Məhkəmə qərarları › İş №2(073)-2603/2025

Cəlilabad Rayon Məhkəməsi Qiyabi qətnamə — İş №2(073)-2603/2025

25.11.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Zaminlik müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QİYABİ QƏTNAMƏ Cəlilabad rayonu İş № 2(073)-2603/2025 25.11.2025 CƏLİLABAD RAYON MƏHKƏMƏSİ Hakim Əmirəliyev Elxan Əli oğlunun sədrliyi, Hüseynli Nail Ağasəlim oğlunun katibliyi ilə, İddiaçı Cavabdeh qarşı cavabdehdən 15126 manat məbləğində pulun alınaraq ona verilməsi tələbinə dair mülki işə Cəlilabad Rayon Məhkəməsinin binasında, məhkəmə iclas zalında, qiyabi icraat qaydasında, açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 20577,36 manat məbləğində pulun alınıb ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı məhkəməyə iddia tələbinin azaldılması barədə ərizə verərək bildirmişdir ki, cavabdeh borclu olduğu məbləğin bir hissəsini ona qaytarmışdır. Cavabdeh 15126 manat məbləğində pulun alınaraq ona verilməsi barədə qətnamə qəbul edilməsini və məhkəmə iclasının onun iştirakı olmadan keçirilməsini məhkəmədən xahiş etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 53-cü maddəsində göstərilir ki, iddiaçı işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər iddianın əsasını və ya predmetini dəyişməyə, iddia tələbinin həcmini artırmağa və ya azaltmağa haqlıdır. Məhkəmə baxışı zamanı iddianın əsasını və ya predmetini dəyişməyə, iddia tələbinin həcmini artırmağa və ya azaltmağa o halda yol verilir ki, bunun üçün əsaslar məhkəmə baxışı gedişində əmələ gəlmiş olsun və ya iddiaçı bu hərəkətlərin işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər edilməsinin ondan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. İşə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada məlumat verilməsinə baxmayaraq Cavabdeh məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə iclasında İddiaçı məhkəməyə ərizə göndərərək bildirmişdir ki, Cavabdeh yubatmaq məqsədilə məhkəmə proseslərində iştirak etmir, buna görə də məhkəmə iclasının cavabdehin iştirakı olmadan keçirilərək qiyabi icraat qaydasında baxılmasını və qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəəlləsinin 185.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslər, məhkəməyə gəlməyə və ya gəlməməyin səbəbini və ya mümkünsüzlüyünü bildirməyə və bu səbəblərin üzürlü olması barədə sübutlar təqdim etməyə borcludurlar. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 238.1-ci maddəsinə əsasən iclasın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdeh məhkəmə iclasına gəlmədikdə və gəlməməyinin səbəbləri barədə məlumat vermədikdə, iddiaçı buna etiraz etmədikdə, işə qiyabi icraat qaydasında baxıla bilər. Qeyd olunanları və işə qiyabi icraat qaydasında baxılması barədə iddiaçının yazılı razılığını nəzərə alaraq, məhkəmə işə qiyabi icraat qaydasında baxılmasını mümkün hesab edir. İddiaçı iddianı onunla əsaslandırmışdır ki, o, Cavabdeh bir neçə ildir tanıyır. Cavabdeh tez-tez ondan borc pul alırdı və borcunu vaxtında qaytarırdı. Buna görədə aralarına bir-birilərinə qarşı etibar yaranmışdır. Cavabdeh təxminən 2021-ci ilin əvvələrində ona bildirdi ki, pula ehtiyacım var bunun üçündə bankdan kredit götürmək istəyirəm. Sonra isə cavabdeh ondan “mən, "xxxx" ASC-dən kredit götürüm və sən həmin müqavilədə mənim kreditim üzrə mənə zamin dur. Krediti vaxtı-vaxtında ödəyəcəm.” deyə xahiş etmişdir. Onun cavabdehə etibarı olduğundan razılaşmışlar. Bununlada cavabdeh 04 fevral 2021-ci il tarixində RGTK3376272A152 saylı kredit müqaviləsinə əsasən "xxxx" ASC-nin Ağştafa rayon filialından 23,84%-lə, 60 ay müddətinə, 17346.46 AZN kredit pul götürmüşdür. O isə həmin kredit xətti üzrə zamin qismində qeydə alınmış və zaminliyə imza etmişdir. Həmin tarixdən 4 ilə yaxın vaxt keşməsinə baxmayaraq Cavabdeh kredit borcunu ödəməkdən yayınmış və ödəməmişdir. 24 dekabr 2012-ci ildə "xxxx" ASC tərəfindən onun kart hesabından 150,83 manat pul tutulmuşdur. Bundan sonra bilmişdir ki, cavabdeh pulu ödəməmiş və o, zamin olduğundan icra şöbəsi tərəfindən onun kart hesabından pul tutulmuşdur. Sonradan o, məcburiyyət qarşısında qalaraq 24 dekabr 2024-cü il tarixində həmin kredit müqaviləsi üzrə yaranan 20426,53 manat məbləğində pulu "xxxx" ASC-nin Ağstafa rayon filialına tam olaraq ödəmişdir. Hazırda cavabdeh borclu olduğu 20577,36 manat pulun bir hissəsini qaytarmış və ona 15126 manat borclu qalmışdır. Qeyd edilənlərin nəzərə alınaraq iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iş materiallarını tam və hərtərəfli araşdıraraq və işin məhkəmə tərəfindən müəyyən olunmuş hallarına qiymət verərək hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Belə ki, iş materialında olan "xxxx" ASC-nin 04 fevral 2021-ci il tarixli, Z- RGTK3376272A152 saylı zaminlik müqaviləsindən görünür ki, Cavabdeh bankdan illik 23,84% olmaqla, 60 ay müddətinə götürdüyü 17346,46 manat pul məbləğinə İddiaçı zamin durmuşdur. İş materiallarında olan "xxxx" ASC-nin 04 fevral 2021-ci il tarixli ödəniş qrafikindən görünür ki, Cavabdeh götürmüş olduğu 17346,46 manat məbləği cədvəldə göstərilən şəkildə banka ödəməyi öhdəsinə götürmüşdür. İş materiallarında olan "xxxx" ASC-nin 24 yanvar 2025-ci il tarixli ödəniş kartı üzrə çıxarışdan görünür ki, İddiaçı məxsus 510307******8078 nömrəli kartdan Cavabdeh götürdüyü ödənilməmiş kreditə görə 24 dekabr 2024-cü il tarixdə 150,83 manat məbləğində pul çıxılmışdır. İş materiallarında olan "xxxx" ASC-nin 26 dekabr 2024-cü il tarixli, 2024/104/34302 saylı məktubundan görünür ki, Cəlilabad Rayon Məhkəməsinin 10 mart 2022-ci il tarixli, 2(073)-237/2022 saylı qətnaməsinə əsasən borclular Cavabdeh və İddiaçı "xxxx" ASC-nin xeyrinə kredit borcunun tutulması qət edilmiş, icra sənədi icra olunması üçün aidiyyəti üzrə icra şöbəsinə göndərilmişdir və həmin icra sənədi üzrə borc tam ödənilmişdir. İş materiallarında olan "xxxx" ASC-nin 26 dekabr 2024-cü il tarixli, 2024/104/34303 saylı arayışından görünür ki, Cavabdeh ilə "xxxx" ASC-nin Ağstafa filialı arasında 04 fevral 2021-ci il tarixli, RGKTK 3376272A152 saylı müqavilə əsasında bağlanmış 17346,46 manat məbləğində kredit üzrə zamin İddiaçı tərəfindən kredit üzrə 20426,53 manat məbləğində ödəniş edilmiş və zamin İddiaçı tərəfindən kredit borcu bağlanmışdır. Beləliklə, məhkəmə iclasında müəyyən edildi ki, 04 fevral 2021-ci il tarixdə Cavabdeh 60 ay müddətinə "xxxx" ASC-dən 23,84 faiz dərəcəsi ilə 17346,46 manat kredit götürmüşdür. Həmin kredit müqaviləsi üzrə öhdəliyin icrasının təminatı kimi İddiaçı üzərinə zaminlik qoyulmuşdur. Lakin, sonradan Cavabdeh həmin krediti ödəmədiyinə görə iddiaçının üzərində zaminlik olduğu üçün İddiaçı məcbur qalıb faizi ilə birlikdə bankın qalan borcunu tam olaraq ödəmişdir. O, Cavabdeh banka tam ödədiyi pulu qaytarmasını dəfələrlə tələb etmiş, cavabdeh həmin puldan bir qismini ödəmiş və iddiaçıya 15126 manat borclu qalmışdır. Hazırda cavabdeh iddiaçıya borclu qaldığı 15126 manat pulu geri qaytarmamışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etiazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 78.1-ci maddəsinə əsasən sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Həmin Məcəllənin 88-ci maddəsinə görə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yoxlanılmalı və qiymətləndirilməlidir. Məhkəmə ilk növbədə nəzərə alır ki, mülki prosesdə qəbul edilmiş və sübut hüququnun tələbləri baxımından mühüm əhəmiyyətə malik olan formal həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. İşin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə birmənalı nəticə çıxarmağa əsas verməlidir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, İddiaçı Cavabdeh qarşı 15126 manat pul tələbində haqlıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 14.2.1-ci maddəsinə əsasən qanunvericilikdə nəzərdə tutulmuş müqavilələr və başqa əqdlər, habelə qanunvericilikdə nəzərdə tutulmasa da, ona zidd olmayan müqavilələr və başqa əqdlərin bağlanması mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarından biri kimi təsbit edilmişdir. Həmin Məcəllənin 14.2.7-ci maddəsinə əsasən əsassız varlanma mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarından biri kimi təsbit edilmişdir. Həmin Məcəllənin 135.1-ci maddəsinə əsasən bu Məcəlləyə uyğun olaraq yalnız fiziki obyektlər əşya sayılırlar. Pullar və sənədli qiymətli kağızlar da əşyadır. Həmin Məcəllənin 135.2-ci maddəsinə əsasən əmlak istənilən əşyaların və qeyrimaddi əmlak nemətlərinin toplusudur. Həmin Məcəllənin 439.4-cü maddəsinə əsasən öhdəlikdən kənar ödənilmiş pul əsassız varlanma qaydalarına uyğun olaraq geri tələb edilə bilər. Həmin Məcəllənin 1091.1-ci maddəsinə əsasən əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. Həmin Məcəllənin 1091.2-ci maddəsinə əsasən əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. Həmin Məcəllənin 1093.1-ci maddəsinə əsasən öhdəliyin icrası üçün deyil, varlanmış şəxsin hər hansı hərəkəti yerinə yetirməsi və ya yerinə yetirməməsi üçün varlanmış şəxsə nə isə verən məhrum olan, varlanmış şəxsin əməli gözlənilən məqsədə uyğun olmadıqda verdiyini geri tələb edə bilər. Məhkəmə hesab edir ki, mülki qanunvericiliyin yuxarıda şərh olunmuş normaları baxımından Cavabdeh oglunun hərəkətləri əsassız varlanma kimi qiymətləndirilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə hesab edir ki, iddia təmin edilərək, Cavabdeh 15126 manat alınıb İddiaçı verilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 241.1-ci maddəsinə əsasən qiyabi icraat qaydasında işə baxarkən hakim, tərəflərin təqdim etdiyi sübutların tədqiqi ilə kifayətlənir, onların dəlillərini və vəsatətlərini nəzərə alır və qiyabi adlanan qətnamə çıxarır. Həmin Məcəllənin 238.4-cü maddəsinə əsasən işə qiyabi baxılmasına iddiaçının razılığı yazılı formada olmalıdır. Həmin Məcəllənin 241.4-ci maddəsinə əsasən iddiaçının tələbi əsaslı olduqda, məhkəmə onun iddiasını qiyabi qətnamə ilə təmin edir. Həmin Məcəllənin 242-ci maddəsinə əsasən qiyabi qətnamənin məzmunu bu fəslin və bu Məcəllənin 16-cı fəslinin qaydaları ilə müəyyən edilir. Qiyabi qətnamənin nəticə hissəsində qətnaməyə yenidən baxılması üçün ərizə vermə vaxtı və qaydası göstərilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Qanunun 9.1.20-ci maddəsinə əsasən məhkəmədə verilən iddialar üzrə şəhid ailələri, müharibə veteranları, müharibə ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslər, qaçqınlar və məcburi köçkünlər, habele Çernobıl AES-də qəza nəticəsində şüa xəstəliyinə və şüa yükü ilə əlaqədar xəstəliyə tutulmuş və ya bu xəstəlikləri keçirmiş şəxslər dövlət rüsumunu ödəməkdən azad olunurlar.. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 213, 216-220, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə... Qət etdi: İddia təmin edilsin. Cavabdeh 15126 (on beş min bir yüz iyirmi altı) manat alınıb İddiaçı verilsin. Cavabdeh qiyabi qətnaməni aldığı vaxtdan etibarən 10 (on) gün ərzində onun ləğvi üçün qiyabi qətnaməni çıxarmış məhkəməyə ərizə ilə müraciət edə bilər. Qətnamədən rəsmi qaydada verildiyi gündən 01 (bir) ay müddətində Cəlilabad Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsi ilə) Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, qəbul edildiyi gündən 01 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Elxan Əmirəliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar