx.2015-ci il tarixində 187 nömrəsi ilə qeyd aparılmışdır. İş materiallarında olan Azərbaycan Respublikası Torpağa Mülkiyyət hüququna dair Dövlət Aktına əsasən (JN-0070, KOD ********) Hacıqabul rayonu Padar qəsəbəsində yerləşən, 0.52 ha kənd təsərrüfatı məhsulları istehsalı məqsədli torpaq sahəsi X9 verilmişdir. İş materiallarında olan və məhkəmənin xx.xx.2024-cü il tarixli, 2(071)-1363/2024 saylı sorğusu əsasında Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Hacıqabul Rayon Qeydiyyat Şöbəsindən daxil olmuş X6 ailə üzvləri haqqında arayışdan müəyyən edilir ki, X6 ailə tərkibinin - həyat yoldaşı – 1926-cı il təvəllüdlü X12 (xx.xx.1992-ci ildə vəfat etmişdir), qızı - xx.xx.1955-ci il təvəllüdlü Fətəliyeva (Gülbabayeva) Dilarə Ağəli qızı, oğlu xx.xx.1956-cı il təvəllüdlü X10, oğlu - xx.xx.1958-ci il təvəllüdlü X13 və qızı – xx.xx.1960-cı il təvəllüdlü X11 olduğu qeyd edilmişdir. İş materiallarında olan Hacıqabul Rayon Qeydiyyat Şöbəsi tərəfindən verilmiş ölüm haqqında akt qeydindən müəyyən edilir ki, X15 qocalıq səbəbi ilə xx.xx.2015-ci ildə vəfat etmişdir. İş materiallarında olan AZ-İ seriyalı, 798984 nömrəli ölüm haqqında şəhadətnamənin surətindən müəyyən edilir ki, X10 12 fevral 2016-cı ildə vəfat etmişdir. Bu barədə ölüm haqqında akt qeydləri kitabında xx.xx.2016-cı ildə 170 nömrə ilə qeyd edilmişdir. Ölüm səbəbi kimi kəskin qan itirmə qeyd olunmuşdur. İş materiallarında olan notarial qaydada təsdiq edilmiş X5 tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli ərizə ilə məlum edilmişdir ki, X1 xx.xx.2015-ci ildə vəfat etmiş anası – X6 işi üzrə miras əmlakdan ona çatası payı qəbul etməmiş, etmir və gələcəkdə bu barədə heç bir tələbi olmayacaqdır. İş materiallarında olan notarial qaydada təsdiq edilmiş X14 tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli ərizə ilə məlum edilmişdir ki, X7 xx.xx.2015-ci ildə vəfat etmiş anası – X6 işi üzrə miras əmlakdan ona çatası payı qəbul etməmiş, etmir və gələcəkdə bu barədə heç bir tələbi olmayacaqdır. İş materiallarında olan notarial qaydada təsdiq edilmiş X8 tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli ərizə ilə məlum edilmişdir ki, X2 xx.xx.2015-ci ildə vəfat etmiş anası – X6 işi üzrə miras əmlakdan ona çatası payı qəbul etməmiş, etmir və gələcəkdə bu barədə heç bir tələbi olmayacaqdır. Məhkəmə, iddiaçınin izahatını, tədqiq edilmiş sübutlara və araşdırılmış iş materiallarına məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, işin məhkəmə tərəfindən müəyyən edilmiş faktiki hallarından görünür ki, Hacıqabul rayonu Padar qəsəbəsində yerləşən, Azərbaycan Respublikası Torpağa Mülkiyyət hüququna dair Dövlət Aktına əsasən (JN-0070, KOD ********) 0.52 ha torpaq sahəsi X6 xüsusi mülkiyyətində olmuşdur. X15 xx.xx.2015-ci il tarixində vəfat etmişdir. İddiaçı mərhum qaynanası - X15 vəfat etdikdən sonra, miras əmlakın qəbul edilməsi ilə bağlı olan müddətdən məlumatı olmadığı üçün vaxtında müraciət edə bilməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 532-ci maddəsinə əsasən qanun üzrə vərəsəlikdə payları bərabər olmaqla, uşaqlar (o cümlədən övladlığa götürülənlər), ər (arvad) və ölənin valideynləri (övladlığa götürənləri) birinci növbə vərəsələr hesab olunurlar. Həmin Məcəllənin 552-ci maddəsinə əsasən vərəsə, miras əmlakını faktiki surətdə idarə etməyə başladıqda və ya mirasa yiyələndikdə, o, eləcə də vərəsəliyin açıldığı yerdə notariat orqanına mirası qəbul etmək barədə ərizə verdikdə, mirası qəbul etmiş hesab olunur. Qəbul edilmiş miras vərəsəlik açıldığı vaxtdan vərəsəyə məxsus hesab olunur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1134.1-ci maddəsinə əsasən qanun üzrə vərəsəlik zamanı vərəsələr miras qoyanın öldüyü məqamda sağ olmuş şəxslər, habelə miras qoyanın ölümündən sonra doğulmuş uşaqları ola bilərlər. Həmin Məcəllənin 1133.1-ci maddəsinə əsasən ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir; Həmin Məcəllənin 1145-ci maddəsinə əsasən miras fiziki şəxsin ölümü və ya məhkəmə tərəfindən ölmüş elan edilməsi ilə açılır; Həmin Məcəllənin 1146-cı maddəsinə əsasən miras qoyanın öldüyü gün və ya fiziki şəxsin ölmüş elan edilməsi barədə məhkəmə qərarının qüvvəyə mindiyi gün mirasın açıldığı vaxt sayılır; Həmin Məcəllənin 1159.1.1-ci maddəsinə əsasən birinci növbədə - ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər) vərəsəlik zamanı bərabər pay hüquqlu vərəsələr sayılırlar; Həmin Məcəllənin 1243.2-ci maddəsinə əsasən vərəsə mirasın açıldığı yer üzrə notariat kontoruna mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktiki başladıqda və ya bununla mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır; Həmin Məcəllənin 1246-cı maddəsinə əsasən vərəsə vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində mirası qəbul edə bilər. Miras açıldığı gündən altı ay keçdikdən sonra mirasın qəbuluna yol verilmir. Həmin Məcəllənin 1248.1-ci maddəsinə əsasən, mirasın qəbul edilməsi üçün müəyyənləşdirilmiş müddəti məhkəmə, gecikdirmənin səbəbini üzrlü sayarsa, uzada bilər. Müddət qurtardıqdan sonra, əgər mirası qəbul edən bütün digər vərəsələr razıdırlarsa, miras məhkəməyə müraciət edilmədən də qəbul oluna bilər. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1246, 1248.1 və 1268.2-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” Konstitusiya Məhkəməsi Plenumunun 14 oktyabr 2022-ci il tarixli qərarında göstərilir ki, Mülki Məcəllənin 1248.1-ci maddəsinə müvafiq olaraq, mirasın qəbul edilməsi üçün müəyyənləşdirilmiş altı aylıq müddətin uzadılması tələbi ilə bağlı işlərə baxarkən məhkəmələr tərəfindən həmin maddədə nəzərdə tutulmuş “üzrlü səbəb” anlayışı yalnız şəxsin iradəsindən asılı olmayaraq vərəsəlik hüququnun realizəsi üçün müraciət edə bilmədiyi hallarla məhdudlaşdırılmamalı, işin bütün halları, belə müraciətin qanunvericiliklə müəyyən edilmiş müddət ərzində edilməməsinin səbəbləri ətraflı araşdırılmaqla məsələyə hüquqi qiymət verilməlidir. İşin faktiki hallarından göründüyü kimi, iddiaçının qaynanası X6 xx.xx.2015-ci il tarixində vəfatından sonra, iddiaçının miras əmlakını qəbul etmə ilə bağlı qanunvericilikdə nəzərdə tutulmuş müddətdə müraciət etməməsinin əsas səbəbi, onun hüquqi savadının və müvafiq qanunvericilikdən irəli gələn hüquqi prosedurlara dair məlumatının olmaması olmuşdur. İddiaçı, hüquqi savadsızlığı və vəziyyətin mürəkkəbliyini düzgün qiymətləndirə bilmədiyi üçün miras əmlakın qəbul edilməsi ilə bağlı müvafiq hərəkətləri vaxtında həyata keçirmək iqtidarında olmamışdır. İş materiallarından, məhkəmə tərəfindən müstəqil tələb irəli sürməyən üçüncü şəxslər - X5, X14 və X8 notarial qaydada təsdiq edilmiş ərizələrindən göründüyü kimi, onlar iddiaçının miras əmlakının qəbul edilməsi üçün müddətin üzürlü hesab edilməsinə dair irəli sürdüyü iddiaya etiraz etməmiş və bu əmlakla bağlı hər hansı bir hüquqi tələblərinin olmadığını bəyan etmişlər. Belə olan halda, məhkəmə hesab edir ki, iddiaçının mirası qəbul etmək üçün qanunla nəzərdə tutulmuş müddəti ötürməsi səbəbi üzrlü sayılmalı, mirası qəbul etmək üçün müəyyənləşdirilmiş müddət uzadılmalıdır. İddiaçı bu müddəti hansı vaxtadək uzadılmasını tələbində göstərməsə də, məhkəmə qeyd edir ki, qanunvericiliyə əsasən vərəsə vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində mirası qəbul edə bilər (MM 1246). Bu baxımdan məhkəmə hesab edir ki, mirası qəbul edilməsi üçün qanunla müəyyən edilmiş müddət qeyri-müəyyən müddətə uzadıla bilməz, bu müddət qətnamənin qanuni qüvvəyə mindiyi gündən hesablanmaqla üç ay uzadılmalıdır. Məhkəmə, iddianın miras əmlakın qəbul edilməsi və mirasın qəbul edilməsi faktının müəyyən edilməsi hissələri ilə bağlı olaraq qeyd edir ki, iddiaçının qanunla müəyyən edilmiş müddəti ötürməsi üzrlü səbəblərlə əsaslandırıldığından, miras əmlakın qəbul edilməsi tələbi təmin edilməlidir. Lakin mirasın qəbul edilməsi faktının müəyyən edilməsi hissəsi təmin edilə bilməz, çünki müddət bərpa edildiyi üçün iddiaçı notariat orqanına müraciət etməklə mirası qəbul edə bilər. Əgər notariat orqanı mirasın qəbul edilməsi faktını təsdiqləməzsə, iddiaçı xüsusi icraat qaydasında məhkəməyə müraciət etmək hüququna malikdir. Bu səbəbdən, hazırkı mərhələdə məhkəmə tərəfindən mirasın qəbul edilməsi faktının təsdiq edilməsinə ehtiyac yoxdur və iddiaçıya izah edilməlidir ki, əvvəlcə notariat orqanına müraciət etməlidir, yalnız bu orqanın imtina qərarı olduğu halda məhkəmə qaydasında faktın təsdiqini tələb edə bilər. Mülki Prosessual Məcəllənin 14.2, 217.4 və 218.3-cü maddələrinə müvafiq olaraq məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdıraraq, onlardan istifadə edərək, yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanaraq, iddia tələblərinin hədlərindən kənara çıxmadan işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-in 216-220, 227 və 360-cı maddələrinə əsasən, məhkəmə qətetdi: İddia qismən təmin edilsin. xx.xx.2015-ci il tarixində vəfat etmiş X3 miras qalmış Hacıqabul rayonu Padar qəsəbəsində yerləşən, Azərbaycan Respublikası Torpağa Mülkiyyət hüququna dair Dövlət Aktına əsasən (JN-0070, KOD ********) 0.52 ha torpaq sahəsinin miras əmlak kimi qəbul edilməsi üçün Ərizəçi tərəfindən qanunla müəyyən edilmiş müddətin ötürülməsi səbəbi üzrlü hesab edilsin və onun miras əmlakı qəbul etməsi üçün qanunla müəyyən edilmiş müddət qətnamənin qanuni qüvvəyə mindiyi gündən hesablanmaqla 3 (üç) ay müddətinə uzadılsın. İddia tələbi qalan hissədə təmin edilməsin. Ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən bir ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən Hacıqabul Rayon Məhkəməsi vasitəsilə Şirvan Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasına apelyasiya şikayəti verilə bilər. Hakim: Orxan Bayramov
Məhkəmə qərarları › İş №2(071)-98/2025
Hacıqabul Rayon Məhkəməsi Qətnamə — İş №2(071)-98/2025
19.02.2025 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Mirasın qəbul edilməsi və vərəsəliyin açılma yerinin müəyyən edilməsi faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver