Azərbaycan Respublikası adından QƏRARDAD Biləsuvar rayonu İş № 2(072)-321/2024 25.04.2024 CƏBRAYIL RAYON MƏHKƏMƏSİ Hakim: Nüsrətov Tərlan Vaqif oğlunun sədrliyi ilə, İddiaçı Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Meşələrin İnkişafı Xidmətinin 3 saylı (Sabirabad) X1 Mərkəzinin Cavabdeh qarşı “zəbt edilmiş torpaq sahəsinin boşaldılması” tələbinə dair iddia ərizəsinin mümkünlüyü məsələsinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİM: İddiaçı Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Meşələrin İnkişafı Xidmətinin 3 saylı (Sabirabad) X1 Mərkəzi Cavabdeh qarşı “zəbt edilmiş torpaq sahəsinin boşaldılması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Salyan Rayon Məhkəməsinin 2(057)-427/2024 saylı, 27 msrt 2024-cü il tarixli qərardadı ilə iddiaçı Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Meşələrin İnkişafı Xidmətinin 3 saylı (Sabirabad) X1 Mərkəzinin Cavabdeh qarşı “zəbt edilmiş torpaq sahəsinin boşaldılması” tələbinə dair iddia ərizəsi əsasında mülki iş ərazi aidiyyəti üzrə Cəbrayıl Rayon Məhkəməsinə göndərilmişdir. İş materiallarını tam və obyektiv araşdıraraq hesab edirəm ki, Salyan Rayon Məhkəməsi tərəfindən mülki işin ərazi aidiyyəti üzrə Cəbrayıl Rayon Məhkəməsinə göndərilməsi düzgün olmamışdır. İlk növbədə qeyd edilməlidir ki, iddiaçı Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Meşələrin İnkişafı Xidmətinin 3 saylı (Sabirabad) X1 Mərkəzi Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyinə əsasən ərazi aidiyyəti qaydalarına düzgün əməl etmədən “zəbt edilmiş torpaq sahəsinin boşaldılması” tələbinə dair iddia ərizəsi ilə birinci instansiya məhkəməsi qismində Salyan Rayon Məhkəməsinə müraciət etmişdir. Belə ki, iddianın əsl mahiyyəti “daşınmaz əşyanın başqasının qeyri-qanuni sahibliyindən götürülməsi və (və ya) mülkiyyət hüququndan məhrum etmə ilə əlaqədar olmayan mülkiyyətçinin və yaxud başqa qanuni sahibin hüquqlarının pozulmasını aradan qaldırmaq”dır. İş materiallarından göründüyü kimi, mübahisə predmeti olan daşınmaz əmlak Şirvan şəhər inzibati ərazisində yerləşir. Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyinə əsasən bu məzmunda iddialar üzrə ərazi aidiyyəti iddianın cavabdehin olduğu yerə görə və ya iddiaçının seçiminə görə deyil, məhz müstəsna aidiyyət üzrə daşınmaz əşyanın olduğu yerə görə müəyyən edilmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 33-cü maddəsinə əsasən birinci instansiya məhkəməsi qismində işlərə ərazi üzrə baxılmasına dair məhkəmələr arasında səlahiyyətlərin bölünməsi bu fəsillə müəyyən olunur. Həmin Məcəllənin 39.1-ci maddəsinə əsasən daşınmaz əşyaya mülkiyyət hüququnun tanınması, daşınmaz əşyanın başqasının qeyri-qanuni sahibliyindən götürülməsi, mülkiyyət hüququndan məhrum etmə ilə əlaqədar olmayan mülkiyyətçinin və yaxud başqa qanuni sahibin hüquqlarının pozulmasını aradan qaldırmaq haqqında iddialar daşınmaz əşyanın olduğu yerə görə verilir. Həmin Məcəllənin 45.1-ci maddəsinə əsasən məhkəmə mübahisənin ərazi aidiyyəti ilə əlaqədar məsələləri ərizənin məhkəmənin icraatına qəbul edilməsi zamanı yoxlamalıdır. Ərazi aidiyyəti ilə bağlı məsələlərə məhkəmə tərəfindən onun öz təşəbbüsü və ya işdə iştirak edən şəxslərin əsaslandırılmış vəsatəti ilə baxılır. Həmin Məcəllənin 45.4-cü maddəsinə əsasən bir məhkəmədən digərinə göndərilən iş, onun göndərildiyi məhkəmə tərəfindən baxılmağa qəbul edilməlidir. Məhkəmələr arasında ərazi aidiyyətinə dair mübahisələrə yol verilmir. Məhkəmələr arasında fikir ayrılığı olduğu hallarda apellyasiya instansiyası məhkəməsi tərəfindən iş bir məhkəmədən başqasına verilir. “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 30-cu maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 28 mart 2013-cü il tarixli qərarında qeyd edilmişdir ki, "Məhkəmə aidiyyəti ədalət mühakiməsinin həyata keçirilməsi zamanı şəxsin hüquqlarının və qanuni maraqlarının əsas prosessual təminatlarından biri kimi qəbul olunur. (...) hüquq və azadlıqların məhkəmə təminatı hüququ ilk növbədə, qanunla müəyyən edilmiş müvafiq yurisdiksiyalı məhkəmələr tərəfindən işə baxılmasını nəzərdə tutur. (...) Məhkəmə icraatının növündən asılı olaraq məhkəmə prosesi xüsusi prinsiplər və prosessual qaydalara müvafiq aparılır. Bu prinsip və prosessual normalara riayət edilməsi mübahisənin ixtisaslaşdırılmış qaydada ədalətli həll edilməsinə şərait yaradır. Məhz ona görə mübahisəyə müvafiq məhkəmə aidiyyəti qaydasında baxılması konstitusion baxımdan ciddi əhəmiyyət kəsb edir. Avropa İnsan Hüquqları Məhkəməsinin “Bezımyannaya Rusiya Federasiyasına qarşı” iş üzrə 22 dekabr 2009-cu il tarixli qərarında qeyd etmişdir ki, dövlətlərin məhkəmə sistemlərində ayrı-ayrı məhkəmələr arasında aidiyyət məsələlərini müəyyən edən meyarlar ədalət mühakiməsinin lazımi qaydada həyata keçirilməsinin təmin edilməsinə xidmət edir. Avropa İnsan Hüquqları Məhkəməsinin “Çerniçkin Rusiyaya qarşı” iş üzrə 16 sentyabr 2010-cu il tarixli qərarında qeyd edilmişdir ki, qanunverici tərəfindən aidiyyət məsələlərinin dəqiq müəyyən edilməməsi şəxsin məhkəmədə müdafiə olunmaq hüququnu və “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndinin (Ədalətli məhkəmə araşdırması hüququ) tələblərini pozur. Beləliklə, şərh olunanlara və yuxarıda göstərilən qanunvericilik aktı normalarına əsasən hesab edirəm ki, hazırkı mülki iş üzrə məhkəmələr arasında ərazi aidiyyətinə dair fikir ayrılığı olduğuna görə iddiaçı Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Meşələrin İnkişafı Xidmətinin 3 saylı (Sabirabad) X1 Mərkəzinin Cavabdeh qarşı “zəbt edilmiş torpaq sahəsinin boşaldılması” tələbinə dair iddia ərizəsi üzrə mülki iş ərazi aidiyyətinin müəyyən edilməsi üçün Şirvan Apellyasiya Məhkəməsinə göndərilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 35, 36, 45, 263, 264 və 266-cı maddələrini rəhbər tutaraq, QƏRARA ALDİM: İddiaçı Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Meşələrin İnkişafı Xidmətinin 3 saylı (Sabirabad) X1 Mərkəzinin Cavabdeh qarşı “zəbt edilmiş torpaq sahəsinin boşaldılması” tələbinə dair iddia ərizəsi üzrə mülki iş ərazi aidiyyətinin müəyyən edilməsi üçün Şirvan Apellyasiya Məhkəməsinə göndərilsin. Hakim: Tərlan Nüsrətov
Məhkəmə qərarları › İş №2(072)-321/2024
Cəbrayıl Rayon Məhkəməsi Qərardad — İş №2(072)-321/2024
25.04.2024 · Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver