Məhkəmə qərarları › İş №2(073)-256/2024

Cəlilabad Rayon Məhkəməsi Qətnamə — İş №2(073)-256/2024

27.02.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Cəlilabad rayonu İş № 2(073)-256/2024 27.02.2024 CƏLİLABAD RAYON MƏHKƏMƏSİ Hakim Əmirəliyev Elxan Əli oğlunun sədrliyi, Əliyev Elməddin Fizuli oğlunun katibliyi, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı 440 manat və ödənilmiş dövlət rüsumunun əvəzi qismində 30 manat alınıb ona verilməsi tələbinə dair mülki işə Cəlilabad Rayon Məhkəməsinin binasında, məhkəmə iclas zalında, açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 440 manat və ödənilmiş dövlət rüsumunun əvəzi qismində 30 manat alınıb ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddiasını əsaslandıraraq göstərmişdir ki, o, Cavabdeh icarəyə götürdüyü kombaynla arpa-buğda biçmək üçün mövsümü olaraq rayonlara gedərək işləyir və ailəsini bununla dolandırır. 2022-ci ilin mövsümündə Lerik rayonunda olarkən kombaynın motoru xarab olmuş və motorun təmiri üçün pul vəsaiti lazım olduğunu bildirmiş, lakin motoru onun öz şəxsi vəsaiti hesabına düzəltməsi və qayıtdıqdan sonra həmin vəsaitin ona geri qaytarılması bildirilmişdir. O, kombaynın motorunun təmirinə 500 manat xərcləmişdir. Qayıtdıqdan sonra Cavabdeh ona 60 manat dəyərində 20 ədəd ot kipi vermiş, qalan 440 manat məbləği isə müftəlif bəhanələrlə qaytarmaqdan boyun qaçırmışdır. Bundan sonra o, məcbur qalıb xx.xx.2023-cü il tarixdə Cəlilabad RPŞ-nin X1 müraciət etmiş, müraciəti araşdırlmış və ona məhkəməyə müraciət etmək hüququ izah edilmişdir. Qeyd edilənlərin nəzərə alınaraq Cavabdeh 440 manat və ödənilmiş dövlət rüsumunun əvəzi qismində 30 manat alınıb ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh iddianı etiraf etməyərək, verdiyi izahatında bildirdi ki, İddiaçı onun qardaşı arvadı İstək Şükürovanın mülkiyyətində olan taxılbiçən kombaynı qazanc əldə etmək üçün icarəyə götürmüş və icarə şərtlərini də iddiaçı ilə İstək Şükürova öz aralarında razılaşmışlar. Onun isə İddiaçı ilə İstək Şükürova arasında olan razılaşmadan məlumatı yoxdur. Yalnız kombayn xarab olduqda və ya nəsə lazım olduqda İstək Şükürovanın xahişinə əsasən ona köməklik edir. Həmin taxılbiçən kombayn bir neçə dəfə xarab olmuş, lakin onun köməkliyi ilə kombaynın sahibi İstək Şükürova özü düzəltdirmişdir. Bundan başqa iddiaçı ilə İstək Şükürova arasında olan danışıqlardan məlumatı olmamış, onlar özləri öz aralarında razılaşmışlar. Bu səbəbdən də, iddianı əsassız hesab edir. Qeyd edilənlərin nəzərə alınaraq iddianın əsassız olduğundan təmin edilməməsinə dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. İşə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada məlumat verilməsinə baxmayaraq İddiaçı məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsaslanaraq işə iddiaçının iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə cavabdehin izahatını dinləyib, işdə olan sənədləri və digər iş materiallarını tam və hərtərəfli araşdıraraq, işin məhkəmə tərəfindən müəyyən olunmuş hallarına qiymət verərək hesab edir ki, iddia əsassız olduğundan təmin edilməməlidir. Beləliklə, məhkəmə iclasında müəyyən edildi ki, İddiaçı Cavabdeh qardaşı arvadı İstək Şükürovanın mülkiyyətində olan taxılbiçən kombaynı qazanc əldə etmək üçün icarəyə götürmüş və icarə şərtlərini də iddiaçı ilə İstək Şükürova öz aralarında razılaşmışlar, Cavabdeh isə iddiaçı ilə İstək Şükürova arasında olan razılaşmadan məlumatı yoxdur. Məhkəmə ilk növbədə nəzərə alır ki, mülki prosesdə qəbul edilmiş və sübut hüququnun tələbləri baxımından mühüm əhəmiyyətə malik olan formal həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. İşin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə birmənalı nəticə çıxarmağa əsas verməlidir. Bununla bağlı məhkəmə qeyd edir ki, İddiaçı icarədar İstək Şükürova ilə aralarında olan razılaşmaya və 440 manat məbləğində pul tələbinə dair hüquqların Cavabdeh ötürülməsi barədə hər hansı razılaşma mövcud deyildir və həmin məbləğin Cavabdeh tələb edilməsi qanunsuz və əsassızdır. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, İddiaçı Cavabdeh qarşı 440 manat pul vəsaitinin alınaraq ona verilməsi tələbində haqlı deyildir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 324.1-ci maddəsinə əsasən əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. Həmin Məcəllənin 329.2-ci maddəsinə əsasən əqdlər şifahi və ya yazılı (sadə və ya notarial) formada bağlanır. Həmin Məcəllənin 390.1-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Həmin Məcəllənin 88-ci maddəsinə görə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yoxlanılmalı və qiymətləndirilməlidir. Həmin Məcəllənin 9.1-ci maddəsinə əsasən ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. Beləliklə, məhkəmə hesab edir ki, İddiaçı Cavabdeh qarşı 440 manat pul tələbinə dair iddiası əsassız olduğu üçün təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə iddianın təmin edilməməsi qənaətinə gəldiyindən hesab edir ki, iş üzrə iddiaçı tərəfindən iddia ərizəsinin verilməsi ilə əlaqədar ödənilmiş 30 manat dövlət rüsumu iddiaçıya aid edilməlidir. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 213, 216-220, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə... Qət etdi: İddiaçı Cavabdeh qarşı 440 (dörd yüz qırx) manat pul tələbinə dair iddiası əsassız olduğundan təmin edilməsin. İş üzrə iddiaçı tərəfindən iddia ərizəsinin verilməsi ilə əlaqədar ödənilmiş 30 (otuz) manat dövlət rüsumu İddiaçı aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Cəlilabad Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Elxan Əmirəliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar