Məhkəmə qərarları › İş №2(073)-24/2024

Cəlilabad Rayon Məhkəməsi Qətnamə — İş №2(073)-24/2024

06.02.2024 · Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Cəlilabad rayonu İş № 2(073)-24/2024 06.02.2024 CƏLİLABAD RAYON MƏHKƏMƏSİ Hakim Əmirəliyev Elxan Əli oğlunun sədrliyi, Əliyev Elməddin Fizuli oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı cavabdehlərin onun mülkiyyətində olan 0,07 ha torpaq sahəsinin zəbt edilmiş hissəsindən çıxarılmaları tələbinə dair mülki işə Cəlilabad Rayon Məhkəməsinin binasında, məhkəmə iclas zalında, açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ona məxsus Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamənin onun iştirakı və imzası olmadan, hansı məmur tərəfindən Cavabdeh1 verilməsini müəyyən edərək onun haqqında qanunamüvafiq tədbir görülməsi, həmin sənədin Cavabdeh1 alınaraq ona verilməsinin təmin edilməsi, Cavabdeh1 və Cavabdeh2 tərəfindən 22 il ərzində qanunsuz olaraq istifadə etdikləri 0,07 ha həyətyanı torpaq sahəsinə görə ona kompensasiya (təzminat) ödənilməsinə kömklik göstərilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 onun mülkiyyətində olan 0,07 ha torpaq sahəsinin zəbt edilmiş hissəsindən çıxarılmaları barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 53-cü maddəsində göstərilir ki, iddiaçı işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər iddianın əsasını və ya predmetini dəyişməyə, iddia tələbinin həcmini artırmağa və ya azaltmağa haqlıdır. Məhkəmə baxışı zamanı iddianın əsasını və ya predmetini dəyişməyə, iddia tələbinin həcmini artırmağa və ya azaltmağa o halda yol verilir ki, bunun üçün əsaslar məhkəmə baxışı gedişində əmələ gəlmiş olsun və ya iddiaçı bu hərəkətlərin işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər edilməsinin ondan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. Məhkəmə iclasında İddiaçı iddianı əsaslandıraraq verdiyi izahatında bildirdi ki, o, 1969-cu ildə Cəlilabad rayonu Gülməmmədli kəndində anadan olmuş, hazırda isə ailə üzvləri ilə birlikdə Biləsuvar rayonu Yuxarı Cürəli kəndində də yaşayır. Cəlilabad rayon Aqrar İslahat Komissiyasının 30 dekabr 1997-ci il tarixli, 12 saylı qərarı qərarı ilə Cəlilabad rayonu Gülməmmədli kəndində onun və ailə üzvlərinin mülkiyyətinə 0,07 hektar həyətyanı torpaq sahəsi verilmişdir. O, 2000-ci ildən ailə üzvləri ilə birlikdə Biləsuvar rayonu Yuxarı Cürəli kəndinə köçərək orada yaşamışlar. Həmin vaxtdan Cəlilabad ərazisində olmadıqlarından istifadə edən qonşuları Cavabdeh1 və Cavabdeh2 hər biri öz tərəfindən onun torpağının bir qismini zəbt etmişlər. Hazırda cavabdehlər Cavabdeh2 və Cavabdeh1 ona məxsus torpaq sahəsindən çıxmaq istəmirlər. Dəfələrlə cavabdehlərə etdiyi xəbərdarlıqlara baxmayaraq, heç bir nəticəsi olmamışdır. Bu səbəbdən də məhkəməyə müraciət etmək qərarına gəlmişdir. Ona görə də, cavabdehlərin onun mülkiyyətində olan 0,07 ha torpaq sahəsinin zəbt edilmiş hissəsindən çıxarılmaları barədə qətnamə çıxarılmasını xahiş etdi. İşə baxılmanın vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq cavabdehlər məhkəmə iclasına gəlməmişlər və gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsaslanaraq işə cavabdehlərin iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının izahatını diləyib, iş materiallarını araşdırıb və işin məhkəmə tərəfindən müəyyən olunmuş hallarına qiymət verərək, hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Belə ki, işdə olan JN-139B KOD 80609018 saylı Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamənin surətindən görünür ki, Cəlilabad rayon Aqrar İslahat Komissiyasının 30 dekabr 1997-ci il tarixli, 12 saylı qərarı ilə İddiaçı və onun ailə üzvlərinin mülkiyyətlərinə Cəlilabad rayonu Gülməmmədli kəndində 0,07 hektar həyətyanı torpaq sahəsi verilmişdir. İşdə olan JN-062A KOD 80609018 saylı Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamənin surətindən görünür ki, Cəlilabad rayon Aqrar İslahat Komissiyasının 30 dekabr 1997-ci il tarixli, 12 saylı qərarı ilə X2 mülkiyyətinə Cəlilabad rayonu Gülməmmədli kəndində 0,30 hektar həyətyanı torpaq sahəsi verilmişdir. İşdə olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş 07 yanvar 2024-cü il tarixli, 3-16-16/2-10/9128 saylı ekspert rəyindən görünür ki, İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 8 saylı Cəlilabad Ərazi İdarəsinin 14.11. 2023-cü il tarixli, 3-21-3-44/2-5902/2023 saylı mütəxəssis rəyinə və rəyə əlavə edilmiş yerquruluşu planında qeyd olunanlara əsasən, İddiaçı tələb etdiyi, Cavabdeh1 çəpəri daxilində yerləşən 0,07 ha torpaq sahəsinin Torpaqların elektron kadastr uçotu informasiya sistemində JN-139B saylı Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnaməyə əsasən İddiaçı mülkiyyətinə verilmiş 0,07 ha torpaq sahəsi olduğu müəyyən edilmişdir. Eyni zamanda İddiaçı tələb etdiyi, Cavabdeh2 çəpəri daxilində yerləşən 0,07 ha torpaq sahəsinin isə Torpaqların elektron kadastr uçotu informasiya sistemində JN-62A saylı Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnaməyə əsasən X2 mülkiyyətinə verilmiş 0,30 ha torpaq sahəsinin hüdudları daxilində yerləşdiyi müəyyən edilmişdir. İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 8 saylı Cəlilabad Ərazi İdarəsinin 14.11. 2023-cü il tarixli, 3-21-3-44/2-5902/2023 saylı mütəxəssis rəyinə və rəyə əlavə edilmiş yerquruluşu planında qeyd olunanlara əsasən, JN-139B saylı Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnaməyə əsasən İddiaçı mülkiyyətinə verilmiş 0,07 ha torpaq sahəsinin Cavabdeh1 çəpəri daxilində yerləşdiyi və torpaq sahəsinə baxış keçirilən zaman hər hansı tikinti və ya əkin işləri aparılmadığı müəyyən edilmişdir. Mütəxəssis rəyinə əlavə olunmuş yerquruluşu planında həmin torpaq sahəsinin yerləşmə mövqeyi kordinatları və ölçüləri göstərilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinə görə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq olaraq qiymət verir. Həmin Məcəllənin 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yoxlanılmalı və qiymətləndirilməlidir. Həmin Məcəllənin 217.4. maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə iclasında tədqiq edilmiş sübutlarla müəyyən edildi ki, JN-139B KOD 80609018 saylı Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnaməyə əsasən İddiaçı və onun ailə üzvlərinin mülkiyyətində Cəlilabad rayonu Gülməmmədli kəndində 0,07 ha həyətyanı torpaq sahəsi verilmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş 07 yanvar 2024-cü il tarixli, 3-16-16/2-10/9128 saylı ekspert rəyinə əsasən və İddiaçı tələb etdiyi, Cavabdeh1 çəpəri daxilində yerləşən 0,07 ha torpaq sahəsinin Torpaqların elektron kadastr uçotu informasiya sistemində JN- 139B saylı Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnaməyə əsasən İddiaçı mülkiyyətinə verilmiş 0,07 ha torpaq sahəsi olduğu müəyyən edilmişdir. Lakin Cavabdeh1 İddiaçı mülkiyyətinə verilmiş 0,07 ha torpaq sahəsinin zəbt etdiyi hissəsindən çıxmaq istəmir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, İddiaçı məxsus torpaq sahəsi Cavabdeh1 tərəfindən zəbt edildiyindən ona qarşı iddia tələbi əsaslıdır, digər Cavabdeh2 tərəfindən zəbt edilmədiyindən ona qarşı iddia tələbi əsassızdır. Məhkəmə qeyd olunan halla bağlı Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş 07 yanvar 2024-cü il tarixli, 3-16-16/2- 10/9128 saylı ekspert rəyini obyektiv və əsaslı hesab edir. Azərbaycan Respublikasının Konstitusiyasının 13-cü maddəsinin İ hissəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ-subyektin ona mənsub əmlaka öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəllənin 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. İnsan Hüquqları və X1 Avropa Konvensiyasının 1 saylı Protokolunun 1-ci maddəsində göstərilmişdir ki, hər kəsin mülkiyyətindən maneəsiz istifadə hüququ vardır. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 111-ci maddəsinin İ hissəsində göstərilmişdir ki, Azərbaycan Respublikasında torpaqların özbaşına tutulması (zəbt edilməsi) qanunla qadağan olunur. Həmin maddənin İİİ hissəsində qeyd edilmişdir ki, torpaqların əvvəlki vəziyyətə gətirilməsi (orada olan binaların, tikililər və qurğuların sökülməsi də daxil olmaqla) torpaqları zəbt etmiş hüquqi və fiziki şəxslər tərəfindən və ya onların hesabına həyata keçirilir. Məhkəmə ilk növbədə nəzərə alır ki, mülki prosesdə qəbul edilmiş və sübut hüququnun tələbləri baxımından mühüm əhəmiyyətə malik olan formal həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. İşin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə birmənalı nəticə çıxarmağa əsas verməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Beləliklə, məhkəmə hesab edir ki, iddia Cavabdeh1 qarşı təmin edilməli, Cavabdeh2 qarşı iddia təmin edilməməlidir. Cavabdeh1 JN-139B KOD 80609018 saylı Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnaməyə əsasən Cəlilabad rayon Aqrar İslahat Komissiyasının 30 dekabr 1997-ci il tarixli, 12 saylı qərarı ilə Cəlilabad rayonu Gülməmmədli kəndində İddiaçı və onun ailə üzvlərinin mülkiyyətinə verilmiş 0,07 ha həyətyanı torpaq sahəsindən çıxarılmalı və torpaq sahəsi Cavabdeh1 alınıb iddiaçıya qaytarılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddia qismən təmin edildiyindən iş üzrə iddiaçı tərəfindən ödənilmiş 100 manat dövlət rüsumu da Cavabdeh1 tutularaq İddiaçı verilməlidir. İş üzrə məhkəmə tikinti-texniki ekspertizasının keçirilməsindən ötrü hazırlanmış mütəxəssis rəyinin verilməsinə görə İddiaçı tərəfindən ödənilmiş 95 manat Cavabdeh1 alınaraq İddiaçı verilməlidir. İş üzrə keçirilmiş məhkəmə tikinti-texniki ekspertizasına görə Cavabdeh1 50 manat tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin (Dövlət xəzinədarlığı agentliyi, kod 210005, VÖEN **********, müxbir hesab AZ41NABZ********************, SFİFT BİK CTREAZ22, Məhkəmə Ekspertiza Mərkəzi VÖEN **********, hesab AZ34CTRE********************) hesabına ödənilməlidir. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 213, 216-220, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə… Qət etdi: İddia təmin edilsin. Cavabdeh2 aid hissədə iddia təmin edilməsin. Cavabdeh1 JN-139B KOD 80609018 saylı Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnaməyə əsasən Cəlilabad rayon Aqrar İslahat Komissiyasının 30 dekabr 1997-ci il tarixli, 12 saylı qərarı ilə Cəlilabad rayonu Gülməmmədli kəndində İddiaçı və onun ailə üzvlərinin mülkiyyətinə verilmiş 0,07 ha həyətyanı torpaq sahəsindən çıxarılmalı və torpaq sahəsi Cavabdeh1 alınıb İddiaçı qaytarılsın. İddia təmin edildiyindən iş üzrə iddiaçı tərəfindən ödənilmiş 100 (bir yüz) manat dövlət rüsumu Cavabdeh1 tutularaq İddiaçı verilsin. İş üzrə məhkəmə tikinti-texniki ekspertizasının keçirilməsindən ötrü hazırlanmış mütəxəssis rəyinin verilməsinə görə İddiaçı tərəfindən ödənilmiş 95 manat Cavabdeh1 alınaraq İddiaçı verilsin. İş üzrə keçirilmiş məhkəmə tikinti-texniki ekspertizasına görə Cavabdeh1 50 (əlli) manat tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin (Dövlət xəzinədarlığı agentliyi, kod 210005, VÖEN **********, müxbir hesab AZ41NABZ********************, SFİFT BİK CTREAZ22, Məhkəmə Ekspertiza Mərkəzi VÖEN **********, hesab AZ34CTRE********************) hesabına ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Cəlilabad Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Elxan Əmirəliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar