Məhkəmə qərarları › İş №2(073)-251/2025

Cəlilabad Rayon Məhkəməsi Qətnamə — İş №2(073)-251/2025

08.05.2025 · Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması - Sair mülki iş - Qanunsuz tikilinin sökülməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Cəlilabad rayonu İş № 2(073)-251/2025 08.05.2025 CƏLİLABAD RAYON MƏHKƏMƏSİ Hakim Vəliyev Osman Akif oğlunun sədrliyi, Məhkəmə iclas katibi Quliyeva Kəmalə Mehman qızının katibliyi, İddiaçı, Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı “zəbt olunmuş torpaq sahəsinin geri qaytarılması, torpaqdan istifadə hüquqlarının bərpa olunması və torpaq üzərində olan tikilinin sökülməsi” tələbinə dair iddiası üzrə mülki işə Cəlilabad Rayon Məhkəməsinin binasında, məhkəmə iclas zalında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı zəbt olunmuş torpaq sahəsinin geri qaytarılması, torpaqdan istifadə hüquqlarının bərpa olunması və torpaq üzərində olan tikilinin sökülməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh tərəfindən zəbt edilmiş torpaq sahəsinin boşaldılaraq ona (iddiaçıya) təhvil verilməsi, torpaq üzərində istifadə hüquqlarının bərpa olunması və torpaq sahəsində cavabdeh tərəfindən inşa olunan tikilinin sökülməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsinə əsasən iddiaçıya ƏMDX Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin xx.xx.2024-cü il tarixli, **********33 saylı çıxarışı ilə Cəlilabad rayonu, Üçtəpə kənd ərazisindən yaşayış məntəqələrinin torpaq sahəsindən 0.02 ha torpaq sahəsi verilmiş və həmin torpaq sahəsi onun xüsusi mülkiyyəti kimi dövlət qeydiyyatına alınmışdır. Ona məxsus torpaq sahəsini Cavabdeh zəbt edərək özünə baytarlıq apteki tikmişdir. Dəfələrlə əlində olan çıxarışı cavabdehə göstərmiş və bildirmişdir ki, bu torpaq ona məxsusdur. Lakin ona qarşı qərəzli hərəkətlər etmiş, o, bu barədə ona xəbərdarlıq etsə də heç bir nəticəsi olmamışdır. Cavabdehin qanunsuz hərəkətləri nəticəsində onun mülkiyyət hüququ pozulur. Belə ki, mülkiyyətində olan torpaq sahəsini mülkiyyətçi kimi istifadə edə bilmir. Buna görə də o, məcbur qalıb məhkəməyə müraciət etmişdir. ƏMDX Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin xx.xx.2024-cü il tarixli, **********33 saylı çıxarışından da görünür ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 154.3 maddəsinin tələbinə uyğun olaraq mülkiyyət hüququ ona (iddiaçıya) məxsusdur. Cavabdeh ona məxsus olan torpaq sahəsini özbaşına tutmaqla, eyni zamanda həmin torpaq sahəsində tikinti aparmaqla Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 111-ci maddəsinin tələblərini pozmuşdur. Qeyd edilənlərin nəzərə alınaraq iddianın təmin edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat vermişdir. Göstərmişdir ki, torpaq sahəsinin təqribi 20 kv. m.-ə yaxın hissəsi cavabdeh tərəfindən zəbt edilib, yəni həmin hissədə cavabdehin baytarlıq aptekinin bir hissəsi yerləşir. Məhkəmə iclasında Cavabdeh iddianı etiraf etməyərək verdiyi izahatında göstərmişdir ki, mübahisəli tikili qanunsuz deyil, 30 ildir ki, tikilmişdir. İddiaçıdan öncə onun (cavabdehin) həmin əraziyə mülkiyyət hüququ yaranmışdır. Bu barədə bələdiyyə sənədləri və s. təsdiqedici sənədləri də var, hazırda mülkiyyət hüququnu rəsmi qaydada qeydiyyata aldıraraq çıxarış almaq istəyir, məhkəməyə görə həmin işi təxirə salmışdır, məhkəmədən sonra çıxarışı alacaq. İddianı əsassız hesab edir və rədd olunmasını xahiş edir. Məhkəmə iş materiallarını araşdırıb hesab edir ki, iddia əsaslıdır. Məhkəmə, ilk növbədə, nəzərə alır ki, mülki prosesdə qəbul edilmiş və sübut hüququnun tələbləri baxımından mühüm əhəmiyyətə malik olan formal həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. İşin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə birmənalı nəticə çıxarmağa əsas verməlidir. İşdə olan Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin Cəlilabad 8 saylı Ərazi İdarəsi Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən xx.xx.2024-cü il tarixli, **********33 nömrəli çıxarışdan görünür ki, 0.02 ha yaşayış məntəqələrinin torpaqları kateqoriyasından olan torpaq sahəsi İddiaçı mukiyyətindədir. İşdə olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin 12.012.2023-cü il tarixli ekspert rəyindən görünür ki, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reysteri publik hüquqi şəxsi 8 saylı Cəlilabad Ərazi idarəsinin mütəxəssis rəyinə əsasən, Torpaqların elektron Kadastr uçotu informasiya sistemi baza məlumatı materialı və **********33 reyestr nömrəli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın “Torpaq sahəsinin planı və ölçüsü” sənədinin döngə nöqtələrinin koordinatları əsasında Cəlilabad rayonu, Üçtəpə kənd ərazisində İddiaçı mukiyyətinə verilmiş 0.02 ha torpaq sahəsinin 19.3 kv.metr hissəsinin (qeyri –yaşayış tikilisialtı torpaq sahəsi) Cavabdeh istifadəsində olduğu müəyyən edilmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin İ hissəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 1 saylı Protokolunun 1-ci maddəsində göstərilmişdir ki, hər kəsin mülkiyyətindən maneəsiz istifadə hüququ vardır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ subyektin ona mənsub əmlaka öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəllənin 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Həmin Məcəllənin 178.1-ci maddəsinə görə daşınmaz əmlaka mülkiyyət hüququ qanunla müəyyənləşdirilmiş əsaslarla onun verilməsinin daşınmaz əmlakın dövlət reyestrində qeydə alındığı andan əldə edənə keçir. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 111-ci maddəsinin İ hissəsində göstərilmişdir ki, Azərbaycan Respublikasında torpaqların özbaşına tutulması (zəbt edilməsi) qanunla qadağan olunur. Həmin maddənin İİİ hissəsində qeyd edilmişdir ki, torpaqların əvvəlki vəziyyətə gətirilməsi (orada olan binaların, tikililər və qurğuların sökülməsi də daxil olmaqla) torpaqları zəbt etmiş hüquqi və fiziki şəxslər tərəfindən və ya onların hesabına həyata keçirilir. Beləliklə, məhkəmə iclasında müəyyən edilmişdir ki, iddiaçıya qanunla müəyyən edilmiş qaydada dövlət qeydiyyatından keçirilmiş torpaq sahəsi məxsusdur və həmin torpaq sahəsinin 19.3 kv. m. hissəsi faktiki olaraq cavabdehin istifadəsindədir. Cavabdeh həmin sahənin onun mülkiyyəti olmasını bildirsə də bu barədə hər hansı mötəbər sübut təqdim edə bilməmişdir. Onun tərəfindən təqdim edilmiş bələdiyyə qərarı, rəy, plan və ölçü sənədi, habelə vergi ödənişi ilə bağlı qəbzlərə münasibətdə məhkəmə qeyd etməyi zəruri bilir ki, əvvəla həmin sahənin məhz iddiaçının mülkiyyətində olan torpaq sahəsi ilə üst-üstə düşməsi qeyri-müəyyən qalmışdır, həmçinin cavabdeh həmin torpaq sahəsində mülkiyyət hüququnu qanunla müəyyən edilmiş qaydada dövlət qeydiyyatına aldırmamışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə görə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq olaraq qiymət verir. Həmin Məcəllənin 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yoxlanılmalı və qiymətləndirilməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Buna görə də məhkəmə hesab edir ki, iddiaçı tərəfindən iddia ərizəsinin verilməsi ilə əlaqədar ödənilmiş 100 manat dövlət rüsumu cavabdehdən alınaraq iddiaçıya verilməli, həmçinin iş üzrə keçirilmiş məhkəmə tikinti-texniki ekspertizasına görə 50 (əlli) manat cavabdehdən tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin hesabına (Dövlət xəzinədarlığı agentliyi, kod 210005, VÖEN **********, müxbir hesab AZ41NABZ********************, SFİFT BİK CTREAZ22, Məhkəmə Ekspertiza Mərkəzi VÖEN **********, hesab AZ34CTRE********************) ödənilməlidir. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 213, 216-220, 233, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh Əhədov X1 rayonu, Üçtəpə kənd ərazisində İddiaçı mülkiyyətinə verilmiş 0.02 ha torpaq sahəsinin 19.3 kv.metrindən çıxarılsın və həmin torpaq sahəsində cavabdeh tərəfindən inşa etdirilmiş qeyri-yaşayış sahəsi (obyekt) sökülsün. Cavabdeh 100 (bir yüz) manat dövlət rüsumu alınıb İddiaçı və 50 (əlli) manat ekspertiza xərci tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin hesabına (Dövlət xəzinədarlığı agentliyi, kod 210005, VÖEN **********, müxbir hesab AZ41NABZ********************, SFİFT BİK CTREAZ22, Məhkəmə Ekspertiza Mərkəzi VÖEN **********, hesab AZ34CTRE********************) ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Cəlilabad Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Osman Vəliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar