Azərbaycan Respublikası adından QƏTNAMƏ Biləsuvar rayonu İş № 2(072)-349/2025 12.06.2025 CƏBRAYIL RAYON MƏHKƏMƏSİ Hakim Nüsrətov Tərlan Vaqif oğlunun sədrliyi, Məhkəmə iclasının katibi: Şahverənov Şükran Əlqəmə oğlunun katibliyi, İddiaçı: İddiaçı, Cavabdeh nümayəndəsi: Nümayəndə iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “nikahın etibarsız sayılması” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı “nikahın etibarsız sayılması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə edərək izahatında bildirmişdir ki, Cavabdeh onun əmisinin oğludur. O, valideynlərinin təsiri altında Cavabdeh ilə 07 oktyabr 2024-cü ildə rəsmi nikaha daxil olmuşdur. Onlar rəsmi nikaha daxil olsalar da, lakin el adəti üzrə toy mərasimi olmamış, faktiki ailə qurmamış, ər-arvad kimi birgə yaşamış, ümumiyyətlə ər-arvad münasibətlərində olmamışlar. Belə ki, nə onun, nə də Cavabdeh nikah bağlanan zaman könüllü razılığı olmuşdur. Hər ikisi valideyinlərinin təsiri altında və məcburiyyət nəticəsində rəsmi nikaha daxil olmuşlar. Daha sonra Cavabdeh Almaniya Federativ Respublikasına getmiş, hal-hazırda da orada yaşayır və işləyir. Hesab edir ki, onların könüllü razılığı olmadan, yəni məcburiyyət nəticəsində nikah bağlandığı üçün bağlanan nikah etibarsız sayılmalıdır. Bu səbəbdən də, o, Cavabdeh qarşı “nikahın etibarsız sayılması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmək qərarına gəlmişdir. Bütün bunları nəzərə alaraq, Cavabdeh ilə bağlanmış 07 oktyabr 2024-cü il tarixli rəsmi nikahın etibarsız sayılması barədə məhkəmə tərəfindən qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh nümayəndəsi Nümayəndə iddia tələbini qəbul edərək, izahatında bildirmişdir ki, hüquqlarını təmsil etdiyi Cavabdeh onun oğlu, İddiaçı isə onun qardaşının qızıdır. Məlum olduğu kimi, Cavabdeh İddiaçı ilə 07 oktyabr 2024-cü il tarixdə rəsmi nikaha daxil olmuşdur. Belə ki, Hürü xanım onun qardaşının qızı olduğu üçün oğlu Ruslanın onun ilə ailə qurmasını istəmişdir. Həm onun özü və arvadı, həm də Hürü xanımın valideynləri hər iki gənci bir-biri ilə ailə qurması üçün onları məcbur etmişlər. Beləliklə, həm İddiaçı, həm də Cavabdeh məhz valideynlərin təsiri altında və məcburiyyət nəticəsində rəsmi nikaha daxil olmuşlar. Onlar rəsmi nikaha daxil olsalar da, lakin el adəti üzrə toy mərasimi olmamış, faktiki ailə qurmamış, ər-arvad kimi birgə yaşamış, ümumiyyətlə ər-arvad münasibətlərində olmamışdır. Daha sonra Cavabdeh Almaniya Federativ Respublikasına getmiş, hal-hazırda da orada yaşayır və işləyir. Ümumiyyətlə, hesab edir ki, tərəflərin könüllü razılığı olmadan, yəni məcburiyyət nəticəsində nikah bağlandığı üçün bağlanan nikah etibarsız sayılmalıdır. Bu səbəbdən də, o, İddiaçı Cavabdeh qarşı irəli sürdüyü “nikahın etibarsız sayılması” tələbinə dair iddiasını qəbul edir. Bütün bunları nəzərə alaraq, İddiaçı Cavabdeh qarşı irəli sürdüyü “nikahın etibarsız sayılması” tələbinə dair iddianın təmin edilməsi barədə məhkəmə tərəfindən qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə tərəflərin izahatını və şahidlərin ifadəsini dinləyib, iş üzrə təqdim edilmiş sübutları məcmu halında tam, hərtərəfli, obyektiv araşdırıb və hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi əsaslı olduğu üçün təmin edilməlidir. İş materiallarında olan AZ İİ 640903 №-li, 07 oktyabr 2024-cü il tarixli nikah haqqında şəhadətnamədən görünür ki, Cavabdeh ilə X6 arasında 07 oktyabr 2024-cü il tarixdə rəsmi nikah bağlanmış, rəsmi nikah bağlanmış, bu barədə akt qeydləri kitabında 1294 № ilə qeyd edilmiş və nikah bağlandıqdan sonra arvada “Məhərrəmli” soyadı verilmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X3 ifadəsində bildirmişdir ki, İddiaçı onun qızı, Cavabdeh isə qardaşının oğludur. Cavabdeh İddiaçı ilə 07 oktyabr 2024-cü il tarixdə rəsmi nikaha daxil olmuşdur. Belə ki, Ruslan qardaşının oğlu olduğu üçün qızı Hürü xanımın onun ilə ailə qurmasını istəmişdir. Həm onun özü və arvadı, həm də Ruslanın valideynləri hər iki gənci bir-biri ilə ailə qurması üçün onları məcbur etmişlər. Ümumiyyətlə, həm Cavabdeh, həm də İddiaçı məhz valideynlərin təsiri altında və məcburiyyət nəticəsində rəsmi nikaha daxil olmuşlar, nikah bağlanan zaman onların könüllü razılığı olmamışdır. Onu da qeyd edir ki, onlar rəsmi nikaha daxil olsalar da, lakin el adəti üzrə toy mərasimi olmamış, faktiki ailə qurmamış, ər-arvad kimi birgə yaşamış, ümumiyyətlə ər-arvad münasibətlərində olmamışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş X7 və X2 hər biri ayrı-ayrılıqda şahid X1 ifadəsi ilə eyni məzmunlu ifadə vermişlər. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 1.3-cü maddəsinə əsasən ailə qanunvericiliyi ailənin möhkəmləndirilməsi zəruriyyətindən, ailə münasibətlərinin qarşılıqlı məhəbbət və hörmət hissləri əsasında qurulmasından, ailənin işinə hər kəsin qarışmasının yolverilməzliyindən, ailə üzvlərinin ailə qarşısında qarşılıqlı yardım və məsuliyyətindən, onların hüquqlarının maneəsiz həyata keçirilməsinin təmin olunmasından və bu hüquqların məhkəmədə müdafiəsi imkanlarından irəli gəlir. Həmin Məcəllənin 3.0-ci maddəsinə əsasən bu Məcəllənin vəzifələri aşağıdakılardır: 3.0.1. ailənin ümumbəşəri prinsiplər əsasında qurulması; 3.0.2. ailə münasibətlərinin qadın və kişinin könüllü nikah ittifaqı, bütün ailə üzvlərinin maddi mülahizələrdən azad olan qarşılıqlı məhəbbəti, dostluğu və hörmət hissləri əsasında qurulması; 3.0.3. ailədə uşaqların ictimai tərbiyə ilə üzvi əlaqədar şəkildə vətənə sədaqət ruhunda tərbiyə edilməsi; 3.0.4. ana və uşaqların mənafeyinin hərtərəfli müdafiəsi və hər bir uşağın xoşbəxt həyatının təmin edilməsi; 3.0.5. ailə münasibətlərində zərərli adətlərin aradan qaldırılması; 3.0.6. uşaqlarda ailə və cəmiyyət qarşısında məsuliyyət hissinin tərbiyə edilməsi. Həmin Məcəllənin 25.1-ci maddəsinə əsasən bu məcəllənin 10 - 12-ci maddələrində və 13.7-ci maddəsində nəzərdə tutulmuş şərtlər pozulduqda, eləcə də tərəflərdən birinin və ya hər ikisinin ailə qurmaq niyyəti olmadıqda bağlanan nikah (saxta nikah) etibarsız sayılır. Həmin Məcəllənin 25.2-ci maddəsinə əsasən nikah məhkəmə qaydasında etibarsız sayılır. Həmin Məcəllənin 25.4-cü maddəsinə əsasən etibarsız hesab edilmiş nikah onun bağlandığı gündən etibarsız sayılır. Həmin Məcəllənin 26.1.3-cü maddəsinə əsasən nikah tərəflərdən birinin könüllü razılığı olmadan, yəni məcburiyyət, aldatma, yanılma nəticəsində və ya nikaha daxil olan şəxs nikahın bağlanmasının dövlət qeydiyyatı anında öz hərəkətlərinin mahiyyətini anlamaq və onları idarə etmək iqtidarında olmadıqda bağlanarsa, nikah bağlanarkən hüquqları pozulmuş ər (arvad) nikahın etibarsız sayılmasını tələb etmək hüququna malikdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 52.5-ci maddəsinə əsasən iddiaçının iddiadan imtina etməsi, iddianın cavabdeh tərəfindən etiraf edilməsi və tərəflərin barışıq sazişi qanuna zidd olarsa və ya hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozarsa, məhkəmə belə hərəkətləri qəbul etmir. Belə hallarda məhkəmə mübahisəyə mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasına tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə yuxarıda göstərilən qanunvericilik aktı normalarına əsasən hesab edir ki, tərəflərin könüllü razılığı olmadan, yəni məcburiyyət nəticəsində nikahın bağlanması və nikah bağlandıqdan sonra tərəflərin faktiki ər-arvad kimi birgə yaşamaması faktı məhkəmə tədqiqi zamanı mötəbər sübutlarla öz təsdiqini tapdığı, eləcə də iddia tələbi cavabdeh tərəfindən etiraf edildiyi, bu etiraf qanuna zidd olmadığı və ya hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozmadığı üçün iddia təmin edilməli, tərəflər arasında bağlanmış rəsmi nikah etibarsız sayılmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh ilə İddiaçı arasında bağlanmış və 1 saylı Bakı “ASAN Xidmət” X8 tərəfindən nikahın bağlanması haqqında akt qeydləri kitabında 1294 № ilə qeyd edilmiş, 07 oktyabr 2024-cü il tarixli nikah etibarsız sayılsın. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Cəbrayıl Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim: Tərlan Nüsrətov
Məhkəmə qərarları › İş №2(072)-349/2025
Cəbrayıl Rayon Məhkəməsi Qətnamə — İş №2(072)-349/2025
12.06.2025 · Ailə münasibətləri üzrə mübahisələr - Nikahın etibarsız sayılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver