Azərbaycan Respublikası adından QƏTNAMƏ Cəlilabad rayonu İş № 2(073)-1469/2023 13.10.2023 CƏLİLABAD RAYON MƏHKƏMƏSİ Hakim Paşayev Qalib Hidayət oğlunun sədrliyi, Məhkəmə iclasının katibi X1, İddiaçı və onun nümayəndəsi (vəkili) X2, Cavabdeh, eyni zamanda Cavabdeh1 nümayəndəsi Cavabdeh2 və Cavabdeh1 vəkili Vəkil iştirakları ilə, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı evə köçürülmə və həmin evdən istifadə istifadə hüququ tələbinə dair iddiası üzrə mülki işə Cəlilabad Rayon Məhkəməsinin binasında, məhkəmə iclas zalında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı cavabdehlər Cavabdeh1 qarşı evə köçürülmə və həmin evdən hüququ tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, yetkinlik yaşına çatmyan uşaqları 02 iyun 2007-ci il təvəllüdlü X7, 11 fevral 2009-cu il təvəllüdlü X6 ilə birlikdə Cavabdeh1 yaşadığı Cəlilabad rayonunun Maşlıq kəndində 0.60 ha torpaq sahəsində yerləşən iki mərtəbəli evə köçürülmələrinə və həmin evdən istifadə etmələrinə dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Cəlilabad Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(073)-1469/2023 saylı qərardadı ilə Cavabdeh2 iş üzrə cavabdeh qismində cəlb edilmişdir. Məhkəmə iclasında İddiaçı iddianı müdafiə edərək, verdiyi izahatında göstərmişdir ki, Cavabdeh1 ilə 2006-cı il tarixdə faktiki evlənmişlər, nikahlarını isə 15 yanvar 2008-cı il tarixdə rəsmiləşdirmişlər. Birgə nikahlarından 02 iyun 2007-ci il təvəllüdlü Səma və 11 fevral 2009-cu il təvəllüdlü Aydın adlı uşaqları doğulmuşdur. Aralarında yaranmış mübahisələrə görə cavabdehlə ayrılmışlar və hazırda azyaşlı uşaqları ilə birlikdə başqa ünvanda yaşayır. Ailə quran zaman Cavabdeh2 Cəlilabad rayonunun Maşlıq kəndində yerləşən fərdi yaşayış evinə gəlin köçmüş və 2012-ci ilədək həmin evdə yaşamışdır. 2011-2012-ci illər ərzində, yəni Cavabdeh1 ilə birgə nikah dövründə olarkən Cavabdeh1 məxsus Cəlilabad rayonu Maşlıq kəndində 0.60 ha torpaq sahəsində öz vəsaitləri hesabına iki mərtəbəli fərdi yaşayış evi inşa etdirmişlər və köçüb həmin evdə yaşamağa başlamışlar. Həmin evə işıq, su və qaz xətti çəkilmiş və Cavabdeh1 adına qeydiyyata alınmışdır. 25 noyabr 2022-ci il tarixdə Cavabdeh1 onu (iddiaçını) aldadaraq iki azyaşlı uşağı ilə birlikdə valideynlərinə (iddiaçının) məxsus evə gətirmiş, inşa etdirdikləri evin qapılarının qıfıllarını dəyişmiş, onu (iddiaçını) əzabəziyyətlə tikdiyi evdə uşaqları ilə birgə yaşamağa qoymamışdır. Öz tikdiyi evə getmək və orada yaşamaq üçün Cavabdeh1 ilə dəfələrlə əlaqə saxlamağa çalışmış, lakin cavabdeh onu (iddiaçını) evə buraxmamışdır. Cavabdeh nikahın pozulmasına dair Cəlilabad Rayon Məhkəməsində iddia qaldırmış və həmin məhkəmənin 2 (073)-443/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qətnaməsi ilə aralarında olan nikah pozulmuşdur. Ona məxsus cehiz əmlakı və qızıl-zinət əşyaları, həmçinin uşağına məxsus qızıl qolbağı təzə inşa etdirdikləri evdə qalmışdır. Cavabdeh mübahisəli evə qaytmağına və uşaqları ilə birlikdə həmin evdə yaşamağına imkan vermədiyinə görə hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Qeyd edilənlərin nəzərə alınaraq iddianın təmin edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi (vəkili) X5 İddiaçı izahatına uyğun izahat verərək, iddianın təmin edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında cavabdeh, eyni zamanda digər Cavabdeh1 nümayəndəsi Cavabdeh2 iddianı etiraf etməyərək, verdiyi izahatında göstərmişdir ki, iddiaçı ilə oğlu Cavabdeh1 2006-cı il tarixdə faktiki evlənmişlər, nikahlarını isə 15 yanvar 2008-cı il tarixdə rəsmiləşdirmişlər. Ailə quran zaman iddiaçını onun (cavabdehin) mülkiyyətində olan Cəlilabad rayonunun Maşlıq kəndində yerləşən 0.1803 ha torpaq sahəsində inşa etdirdiyi 138.2 kv.metr ümumi sahədən ibarət fərdi yaşayış evinə gəlin köçürmüşlər. Oğlu Cavabdeh1 ilə İddiaçı birgə nikahlarından 02 iyun 2007-ci il təvəllüdlü Səma, 11 fevral 2009-cu il təvəllüdlü Aydın adlı uşaqları doğulmuşdur. Aralarında yaranmış narazılıqlara görə Cavabdeh1 ilə İddiaçı ayrılmışlar və Cəlilabad rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qətnaməsi ilə tərəflər arasında olan nikah pozulmuşdur. İddiaçının uşaqları ilə birlikdə köçürülməsini və istifadə hüququnun tanınmasını tələb etdiyi fərdi yaşayış evi onun (cavabdeh) tərəfindən inşa etdirilmişdir. Belə ki, iddiaçının köçürülməsini tələb etdiyi fərdi yaşayış evi onun (cavabdehin) mülkiyyətində olan Cəlilabad rayonunun Maşlıq kəndində yerləşən 0.5919 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsində yerləşir. Həmin fərdi yaşayış evini özü (cavabdeh) inşa etdirmiş və müvəqqəti yaşamaları üçün oğlu Cavabdeh1 və iddiaçıya vermişdir. Öz vəsaiti hesabına inşa etdirdiyi fərdi yaşayış evini mülkiyyət hüququ əsasında öz adına qeydiyyata aldırmaq istəsə də, fərdi yaşayış evi kənd təsərrüfatı təyinatlı torpaq sahəsində inşa etdirildiyindən DƏDRX-də həmin əmlakın qeydə alınması mümkün olmamışdır. Həmin fərdi yaşayış evi onun (cavabdeh) tərəfindən inşa etdirilmiş və evin yerləşdiyi torpaq sahəsi mülkiyyət hüququ əsasında ona (cavabdehə) məxsusdur. Hazırda iddiaçının uşaqları ilə birlikdə onun (cavabdehin) mülkiyyətində olan 0.5919 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsindən istifadə etmələrinə və həmin torpaq sahəsində yerləşən fərdi yaşayış evində yaşamalarına razı deyildir. Qeyd edilənlərin nəzərə alınaraq iddianın əsassız olduğundan təmin edilməməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh1 vəkili Vəkil cavabdeh, eyni zamanda Cavabdeh1 nümayəndəsi Cavabdeh2 izahatına uyğun izahat verərək, iddianın əsassız olduğundan təmin edilməməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə izahatları dinləyib, işdə olan sənədləri və digər iş materiallarını tam və hərtərəfli araşdıraraq hesab edir ki, iddia əsassız olduğundan təmin edilməməlidir. Belə ki, işdə olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli çıxarışdan görünür ki, Cəlilabad rayonunun Maşlıq kəndində 0.1803 ha torpaq sahəsində yerləşən 138.2 kv.metr ümumi sahədən ibarət fərdi yaşayış evi Cavabdeh2 mülkiyyətindədir. İşdə olan Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik Hüquqi şəxsi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli (********** qeydiyyat nömrəli) çıxarışdan görünür ki, Cəlilabad rayonunun Maşlıq kəndində yerləşən 0.5919 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi Cavabdeh2 xüsusi mülkiyyətindədir. İşdə olan Cəlilabad Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(073)-443/2023 saylı qətnaməsindən görünür ki, həmin qətnamə ilə iddiaçı Cavabdeh1 ilə cavabdeh İddiaçı arasında Cəlilabad rayon Muğan kənd İƏDÜ nümayəndəlikdə bağlanmış 15 yanvar 2008-ci il tarixli, 03 saylı nikah pozulması, tərəflərin birgə nikahlarından doğulmuş xx.xx.2007-ci il təvəllüdlü X4 və xx.xx.2009-cu il təvəllüdlü X3 cavabdeh İddiaçı yanında qalmalarının müəyyən edlilməsi, 04 aprel 2023-cü ildən başlayaraq Cavabdeh1 xx.xx.2007-ci il təvəllüdlü X4 və xx.xx.2009-cu il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün hər ay hər uşağa görə 120 (bir yüz iyirmi) manat, cəmi 240 (iki yüz qırx) manat sabit pul məbləğində alimentin tutularaq İddiaçı verilməsi qət edilmişdir. İşdə olan Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı ve Reyestri publik hüquqi şəxsi 8 saylı Cəlilabad Ərazi İdarəsi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli məktubdan görünür ki, Cavabdeh1 adına Cəlilabad rayonu, Maşlıq kəndində yerləşən fərdi yaşayış evinin yerləşdiyi torpaq sahəsi 6 nəfər ailə üzvləri ilə ümumi birgə, fərdi yaşayış evi isə Cavabdeh2 adına tam hissə olmaqla xx.xx.2021-ci il tarixli, ********** saylı qeydiyyat nömrəsi ilə hüquqi qeydiyyata alınmışdır. İddiaçı adına Cəlilabad rayonu, Maşlıq kəndində yerləşən 5 nəfər ailə üzvləri ilə ümumi birgə 1.3698 ha (JN-648, ********) kənd təsərrüfatı təyinatlı torpaq sahəsi və 0.23 ha (JN-375A, ********) yaşayış məntəqələrinin torpaqları həyətyanı torpaq sahəsi vardır. İşdə olan Cəlilabad rayon Muğan kənd İƏDN tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli arayışdan görünür ki, Cəlilabad rayonu Maşlıq kəndində Cavabdeh2 mülkiyyətində olan (qeydiyyat nömrəsi ********** olan) 0.5919 hektar kənd təsərrüfatı təyinatı torpağın üzərində qanunsuz ev inşa edilmişdir. Maşlıq kənd sakinlərinin dediyinə görə həmin ev Maşlıq kənd sakini Cavabdeh2 tərəfindən inşa edilmişdir. Beləliklə, məhkəmə iclasında müəyyən edilmişdir ki, iddiaçı ilə Cavabdeh1 2006-cı il tarixdə faktiki evlənmişlər, nikahlarını isə 15 yanvar 2008-cı il tarixdə rəsmiləşdirmişlər. Ailə quran zaman İddiaçı Cavabdeh2 mülkiyyətində olan Cəlilabad rayonunun Maşlıq kəndində yerləşən 0.1803 ha torpaq sahəsində inşa etdirilmiş 138.2 kv.metr ümumi sahədən ibarət fərdi yaşayış evinə gəlin köçmüşdür. Aralarında yaranmış narazılıqlara görə Cavabdeh1 ilə İddiaçı ayrılmışlar və Cəlilabad rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qətnaməsi ilə tərəflər arasında olan nikah pozulmuşdur. İddiaçının uşaqları ilə birlikdə köçürülməsini və istifadə hüququnun tanınmasını tələb etdiyi fərdi yaşayış evi Cavabdeh2 mülkiyyətində olan Cəlilabad rayonunun Maşlıq kəndində yerləşən 0.5919 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsində yerləşir və həmin tikili özbaşına tikilidir. İddiaçı həmin fərdi yaşayış evində yaşasa da, sonradan Cavabdeh1lə aralarında olan narazılıqlara görə həmin evdən çıxmışdır. Hazırda iddiaçı yetkinlik yaşına çatmayan uşaqları ilə birlikdə həmin evə köçmək və istifadə hüququnun tanınmasını istəyir. Buna görə də hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə işin müəyyən olunmuş hallarına qiymət verərək hesab edir ki, iddiaçının iddia tələbi həm faktlar baxımından, həm də hüquq normalarının tələbləri baxımından əsassızdır. Belə ki, Azərbaycan Respublikasının Torpaq Məcəlləsinin 12-ci maddəsinin birinci hissəsinə əsasən torpaqların istifadəsinin ərazi planlaşdırılmasında kənd təsərrüfatı ehtiyacları üçün nəzərdə tutulmuş torpaq sahələri kənd təsərrüfatı təyinatlı torpaqlar sayılır. Həmin Məcəllənin 12-ci maddəsinin ikinci hissəsinə əsasən kənd təsərrüfatı təyinatlı torpaqların tərkibinə kənd təsərrüfatı yerləri (uqodiyaları), meşə zolaqlarının, təsərrüfatdaxili yolların, kommunikasiyaların, bataqlıqların, sututarların, kənd təsərrüfatının aparılması üçün vacib olan tikili və qurğuların altında olan torpaqlar daxildir. Həmin Məcəllənin 12-ci maddəsinin 3-cü hissəsinə əsasən kənd təsərrüfatı yerlərinə (uqodiyalarına) əkin, çoxillik əkmələrin altında olan torpaqlar, dincə qoyulmuş torpaqlar, biçənəklər, örüşlər və otlaqlar aid edilir. Həmin Məcəllənin 12-ci maddəsinin 4-cü hissəsinə əsasən kənd təsərrüfatı yerləri (uqodiyaları) xüsusi olaraq qorunur. Bu torpaqların qeyri-kənd təsərrüfatı məqsədilə digər kateqoriyalara keçirilməsinə müstəsna hallarda bu Məcəllədə və digər qanunvericilik aktlarında müəyyən edilmiş qaydada, müvafiq icra hakimiyyəti orqanının qərarı ilə yol verilir. İşdə olan Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik Hüquqi şəxsi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli (********** qeydiyyat nömrəli) çıxarışdan və Cəlilabad rayon Muğan kənd İƏDN tərəfindən verilmiş xx.xx.2023cü il tarixli arayışdan müəyyən edilir ki, iddiaçının köçürülməsini və istifadə hüququnun verilməsini tələb etdiyi Cəlilabad rayonunun Maşlıq kəndində yerləşən, özbaşına tikili hesab edilən fərdi yaşayış evi Cavabdeh2 mülkiyyətində olan 0.5919 hektar kənd təsərrüfatı təyinatı torpaq sahəsində yerləşir. Həmin torpaq sahəsi Cavabdeh2 mülkiyyətində olsa da, həmin torpaq sahəsində inşa etdirilmiş fərdi yaşayış evi özbaşına tikili olduğundan və kənd təsərrüfatı təyinatlı torpaq sahəsində inşa etdirildiyindən DƏDRX-də qeydiyyata alınmamışdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu R.Şirinovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 30 yanvar 2018-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair 30 noyabr 2018-ci il tarixli qərarında mənzilə köçürülmə tələbinə dair iddialara baxılması zamanı tətbiq edilməli olan normalarla bağlı hüquqi mövqeyini aşağıdakı kimi ifadə etmişdir: Mənzil hüququ əsasən yaşayış sahələrinin qanunla müəyyən olunmuş qaydada (növbə, bəzi kateqoriyalı vətəndaşlar üçün isə növbədənkənar) və normalar üzrə dövlət mənzil fondundan verilməsi, habelə yaşayış sahələrinin mülkiyyətçidən razılaşdırılmış şərtlərlə (kirayə, əvəzsiz istifadə və s.) götürülməsi və ya əvəzli (alğı-satqı, dəyişmə və s. üzrə) və yaxud əvəzsiz (miras, bağışlama, lotereya və s. üzrə) əldə edilməsi yolları ilə təmin olunur. Hər bir halda mənzil hüququnun əmələ gəlməsi üçün qüvvədə olan mənzil qanunvericiliyinin və mülki qanunvericiliyin müddəalarında nəzərdə tutulmuş müvafiq qaydalara riayət olunması tələb olunur. ... yaşayış sahələri yalnız mülki dövriyyənin predmeti olduqda mülki qanunvericilik onlara sahiblik, onlardan istifadə və onlara dair sərəncam verməklə bağlı məsələləri tənzimləyir. Yaşayış sahəsindən istifadə, onun istismarı və bir sıra başqa məsələlər yalnız mənzil qanunvericiliyi ilə tənzimlənir. Yaşayış sahələri mənzil hüququnun obyektidir. Yaşayış sahəsi dedikdə - Mülki Məcəlləyə uyğun olaraq daşınmaz əmlak hesab edilən və vətəndaşların daimi yaşaması üçün yararlı olan (müəyyən edilmiş sanitariya və texniki norma və qaydalara, qanunvericiliyin digər tələblərinə cavab verən) ayrıca sahə başa düşülür. Sahənin yaşayış sahəsi hesab edilməsi qaydası və onun cavab verməli olduğu tələblər bu Məcəlləyə və digər qanunvericilik aktlarına uyğun olaraq müəyyən edilir (Mənzil Məcəlləsinin 12.1, 12.2 və 12.3-cü maddələri). “Konstitusiya Məhkəməsi haqqında” Azərbaycan Respublikasının Qanununun 66.1ci maddəsinə əsasən Azərbaycan Respublikası Konstitusiyasının 130-cu maddəsinin İX hissəsinə görə Konstitusiya Məhkəməsinin qərarları Azərbaycan Respublikasının ərazisində məcburi qüvvəyə malikdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 25 yanvar 2005ci il tarixli Qərarına əsasən Konstitusiya Məhkəməsinin qərarının yüksək hüquqi qüvvəsi onun bütün hissələrinə, habelə həmin qərarın əsasını təşkil edən hüquqi mövqelərə də şamil olunur. Göründüyü kimi AR Konstitusiya Məhkəməsinin Plenumu mənzil hüququnun əsası kimi aşağıdakı halların müəyyən edilməsini şərtləndirir: Köçürülmənin tələb edildiyi yaşayış sahəsi mülki qanunvericiliyə uyğun olaraq daşınmaz əmlak hesab edilirmi? Yaşayış sahəsi Mənzil Məcəlləsinin 12.1-12.3-cü maddələrinin tələblərinə cavab verirmi? Mülki və mənzil qanunvericiliyinin tələblərinə uyğun olaraq mənzil hüququ yaranmışdırmı? Azərbaycan Respublikası Mülki Məcəlləsinin 139.1-ci maddəsinə əsasən mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. Həmin Məcəllənin 139.3-cü maddəsinə əsasən daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı müvafiq icra hakimiyyəti orqanı tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada tərtib edilən və aparılan daşınmaz əmlakın dövlət reyestrində həyata keçirilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 146.1-146.3-cü maddələrinə əsasən daşınmaz əmlaka sahiblik və istifadə hüququ onun barəsində əqdin notariat qaydasında təsdiq edildiyi andan əmələ gəlir (məhkəmə qərarı və ya digər qanuni qüvvəyə malik olan və barəsində şikayət verilə bilməyən qərar əsasında yaranan hüquq istisna olmaqla). Daşınmaz əmlak üzərində sərəncam vermək hüququ həmin əmlakın daşınmaz əmlakın dövlət reyestrində ərazilər üzrə qeydiyyatı tarixindən əmələ gəlir. Daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmamış daşınmaz əmlak barəsində müqavilələrin notariat qaydasında təsdiqlənməsinə yol verilmir və bu cür əmlak barəsində bağlanmış müqavilələr etibarsız sayılır. Həmin Məcəllənin 180.1 və 180.2-ci maddələrinə əsasən tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş yaşayış evi, digər tikili, qurğu və ya başqa daşınmaz əmlak özbaşına tikinti sayılır. Özbaşına tikinti aparmış şəxs ona mülkiyyət hüququ əldə etmir. Onun tikintiyə dair sərəncam vermək - onu satmaq, bağışlamaq, icarəyə vermək, digər əqdlər bağlamaq ixtiyarı yoxdur. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 16-cı maddəsinə əsasən yaşayış sahələri üzərində mülkiyyət və digər əşya hüquqları Azərbaycan Respublikasının Mülki Məcəlləsində və digər qanunvericilik aktlarında nəzərdə tutulmuş hallarda və qaydada dövlət qeydiyyatına alınmalıdır. Hazırkı iş üzrə iddiaçının köçürülməsini tələb etdiyi fərdi yaşayış evinin özbaşına tikili olduğu, heç bir hüquq müəyyənedici sənədi olmadığı və beləliklə də həmin evin mülki qanunvericiliyə əsasən mülki dövriyyənin predmeti olmadığı müəyyən edilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 180-ci, Mənzil Məcəlləsinin 16-cı maddələrinə və AR Konstitusiya Məhkəməsinin Plenumunun xx.xx.2018-ci il tarixli qərarındakı hüquqi mövqeyinə əsasən bu cür tikililər yaşayış sahəsi hesab edilmədiyindən həmin tikiliyə köçürülmə tələbi də təmin oluna bilməz. Azərbaycan Respublikası MPM-in 14.2, 217.4 və 218.3-cü maddələrinə müvafiq olaraq məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdıraraq, onlardan istifadə edərək, yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanaraq, iddia tələblərinin hədlərindən kənara çıxmadan işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 213, 216-220 və 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi : İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı evə köçürülmə və həmin evdən istifadə hüququ tələbinə dair iddiası əsassız olduğundan təmin edilməsin. İş üzrə iddiaçı tərəfindən ödənilmiş 50 (əlli) manat dövlət rüsumu İddiaçı aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Cəlilabad Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Qalib Paşayev
Məhkəmə qərarları › İş №2(073)-1469/2023
Cəlilabad Rayon Məhkəməsi Qətnamə — İş №2(073)-1469/2023
13.10.2023 · Mənzil mübahisələri - Mənzilə köçürmə - Mənzil mübahisələri - Mənzilə istifadə hüququnun tanınması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver