Məhkəmə qərarları › İş №2(105)-126/2024

Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-126/2024

06.05.2024 · Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması - Torpaq mübahisələri - Sair mülki iş - Torpaq münasibətləri üzrə sair mübahisələr - Qanunsuz tikilinin sökülməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-126/2024 06.05.2024 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı mülki iş üzrə (Açar sözlər: zəbt olunmuş torpaq sahəsinin boşaldılması, tikilinin sökülməsi) Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının hakimləri X3 (sədrlik edən və məruzəçi), Qafari Səyyad Ağaəli oğlu və Hüseynzadə Afiq Hüseyn oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi X1 İddiaçı nümayəndəsi və vəkili Nümayəndə1, cavabdehlər Cavabdeh2 nümayəndəsi Nümayəndə3 və Cavabdeh1 nümayəndəsi Nümayəndə4 iştirakı ilə İddiaçı cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı torpaq sahəsindən çıxarılma və tikilmiş hasarın sökülməsi tələbinə dair mülki iş üzrə Abşeron Rayon Məhkəməsinin 05 iyun 2023-cü il tarixli, 2(012)-184/2023 saylı qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası aşağıdakıları müəyyən etdi İşin halları

1. Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX Hüquqların Dövlət Qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən verilmiş MH seriyalı ******* nömrəli, xx.xx.2006-cı il tarixli, ********* qeydiyyat nömrəli, **********95 reyestr nömrəli çıxarışın notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, Abşeron rayonu, Saray qəsəbəsində yerləşən 0,04099 ha torpaq sahəsi-kənd təsərrüfatı təyinatlı- İddiaçı Nüsrət qızının mülkiyyətindədir.

2. Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX Hüquqların Dövlət Qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən verilmiş RX seriyalı ******* nömrəli, xx.xx.2015-ci il tarixli, ********* qeydiyyat nömrəli, **********95 reyestr nömrəli çıxarışın surətindən görünür ki, Abşeron rayonu, Saray qəsəbəsində yerləşən 0,05 ha torpaq sahəsi Cavabdeh1 mülkiyyətindədir.

3. Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX Hüquqların Dövlət Qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən verilmiş MA seriyalı ******* nömrəli, xx.xx.2011-ci il tarixli, ********** qeydiyyat nömrəli, **********86 reyestr nömrəli çıxarışın notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, Abşeron rayonu, Saray qəsəbəsində yerləşən 0,04 ha torpaq sahəsi Cavabdeh2 mülkiyyətindədir.

4. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 20 aprel 2023-cü il tarixli 10/1646 nömrəli ekspert rəyində qeyd olunub ki, 4 saylı Abşeron Ərazi İdarəsinin xx.xx.2023-cü il tarixli 3-21-3-32/2-1647/2023 nömrəli mütəxəssis rəyinə əsasən - Dövlət Aktına əsasən Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 4 saylı Abşeron Ərazi İdarəsi tərəfindən verilmiş İddiaçı Nüsrət qızının xx.xx.2006-cı il tarixli, **********95 reyestr nömrəli çıxarışa əsasən Abşeron rayonu, Saray qəsəbəsi ərazisində yerləşən 0,04099 ha torpaq sahəsi plan və ölçüsünün döngə nöqtələrinin koordinatları, Cavabdeh2 xx.xx.2001-ci il tarixli, **********86 reyestr nömrəli çıxarışa əsasən xüsusi mülkiyyətində olan Abşeron rayonu, Saray qəsəbəsi ərazisində yerləşən 0,04 ha torpaq sahəsini plan və ölçüsünün döngə nöqtələrinin koordinatları və Cavabdeh1 xx.xx.2015-ci il tarixli, **********38 reyestr nömrəli çıxarışa əsasən Abşeron rayonu, Saray qəsəbəsi ərazisində yerləşən 0,05 ha torpaq sahəsini plan və ölçüsünün döngə nöqtələrinin koordinatları ilə elektron kadastr məlumat bazasında Abşeron rayonu, Saray kəndi “Saray” təsərrüfatı ərazisində aparılan torpaq islahatına dair kompleks yerquruluşu layihəsinə əsasən və faktiki istifadə vəziyyəti arasında müəyyən uyğunsuzluqlar (sürüşmələr) qeydə alındığı üçün məhkəmə tərəfindən qoyulmuş sualların cavablandırılması ərazidə aparılmış yerquruluşu işləri ilə bağlı əldə edilmiş məlumatlar sistemləşdirildikdən və elektron kadastr məlumat bazasına daxil edildikdən sonra mümkün olacaqdır. Apellyasiya icraatı zamanı:

5. Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(105)-1607/2023 nömrəli, 22 avqust 2023-cü il tarixli qərardadı ilə iş üzrə əlavə məhkəmə tikinti-texniki ekspertizası təyin edilmişdir.

6. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakının Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 4 saylı Abşeron Ərazi İdarəsinin xx.xx.20223-cü il tarixli mütəxəssis rəyində daha öncə iş üzrə Abşeron Ərazi İdarəsininxx.xx.2023-cü il tarixli 3-21-3-32/2-1647/2023 nömrəli mütəxəssis rəyində göstərilən hallar qeyd edilmişdir (Qərardadda qoyulan suallar mübahisəli torpaq sahəsinin kordinantları ilə elektron kadastr məlumat bazasında Abşeron rayonu, Saray kəndi “Saray” təsərrüfatı ərazisində aparılan torpaq islahatına dair kompleks yerquruluşu layihəsinə əsasən və faktiki istifadə vəziyyəti arasında müəyyən uyğunsuzluqlar (sürüşmələr) olması səbəbindən cavablandırılmamışdır.

İş üzrə qəbul edilmiş məhkəmə aktları Birinci instansiya məhkəməsində icraat

7. İddiaçı cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı “torpaq sahəsindən çıxarılma və tikilmiş hasarın sökülməsi” tələbinə dair iddia ilə məhkəməyə müraciət edərək, ona məxsus Abşeron rayonu, Saray qəsəbəsi ünvanında yerləşən 0,04099 ha torpaq sahəsinin Cavabdeh2 və Cavabdeh1 tərəfindən zəbt edilmiş hissəsindən çıxarılması, cavabdehlər tərəfindən özbaşına tikilmiş hasarın, qoyulmuş qapının hər iki cavabdehin vəsaiti hesabına sökülməsi və torpaq sahəsinin əvvəlki vəziyyətinə qaytarılması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir.

8. İddia tələbi onunla əsaslandırılmışdır ki, Abşeron rayonu, Saray qəsəbəsi ünvanında yerləşən 0,04099 ha torpaq sahəsi ******* saylı,18 sentyabr 2006-cı il tarixli çıxarışa əsasən, İddiaçı adına Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 4 saylı Abşeron Ərazi İdarəsi tərəfindən qeydiyyata alınmışdır. Həmin çıxarışda torpaq sahəsinin təyinatı kənd təsərrüfatı torpaqlar olmaqla yanaşı, məqsədli istifadə növü isə çoxillik əkmələr olaraq qeyd olunmuşdur. Həmin torpaq sahəsini Əliyeva X2 rayonu 1 saylı dövlət notariat kontorunda bağlanmış 4Ə/09-1736 saylı, 26 avqust 2006-cı il tarixli alqı-satqı müqaviləsi əsasında əldə etmişdir. Abşeron rayonu, Saray qəsəbəsi ünvanında yerləşən 0,04099 ha torpaq sahəsinin planı 1:10000 miqyas ölçüsü ilə 29 aprel 2019-cu il tarixində 15727 nömrə ilə uçota alınmışdır. İddiaçı torpaq sahəsi sağ və sol istiqamətində yerləşən qonşuları Cavabdeh2 və Cavabdeh1 tərəfindən zəbt edilmiş və onlar tərəfindən həmin ərazidə hasar çəkilmiş və cavabdehlər tərəfindən qapı qoyulmuşdur. Bu səbəbdən iddiaçı öz mülkiyyətindən sərbəst istifadə etmək imkanından məhrum olmuşdur. Məcbur qalıb məhkəməyə müraciət etməli olmuşdur. Göstərilənlərə əsasən iddia tələbi təmin edilməlidir.

9. Abşeron Rayon Məhkəməsinin 05 iyun 2023-cü il tarixli, 2(012)-184/2023 saylı qətnaməsi ilə (hakim C.Səfiyeva) iddia təmin olunmamışdır.

10. Birinci instansiya məhkəməsi gəldiyi nəticə ilə bağlı qeyd etmişdir ki, iddiaçı ona məxsus torpaq sahəsinin qonşuları olan cavabdehlər tərəfindən zəbt edildiyini iddia edərək, cavabdehlərin ona məxsus torpaq sahəsinin zəbt edilən hissəsindən çıxarılmaları, zəbt edilmiş sahədə inşa edilən darvazanın götürülməsi və torpaq sahəsinin əvvəlki vəziyyətinə qaytarılmasını xahiş etmişdir. İş üzrə ekspertiza təyin edilmiş, əldə edilən ekspert rəyində Abşeron rayonu, Saray qəsəbəsi ərazisində yerləşən 0,05 ha torpaq sahəsini plan və ölçüsünün döngə nöqtələrinin koordinatları ilə elektron kadastr məlumat bazasında Abşeron rayonu, Saray kəndi “Saray” təsərrüfatı ərazisində aparılan torpaq islahatına dair kompleks yerquruluşu layihəsinə əsasən və faktiki istifadə vəziyyəti arasında müəyyən uyğunsuzluqların (sürüşmələr) olması səbəbindən məhkəmə tərəfindən qoyulmuş sualların cavablandırılması mümükn olmamış və ərazidə aparılmış yerquruluşu işləri ilə bağlı əldə edilmiş məlumatlar sistemləşdirildirdən, elektron kadastr məlumat bazasına daxil edildikdən sonra qərardaddakı suualların cavablandırılmasının mümkün olacağı qeyd edilmişdir. Göstərilənlərə əsasən məhkəmə hesab etmişdir ki, iddia tələbi əsassızdır və təmin oluna bilməz.

11. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Konstitusiyasının 13, 29-cu maddələri, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1, 157.2, 157.4, 239.2-ci maddələri, Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 84, 111-ci maddələri, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107, 119.1, 216-220, 360-cı maddələrinə istinadla əsaslandırmışdır.

Apellyasiya instansiyası məhkəməsindəki birinci icraat Apellyasiya şikayətinin dəlilləri

12. İddiaçı qətnamədən apellyasiya şikayəti vermişdir.

13. Apellyasiya şikayətinin dəlilləri, iddia tələbinin dəlilləri ilə analoji məzmunda tərtib olunmuşdur. Şikayət onunla əsaslanıb ki, məhkəmənin iddia tələbinin rədd edilməsi barədə mövqeyi əsassızdır. Belə ki, məhkəmə iş üzrə lazımı qaydada araşdırma aparmamış iddia tələbinin əsaslılığı iddiaçı tərəfindən sübut edilməsinə baxmayaraq məhkəmə iddianın rədd edilməsi barədə əsassız və qanunsuz qətnamə qəbul etmişdir. İşin faktiki halları ondan ibarətdir ki, Abşeron rayonu, Saray qəsəbəsi ünvanında yerləşən 0,04099 ha torpaq sahəsi ******* saylı,18 sentyabr 2006-cı il tarixli çıxarışa əsasən, İddiaçı adına Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 4 saylı Abşeron Ərazi İdarəsi tərəfindən qeydiyyata alınmışdır. Həmin çıxarışda torpaq sahəsinin təyinatı kənd təsərrüfatı torpaqlar olmaqla yanaşı, məqsədli istifadə növü isə çoxillik əkmələr olaraq qeyd olunmuşdur. Həmin torpaq sahəsini Əliyeva X2 rayonu 1 saylı dövlət notariat kontorunda bağlanmış 4Ə/09-1736 saylı, 26 avqust 2006-cı il tarixli alqı-satqı müqaviləsi əsasında əldə etmişdir. Abşeron rayonu, Saray qəsəbəsi ünvanında yerləşən 0,04099 ha torpaq sahəsinin planı 1:10000 miqyas ölçüsü ilə 29 aprel 2019-cu il tarixində 15727 nömrə ilə uçota alınmışdır. İddiaçı torpaq sahəsi sağ və sol istiqamətində yerləşən qonşuları Cavabdeh2 və Cavabdeh1 tərəfindən zəbt edilmiş və onlar tərəfindən həmin ərazidə hasar çəkilmiş və cavabdehlər tərəfindən qapı qoyulmuşdur. Bu səbəbdən iddiaçı öz mülkiyyətindən sərbəst istifadə etmək imkanından məhrum olmuşdur. İşə baxan məhkəmə isə işin faktiki hallarını nəzərə almamış, maddi və prosessual hüquq normalarının tələblərini pozmaqla əsaslı iddia tələbini rədd etmişdir. Göstərilənlərə əsasən apellyasiya şikayəti təmin edilməlidir.

b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

14. Apellyasiya şikayətinə qarşı yazılı etiraz verilməmişdir.

Məhkəmə icraatı iştirakçılarının izahatları

15. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili Nümayəndə1 apellyasiya şikayətinin dəlillərini müdafiə edərək bildirdi ki, iddia tələbi əsaslıdır. İş üzrə əldə edilmiş mütəxəssis və ekspert rəyləri natamamdır. Hesab edir ki, ekspertlərin iş üzrə obyektiv rəy vermək məqsədləri olmamış, ona görə də ətraflı araşdırma aparmamışlar. Mübahisənin mahiyyəti ondan ibarətdir ki, cavabdehlərə sənəd üzrə torpaq sahəsinə malik olsalar da, faktiki olaraq iddiaçının torpaq sahəsinin bir hissəsini zəbt etmişlər. Onlara məxsus torpaq sahəsinin koordinantları müəyyən edilmişdir. İddiaçının torpaq sahəsinin isə koordinantları müəyyən edilməmişdir. Peşəkar mütəxəsis tərəfindən tərəflərə məxsus torpaq sahələrinə dair müvafiq sənədlər üzrə və faktiki istifadə olan torpaq sahələrinə baxılmaqla obyektiv rəyin verilməsi mümkün ola bilər. Hazırkı halda 4 saylı Abşeron Ərazi İdarəsinin mütəxəssis rəyi əsaslı deyildir. İddiaçı faktiki olaraq mülkiyyətindən məhrum olmuşdur. Göstərilənlərə əsasən apellyasiya şikayəti təmin edilməlidir.

16. Məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh1 nümayəndəsi Nümayəndə4 apellyasiya şikayətinə etiraz edərək bildirdi ki, Cavabdeh1 onun həyat yoldaşıdır. Ona məxsus olan torpaq sahəsi qanuni əsaslarla əldə edilmiş və hazırda cavabdehin mülkiyyətindədir. Torpaq sahəsinin koordinantları müəyyən edilmişdir. Onlara məxsus torpaq sahəsində fərdi yaşayış evi inşa etmişlər və həmin evdə yaşayırlar. İddiaçıya məxsus olan torpaq sahəsinin koordinantları müəyyən edilmədiyindən iddiaçı onun torpaq sahəsinin cavabdehlər tərəfindən zəbt edildiyini bildirir. Halbuki onlar hər hansı torpaq sahəsi zəbt etməmişlər. İddia tələbi əsassızdır. Ona görə də nümayəndə apellyasiya şikayətinin təmin edilməməsini xahiş etdi.

17. Məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh2 nümayəndəsi Nümayəndə3 apellyasiya şikayətinə etiraz edərək bildirdi ki, iddia tələbi əsassızdır. Cavabdeh2 məxsus olan torpaq sahəsinin koordinantları müəyyən edilmişdir. İddiaçıya məxsus olan torpaq sahəsinin koordinantları müəyyən edilməməsinin günahkarı cavabdehlər deyil və bu hal iddiaçıya hazırkı absurd iddia tələbi irəli sürməyə əsas vemir. Cavabdeh hər hansı torpaq sahəsi zəbt etməmişdir. İddia tələbi qeyri-müəyyəndir. Sonda nümayəndə apellyasiya şikayətinin təmin edilməməsini xahiş etdi.

Tətbiq edilən hüquq

18. Azərbaycan Respublikası Konstitusiyası; 13-cü maddəsinin 1-ci hissəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən qorunur. 29-cu maddəsinin 2-ci və 3-cü hissələrinə görə mülkiyyətin heç bir növünə üstünlük verilmir və mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur, hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir.

19. Azərbaycan Respublikası Mülki Məcəlləsi: 16.1-cı maddəsinə əsasən fiziki və hüquqi şəxslərin yalnız və yalnız başqa şəxsə ziyan vurmaq niyyəti ilə həyata keçirdikləri hərəkətlərə, habelə hüquqdan digər formalarda sui-istifadə edilməsinə yol verilmir 139.1-ci maddəsinə görə, mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. 152.5 və 152.6-cı maddələrinə əsasən mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Hüquqdan sui-istifadə mülkiyyətdən başqalarına ziyan vuran şəkildə istifadədir; bu zaman mülkiyyətçinin mənafe üstünlüyü dəqiq ifadə edilməmişdir və onun hərəkətlərinin zəruriliyi əsaslı deyildir. 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. 152.5-ci maddəsinə əsasən mülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə, o cümlədən müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. 157.4-cü maddəsinə görə, əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vastəsilə tələb edə bilər. 164.1-ci maddəsinin tələblərinə görə sahibin iradəsi olmadan sahiblikdən məhrumetmə və onu pozma qadağan edilmiş özbaşınalıq sayılır. 238.1 və 238.3-cü maddələrinə əsasən daşınmaz əmlak kimi torpaq mülkiyyət hüququnun obyektidir. Torpaq sahəsinin ərazi sərhədləri daşınmaz əmlakın dövlət reyestrinin ixtiyarlı şəxsinin mülkiyyətçiyə verdiyi sənədlər əsasında təyin edilir. Torpaq sahəsinin mülkiyyətçisi, əgər qanunla ayrı qayda nəzərdə tutulmayıbsa və digər şəxslərin hüquqlarını pozmursa, həmin sahənin üstündə və altında olan hər şeydən istifadə edə bilər. 239.2-ci maddəsinə görə fiziki və ya hüquqi şəxsin mülkiyyətində olan torpaq sahəsinə onun mülkiyyətçisinin icazəsi olmadan girməyə, qanunla nəzərdə tutulan hallar istisna olmaqla, icazə verilmir.

20. Azərbaycan Respublikası Torpaq Məcəlləsi: 5-ci maddəsinin 1-ci bəndinə əsasən Azərbaycan Respublikasında torpaq sahəsi üzərində dövlət, bələdiyyə və xüsusi mülkiyyət növləri mövcuddur. Bütün mülkiyyət növləri bərabər hüquqludur və dövlət tərəfindən qorunur. 67.1-ci maddəsinə əsasən torpaq üzərində hüquqların dövlət qeydiyyatı qanunvericilikdə nəzərdə tutulmuş qaydada daşınmaz əmlakın dövlət reyestrində aparılır. 68-ci maddəsinə görə torpaq sahələri üzərində hüquqlar torpaq sahələrinin sərhədlərinin yerdə müəyyən edilməsindən, onların planı və ölçüsünün tərtib edilməsindən, torpaq sahələrinin verilməsi barədə müqavilənin bağlanmasından və onun müəyyən olunmuş qaydada dövlət qeydiyyatından keçirilməsindən sonra yaranır. 83-cü maddəsinin 1-ci hissəsinə əsasən hüquqi və fiziki şəxslər torpaq sahəsi üzərində onlara məxsus hüquqları, əgər qanunvericiliklə başqa hallar nəzərdə tutulmamışdırsa, öz istəklərinə uyğun həyata keçirirlər. 84-cü maddəsinin 1-ci hissəsinə əsasən torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin hüquqları qanunla qorunur. 84-cü maddəsinin 3-cü hissəsinə əsasən torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin pozulmuş hüquqları qanunvericilikə nəzərdə tutulmuş qaydada bərpa edilir və hüquqların pozulması nəticəsində onlara dəyən zərər tam həcmdə ödənilir. 111-ci maddəsinə əsasən Azərbaycan Respublikasında torpaqların özbaşına tutulması (zəbt edilməsi) qanunla qadağan olunur. Özbaşına tutulmuş (zəbt edilmiş) torpaq sahələri qanunsuz istifadə zamanı çəkilən xərclərin əvəzi ödənilmədən aidiyyəti üzrə geri qaytarılmalıdır. Torpaqların əvvəlki vəziyyətinə gətirilməsi (orada olan binaların, tikililər və qurğuların sökülməsi də daxil olmaqla) torpaqları zəbt etmiş hüquqi və fiziki şəxslər tərəfindən və ya onların hesabına həyata keçirilir.

21. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 7.1-ci maddəsinə əsasən daşınmaz əmlak üzərində mülkiyyət və digər əşya hüquqlarının qeydiyyatı üçün zəruri olan mərzçəkmə və inventarlaşdırma işlərinin aparılması, habelə müvafiq texniki sənədlərin tərtibi qaydası qanunvericiliklə müəyyən edilir.

22. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: 4.1-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. 14.2-ci maddəsinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 372.1-ci maddəsində göstərilir ki, apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. 384-cü maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər; qətnaməni dəyişdirə bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər, iş üzrə icraata xitam verə və yaxud ərizəni baxılmamış saxlaya bilər.

Apellyasiya baxışının hədləri

23. Apellyasiya şikayətinin məzmunundan görünür ki, apellyator birinci instansiya məhkəməsinin qətnaməsini tam həcmdə mübahisələndirmişdir.

24. Ona görə də kollegiya birinci instansiya məhkəməsinin qətnaməsini tam həcmdə yoxlanılmasını zəruri hesab edir.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

25. Məhkəmə kollegiyası proses iştirakçılarının izahatlarını, iş materialları ilə birgə nəzərdən keçirib, hesab edir ki, birinci instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi və prosessual hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

26. İddiaçı tərəf mülkiyyətində olan torpaq sahəsinin cavabdehlər tərəfindən qanunsuz istifadə edildiyini bildirir və onların zəbt olunan hissədən çıxarılmaqla mülkiyyət hüququnun bərpa olunmasını tələb edir.

27. Mövcud mübahisə üzrə iddiaçı pozulmuş hüquqlarının müdafiəsi kimi mülki hüquqi məsuliyyətinin “bərpaedici” funksiyasından istifadə edir. Çünki məhz bu funksiyanın əsas məqsədi törədilmiş hüquq pozuntusu nəticəsində zərərçəkənin düşdüyü zərərin əvəzinin ödənilməsindən ibarətdir.

28. İddiaçının bu tələbinin hüquqi əsasını Mülki Məcəllənin 157.2-ci maddələri təşkil edir. Həmin normaya əsasən, əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər.

29. Qeyd edilən maddələrdə sadalanmış üç dispozisiya şərtinin birgə mövcudluğu tələb olunur: 1) iddiaçı cavabdehdən qaytarılmasını tələb etdiyi əşyaların mülkiyyətçisi olduğunu sübut etməlidir; 2) iddiaçı tələb edilən anda əşyaların cavabdehin sahibliyində olduğunu sübut etməlidir. 3) cavabdehin əşyaya sahiblik hüququ qanunsuz olmalıdır.

30. Araşdırılan işin faktiki hallarından müəyyən edilir ki, Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX Hüquqların Dövlət Qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən verilmiş MH seriyalı ******* nömrəli, **********95 reyestr nömrəli çıxarışa əsasən Abşeron rayonu, Saray qəsəbəsində yerləşən 0,04099 ha torpaq sahəsi-kənd təsərrüfatı təyinatlı- İddiaçı Nüsrət qızının mülkiyyətindədir. RX seriyalı ******* nömrəli, ********* qeydiyyat nömrəli, **********95 reyestr nömrəli çıxarışa əsasən Abşeron rayonu, Saray qəsəbəsində yerləşən 0,05 ha torpaq sahəsi Cavabdeh1 mülkiyyətində və nəhayət MA seriyalı ******* nömrəli, xx.xx.2011-ci il tarixli, ********** qeydiyyat nömrəli, **********86 reyestr nömrəli çıxarışa əsasən Abşeron rayonu, Saray qəsəbəsində yerləşən 0,04 ha torpaq sahəsi Cavabdeh2 mülkiyyətindədir. Başqa sözlə Abşeron rayonu, Saray qəsəbəsi ərazisində hazırkı iş üzrə tərəflərdən yuxarıda adları qeyd olunan şəxslərin hər birinin ayrıayrılıqda xüsusi mülkiyyətində torpaq sahələri mövcuddur. Həmin torpaq sahələri qonşu torpaq sahələri olmaqla tərəflərə münasibətdə bərabər hüquqi statusa malik torpaq sahələridir.

31. İddiaçı iddia edir ki, cavabdehlər ona məxsus olan torpaq sahəsinin bir hissəsini zəbt etməklə, orada qanunsuz tikili inşa etmişlər və torpaq sahəsindən hazırda da sonuncular tərəfindən istifadə davam edir. İşə baxan məhkəmələrin mübahisənin ədalətli və obyektiv həll edilməsi məqsədi ilə əsas hədəfi qeyd olunan torpaq sahəsinin (iddiaçıya və cavabdehlərə məxsus torpaq sahələrinin) uyğun olaraq plan və ölçüdəki, həmçinin faktiki vəziyyətdə koordinantlarını müəyyən edən, bunun davamında iddiaçıya məxsus torpaq sahəsinin hər hansı hissəsinin cavabdehlər, yaxud üçüncü şəxslər tərəfindən zəbt edilibedilməməsini müəyyən edən ətraflı məlumatların əldə edilməsi olmuşdur.

32. Digər tərəfdən, araşdırılan işin təhlilindən həmçinin görünür ki, iddiaçının qonşuluğunda yerləşən cavabdeh tərəfin də mülkiyyət hüququnu təsdiq edən sənədlər mövcuddur və onlara məxsus torpaq sahəsinin də müvafiq olaraq plan ölçüsü tərtib edilmişdir.

33. İşin hallarından görünür ki, hazırki mübahisənin obyektiv həlli məqsədilə həm birinci instansiya məhkəməsi tərəfindən, həm də apellyasiya icraatı zamanı dəfələrlə müvafiq ekspertizalar təyin edilmiş, lakin sonda heç bir halda rəyin verilməsi mümkün olmamış, hətta səlahiyyətli orqanlar ərazidə sürüşmə və uyğunsuzluğun olmasını qeyd etməklə, dəfələrlə bu xarakterli mübahisələrin həllinin Azərbaycan Respublikası Prezidentinin 07 mart 2016-cı il tarixli, 818 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında torpaqların elektron kadastrı uçotu informasiya sisteminin yaradılması və rəqəmsal kadastr xəritəsinin tərtib olunması Qaydaları” əsasında, torpaqların rəqəmsal kadastr xəritələrinin hazırlanıb təsdiq olunmasından sonra öz həllini tapacağını bildirmişlər.

34. Yuxarıda qeyd olunduğu kimi iş üzrə apellyasiya instansiya məhkəməsinin müvafiq ekspertiza qərardadının icrası zamanı 4 saylı Abşeron Ərazi İdarəsinin xx.xx.2023-cü il tarixli mütəxəssis rəyində daha öncə qeyd olunan məlumatlar sadalanaraq qərardadın icrasının həmin səbəblərdən mümkünsüzlüyü bildirilmiş və son nəticə olaraq qərardadda qoyulmuş sualların cavablandırılmasının məhz ərazidə aparılmış yerquruluşu işləri ilə bağlı əldə edilmiş məlumatlar sistemləşdirildikdən və elektron kadastr məlumat bazasına daxil edildikdən sonra, mümkünlüyü bildirilmişdir.

35. Göründüyü kimi təkrar apellyasiya icraatı zamanı da ekspert (mütəxəssis) rəyinin əldə edilməsinə israrlı şəkildə cəhd edilsə də, sonda rəyin verilməsi yenə də mümkün olmamış, hətta səlahiyyətli orqan ərazidə sürüşmə və uyğunsuzluğun olmasını qeyd etməklə, dəfələrlə bu xarakterli mübahisələrin həllinin Azərbaycan Respublikası Prezidentinin 07 mart 2016-cı il tarixli, 818 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında torpaqların elektron kadastrı uçotu informasiya sisteminin yaradılması və rəqəmsal kadastr xəritəsinin tərtib olunması Qaydaları” əsasında, torpaqların rəqəmsal kadastr xəritələrinin hazırlanıb təsdiq olunmasından sonra öz həllini tapacağını bildirmişdir.

36. Nəzərə alınmalıdır ki, anoloji işlər üzrə də dəfələrlə Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 4 saylı Abşeron Ərazi İdarəsinə müraciətlər olunmuş və sonda ərazidə yerləşən qeydiyyata alınmış faktiki torpaq sahələrinin hüquqi və texniki sənədlərdəki məkan göstəriciləri ilə torpaqlardan faktiki istifadə vəziyyətinin məkan göstəriciləri arasında mövcud olan uyğunsuzluqların aradan qaldırılması (dürüstləşdirilməsi) işlərinin yekunlaşdırılmadığı barədə cavablar verilmişdir.

37. Yuxarıda qeyd olunan hallardan göründüyü kimi səlahiyyətli orqan özü də sözügedən ərazidə uyğunsuzluq və sürüşmələrin olmasını etiraf etmiş, bununla bağlı dürüstləşmə işlərinin aparıldığını və həmin ərazidə yerləşən torpaq sahiblərinə (mülkiyyətçilərinə), o cümlədən də hazırki iş üzrə tərəflərə özlərinə məxsus torpaq sahələrinin “Torpaq sahəsinin planı və ölçüsü” sənədinə cari dəyişiklik edilməsi üçün aidiyyəti orqana müraciət etməsini tövsiyyə etmişlər.

38. Kollegiyanın qənaətinə görə hazırki vəziyyətdə kimin haqlı olub-olmaması məsələsinə müvafiq ekspert rəyi olmadan, nəzəri baxımından qiymət vermək düzgün olmazdı.

39. Məhkəmə kollegiyası bildirir ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Buna görə, əgər irəli sürülmüş iddia tələbinin qanuni əsası tapılmırsa və ya faktiki hallar tapılan iddia tələbinin qanuni əsasının şərtləri, yəni dispozisiya əlamətləri ilə uzlaşmırsa hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmalıdır. Əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur.

40. Kollegiya qeyd edir ki, işin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə güvənli nəticə çıxarmağa əsas verməlidir. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə güvənli nəticə çıxarmağa əsas verməlidir. Mülki prosesdə sübutlar əsasında nəticə çıxararkən aşağıdakı qayda əsas tutulmalıdır: 1) güvənli nəticəyə gəlməkdən ötrü bir yox, bir neçə sübut olmalıdır; 2) sübutların heç birinin güvənliliyi şübhə doğurmamalıdır; 3) bu sübutlar bir-birini təsdiq etməli və tamamlamalıdır; 4) bu sübutlar birlikdə dəyərləndirilməlidir.

41. İşin faktiki hallarını obyektiv surətdə aşkara çıxarmağa imkan verən sübutların təqdim olunması iddiaçının birbaşa vəzifəsidir. Hər bir dəlilin söykəndiyi sübutun mötəbərliyi şübhə yaratmamalıdır. Sübuta yetirilməyən tələb isə əsaslı hesab edilə bilməz. Beləliklə də, göründüyü kimi iddiaçı tərəf mübahisəli ərazinin məhz cavabdeh tərəfindən istifadə edilməsinə dair sübutu nə birinci, nə də ki, apellyasiya icraatı zamanı təqdim edə bilməmişdir.

42. Hazırki iş üzrə, iddia tələblərinin bu hissəsinin faktiki halları qanuni əsasların şərtlərinə, yəni dizpozisiya şərtlərinə uyğun olmadığından birinci instansiya məhkəməsi iş üzrə düzgün nəticəyə gəlmişdir.

43. Şərh olunanları ümumiləşdirərək kollegiya hesab edir ki, birinci instansiya məhkəməsi işin faktiki halları və tətbiq edilməli olan hüquqla bağlı düzgün nəticəyə gəlmişdir və apellyasiya şikayətinin dəlilləri qətnamənin ləğvi üçün əsas təşkil etmir. Xüsusilə nəzərə alınmalıdır ki, Mülki Prosessual Məcəllənin 385.2-ci maddəsinə görə, birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.

44. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384, 385, 392, 393 və 404-407-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qət etdi:

İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Abşeron Rayon Məhkəməsinin 05 iyun 2023-cü il tarixli, 2(012)-184/2023 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən, tərəflər, üçüncü şəxslər, xüsusi icraat işləri üzrə isə ərizəçi və maraqlı şəxslər tələbləri təmin olunmadığı hallarda onlara rəsmi qаydаdа verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyаsı vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyаsına kassasiya şikayəti verə bilər (elektron kabinet və vəkil vasitəsilə). Apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar