Azərbaycan Respublikası adından QƏTNAMƏ Cəlilabad rayonu İş № 2(073)-2186/2025 09.10.2025 CƏLİLABAD RAYON MƏHKƏMƏSİ Hakim Mehrəliyeva Ləman Həmzağa qızının sədrliyi, Həşimzadə Şahanə İlham qızının katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi Maraqlı şəxs qismində cəlb edilməklə “şəxsin ölmüş elan edilməsi” barədə ərizəsinə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Ərizəçi Maraqlı şəxs qismində cəlb edilməklə “şəxsin ölmüş elan edilməsi” barədə ərizə ilə məhkəməyə müraciət edərək, xx.xx.1987-ci ildə Sumqayıt şəhərində anadan olmuş X7 2018-ci ildə ölmüş elan edilməsi haqqında qətnamə qəbul olunmasını xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, X12 ilə ərizəçinin qızı X4 2007-ci ildə faktiki nikah münasibətlərinə daxil olmaqla evlənmişlər və xx.xx.2011-ci ildə rəsmi nikaha daxil olmuşlar. Birgə nikahlarından xx.xx.2009-cu il təvəllüdlü X10, xx.xx.2011-ci il təvəllüdlü X11 və xx.xx.2013-cü il təvəllüdlü X13 anadan olmuşdur. Onun qızı X4 2014-cü ildə əri X12 və övladları ilə birlikdə Türkiyə Cümhuriyyətinə, oradan Suriya Respublikasına, oradan isə İraq Respublikasına getmişlər. Qızının həyat yoldaşı X12 orada fəaliyyət göstərən "İŞİD" terror təşkilatına qoşulmuş və 2018-ci ildə İraq Respublikasında gedən döyüş əməliyyatlarında həlak olmuşdur. X4 isə hal-hazırda İraqda Bağdad şəhərində həbsxanadadır. Onların övladları xx.xx.2009-cu il təvəllüdlü X10, xx.xx.2011-ci il təvəllüdlü X11 və xx.xx.2013-cü il təvəllüdlü X13 2019-2020-ci illərdə Azərbaycan Respublikasının İraqdakı Səfirliyinin köməkliyi ilə Azərbaycana gətirilmişdir və nənələri kimi onun Ərizəçi himayəsinə verilmişdir. Sumqayıt Şəhər İcra Hakimiyyəti Başçısının xx.xx.2020-ci il tarixli 183 saylı Sərəncamına əsasən Ərizəçi nəvələri xx.xx.2009-cu il təvəllüdlü X5, xx.xx.2011-ci il təvəllüdlü X6 və xx.xx.2013-cü il təvəllüdlü X8 üzərində qəyyum təyin olunmuşdur. Nəvələri İsmayıl, Həcər və Sara hal-hazırda nənələri kimi onun qəyyumluğu altındadır, onların bütün maddi və mənəvi tələbatlarını qarşılayır. Lakin maddi imkanı olmadığından uşaqların maddi ehtiyaclarını qarşılaya bilmir. Məhkəmə iclasında izahat verən Ərizəçi bildirmişdir ki, uzun illərdir ki, kürəkənindən məlumat olmadığını, qızı X4 övladları ilə telefonla danışarkən dəfələrlə bildirmişdir ki, atası X12 ölmüşdür. Bununla əlaqədar ərizənin təmin edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar olunmuş maraqlı şəxsin səlahiyyətli nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə ərizəçinin izahatlarını iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlayaraq, ərizənin dəlillərini və işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla qiymətləndirərək hesab edir ki, ərizə aşağıdakılara əsasən təmin edilməlidir. İş materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş: AZE seriyalı, 13477029 nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, X12 xx.xx.1987-ci il tarixdə ünvan 1 ünvanında qeydiyyatdadır; AR DİN İNTERPOL-un Milli Mərkəzi Bürosunun xx.xx.2025-ci il tarixli məktubundan görünür ki, xx.xx.1987-ci il təvəllüdlü X12 barəsində İnterpolun e- ASF avtomatlaşdırılmış axtarış sistemində şübhəli şəxs kimi “məlumat əldə etmək” məqsədi daşıyan məlumat mövcuddur; Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidmətinin məktubundan görünür ki, xx.xx.1987-ci il təvəllüdlü X1 dəfə dövlət sərhədindən hərəkəti barədə İAMAS bazasında xx.xx.2014-cü il tarixində Türkiyədən çıxış istiqamətində qeydiyyat aparılmışdır; AR Ədliyyə Nazirliyi Vətəndaşlıq Vəziyyəti Aktlarının Reyestri Xidmətinin xx.xx.2025- ci il tarixli məktubundan görünür ki, “Vətəndaşlıq vəziyyəti aktları” avtomatlaşdırılmış qeydiyyat informasiya sisteminə daxil edilmiş məlumatlar öyrənilərkən X7 ölümü haqqında məlumat aşkar edilməmişdir; AR Daxili İşlər Nazirliyi Baş Cinayət Axtarışı İdarəsinin xx.xx.2025-ci il tarixli məktubundan görünür ki, DİN-nin müvafiq uçotlarına əsasən xx.xx.1987-ci il təvəllüdlü X7 itkin düşmüş şəxs qismində axtarışda olması barədə məlumat aşkar edilməmişdir. AR Sumqayıt şəhər İcra Hakimiyyəti Başçısının xx.xx.2020-ci il qəyyum təyin etmə barədə sərəncamından görünür ki, xx.xx.1965-ci il təvəllüdlü Ərizəçi nəvələri, xx.xx.2009cu il təvəllüdlü X10, xx.xx.2011-ci il təvəllüdlü X11 və xx.xx.2013-cü il təvəllüdlü X8 üzərində qəyyumu təyin olunmuşdur. Beləliklə, işin məhkəmə tərəfindən müəyyən edilmiş hallarından görünür ki, xx.xx.1987-ci il təvəllüdlü X3 dəfə 2014-cü ildə Azərbaycan Respublikasından çıxış etmişdir. Onun dövlət sərhədindən hərəkəti barədə İAMAS bazasında xx.xx.2014-cü il tarixində Türkiyədən çıxış istiqamətində qeydiyyat aparılmışdır. Həmin tarixdən hazıradək həyatda olması barədə hər hansı məlumatın olması müəyyən edilməmişdir. Hazırda ərizəçinin qeyd edilən hüquqi əhəmiyyətli faktı məhkəmədən kənar əldə etməsi qeyrimümkündür. Ərizəçi həmin faktın müəyyən edilməsini ailə başçısını itirməyə görə pensiya almaq məqsədilə lazım olduğunu bildirmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında” 12 aprel 2019-cu il tarixli, 03 saylı Qərarının 9.5-ci bəndinə görə, şəxsin müəyyən vaxtda müəyyən şəraitdə ölməsi faktının müəyyən edilməsini şəxsin ölmüş elan edilməsindən fərqləndirmək lazımdır. Şəxsin ölmüş elan edilməsi üçün Azərbaycan Respublikası Mülki Məcəlləsinin 41-ci maddəsində nəzərdə tutulan vaxtın keçməsi zəruridir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 41.1, 41.3 və 42.1-ci maddələrinə görə, əgər şəxsin yaşayış yerində onun harada olması barədə beş il ərzində məlumat olmazsa, habelə o, ölüm təhlükəsi törədən və ya hansısa bədbəxt hadisədən həlak olduğunu güman etməyə əsas verən şəraitdə xəbərsiz itkin düşərsə və ondan altı ay ərzində xəbər çıxmazsa, o, məhkəmə qaydasında ölmüş elan edilə bilər. Şəxsin ölmüş elan edilməsi haqqında məhkəmə qərarının qanuni qüvvəyə mindiyi gün onun ölüm günü sayılır. Ölmüş elan edilmiş şəxs gəldikdə və ya onun olduğu yer aşkar edildikdə məhkəmə onun ölmüş elan edilməsi barədə qərarı ləğv edir. Maddələrin məzmunundan göründüyü kimi, şəxsin ölmüş elan edilməsi üçün qanunverici iki müstəqil əsas nəzərdə tutmuşdur: “şəxsin yaşayış yerində onun harada olması barədə beş il ərzində məlumatın olmaması” və “ölüm təhlükəsi törədən və ya hansısa bədbəxt hadisədən həlak olduğunu güman etməyə əsas verən şəraitdə xəbərsiz itkin düşməsi və ondan altı ay ərzində xəbər çıxmaması”. Göstərilən əsaslardan hər hansı biri mövcud olduqda məhkəmə şəxsi ölmüş elan etməkdə haqlıdır. Birinci halda (şəxsin yaşayış yerində harada olması barədə beş il ərzində məlumat olmazsa) qanunverici şəxsin ölməsinə güman verən halın, hadisənin olmasını tələb etmir. Bu zaman şəxsin yaşayış yerində onun harada olması barədə beş il ərzində məlumat olmaması ərizəçiyə şəxsin ölmüş elan edilməsi barədə ərizə ilə məhkəməyə müraciət etmək hüququ verir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 312, 313 və 315.2-ci maddələrinə əsasən şəxsin xəbərsiz itkin düşmüş hesab edilməsi və şəxsin ölmüş elan edilməsi haqqında ərizə ərizəçinin yaşadığı yer üzrə məhkəməyə verilir. Ərizədə şəxsi xəbərsiz itkin düşmüş hesab etməyin və onun ölmüş elan edilməsinin ərizəçiyə nə məqsəd üçün lazım olduğu göstərilməli, habelə şəxsin xəbərsiz itkin düşməsini təsdiq edən hallar, yaxud xəbərsiz itkin düşənin ölüm təhlükəsi qarşısında olmasını və ya onun müəyyən bədbəxt hadisədən həlak olmasını güman etməyə əsas verən hallar şərh edilməlidir. Hərbi əməliyyatlar zamanı hərbi qulluqçuların və ya digər şəxslərin xəbərsiz itkin düşməsi barədə ərizədə hərbi əməliyyatın qurtardığı vaxt göstərilməlidir. Şəxsi ölmüş elan edən məhkəmə qətnaməsi müvafiq icra hakimiyyəti orqanı tərəfindən vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı kitabına şəxsin ölməsi barədə qeyd etmək üçün əsasdır. İş materiallarından göründüyü kimi, ərizəçinin kürəkəni olan X7 harada olması haqda 10 ildən artıq müddətdə məlumat olmamış və müxtəlif dövlət orqanlarına ünvanlanmış sorğulara cavab məktublarına əsasən onun barəsində hər hansı yeni məlumatın aşkar edilmədiyi müəyyən olunmuşdur. Beləliklə, şəxsin ölmüş elan edilməsi üçün qanunvericiliklə nəzərdə tutulmuş əsaslar müəyyən edildiyindən məhkəmə hesab edir ki, Ərizəçi kürəkəni xx.xx.1987-ci il tarixdə Sumqayıt şəhərində doğulmuş X12 ölmüş elan edilməli, qətnamənin qanuni qüvvəyə mindiyi gün - X7 ölüm günü hesab edilməlidir. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220,233, 312-315 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə, QƏT ETDİ: Ərizə təmin edilsin. xx.xx.1987-ci il tarixində Sumqayıt şəhərində doğulmuş X12 ölmüş elan edilsin. Qətnamənin qanuni qüvvəyə mindiyi gün - X7 ölüm günü hesab edilsin. Ödənilmiş dövlət rüsumu ərizəçiyə aid edilsin. Qətnamədən, tərəflərə rəsmi qaydada təqdim olunduğu gündən 1 (bir) ay müddətində Cəlilabad Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Ləman Mehrəliyeva
Məhkəmə qərarları › İş №2(073)-2186/2025
Cəlilabad Rayon Məhkəməsi Qətnamə — İş №2(073)-2186/2025
09.10.2025 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Digər hüquqi hallar
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver