Azərbaycan Respublikası adından QƏTNAMƏ Cəlilabad rayonu İş № 2(073)-221/2023 20.02.2023 CƏLİLABAD RAYON MƏHKƏMƏSİ Hakim Paşayev Qalib Hidayət oğlunun sədrliyi, Məhkəmə iclasının katibi X1, İddiaçı, Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 iştirakları ilə, İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı yaşayış evinə köçürülmə tələbinə dair iddiası üzrə mülki işə Cəlilabad Rayon Məhkəməsinin binasında, məhkəmə iclas zalında, açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı yaşayış evinə köçürülmə tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, az yaşlı uşağı xx.xx.2019-cu il təvəllüdlü X4 ilə birlikdə Cəlilabad rayonu Privolnoye kəndində yerləşən cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 faktiki istifadəsində olan evə köçürülməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı iddianı müdafiə edərək, verdiyi izahatında göstərmişdir ki, Cavabdeh3 ilə 2018-ci ildə faktiki evlənmişlər, nikahlarını isə 02 aprel 2018-ci il tarixində rəsmiləşdirmişlər. Toy günü cavabdehin valideynlərinin Privolnoye kəndində yerləşən fərdi yaşayış evinə gəlin köçmüşdür. Cavabdeh3 ilə birgə nikahlarından xx.xx.2019-cu il təvəllüdlü Fatimə adlı uşaqları doğulmuşdur. Uşaq dünyaya gəlməmişdən bir neçə gün əvvəl xəstəxanaya getmiş, uşaq dünyaya gəldikdən sonra isə gəlin köçdüyü evə qayıtmaq istəsə də, cavabdehlər heç bir əsas olmadan onu qəbul etməmişdirlər. Dəfələrlə gəlin köçdüyü evə qaydıb yaşamaq istəsə də, cavabdehlər buna imkan verməmişdirlər. Cəlilabad rayon məhkəməsinin xx.xx.2021-ci il tarixli qətnaməsi ilə Cavabdeh3 ilə aralarında olan nikah pozulmuşdur. Hazırda onun yaşamağa başqa yeri yoxdur. Gəlin köçdüyü evdə yaşamaq istəyir. Bu səbəbdən də məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Qeyd edilənlərin nəzərə alınaraq iddianın təmin edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Məkəmə iclasında Cavabdeh1 iddianı etiraf etməyərək, verdiyi izahatında göstəırmişdir ki, oğlu (cavabdehin) Cavabdeh3 ilə İddiaçı 2018-ci ildə faktiki olaraq evlənmişlər, nikahlarını 02 aprel 2018-ci il tarixində rəsmiləşdirmişlər. Oğlu (cavabdehin) Cavabdeh3 hərbiçi olduğundan iddiaçı ilə evləndikdən sonra xidmət etdiyi Şəmkir rayonunda yerləşən hərbi hissənin yaxınlığında kirayə ev tutaraq orada yaşamış və evləndikdən bir neçə gün sonra iddiaçını da daimi yaşamaq üçün öz yanına aparmışdır. Bir müddət Şəmkir rayonunda yaşadıqdan sonra isə iddiaçı ilə oğlu Cavabdeh3 yaşamaq üçün Bakı şəhərinə getmişlər. Bir müddət Bakı şəhərində yaşadıqdan sonra 2019-cu ilin aprel ayının əvvəllərində iddiaçı ilə oğlu Cavabdeh3 Cəlilabad rayonunun Privolnoye kəndinə qayıtmışlar və iddiaçı uşaq dünyaya gətirmək üçün xəstəxanaya getmişdir. xx.xx.2019-cu ildə Fatimə adlı nəvəsi doğulmuşdur. Uşaq doğulduqdan bir neçə gün sonra iddiaçı uşağı ilə birlikdə valideynlərinin evinə getmiş və onların (cavabdehlərin) yanında qayıtmamışdır. Hazrda da iddiaçı uşağı ilə birlikdə valideynlərinin yanında yaşayır. Aralarında olan narazılıqlara görə oğlu Cavabdeh3 ilə İddiaçı arasında olan ailə münasibətləri pozulmuş və Cəlilabad rayon məhkəməsinin xx.xx.2021-ci il tarixli qətnaməsi ilə onların nikahları pozulmuşdur. Onların yaşadıqları ev X5 məxsusdur. Eyni zamanda, onun (cavabdehin) digər oğlu və ailə üzvləri də həmin evdə yaşayır. Özü ürək çatışmazlığından əziyyət çəkir, mütəmadi müalicələr alır, həyat yoldaşı Cavabdeh2 onkoloji xəstədir. İddiaçı ilə oğlu Cavabdeh3 ailə münasibətləri pozulmuşdur və iddiaçının qayıdıb həmin evdə onlarla (cavabdehlərlə) birlikdə yaşaması mümkün deyildir. Qeyd edilənlərin nəzərə alınaraq iddianın təmin edilməməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Məkəmə iclasında Cavabdeh2 Cavabdeh1 izahatına uyğun izahat verərək, iddianın təmin edilməməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İşə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada məlumat verilməsinə baxmayaraq Cavabdeh3 məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə işə Cavabdeh3 iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə izahatları dinləyib, iş materiallarını araşdırıb hesab edir ki, iddia əsassız olduğundan təmin edilməməlidir. Belə ki, işdə olan Cəlilabad rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş xx.xx.2020ci il tarixli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X4 xx.xx.2019-cu ildə doğulmuşdur, atası Cavabdeh3, anası İddiaçıdır. İşdə olan Cəlilabad RİHB-nin Privolnoye kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli, 551 saylı arayışdan görünür ki, Cəlilabad rayonu Privolnoye kənd sakinləri Cavabdeh3 və onun valideyinləri atası Cavabdeh1, anası Mirzəyeva X3 rayonu Privolnoye kəndində təsərrüfatbaşına kitabda təsərrüfat başçısı Cavabdeh2 məxsus fərdi yaşayış evində yaşayırlar. İşdə olan Cəlilabad rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(073)753/2020 saylı qətnaməsinin surətindən görünür ki, Cavabdeh3 ilə İddiaçı arasında Cəlilabad rayin İcra Hakimiyyəti Başçısının Privolnoye kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən 02 aprel 2018-ci il tarixdə, 06 saylı akt qeydi əsasında bağlanmış nikah pozulmuş, tərəflərin birgə nikahlarından doğulmuş xx.xx.2019-cu il təvəllüdlü X2 anası İddiaçı yanında qalması müəyyən edilmiş, Cavabdeh3 xx.xx.2019-cu il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay qazancının və (və ya) başqa gəlirlərinin dörddə bir hissəsi miqdarında alimentin alınıb İddiaçı verilməsi qət edilmişdir. İşdə olan Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reysteri publik hüquqi şəxsi 8 saylı Ərazi idarəsinin xx.xx.2023-cü il tarixli məktubdan görünür ki, Cavabdeh1, Cavabdeh3 və Cavabdeh2 adına Cəlilabad rayonu Privolnoye kəndində qeydiyyatdan keçmiş fərdi yaşayış evi aşkar edilməmişdir. Beləliklə məhkəmə baxışı zamanı müəyyən edildi ki, iddiaçı ilə Cavabdeh3 faktiki olaraq evlənmişlər, nikahlarını 02 aprel 2018-ci il tarixdə rəsmiləşdirmişlər. Birgə nikahlarından xx.xx.2019-cu il təvəllüdlü Fatimə adlı uşaqları doğulmuşdur. Toy günü iddiaçı cavabdehlərin Privolnoye kəndində yerləşən fərdi yaşayış evinə gəlin köçmüşdür. Cavabdeh3 hərbiçi olduğundan iddiaçı ilə evləndikdən sonra Şəmkir rayonunda yerləşən xidmət etdiyi hərbi hissənin yaxınlığında kirayə ev tutaraq iddiaçı ilə birlikdə orada yaşamışlar. Fatimə adlı uşaqları doğulduqdan sonra isə iddiaçı valideyinlərinin evinə getmiş və orada yaşamışdır. Cəlilabad rayon məhkəməsinin xx.xx.2021-ci il tarixli qətnaməsinə əsasən iddiaçı ilə Cavabdeh3 arasında olan nikahın pozulmuş və tərəflərin birgə nikahlarından doğulmuş xx.xx.2019-cu il təvəllüdlü X2 anası İddiaçı yanında qalması müəyyən edilmşdir. Hazırda iddiaçı azyaşlı uşağı ilə birlikdə cavabdehlərin yaşadığı fərdi yaşayış köçmək və həmin evdə yaşamaq istəyir. Buna görə də, hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 43-cü maddəsində qeyd edilmişdir ki, heç kəs yaşadığı mənzildən qanunsuz məhrum edilə bilməz. Bu norma göstərişinin xarakterinə görə qadağanedici norma, tətbiq edildiyi subyektlərin dairəsinə görə isə ümumi normadır. Yəni insanı yaşadığı mənzildən qanunsuz məhrum etməyə yönələn hər hansı hərəkətin edilməsini bütün şəxslərə qadağan edir. Normanın mənası ondan ibarətdir ki, hüquqi dövlətdə bütün məhrumetmələrin əsasında qanun dayanmalıdır. Odur ki, mənzilə və digər bu kimi yerlərə köçürülmə barədə iddialar həll edilərkən ilk növbədə 3 hal aydınlaşdırılmalıdır: 1) şəxs köçmək istədiyi yerdə yaşayıbmı; 2) şəxs yaşadığı yerdən məhrum edilibmi; 3) məhrum edilmə qanunidirmi. Hazırkı işdə 1-ci hal mövcuddur, yəni iddiaçı köçmək istədiyi evdə qısa müddət yaşayıb. Ona görə də 2-ci və 3-cü halların mövcud olub-olmadığı aydınlaşdırılmalıdır. Belə ki, iddiaçının və cavabdehlərin izahatı ilə iddiaçının həmin fərdi yaşayış evindən zorla çıxarıldığı və ya iddiaçının həmin yaşayış evindən könüllü olaraq, öz razılığı ilə çıxdığı dəqiq müəyyən olunur. Məhkəmə hesab edir ki, 2-ci hal, yəni mərhumetmə sübuta yetirilmədiyindən, 3-cü halın, yəni mərhumetmənin qanuniliyi və qanunsuzluğu məsələsinin də müzakirə edilməsinə zərurət yoxdur. Beləliklə, cavabdehlər yuxarıda qeyd olunan qadağanedici normanı pozmamışlar. İddiaçının evə köçürülmə tələbinin əsaslı olub-olmamasının müəyyən edilməsi üçün məhkəmə qeyd edir ki, ilk növbədə onun həmin evə dair istifadə hüququnun yaranıbyaranmaması məsələsinə qiymət verilməlidir. Məhkəmə qeyd edir ki, hər hansı bir əmlak üzərində mülkiyyət hüququ sahiblik, istifadə və sərəncam vermək hüququnu ehtiva edir. Mövcud qanunvericiliyə görə də daşınmaz əmlak üzərində mülkiyyət hüququ dövlət qeydiyyatına alındığı təqdirdə yaranır, əks halda həmin əmlak özbaşına tikili kimi qəbul edilməklə həmin əmlaka hər hansı bir hüquq tanına bilinməz. Daşınmaz əmlaka aid olan məlumatların vahid dövlət reyestrində qeydiyyatı həm dövlət, həm də mülkiyyətçilərin mənafelərinin qorunması baxımından vacibdir. Daşınmaz əmlakın dövlət qeydiyyatının nəticəsində şəxsin qanuni əsaslarla əldə etdiyi müvafiq daşınmaz əmlaka mülkiyyət hüququnun tanınması bu hüququn pozulmasının və mübahisə edilməsinin qarşısını alır. Hazırkı işdən də göründüyü kimi iddiaçının öz azyaşlı uşağı ilə köçmək istədiyi fərdi yaşayış evi daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmamış və özbaşına tikili olaraq qalır. Konstitusiyada nəzərdə tutulmuş hər kəsin məhkəmədə müdafiə hüququnun həyata keçirilməsi mövcud qanunvericiliklə müəyyən olunur. Hər hansı bir məhkəmə işinə mahiyyəti üzrə baxılarkən maddi və prosessual qaydalara riayət edilməməsi Konstitusiyanın müddəalarının pozulmasına gətirib çıxaran hal kimi qiymətləndirilə bilər (N.Musayevanın şikayəti üzrə Konstitusiya Məhkəməsi Plenumunun 21 iyun 2010-cu il tarixli qərarı). “R.Ağalarovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki işlər üzrə məhkəmə kollegiyasının 31 mart 2006-cı il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plemunu 26 sentyabr 2007-ci il tarixli qərarında göstərmişdir ki, bəzən elə əmlak və şəxsi qeyri-əmlak münasibətləri yaranır ki, bu münasibətlər müvafiq qanun qəbul olunduğu anda mövcud olmamış və ya onların mövcudluğu həmin qanun qəbul olunarkən qanunverici tərəfindən nəzərə alınmamışdır. Belə hallarda hüquq tətbiqetmə təcrübəsində aşkar olunur ki, qanunvericilikdə boşluq mövcuddur. Nəticədə müvafiq norma olmadığına görə nizamlanmalı olan müəyyən hallar hüquqi tənzimlənmədən kənarda qalır. Çatışmayan normanın qəbulu qanunda boşluğun aradan qaldırılmasının ən yaxşı yolu olsa da, Mülki Məcəllənin 11.5-ci maddəsinə əsasən mülki hüquq münasibətlərini tənzimləyən hüquq normasının olmaması və onun qeyrimüəyyənliyi məhkəmənin mülki işə baxmaqdan imtina etməsinə əsas verə bilməz. Ümumi yurisdiksiyalı məhkəmələr tərəfindən mənzil qanunvericiliyində normanın mövcud olmamasına görə iddianın rədd olunması və konkret mübahisənin həllindən faktiki imtina edilməsi yolverilməzdir. Mənzil qanunvericiliyində müəyyən münasibətlərin tənzimlənməməsi, öz əlamətlərinə görə mülki hüququn predmetinə aid mülki münasibətlərin mövcudluğu və mülki qanunvericilikdə oxşar münasibətləri tənzimləyən normanın olması bütövlükdə dövlətin iradəsinin ifadəsindən çıxış edərək boşluğun tamamlanması məqsədilə qanunun analogiyasının tətbiqi üçün əsas götürülə bilər. Mülki Məcəllənin 11.1-ci maddəsinə əsasən mülki hüquq münasibətləri mülki qanunvericiliklə və ya tərəflərin razılaşması ilə birbaşa tənzimlənmədikdə və onlara tətbiq edilə bilən işgüzar adət olmadıqda həmin münasibətlərə, əgər bu, onların mahiyyətinə zidd deyildirsə, oxşar münasibətləri tənzimləyən mülki qanunvericilik normaları tətbiq edilir (qanunun analogiyası). Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 217.2-ci-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Hazırkı mübahisə üzrə tərəflər arasında hüquq münasibətləri iddiaçının mübahisəli evə köçdüyü 2018-ci ildə yaranmışdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5ci və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.4-cü maddələrinin şərh edilməsinə dair 8 oktyabr 2013-cü il tarixli qərarına əsasən yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildikdən sonra onun keçmiş ailə üzvünün həmin sahədən istifadə hüququ ilə bağlı məsələlərə baxılarkən 2009-cu il oktyabr ayının 1-dək yaranmış münasibətlərə Azərbaycan Respublıkasının Mülki Məcəlləsinin 228-ci maddəsinin, həmin tarixdən sonra yaranan münasibətlərə isə Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.4-cü maddəsinin müddəaları tətbiq edilməlidir. Göründüyü kimi, tərəflər arasında hüquq münasibətləri 2009-cu ilin oktyabr ayının 1dən sonra yarandığı üçün məhkəmə hesab edir ki, iddiaçının mübahisəli mənzilə istifadə hüququnun yaranıb-yaranmaması məsələsi hazırda qüvvədə olan Mənzil Məcəlləsinin müddəalarına uyğun qaydada həll olunmalıdır. Azərbaycan Respublikasının Mənzil Məcəlləsinin 30.1-ci maddəsinə əsasən yaşayış sahəsi mülkiyyətçisinin ailə üzvlərinə həmin mülkiyyətçi ilə ona məxsus olan yaşayış sahəsində birlikdə yaşayan mülkiyyətçinin arvadı (əri), habelə onun uşaqları və valideynləri aid edilir. Digər qohumlar, mülkiyyətçinin himayəsində olan əmək qabiliyyəti olmayanlar mülkiyyətçi tərəfindən ailə üzvləri kimi yaşayış sahəsinə köçürüldükdə, onun ailə üzvləri hesab edilə bilərlər. Həmin Məcəllənin 30.2-ci maddəsinə əsasən əgər yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə üzvləri arasında başqa razılaşma yoxdursa, mülkiyyətçinin ailə üzvləri həmin yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüququna malikdirlər. Yaşayış sahəsinin mülkiyyətçisinin onunla birgə yaşayan ailə üzvləri həmin yaşayış sahəsindən təyinatı üzrə istifadə etməyə və onun saxlanmasını təmin etməyə borcludurlar. İstinad edilən normadan göründüyü kimi, mənzildən istifadə hüququnun yaranması üçün köçürülən şəxslər ya ailə üzvləri (arvadı, uşaqları, valideynləri), ya mülkiyyətçinin digər qohumları və yaxud da mülkiyyətçi tərəfindən ailə üzvləri kimi yaşayış sahəsinə köçürülmüş onun himayəsində olan əmək qabiliyyəti olmayanlar olmalıdırlar. Əlavə olaraq qeyd olunmalıdır ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Pleniumunun Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.1 və 228.2-ci və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.1 və 30.2-ci maddələrinin şərh edilməsinə dair 16 dekabr 2014-cü il tarixli qərarına əsasən Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.1-ci maddəsinin ikinci cümləsinin “digər qohumlar” ifadəsi Azərbaycan Respublikası Ailə Məcəlləsinin 15-ci Fəslinin müddəalarına əsasən yaşayış sahəsinin mülkiyyətçisindən özünün saxlanılmasını tələb etmək hüququ olan şəxsləri ehtiva edir. İddiaçı isə qeyd edilən şəxslərin dairəsinə aid deyildir. Belə ki, iddiaçı ilə Cavabdeh3 nikahları pozulmuş olduğundan o, cavabdehlərə münasibətdə nə əri (arvadı), nə qohumu, nə himayəsində olan əmək qabiliyyəti olmayan şəxs, nə də ki, Ailə Məcəlləsinin 15-ci fəslinin müddəalarına əsasən yaşayış sahəsinin mülkiyyətçisindən özünün saxlanılmasını tələb etmək hüququ olan şəxslərin siyahısına aiddir. Bu baxımdan, məhkəmə belə qənaətə gəlir ki, iddiaçının mübahisəli evə münasibətdə istifadə hüququ mövcud olmadığından iddia tələbi əsassızdır və onun həmin evə köçürülməsi tələbi təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 27.2-ci maddəsində qeyd olunmuşdur ki, on dörd yaşına çatmamış şəxslərin yaşayış yeri valideynlik hüquqlarını itirməmiş valideynlərinin yaşayış yeri sayılır. Məhkəmə həmçinin qeyd edir ki, iddiaçının himayəsində olan uşaq 14 yaşına çatmamış fiziki şəxslərdir. Mülki qanunvericilyin yuxarıda qeyd olumuş normasına əsasən həmin şəxslərin yaşayış yeri hazırda sağ olan valideynlərinin yanıdır. Lakin qeyd olunmalıdır ki, müvafiq məhkəmə qərarı ilə 1 nəfər azyaşlı uşaq nikah pozularkən anasının yanında saxlanılmışdır. Odur ki, iddiaçı (uşağın anası) mübahisəli evə köçürülmədiyindən onun himayəsində olan bir nəfər azyaşlı uşağının da həmin evə köçürülməsi hissədə iddia təmin oluna bilməz. Məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da, cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi, ilk növbədə, məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir (N.Məmmədovanın şikayəti üzrə Konstitusiya Məhkəməsinin 31 yanvar 2006-cı il tarixli qərarı). Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı yaşayış evinə köçürülmə tələbinə dair iddiası əsassız olduğundan təmin edilməsin. İş zrə iddiaçı tərəfindən ödənilmiş dövoət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Cəlilabad Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Qalib Paşayev
Məhkəmə qərarları › İş №2(073)-221/2023
Cəlilabad Rayon Məhkəməsi Qətnamə — İş №2(073)-221/2023
20.02.2023 · Mənzil mübahisələri - Mənzilə köçürmə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver