Məhkəmə qərarları › İş №2(073)-2123/2025

Cəlilabad Rayon Məhkəməsi Qərardad — İş №2(073)-2123/2025

25.06.2025 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Digər hüquqi hallar
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Cəlilabad rayonu İş № 2(073)-2123/2025 25.06.2025 CƏLİLABAD RAYON MƏHKƏMƏSİ Cəlilabad rayon məhkəməsinin hakimi Əmirəliyev Elxan Əli oğlu, Ərizəçi xx.xx.1995-ci il tarixdən 09 fevral 2012-ci il tarixədək mərhum qaynanası X1 qulluq etməsi faktının müəyyən edilməsinə dair ərizəsinə və ona əlavə edilmiş sənədlərə baxaraq, Müəyyən etdi: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək, xx.xx.1995-ci il tarixdən 09 fevral 2012-ci il tarixədək mərhum qaynanası X1 qulluq etməsi faktının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə ərizəni və ona əlavə edilmiş sənədləri araşdırıb hesab edir ki, Ərizəçi xx.xx.1995-ci il tarixdən 09 fevral 2012-ci il tarixədək mərhum qaynanası X1 qulluq etməsi faktının müəyyən edilməsinə dair ərizəsinin qəbulundan, iddianın yol verilməzliyinə görə imtina edilməlidir. Belə ki, ərizədən göründüyü kimi ərizəçinin məqsədi ailə üzvünə qulluq illərinin sığorta stajına daxil edilməsi ilə bağlı inzibati orqan olan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu ilə fiziki şəxs arasında olan inzibati mübahisədir və inzibati məhkəmədə baxılan tələbdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 25.1-ci maddəsinə əsasən sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olmayan mübahisələrə dair işlərə mülki məhkəmə icraatı qaydasında ümumi məhkəmələr baxır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.1-ci maddəsinə əsasən qanunla başqa aidiyyət qaydası müəyyən edilməmişdirsə, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatı inzibati məhkəmələr və inzibati kollegiyalar tərəfindən həyata keçirilir. Həmin Məcəllənin 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmələr və inzibati kollegiyalar tərəfindən inzibati məhkəmə icraatı qaydasında baxılır. «İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair» Ali Məhkəmə Plenumunun 10 aprel 2015-ci il tarixli, 4 nömrəli qərarının 5.1-ci bəndinə əsasən inzibati mübahisələr inzibati orqanla fiziki və hüquqi şəxslər arasında inzibati aktın qəbul edilməsi, qəbul edilməsindən imtina olunması, ləğv edilməsi, dəyişdirilməsi, etibarsız sayılması, habelə inzibati orqanın faktiki xarakterli hərəkətləri (fəaliyyəti) və s. ilə bağlı yaranan münasibətlərdən irəli gəlir. Bu səbəbdən inzibati orqanların xaricə yönələn və maraqlı şəxsin publik hüquq sahəsindən irəli gələn bu və ya digər hüququn əldə edilməsi, hüququnun tanınması və ya hüquqlarının həyata keçirilməsi ilə bağlı inzibati orqana müraciətinin nəticəsi olaraq, yaxud inzibati orqanın öz təşəbbüsü ilə qəbul etdiyi aktlarının ləğv edilməsi və ya dəyişdirilməsi barədə (mübahisələndirmə haqqında), yaxud həmin aktların etibarsızlığının (qanunsuz) tanınması barədə (müəyyən etmə və tanınma haqqında) iddialara inzibati məhkəmə icraatı qaydasında baxılır. Göründüyü kimi ərizəçinin ərizəsində göstərdiyi tələb ümumi məhkəmələrdə, mülki məhkəmə icraatı qaydasında baxılan tələb deyil və hazrki mübahisənin kökündə inzibati mübahisə mövcuddur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 153.2.1-ci maddəsinə əsasən ərizəyə məhkəmə qaydasında və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə məhkəmə iddianın yolverilməzliyinə görə iddia ərizəsini qəbul etməkdən imtina edir. Həmin Məcəllənin 153.3-cü maddəsinə əsasən hakim ərizəni qəbul etməkdən imtina barədə əsaslandırılmış qərardad çıxarır. İşə məhkəmə qaydasında və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə, iddiaçının hansı orqana və ya məhkəməyə müraciət etməli olmasını orada göstərir. Həmin Məcəllənin 153.6-cı maddəsinə əsasən iddia ərizəsini qəbul etməkdən imtina barədə qərardaddan şikayət verilə bilər. Qərardad ləğv edildikdə, iddia ərizəsi məhkəməyə müraciət edildiyi ilk gündən verilmiş hesab edilir. Məhkəmə, həmçinin prosessual xərclərə münasibət bildirərək qeyd edir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 114.1.2-ci maddəsinə əsasən bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizəni baxılmaq üçün qəbul etməkdən imtina edilərsə ödənilmiş dövlət rüsumu qaytarılır. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, ərizəsinin qəbulundan, iddianın yol verilməzliyinə görə imtina edilməli və iddiaçı tərəfindən Cəlilabad Rayon Məhkəməsinə ödənilmiş 100 manat məbləğində dövlət rüsumu (qəbzin nömrəsi: **********) Ərizəçi geri qaytarılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 263, 264 və 266-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə… Qərara aldı: Ərizəçi xx.xx.1995-ci il tarixdən 09 fevral 2012-ci il tarixədək mərhum qaynanası X1 qulluq etməsi faktının müəyyən edilməsinə dair ərizəsinin qəbulundan, iddianın yol verilməzliyinə görə imtina edilsin. İddiaçı tərəfindən Cəlilabad Rayon Məhkəməsinə ödənilmiş 100 (bir yüz) manat məbləğində dövlət rüsumu (qəbzin nömrəsi: **********) Ərizəçi geri qaytarılsın. Qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Cəlilabad Rayon Məhkəməsinə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) qərardaddan şikayət verilə bilər. Hakim: Elxan Əmirəliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar