Məhkəmə qərarları › İş №2(073)-106/2025

Cəlilabad Rayon Məhkəməsi Qətnamə — İş №2(073)-106/2025

04.07.2025 · Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Cəlilabad rayonu İş № 2(073)-106/2025 04.07.2025 CƏLİLABAD RAYON MƏHKƏMƏSİ Hakim Vəliyev Osman Akif oğlunun sədrliyi, Abbasbəyli Ababs Mehdi oğlunun katibliyi, İddiaçı, Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı zəbt olunmuş pay torpağının geri qaytarılması tələbinə dair iddiası üzrə mülki işə Cəlilabad Rayon Məhkəməsinin binasında, məhkəmə iclas zalında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı zəbt olunmuş pay torpağının geri qaytarılması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh iddiaçının pay torpağından çıxarılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsinə əsasən, iddiaçı və ailə üzvlərinə məxsus pay torpağını iddiaçı X7 icarəyə vermişdir. X9 dünyasını dəyişib və icarə müqaviləsi qanuni qüvvəsini itirib. O (iddiaçı), notariat idarəsində müqaviləni ləğv etmişdir. Lakin buna baxmayaraq X5 oğlu Cavabdeh ona və ailə üzvlərinə məxsus pay torpağını geri qaytarmır. Ailə üzvləri pay torpağını əkib becərmək istəyirlər. Amma cavabdeh buna imkan vermir. Buna görə də məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Qeyd edilənlərin nəzərə alınaraq iddianın təmin edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı iddianı müdafiə edərək, verdiyi izahatında göstərmişdir ki, cavabdehin anasına notarial qaydada etibarnamə vermişdir, faktiki olaraq isə torpağı cavabdehin anasına icarəyə vermişdir. Müəyyən qədər icarə haqqı da alıb. Sonradan cavabdehin anası Quliyeva Zərifə vəfat etmişdir, etibarnamə avtomatik qüvvəsini itirmişdir, hətta bunun üçün notariat ofisinə də müraciət edərək etibarnaməni ləğv etmişdir. Hazırda isə özü öz torpağından istifadə etmək niyyətindədir, lakin cavabdeh buna imkan vermir. Cavabdeh iddia edir ki, torpaq sahəsi onundur, pul qarşılığında sağlığında anası alıb. Lakin o, torpağı sadəcə cavabdehin anasına icarəyə vermişdi. Torpağın digər mülkiyyətçiləri onun ailə üzvləri və keçmiş arvadıdır. İddianın təmin edilməsini və cavabdehin torpaq sahəsindən çıxarılmasını xahiş edir. Məhkəmə iclasında Cavabdeh iddianı etiraf etməyərək verdiyi izahatında göstərmişdir ki, 2015-ci ildə onun (cavabdehin) dayısının evində anası (cavabdehin) iddiaçıdan və onun qardaşlarından şifahi razılaşma əsasında alqı-satqı edərək torpaq sahəsini almış və həmin vaxt iddiaçı torpağın sənədlərini də onlara vermişdir. Uzun müddətdir ki, torpaq sahəsi onun istifadəsindədir, orada xeyli işlər görüb, quyu qazdırıb və s. İddiaçı torpağı cavabdehin anasına satıb və qarşılığında pulunu alıb. İddianı əsassız hesab edir və iddianın rədd olunmasını xahiş edir. Məhkəmə iş materiallarını araşdırıb hesab edir ki, iddia əsaslıdır. Belə ki, işdə olan: - Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən xx.xx.2024-cü il tarixli **********27 reyestr nömrəli çıxarışdan görünür ki, Cəlilabad rayonu, Ocağlı kənd ərazisində yerləşən 2.41 ha kənd təsərrüfatlı təyinatlı torpaq sahəsi İddiaçı, X6, X1, X2, X8, X3 və X4 paylı mukiyyətindədir; - Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2025-ci il tarixli ekspert rəyindən görünür ki, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reysteri publik hüquqi şəxsi 8 saylı Cəlilabad Ərazi idarəsinin mütəxəssis rəyinə əsasən, Torpaqların elektron Kadastr uçotu informasiya sistemi baza məlumatı materialı və **********27 reyestr nömrəli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın “Torpaq sahəsinin planı və ölçüsü” sənədinin döngə nöqtələrinin koordinatlarına əsasən İddiaçı və digər ailə üzvlərinin mukiyyətinə verilmiş 2.41 ha kənd təsərrüfatlı təyinatlı torpaq sahəsinin 2.40 hektaradək hissəsinin iddia tələbi ilə Cavabdeh istifadəsində olduğu müəyyən edilmişdir. Cəlilabad rayonu Ocaqlı kəndi ərazisində Torpaqların elektron kadastr uçotu informasiya sistemi baza məlumatı materialına və **********27 reyestr (633) nömrəli Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən Çıxarışın 'Torpaq sahəsinin planı və ölçüsü sənədinin döngə nöqtələrinin koordinatlarına əsasən İddiaçı və digər ailə üzvlərinin mülkiyyətinə verilmiş 2.41 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin 2,40 hektaradək hissəsinin iddia tələbi ilə Cavabdeh faktiki istifadəsində olan ərazi kimi plana alınmış 4,63 ha torpaq sahəsinin hüdudları daxilində yerləşmə (üst-üstə düşmə) vəziyyəti müəyyənləşdirildi. İddiaçının və digər ailə üzvlərinin mülkiyyətində olan, qalan 0,01 hektaradək hissəsinin isə cavabdehin faktiki istifadə etdiyi ərazi kimi plana alınmış torpaq sahəsinin hüdudlarından kənarda, istifadə edilməyən ərazidə yerləşdiyi müəyyən olunmuşdur; - “Elektron notariat” avtomatlaşdırılmış informasiya sistemindən çıxarışdan görünür ki, iddiaçı xx.xx.2023-cü ildə X7 vermiş olduğu xx.xx.2015-ci il tarixli etibarnaməni ləğv etdirmişdir. Məhkəmə hesab edir ki, cavabdehin hərəkətləri, yəni iddiaçı və ailə üzvlərinə məxsus torpaq sahəsini zəbt etməsi iddiaçının mülkiyyət hüququnu pozur. Cavabdeh torpaq sahəsinin faktiki olaraq şifahi qaydada onlara iddiaçı tərəfindən satıldığını bildirsə də, bu hal təsdiqini tapmamışdır. Habelə daşınmaz əmlak xüsusi növ qeydiyyat prosedurları tələb edir ki, cavabdehin və ya onun mərhum anasının həmin torpaq sahəsində qeydə alınmış hər hansı hüququ müəyyən edilməmişdir. Müəyyən edilmişdir ki, iddiaçı cavabdehin anasının sağlığında torpağı faktiki onun icarəsinə vermişdir. İcarə müqaviləsi bağlanmasa da torpaq sahəsinin icarəyə verilməsi iddiaçının özü tərəfindən də etiraf edilmişdir, iddiaçı cavabdehin anasına notarial etibarnamə verməklə torpağı faktiki onun sahibliyinə verilmişdir. Lakin hazırda iddiaçı özünə və ailə üzvlərinə məxsus həmin torpaq sahəsindən istifadə etmək niyyətindədir ki, bu da qanuni mülkiyyətçi olaraq onların konstitusion hüququdur. Belə olan halda iddia təmin edilməklə cavabdeh iddiaçıya və ailə üzvlərinə məxsus olan torpaq sahəsindən çıxarılmalıdır. Cavabdehin iddiaçı və ailə üzvlərinə məxsus torpaq sahəsindən faktiki istifadə etməsi isə mübahisələndirilməyən hal olmaqla tərəflərin izahatları, mütəxəssis və ekspert rəyləri ilə təsdiqini tapmışdır. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin İ hissəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: - 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ subyektin ona mənsub əmlaka öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur; - 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər; - 213.1-ci maddəsinə əsasən iki və ya bir neçə şəxsin mülkiyyətində olan əşya onlara ümumi mülkiyyət hüququ əsasında mənsubdur; - 213.6-cı maddəsinə əsasən ümumi mülkiyyətin hər bir mülkiyyətçisi ümumi mülkiyyətdə olan əşya barəsində üçüncü şəxslərə qarşı tələblər irəli sürə bilər. Ümumi mülkiyyətin hər bir mülkiyyətçisi əmlakı yalnız bütün mülkiyyətçilərin xeyrinə tələb edə bilər. “İnsan hüquqları və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 1 saylı Protokolunun 1-ci maddəsində göstərilmişdir ki, hər kəsin mülkiyyətindən maneəsiz istifadə hüququ vardır. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 111-ci maddəsinin İ hissəsində göstərilmişdir ki, Azərbaycan Respublikasında torpaqların özbaşına tutulması (zəbt edilməsi) qanunla qadağan olunur. Həmin maddənin İİİ hissəsində qeyd edilmişdir ki, torpaqların əvvəlki vəziyyətə gətirilməsi (orada olan binaların, tikililər və qurğuların sökülməsi də daxil olmaqla) torpaqları zəbt etmiş hüquqi və fiziki şəxslər tərəfindən və ya onların hesabına həyata keçirilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; - 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; - 88-ci maddəsinə görə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq olaraq qiymət verir; - 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yoxlanılmalı və qiymətləndirilməlidir; - 217.4. maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Buna görə də məhkəmə hesab edir ki, iddia təmin edildiyindən iş üzrə keçirilmiş məhkəmə tikinti-texniki ekspertizasına görə Cavabdeh 50 (əlli) manat tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin hesabına (Dövlət xəzinədarlığı agentliyi, kod 210005, VÖEN **********, müxbir hesab AZ41NABZ********************, SFİFT BİK CTREAZ22, Məhkəmə Ekspertiza Mərkəzi VÖEN **********, hesab AZ34CTRE********************) ödənilməlidir, habelə iddia ərizəsinin verilməsi ilə əlaqədar iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumu cavabdehdən alınaraq iddiaçıya verilməlidir. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 213, 216-220, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestridən xx.xx.2024-cü il tarixli, **********27 reyestr nömrəli çıxarışa əsasən İddiaçı və ailə üzvlərinin ümumi mülkiyyətində olan Cəlilabad rayonu, Ocaqlı kəndində yerləşən 2.41 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin 2,40 ha hissəsindən çıxarılsın. Cavabdeh 100 (bir yüz) manat dövlət rüsumu alınıb İddiaçı verilsin və 50 (əlli) manat ekspertiza xərci tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin hesabına (Dövlət xəzinədarlığı agentliyi, kod 210005, VÖEN **********, müxbir hesab AZ41NABZ********************, SFİFT BİK CTREAZ22, Məhkəmə Ekspertiza Mərkəzi VÖEN **********, hesab AZ34CTRE********************) ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Cəlilabad Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Osman Vəliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar