Məhkəmə qərarları › İş №2(073)-245/2023

Cəlilabad Rayon Məhkəməsi Qətnamə — İş №2(073)-245/2023

10.04.2023 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Digər hüquqi hallar
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Cəlilabad rayonu İş № 2(073)-245/2023 10.04.2023 CƏLİLABAD RAYON MƏHKƏMƏSİ Hakim Əmirəliyev Elxan Əli oğlunun sədrliyi, Əliyev Elməddin Fizuli oğlunun katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi ölüm faktının müəyyən edilməsi tələbinə dair mülki işə Cəlilabad Rayon Məhkəməsinin binasında, məhkəmə iclas zalında, açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: Ərizəçi ölüm faktının müəyyən edilməsi tələbinə dair ərizə ilə məhkəməyə müraciət edərək, həyat yoldaşı X1 28 avqust 2021-ci il tarixdə Abşeron rayonu Novxanı qəsəbəsində ölməsi faktının müəyyən edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında Ərizəçi ərizəni müdafiə edərək verdiyi izahatında bildirdi ki, mərhum həyat yoldaşı X4 31 avqust 1979-cu il tarixdə Cəlilabad rayonu Prişib qəsəbəsində anadan olmuşdur. Lakin 28 avqust 2021-ci il tarixdə Abşeron rayonu Novxanı qəsəbəsində ürək çatışmamazlığı xəstəliyi səbəbindən vəfat etmiş və Saatlı rayonu Sarıçalar kənd məzarlığında dəfn olunmuşdur. Ailədə olan narazılıqlara görə o, uşaqlarını götürüb valideynlərinin yanına qayıdaraq onlarla birlikdə yaşamışlar. Həyat yoldaşının ölümündən sonra yas mərasiminə başları qarışdığı üçün həyat yoldaşının ölüm akt qeydinin aparılması üçün müvafiq icra hakimiyyəti orqanına müraciət etməmişlər və bu səbəbdən də həyat yoldaşının ölüm akt qeydi aparılmamışdır. Bəzi sənədləşmə işlərinin aparılmasından ötrü mərhum həyat yoldaşına ölüm haqqında şəhadətnamə almaq üçün Saatlı rayon Qeydiyyat şöbəsinə müracət etmiş, lakin həmin şöbədən ona vaxtında müraciət olunmadığı üçün ölüm akt qeydinin aparılmasının mümkün olmadığı bildirilmiş və məhkəməyə müraciət etməsi tövsiyyə olunmuşdur. Hazırda mərhum həyat yoldaşına ölüm haqqında şəhadətnamənin alınmasına ehtiyac vardır. Buna görə də o, hazırkı ərizə ilə məhkəməyə müraciət etmişdir. Qeyd edilənlərin nəzərə alınaraq ərizənin təmin olunmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir. İşə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada məlumat verilməsinə baxmayaraq Maraqlı şəxs nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə, işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə ərizəçinin və şahidin izahatlarını dinləyib, işdə olan sənədləri və digər iş materiallarını tam və hərtərəfli araşdırıb hesab edir ki, ərizəçinin tələbi əsaslı olduğundan təmin edilməlidir. Belə ki, məhkəmə iclasında ərizəçinin vəsatəti əsasında şahid qismində dindirilmiş X2 izahatında bildirdi ki, Ərizəçi onun qonşusudur. Ərizəçi 2007-ci ildə X4 ilə ailə qurmuşlar və onların iki övladı doğulmuşdur. Lakin mərhum X4 28 avqust 2021-ci ildə xəstəlik səbəbindən Abşeron rayonu Novxanı qəsəbəsində vəfat etmiş və Saatlı rayonu Sarıçalar kənd məzarlığında dəfn edilmişdir. Bir yaxın qonşu kimi onun yas mərasimində iştirak etmişdir. O, X1 28 avqust 2021-ci ildə Abşeron rayonu Novxanı qəsəbəsində vəfat etməsini təsdiq edir. İşdə olan Azərbaycan Respublikası AZE seriyalı C02382682 saylı pasportun surətindən görünür ki, X4 31 avqust 1979-cu il tarxdə doğulmuşdur. İşdə olan AZ-İ seriyalı 289321 saylı nikah haqqında şəhadətnamənin surətindən görünür ki, X4 ilə X3 nikahlarını 09 yanvar 2007-ci il tarxdə bağlamışlar və bu barədə nikahın bağlanması haqqında akt qeydləri kitabında 02 saylı qeydiyyat aparılaraq, arvada Ağayeva soyadı verilmişdir. İş materiallarına əlavə edilmiş mərhum X1 məzar daşının fotoşəklində doğum tarixi xx.xx.1979-cu il, ölüm tarixi isə xx.xx.2021-ci il göstərilmişdir. İşdə olan Saatlı rayon Qeydiyyat Şöbəsi tərəfindən verilmiş 08 sentyabr 2022-ci il tarixli məktubdan görünür ki, X1 ölümünü təsdiq edən ölüm haqqında tibbi şəhadətnamə və digər hüquq müəyyənedici sənəd olmadığından onun ölümünün Qeydiyyat orqanında qeydə alınması mümkün olmamışdır. Beləliklə, məhkəmə iclasında müəyyən edildi ki, Ərizəçi əri X4 28 avqust 2021-ci il tarixdə Abşeron rayonu Novxanı qəsəbəsində vəfat etmişdir. Sonradan ərizəçi əri Eminin ölüm akt qeydinin aparılması üçün Saatlı rayon Qeydiyyat şöbəsinə müracət etmiş, lakin həmin şöbədən ona vaxtında müraciət olunmadığı üçün ölüm akt qeydinin aparılmasının mümkün olmadığı bildirilərək, məhkəməyə müraciət etməsi tövsiyyə olunmuşdur. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinə görə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq olaraq qiymət verir. Həmin Məcəllənin 307.1-ci maddəsinin tələblərinəəsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Həmin Məcəllənin 307.2.8-ci maddəsinəəsasən məhkəmə müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda şəxsin müəyyən vaxtda müəyyən şəraitdə vəfat etməsi faktını müəyyən edə bilər. İş materiallarından görünür ki, şəxsin vəfat etməsi faktının müəyyən edilməsi ərizəçiyə ölmüş qardaşına ölüm haqqında şəhadətnamənin alınması üçün lazımdır, lakin ərizəçi həmin faktları təsdiq edən sənədləri başqa qaydada əldə edə bilmir. Həmin Məcəllənin 308-ci maddəsində göstərilmişdir ki, məhkəmə hüquqi əhəmiyyəti olan faktı o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, ərizəçinin tələbi əsaslı olduğundan təmin edilməli, X1 28 avqust 2021-ci il tarixdə Abşeron rayonu Novxanı qəsəbəsində ölməsi faktı müəyyən edilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 213, 216-220, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə… Qət etdi: Ərizə təmin edilsin. 31 avqust 1979-cu il təvəllüdlü X1 28 avqust 2021-ci il tarixdə Abşeron rayonu Novxanı qəsəbəsində ölməsi faktı müəyyən edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Cəlilabad Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Elxan Əmirəliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar