Azərbaycan Respublikası adından QƏTNAMƏ Biləsuvar rayonu İş № 2(072)-514/2023 03.11.2023 CƏBRAYIL RAYON MƏHKƏMƏSİ Hakim: Nüsrətov Tərlan Vaqif oğlunun sədrliyi, Məhkəmə iclasının katibi: Əliyev Asəf Seyfəddin oğlunun katibliyi, İddiaçı: Əhmədova (Tahirova) Almaz Müzəffər qızının, Cavabdeh: Cavabdeh, Üçüncü şəxs Azərbaycan Respublikası Qaçqınların və X9 üzrə Dövlət Komitəsi Mənzil İstismar Departamentinin Biləsuvar Rayonu Mənzil Kommunal İstismar sahəsinin nümayəndəsi: X10 iştirakı ilə, İddiaçı Əhmədova (Tahirova) Almaz Müzəffər qızının Cavabdeh qarşı “yaşayış sahəsinə köçürülməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Əhmədova (Tahirova) Almaz Müzəffər qızı Cavabdeh qarşı “yaşayış sahəsinə köçürülməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə iclasında iddiaçı Əhmədova (Tahirova) Almaz Müzəffər qızı iddia tələbini müdafiə edərək izahatında bildirmişdir ki, o, Cavabdeh ilə ilk əvvəl qeyri-rəsmi nikaha daxil olaraq ailə qurmuşdur. Onların qeyri-rəsmi nikah münasibətləri 07 mart 2007-ci il tarixdə rəsmiləşdirilmişdir. Onların birgə nikahından 02 dekabr 1999-cu ildə “Nəsir” və 27 mart 2001-ci ildə “Ramilə” adlı 2 (iki) uşağı anadan olmuşdur. Müəyyən ailədaxili səbəblərə görə ilə Cəbrayıl Rayon Məhkəməsinin 2(072)-463/2013 saylı, 27 dekabr 2013-cü il tarixli qətnaməsi ilə onların rəsmi nikahına xitam verilmişdir. Onlar ailə qurduqdan sonra ailə üzvləri ilə birlikdə keçmiş əri Cavabdeh Azərbaycan Respublikası Qaçqınların və X9 üzrə Dövlət Komitəsi Mənzil İstismar Departamenti tərəfindən verilmiş və ünvan 2 yerləşən xüsusi təyinatlı fərdi yaşayış evinə köçmüş və orada yaşamağa başlamışlar. Belə ki, onlar ailə qurduqdan sonra ər-arvad kimi həmin fərdi yaşayış evində yaşamış, birgə təsərrüfat aparmış, əmlakı birgə idarə etmiş və əmlaka birgə sahiblik etmişlər. Hətta ailə quran zaman el adəti üzrə gətirdiyi cehiz əmlakı və birgə nikah dövründə əldə edilmiş digər daşınar əmlak bu günədək həmin evdə yerləşir. Lakin müəyyən ailədaxili mübahisələrə görə Cavabdeh onun həmin yaşayış sahəsinə köçməsinə və orada yaşamasına icazə vermir. Hal-hazırda onun yaşamaq üçün başqa yaşayış yeri yoxdur, maddi cəhətdən çox çətinlik çəkir və başqa ünvanda kirayədə yaşamağa belə maddi imkanı yoxdur. Belə ki, o, qohumlarının evində yaşamaq məcburiyyətində qalmışdır. Tək arzusu ər-arvad kimi birgə yaşadıqları və birgə təsərrüfat apardıqları həmin evdə rahat yaşayaraq, uşaqlarını böyütməsidir. O, dəfələrlə mübahisə predmeti olan həmin yaşayış sahəsinə köçməsi və orada yaşamasına icazə verməsi barədə keçmiç əri Pənaha müraciət etmiş, lakin müraciətinin heç bir müsbət nəticəsi olmamışdır. Hesab edir ki, onun yaşayış sahəsindən istifadə hüququ Cavabdeh tərəfindən kobud şəkildə pozulmuşdur. Bu səbəbdən də, o, Cavabdeh qarşı “yaşayış sahəsinə köçürülməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmək qərarına gəlmişdir. Bütün bunları nəzərə alaraq, özünün ünvan 2 yerləşən 1 (bir) mərtəbədən və 2 (iki) otaqdan ibarət olan fərdi yaşayış sahəsinə köçürülməsi barədə məhkəmə tərəfindən qətnamə qəbul edilməsini xahiş etmişdir Məhkəmə iclasında Cavabdeh iddia tələbini rədd edərək, izahatında bildirmişdir ki, iddiaçı Əhmədova (Tahirova) Almaz Müzəffər qızı onun keçmiş arvadıdır. Belə ki, onlar ilk əvvəl qeyri-rəsmi nikaha daxil olaraq, ailə qurmuş və qeyri-rəsmi nikah münasibətləri 07 mart 2007-ci il tarixdə rəsmiləşdirilmişdir. Onların birgə nikahından 2 (iki) uşağı-02 dekabr 1999-cu ildə X13 və 27 mart 2001-ci ildə X11 anadan olmuşdur. Müəyyən ailədaxili səbəblərə görə ilə Cəbrayıl Rayon Məhkəməsinin2(072)-463/2013 saylı, 27 dekabr 2013cü il tarixli qətnaməsi ilə onların rəsmi nikahına xitam verilmişdir. Eyni zamanda bildirir ki, Azərbaycan Respublikası Qaçqınların və X9 üzrə Dövlət Komitəsi Mənzil İstismar Departamenti ilə bağlanmış 158 saylı, 25 noyabr 2008-ci il tarixli müqaviləyə əsasən Azərbaycan Respublikası Qaçqınların və X9 üzrə Dövlət Komitəsi Mənzil İstismar Departamenti tərəfindən ünvan 2 yerləşən 1 (bir) mərtəbədən və 2 (iki) otaqdan ibarət olan xüsusi təyinatlı fərdi yaşayış evi onun sahibliyinə və istifadəsinə verilmişdir. Düzdür, ailə qurduqdan sonra ailə üzvləri ilə birlikdə həmin fərdi yaşayış evinə köçmüş, ər-arvad kimi həmin fərdi yaşayış evində yaşamış, birgə təsərrüfat aparmış, əmlakı birgə idarə etmiş və əmlaka birgə sahiblik etmişlər. Hətta ailə quran zaman el adəti üzrə Almaz xanımın gətirdiyi cehiz əmlakı və birgə nikah dövründə əldə edilmiş digər daşınar əmlak bu günədək həmin evdə yerləşir. Lakin müəyyən ailədaxili mübahisələrə görə o, iddiaçı Əhmədova (Tahirova) Almaz Müzəffər qızı həmin yaşayış sahəsinə köçməsinə və orada yaşamasına razı deyildir. Bütün bunları nəzərə alaraq, iddiaçı Əhmədova (Tahirova) Almaz Müzəffər qızının ona qarşı “yaşayış sahəsinə köçürülməsi” tələbinə dair iddianın rədd edilməsi barədə məhkəmə tərəfindən qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında Azərbaycan Respublikası Qaçqınların və X9 üzrə Dövlət Komitəsi Mənzil İstismar Departamentinin Biləsuvar Rayonu Mənzil Kommunal İstismar Sahəsinin nümayəndəsi X15 izahatında bildirmişdir ki, Azərbaycan Respublikası Qaçqınların və X9 üzrə Dövlət Komitəsi Mənzil İstismar Departamenti ilə bağlanmış 158 saylı, 25 noyabr 2008-ci il tarixli müqaviləyə əsasən Azərbaycan Respublikası Qaçqınların və X9 üzrə Dövlət Komitəsi Mənzil İstismar Departamenti tərəfindən ünvan 2 yerləşən 1 (bir) mərtəbədən və 2 (iki) otaqdan ibarət olan xüsusi təyinatlı fərdi yaşayış evi Cavabdeh sahibliyinə və istifadəsinə verilmişdir. Hal-hazırda iddiaçı Əhmədova (Tahirova) Almaz Müzəffər qızı keçmiş əri Cavabdeh, övladları X13 və X11 ilə birlikdə ünvan 2 Cəbrayıl rayonu işğaldan azad olunanadək müvəqqəti məskunlaşmışdır. Eyni zamanda bildirir ki, Azərbaycan Respublikası Qaçqınların və X9 üzrə Dövlət Komitəsi Mənzil İstismar Departamenti ilə Cavabdeh arasında bağlanmış 158 saylı, 25 noyabr 2008-ci il tarixli müqavilə qüvvədədir, müqavilə ləğv edilməmiş və ya müqaviləyə xitam verilməmişdir. Bütün bunları nəzərə alaraq, iddiaçı Əhmədova (Tahirova) Almaz Müzəffər qızının Cavabdeh qarşı “yaşayış sahəsinə köçürülməsi” tələbinə dair Qanunvericiliklə nəzərdə tutulmuş qaydada məhkəmə tərəfindən qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə tərəflərin və üçüncü şəxsin nümayəndəsinin izahatını dinləyib, iş materiallarını tam, obyektiv və hərtərəfli araşdırıb və iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi əsaslı olduğu üçün təmin edilməlidir. İş materiallarında olan müvafiq qaydada təsdiq edilmiş İ-AZ 093506 №-li 03 yanvar 2000-ci il tarixli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, Cavabdeh ilə İddiaçı birgə nikahından 02 dekabr 1999-cu ildə “X13” adında uşaqları anadan olmuşdur. İş materiallarında olan müvafiq qaydada təsdiq edilmiş AZ-İ 186156 №-li 17 aprel 2002-ci il tarixli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, Cavabdeh ilə İddiaçı birgə nikahından 27 mart 2002-ci ildə “X11” adında uşaqları anadan olmuşdur. İş materiallarında olan müvafiq qaydada təsdiq edilmiş Cəbrayıl Rayon Məhkəməsinin 2(072)-463/2013 saylı, 27 dekabr 2013-cü il tarixli qətnaməsinin surətindən görünür ki, Cavabdeh ilə X5 arasında bağlanmış rəsmi nikaha xitam verilməsi, rəsmi nikahlarından 02 dekabr 1999-cu ildə anadan olmuş X7 və 27 mart 2001-ci ildə anadan olmuş X4 iddiaçı X1 yanında saxlanması və onların yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay Cavabdeh qazancında hər bir uşağa görə 93 (doxsan üç) AZN sabit pul məbləğində, ümumilikdə 186 (yüz səksən altı) AZN sabit pul məbləğində alimentin tutularaq iddiaçı X1 xeyrinə ödənilməsi qət edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Qaçqınların və X9 üzrə Dövlət Komitəsi Mənzil İstismar Departamenti ilə Cavabdeh arasında bağlanmış 158 saylı, 25 noyabr 2008-ci il tarixli müqavilənin surətindən görünür ki, Azərbaycan Respublikası Qaçqınların və X9 üzrə Dövlət Komitəsi Mənzil İstismar Departamenti tərəfindən ünvan 2 yerləşən 1 (bir) mərtəbədən və 2 (iki) otaqdan ibarət olan xüsusi təyinatlı fərdi yaşayış evi 4 (dörd) nəfər ailə üzvü ilə birlikdə Cəbrayıl rayonu, Dağmaşanlı kəndi işğaldan azad olunanadək müvəqqəti məskunlaşması üçün Cavabdeh sahibliyinə və istifadəsinə verilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Qaçqınların və X9 üzrə Dövlət Komitəsi Mənzil İstismar Departamentinin Biləsuvar Rayonu Mənzil Kommunal İstismar Sahəsinin 1093 saylı, 07 iyul 2023-cü il tarixli arayışından görünür ki, Əhmədova (Tahirova) X2 rayonu, 10 saylı qəsəbə, ev 158 ünvanda ünvanda yaşayır. İş materiallarında olan Azərbaycan Respublikası Qaçqınların və X9 üzrə Dövlət Komitəsi Mənzil İstismar Departamentinin Biləsuvar Rayonu Mənzil Kommunal İstismar Sahəsinin 1616 saylı, 06 sentyabr 2023-cü il tarixli arayışından görünür ki, Əhmədov X8 rayonu, 10 saylı qəsəbə, ev 158 ünvanda ünvanda yaşayır. İş materiallarında olan Azərbaycan Respublikası Qaçqınların və X9 üzrə Dövlət Komitəsi Mənzil İstismar Departamentinin Biləsuvar Rayonu Mənzil Kommunal İstismar Sahəsinin 104 saylı, 11 oktyabr 2023-cü il tarixli məktubdan görünür ki, Azərbaycan Respublikası Qaçqınların və X9 üzrə Dövlət Komitəsi Mənzil İstismar Departamenti ilə Cavabdeh arasında bağlanmış 158 saylı, 25 noyabr 2008-ci il tarixli müqavilə qüvvədədir və müqaviləyə xitam verilməmişdir. Məhkəmə irəli sürülmüş iddia tələbi ilə bağlı aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Məhkəmə tədqiqi zamanı müəyyən edilmişdir ki, iddiaçı Əhmədova (Tahirova) Almaz Müzəffər qızı ilə Cavabdeh rəsmi nikaha daxil olaraq, ailə qurmuş və onların birgə nikahından 02 dekabr 1999-cu ildə “Nəsir” və 27 mart 2002-ci ildə “Ramilə” 2 (iki) uşağı olmuşdur. Bundan başqa, Cəbrayıl Rayon Məhkəməsinin 2(072)-463/2013 saylı, 27 dekabr 2013-cü il tarixli qətnaməsi ilə Cavabdeh ilə Əhmədova (Tahirova) Almaz Müzəffər qızı arasında bağlanmış rəsmi nikaha xitam verilməsi, rəsmi nikahlarından 02 dekabr 1999-cu ildə anadan olmuş X7 və 27 mart 2001-ci ildə anadan olmuş X4 iddiaçı Əhmədova (Tahirova) Almaz Müzəffər qızının yanında saxlanması və onların yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay Cavabdeh qazancında hər bir uşağa görə 93 (doxsan üç) AZN sabit pul məbləğində, ümumilikdə 186 (yüz səksən altı) AZN sabit pul məbləğində alimentin tutularaq iddiaçı Əhmədova (Tahirova) Almaz Müzəffər qızının xeyrinə ödənilməsi qət edilmişdir. Bundan başqa, Azərbaycan Respublikası Qaçqınların və X9 üzrə Dövlət Komitəsi Mənzil İstismar Departamenti ilə Cavabdeh arasında bağlanmış 158 saylı, 25 noyabr 2008-ci il tarixli müqaviləyə əsasən Azərbaycan Respublikası Qaçqınların və X9 üzrə Dövlət Komitəsi Mənzil İstismar Departamenti tərəfindən ünvan 2 yerləşən 1 (bir) mərtəbədən və 2 (iki) otaqdan ibarət olan xüsusi təyinatlı fərdi yaşayış evi 4 (dörd) nəfər ailə üzvü ilə birlikdə Cəbrayıl rayonu, Dağmaşanlı kəndi işğaldan azad olunanadək müvəqqəti məskunlaşması üçün Cavabdeh sahibliyinə və istifadəsinə verilmiş, müqavilə qüvvədədir, müqavilə ləğv edilməmiş və ya müqaviləyə xitam verilməmişdir, eləcə də həmin fərdi yaşayış evi “xüsusi təyinatlı yaşayış sahəsi” statusuna malikdir. Bundan başqa, ünvan 2 yerləşən 2 (iki) otaqlı evdə 2008-ci il tarixdən etibarən faktiki olaraq, iddiaçı Əhmədova (Tahirova) Almaz Müzəffər qızı ilə Cavabdeh birgə istifadəsində olması, onların ər-arvad kimi mübahisə predmeti olan həmin fərdi yaşayış evində yaşaması, birgə təsərrüfat aparması, əmlakı birgə idarə etməklə, əmlaka birgə sahiblik etməsi kimi hallar mülki işin “mübahisəli faktiki halları” kimi qiymətləndirilməlidir. Məhkəmə ilk əvvəl irəli sürülmüş iddia tələbi ilə bağlı hesab edir ki, iddia tələbinin qanuni əsası “əmlak və əşya hüquqları”dır. Belə ki, işin faktiki hallarına əsasən tərəflər arasında mülki hüquqlar və vəzifələr qanunvericiliyin yol verdiyi əsaslar üzrə əmlakın istifadə edilməsindən əmələ gəlmişdir. Tərəflər arasında formalaşmış mülki hüquq münasibətlərinin əsasını “istifadə hüququ və istifadənin müdafiəsi” təşkil edir. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyə əsasən qanunun normasının tərəflərdən birinə (kreditor) digər tərəfdən (borclu) hər hansı bir icranın həyata keçirilməsini və ya həyata keçirilməsini tələb etməyə imkan/əsas verməsi iddia tələbinin qanuni əsası hesab edilir. Həm iddia tələbinin, həm də məhkəmə qərarının qanuni əsası olmalıdır. Yəni borclu barəsində müəyyən məcburetmə tədbirlərinin həyata keçirilməsi tələbinin və məhkəmənin həmin məcburetmə tədbirlərinin həyata keçirilməsinə dair qərarının əsasə qanundan irəli gəlməlidir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 14.1-ci maddəsinə əsasən mülki hüquqlar və vəzifələr mülki qanunvericilikdə nəzərdə tutulan əsaslardan, habelə fiziki və hüquqi şəxslərin qanunvericilikdə nəzərdə tutulmasa da, mülki qanunvericiliyin prinsiplərinə görə mülki hüquqlar və vəzifələr doğuran hərəkətlərindən əmələ gəlir. Həmin Məcəllənin 14.2.4-cü maddəsinə əsasən qanunvericiliyin yol verdiyi əsaslar üzrə əmlak əldə edilməsi mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarıdır. Həmin Məcəllənin 14.3-cü maddəsinə əsasən əgər qanunla əmlak hüquqlarının yaranması üçün ayrı qayda nəzərdə tutulmayıbsa, dövlət qeydiyyatına alınmalı əmlak hüquqları onların qeydə alındığı andan əmələ gəlir. Bundan başqa, məhkəmə iddia tələbi ilə bağlı hesab edir ki, iddiaçı Əhmədova (Tahirova) Almaz Müzəffər qızının mübahisə predmeti olan həmin yaşayış sahəsinə dair istifadə hüququ 01 oktyabr 2009-cu il tarixədək yarandığı üçün həmin dövrdə qüvvədə olan Azərbaycan SSR Mənzil Məcəlləsinin müddəaları əsasında hüquqi qiymət verilərək, həll olunmalıdır. Belə ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Azərbaycan SSR Mənzil Məcəlləsinin 53-cü maddəsinin 3-cü hissəsinə əsasən icarədarın ailə üzvləri icarədarın arvadı (əri), onların uşaqları və valideynləri hesab olunur. İcarədar ilə birlikdə yaşayıb onunla ümumi təsərrüfat aparan digər şəxslər də icarədarın ailə üzvləri hesab edilə bilərlər. Həmin Məcəllənin 53-cü maddəsinin 4-cü hissəsinə əsasən bu maddənin üçüncü hissəsində göstərilən vətəndaşlar icarədarın ailə üzvləri sırasından çıxıb onun yaşayış sahəsində yaşamaqda davam etdikdə, icarədarın və onun ailə üzvlərinin eyni hüquq və vəzifələrinə onlar da malik olurlar. Həmin Məcəllənin 54-cü maddəsinin 1-ci hissəsinə əsasən icarədar özü ilə birlikdə yaşayan ailə üzvlərinin razılığı ilə öz arvadını (ərini), uşaqlarını, valideyinlərini, habelə başqa şəxsləri yaşadığı sahəyə köçürmək ixtiyarına malikdir. Həmin Məcəllənin 54-cü maddəsinin 2-ci hissəsinə əsasən həddi-büluğa çatmamış uşaqların öz valideynlərinin yanına köçürülməsi üçün ailə üzvlərinin razılığı tələb edilmir. Həmin Məcəllənin 54-cü maddəsinin 3-cü hissəsinə əsasən icarədar və onunla yaşayan ailə üzvləri arasında başqa saziş olmamışsa, bu maddəyə uyğun olaraq yaşayış sahəsinə köçmüş şəxslər həmin yaşayış sahəsindən burada yaşayan digər şəxslərlə bərabər surətdə istifadə etmək hüququ əldə edirlər. Bundan başqa, məhkəmə hesab edir ki, iddiaçı Əhmədova (Tahirova) Almaz Müzəffər qızı 2007-ci il tarixdə, yəni Azərbaycan Respublikasının Mənzil Məcəlləsinin qüvvəyə minməsindən əvvəl Cavabdeh ilə rəsmi nikaha daxil olaraq ailə qurmaqla, yəni “ər-arvad” statusu əldə edərək, məhz icarədar Cavabdeh razılığı ilə və birlikdə həmin yaşayış sahəsinə köçərək, onunla ümumi təsərrüfat apardığı üçün icarədarın ailə üzvü hesab edilir. Eləcə də, tərəflərin rəsmi nikah münasibətləri Azərbaycan Respublikasının Mənzil Məcəlləsinin qüvvəyə minməsindən sonra da davam etdiyi üçün ailə münasibətləri əsasında mübahisə predmeti olan xüsusi təyinatlı yaşayış sahəsində ər-arvad kimi yaşamağa, birgə təsərrüfat aparmağa, birgə idarə etməklə, əmlaka birgə sahiblik etməyə davam etmişlər. Bununla yanaşı, məhkəmə hesab edir ki, tərəflər arasında hazırda ailə münasibətləri olmasa da, lakin iddiaçı Əhmədova (Tahirova) Almaz Müzəffər qızının xüsusi təyinatlı yaşayış sahəsi statusu daşıyan həmin yaşayış sahəsinə dair Cavabdeh ilə eyni əsaslarla, yəni Azərbaycan Respublikasının mülki qanunvericiliyinə uyğun olaraq birgə sərəncam və digər əqdlər bağlamaq hüququ istisna edilməklə, yaşamaq hüququ vardır. Bu səbəbdən də, iddiaçı Əhmədova (Tahirova) Almaz Müzəffər qızının həmin yaşayış sahəsinə köçürülməsi, Cavabdeh ilə eyni əsaslarla yaşaması heç bir hüquqi nəticə yaratmır və hər hansı şəxsin, o cümlədən, cavabdehin heç bir hüququnu pozmur. Azərbaycan Respublikasının Konstitusiyasının 31-ci maddəsinin İ və İİ hissələrinə əsasən hər kəsin təhlükəsiz yaşamaq hüququ vardır. Qanunda nəzərdə tutulmuş hallar istisna olmaqla, şəxsin həyatına, fiziki və mənəvi sağlamlığına, mülkiyyətinə, mənzilinə qəsd etmək, ona qarşı zor işlətmək qadağandır. Azərbaycan Respublikasının Konstitusiyasının 43-cü maddəsinə əsasən heç kəs yaşadığı mənzildən qanunsuz məhrum edilə bilməz. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 27.1-ci maddəsinə əsasən fiziki şəxsin adətən yaşadığı yer onun yaşayış yeri hesab edilir. Şəxsin bir neçə yaşayış yeri ola bilər. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikasının Qanununun 2-ci maddəsinə əsasən şəxsin yaşayış yeri-tam həcmdə fəaliyyət qabiliyyətli şəxsin mülkiyyətçi kimi icarə və kirayə müqaviləsi üzrə, yaxud Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş digər əsaslarla daimi və ya daha çox yaşadığı ev, mənzil, xidməti yaşayış sahəsi, yataqxana, ahıllar və əlilliyi olan şəxslər üçün sosial xidmət müəssisələri, xüsusi təhsil müəssisələri və digər bu kimi yaşayış yerləri başa düşülür. Azərbaycan Respublikasının Mənzil Məcəlləsinin 2.1-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər mənzil hüquqlarını öz mülahizəsinə görə və mənafeləri üçün həyata keçirir, o cümlədən onlar barəsində sərəncam verir. Fiziki və hüquqi şəxslər müqaviləyə və (və ya) mənzil qanunvericiliyi ilə nəzərdə tutulmuş digər əsaslara görə özlərinin mənzil hüquqlarının müəyyənləşdirilməsində və həyata keçirilməsində azaddırlar. Mənzil hüquqlarını həyata keçirərkən və mənzil münasibətlərindən irəli gələn vəzifələrini yerinə yetirərkən fiziki və hüquqi şəxslər digərlərinin hüquqlarını, azadlıqlarını və qanuni mənafelərini pozmamalıdırlar. Həmin Məcəllənin 2.2-ci maddəsinə əsasən Azərbaycan Respublikasının ərazisində qanuni əsaslarla olan şəxslər mülkiyyətçi, kirayəçi qismində və qanunvericiliklə nəzərdə tutulmuş digər əsaslarla yaşamaq üçün yaşayış sahəsini sərbəst seçmək hüququna malikdirlər. Həmin Məcəllənin 4.0.2-ci maddəsinə əsasən dövlət orqanları və bələdiyyələr öz səlahiyyətləri daxilində mənzil hüquqlarının həyata keçirilməsi üçün şərait yaradır və bu məqsədlə müəyyən edilmiş qaydada sosial kirayə müqavilələri əsasında və ya dövlət və ya bələdiyyə mənzil fondu yaşayış sahələrinin kirayə müqavilələri əsasında vətəndaşları yaşayış sahələri ilə təmin edir. Həmin Məcəllənin 17.2-ci maddəsinə əsasən mülkiyyət formasına görə mənzil fondu aşağıdakılara bölünür: 17.2.1. xüsusi mənzil fondu-fiziki və hüquqi şəxslərin mülkiyyətində olan yaşayış sahələrinin məcmusu; 17.2.2. dövlət mənzil fondu-mülkiyyət hüququ əsasında Azərbaycan Respublikasına məxsus olan yaşayış sahələrinin məcmusu; 17.2.3. bələdiyyə mənzil fondu-bələdiyyələrə mülkiyyət hüququ əsasında məxsus olan yaşayış sahələrinin məcmusu. Həmin Məcəllənin 17.3-cü maddəsinə əsasən istifadə məqsədlərinə görə dövlət və bələdiyyə mənzil fondu aşağıdakılara bölünür: 17.3.1. sosial təyinatlı mənzil fondu-dövlət və bələdiyyə mənzil fondlarından sosial kirayə müqavilələri əsasında vətəndaşlara verilən yaşayış sahələrinin məcmusu; 17.3.2. xüsusi təyinatlı mənzil fondu-bu Məcəllənin X fəslinin qaydalarına uyğun olaraq verilən ayrı-ayrı kateqoriyalardan olan vətəndaşların yaşaması üçün nəzərdə tutulmuş dövlət və bələdiyyə mənzil fondlarının yaşayış sahələrinin məcmusu. Həmin Məcəllənin 91.1.5-ci maddəsinə əsasən məcburi köçkünlərin müvəqqəti yerləşdirilməsi fondunun yaşayış sahələri xüsusi təyinatlı mənzil fondunun yaşayış sahələrinə aiddir. Həmin Məcəllənin 98.1-ci maddəsinə əsasən ayrı-ayrı kateqoriyalardan olan vətəndaşların sosial müdafiəsi üçün əvəzsiz istifadə müqavilələri əsasında verilən yaşayış sahələri istisna olmaqla, xüsusi təyinatlı yaşayış sahələri onların mülkiyyətçilərinin (mülkiyyətçilərin adından çıxış edən səlahiyyətli dövlət orqanı və ya bələdiyyələrin) və ya onların səlahiyyətli şəxslərinin qərarları ilə xüsusi təyinatlı yaşayış sahələrinin kirayə müqavilələri əsasında verilir. Həmin Məcəllənin 99.1-ci maddəsinə əsasən xüsusi təyinatlı yaşayış sahəsinin kirayə müqaviləsinə görə bir tərəf xüsusi təyinatlı yaşayış sahəsinin mülkiyyətçisi (mülkiyyətçinin adından çıxış edən səlahiyyətli dövlət və ya bələdiyyə orqanı) və ya onun səlahiyyətli şəxsi (kirayəyə verən) həmin yaşayış sahəsini haqqı ödənilməklə müvəqqəti yaşamaq üçün digər tərəfə - vətəndaşın (kirayəçinin) sahibliyinə və istifadəsinə verir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında 30 mart 2006-cı il tarixli qərarında qeyd edilmişdir ki, məhkəmələr ədalət mühakiməsini həyata keçirərkən, dövlətin Konvensiya əsasında üzərinə götürdüyü öhdəliklərin yerinə yetirilməsini təmin etməlidirlər. “İnsan hüquqlarının və X3 haqqında” Avropa Konvensiyasının 1 saylı Protokolunun 1-ci maddəsinin 1-ci hissəsinə görə hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən dinc (maneəsiz) istifadə hüququna malikdir. Avropa İnsan Hüquqları Məhkəməsinin “X6rşı” iş üzrə 24 noyabr 1986-cı il tarixli qərarında qeyd edilmişdir ki, “İnsan Hüquqlarının və X3 haqqında” Avropa Konvensiyasının 8-ci maddəsinin mənası baxımından 19 il həmin evdə yaşamayan şəxslər həmin evi öz mənzilləri adlandıra bilərlər. Bu nəticə belə bir fakta əsaslanır ki, uzun müddət həmin evdə yaşamadıqlarına baxmayaraq, ərizəçilərin həmişə ora qayıtmaq fikirləri vardır və mənzilin kirayəçiləri ilə daimi əlaqələri mövcud idi ki, həmin əlaqələr onların evini öz mənzili hesab etmək üçün yetərli idi. Avropa İnsan Hüquqları Məhkəməsinin “Önəryıldız Türkiyəyə qarşı” iş üzrə 30 noyabr 2004-cü il tarixli qərarında qeyd edilmişdir ki, “İnsan Hüquqlarının və X3 haqqında” Avropa Konvensiyasının 1 saylı Protokolunun 1-ci maddəsinin 1-ci hissəsində “mülkiyyət” anlayışı fiziki mallar üzərində mülkiyyətlə məhdudlaşmayan müstəqil mənaya malikdir və daxili qanunvericilikdəki formal təsnifatdan asılı deyil: məsələ bütövlükdə nəzərdən keçirilən işin halları ilə həmin maddə əsasında müdafiə olunan əhəmiyyətli mənafelər üzərində titulun ərizəçiyə təqdim edilib-edilməməsinin müəyyənləşdirilməsindən ibarətdir. Müvafiq olaraq, bu müddəanın məqsədləri üçün fiziki mallarla yanaşı, əmlak təşkil edən bəzi digər hüquqlar və maraqlar da “əmlak hüquqları” və beləliklə, “mülkiyyət” kimi qiymətləndirilə bilər. “Mülkiyyət” anlayışı “mövcud mülkiyyət”lə məhdudlaşmır və ərizəçinin maraqlarını, o cümlədən mülkiyyət hüququnun səmərəli həyata keçirilməsinin əldə olunmasına ən azı əsaslı və “qanuni gözləntiyə” malik olduğuna dair tələblərini də ehtiva edə bilər. “İnsan hüquqlarının və X3 haqqında” Avropa Konvensiyasının 8-ci maddəsi ilə bağlı Avropa İnsan Hüquqları Məhkəməsinin hüquqi mövqeyinə əsasən “mənzil” termini müstəqil məna daşıyan anlayış kimi başa düşülür. Bu o deməkdir ki, konkret yaşayış sahəsinin və ya digər məkanın Konvensiyada nəzərdə tutulan mənada “mənzil” hesab edilməsinin mümkünlüyünü müəyyənləşdirmək üçün işin konkret halları araşdırılmalıdır. Ümimiyyətlə, “mənzil” anlayışı şəxsin daimi yaşadığı və ya yetərli və davamlı əlaqəsi olduğu məkanı bildirir. Mübahisənin (şikayət) Konvensiyanın 8-ci maddəsinin tətbiq dairəsinə düşməsi üçün mülkiyyət hüququnun mövcudluğu, eləcə də şəxsin yaşadığı məkanın qanun əsasında “mənzil” hesab edilməsi zəruri və ya yetərli deyildir. Bundan başqa, məhkəmə iddia tələbi ilə bağlı hesab edir ki, iddiaçı Əhmədova (Tahirova) Almaz Müzəffər qızının iddia ərizəsində qeyd etdiyi işin mübahisəli faktiki halları məhkəmə tədqiqi zamanı öz təsdiqini tapdığı üçün iddia tələbi təmin edilməlidir. Belə ki, iddiaçı Əhmədova (Tahirova) Almaz Müzəffər qızı iddia tələbinin əsası kimi istinad etdiyi və işin mübahisəli faktiki hallarını əsaslandıra bilmiş və bununla bağlı məhkəməyə mötəbər sübutlar təqdim etmişdir. Ümumiyyətlə, iddiaçı Əhmədova (Tahirova) Almaz Müzəffər qızının iddia tələbinin əsası kimi istinad etdiyi işin mübahisəli faktiki halları formal mülahizələrə deyil, kifayət qədər güclü, aydın, bir-birinə uyğun və təkzib olunmaz faktlara əsaslanır və gətirdiyi dəlillər əsaslı hesab edilməlidir. Bununla yanaşı, məhkəmə hesab edir ki, Cavabdeh etirazının əsaslarını maddi hüquq normaları ilə əsaslandıra bilməmiş, iddia tələbinə qarşı etirazın əsası kimi istinad etdiyi və işin mübahisəli faktiki hallarını əsaslandıra bilməmiş və bununla bağlı məhkəməyə heç bir mötəbər sübut təqdim edə bilməmişdir. Belə ki, Cavabdeh izahatında istinad etdiyi hallar kifayət qədər güclü, aydın, bir-birinə uyğun və təkzib olunmaz faktlara deyil, yalnız formal mülahizələrə əsaslanmış və gətirdiyi dəlillər əsaslı hesab edilə bilməz. Azərbaycan Respublikasının Mülki Prosessual Qanunvericiliyə əsasən hər bir tərəf məhkəmədə irəli sürdüyü öz tələblərini və etirazlarını əsaslandırmalı, öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsini 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 80-ci maddəsinə əsasən məhkəmə işin gedişinə təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və Həmin Məcəllənin 81-ci maddəsinə əsasən qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən görə məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “S.Əliyevanın şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə kollegiyasının 28 dekabr 2004-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 31 may 2006-cı il tarixli Qərarında qeyd edilmişdir ki, mülki-prosessual qanunvericiliyin göstərilən müddəalarından irəli gələrək məhkəmə, özü tərəfindən müəyyən olunmuş işin hallarını və qənaətini formalaşdıran sübutları, bu və ya digər sübutları rədd etmək üçün istinad etdiyi dəlilləri və rəhbər tutduğu qanunları qətnamədə göstərməklə onu hüquqi cəhətdən əsaslandırmalıdır. Məhkəmə sübutları sadalamaqla kifayətlənməməli, hər bir sübutun, o cümlədən şahid ifadələrinin məzmunu qətnamədə şərh edilməli, sübutlar əlaqələndirilməli, araşdırılan sübutların qəbul edilib-edilməməsinin səbəbləri aydın göstərilməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “F.Şirinovun şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 29 dekabr 2015-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 16 noyabr 2016-cı il tarixli Qərarında qeyd edilmişdir ki, məhkəmənin həqiqətə nail olması üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradılmaması, sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra hüquq normalarına müvafiq olaraq qiymətləndirilməməsi və bununla da qəbul edilən məhkəmə aktlarının qanunilik və əsaslılıq meyarlarına cavab verməməsi bu aktların əsaslı olmasını şübhə altına alır. Avropa İnsan Hüquqları Məhkəməsinin “Mahmudov Rusiyaya qarşı” iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında qeyd edilmişdir ki, Kovnensiya prosedurları çərçivəsində sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti incumbit probation (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər. Avropa İnsan Hüquqları Məhkəməsinin “Qavazov Bolqarıstana qarşı” iş üzrə 06 mart 2008-ci il tarixli qərarında qeyd edilmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq edilir. Avropa İnsan Hüquqları Məhkəməsinin “Avşar Türkiyəyə qarşı” iş üzrə qərarında qeyd edilmişdir ki, sübutları qiymətləndirilən zaman məhkəmə “əsaslı şübhələr yaratmayan” sübut standartını qəbul edir. Belə sübut kifayət qədər inandırıcı, aydın və birbirinə uyğun gələn məntiqi nəticələrin və ya faktlarla bağlı oxşar, təkzib edilməyən ehtimalların mövcudluğundan irəli gələ bilər. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyə əsasən iddia üzrə iddiaçının tələbləri bilavasitə sübutemə yükü ilə bağlıdır. İşin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qərarının qanuniliyinin və əsaslılığının əsas göstəricisi olduğu nəzərə alınsa, bu institut xüsusi əhəmiyyət kəsb edir. Belə ki, hər bir tərəf məhkəmədə irəli sürdüyü öz tələblərini və etirazlarını əsaslandırmalı, öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Hakimə bütövlükdə işin faktiki hallarını təqdim etmək və qarşı tərəfin məruzəsinə öz fikirlərini birdirmək tərəflərin vəzifəsidir. Bir qayda olaraq, tərəflər özü üçün əlverişli olan halları sübut etməlidir. Sübut etməli olan tərəf özü üçün əlverişli olan halları sübut edə bilmirsə, bu, onun ziyanınadır. Bu, üzərinə sübutetmə vəzifəsi düşən tərəfin, ümumiyyətlə, sübut təqdim etmədiyi və ya təqdim etdiyi sübutların hakimi inandıra bilmədiyi hallarda baş verir. Belə olduğu təqdirdə, hakim irəli sürülmüş iddianı təmin edəcək. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Beləliklə, məhkəmə yuxarıda göstərilən qanunvericilik aktı normalarına əsasən hesab edir ki, 1. Sübutetmə yükünün bölüşdürülməsi qaydasına əsasən iddiaçı tərəf iddia tələbinin əsası kimi istinad etdiyi və mülki işin mübahisəli faktiki hallarını əsaslandıra bildiyi, bununla bağlı məhkəməyə mötəbər sübut təqdim etdiyi və eləcə də bu hallar məhkəmə tədqiqi zamanı mötəbər sübutlarla öz təsdiqini tapdığı; 2. Mübahisə predmeti olan ünvan 2 yerləşən fərdi yaşayış evində tərəflər birgə nikah dövründə ər-arvad kimi yaşadığı, ümumi qazancı (gəlirləri) hesabına birgə təsərrüfat apardığı, əmlakı birgə idarə edildiyi; 3. İddiaçı Əhmədova (Tahirova) Almaz Müzəffər qızının həmin yaşayış sahəsinə köçürülməsi, Cavabdeh ilə eyni əsaslarla yaşaması heç bir hüquqi nəticə yaratmadığı, eləcə də hər hansı şəxsin, o cümlədən cavabdehin heç bir hüququnu pozmadığı üçün iddia təmin edilməli və iddiaçı Əhmədova (Tahirova) X2 rayonu, 10 saylı qəsəbə, ev 158 ünvanda yerləşən 1 (bir) mərtəbədən və 2 (iki) otaqdan ibarət olan fərdi yaşayış sahəsinə köçürülməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Yuxarıda göstərilənlərinə əsasən və Azərbaycan Respublikasının MPM-nin 216-220, 360-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. İddiaçı Əhmədova (Tahirova) X2 rayonu, 10 saylı qəsəbə, ev 158 ünvanda yerləşən 1 (bir) mərtəbədən və 2 (iki) otaqdan ibarət olan fərdi yaşayış sahəsinə köçürülsün. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Cəbrayıl Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim: Tərlan Nüsrətov
Məhkəmə qərarları › İş №2(072)-514/2023
Cəbrayıl Rayon Məhkəməsi Qətnamə — İş №2(072)-514/2023
03.11.2023 · Mənzil mübahisələri - Mənzilə köçürmə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver