Məhkəmə qərarları › İş №2(073)-353/2024

Cəlilabad Rayon Məhkəməsi Qətnamə — İş №2(073)-353/2024

22.02.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Cəlilabad rayonu İş № 2(073)-353/2024 22.02.2024 CƏLİLABAD RAYON MƏHKƏMƏSİ Hakim Əmirəliyev Elxan Əli oğlunun sədrliyi, Əliyev Elməddin Fizuli oğlunun katibliyi, İddiaçı “Dağlı” kooperativinin nümayəndələri X2 və X1, Cavabdeh iştirakları ilə, İddiaçı “Dağlı” kooperativinin Cavabdeh qarşı cavabdehin mərhum əri Həsənov Vəkil Hüseynağa oğlunun “Dağlı” kooperativinin təsisçiləri sırasından çıxarılması tələbinə dair mülki işə Cəlilabad Rayon Məhkəməsinin binasında, məhkəmə iclas zalında, açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: İddiaçı “Dağlı” kooperativi Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh mərhum Həsənov Vəkil Hüseynağa oğlunun vərəsəsi kimi Dağlı kooperativində fəaliyyətinə xitam verilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı “Dağlı” kooperativinin nümayəndəsi X6 iddia tələbinin predmetinin dəyişdirilməsi barədə ərizə təqdim edərək, Cavabdeh mərhum əri Həsənov Vəkil Hüseynağa oğlunun “Dağlı” kooperativinin təsisçiləri sırasından çıxarılmasını xahiş etmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 53-cü maddəsində göstərilir ki, iddiaçı işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər iddianın əsasını və ya predmetini dəyişməyə, iddia tələbinin həcmini artırmağa və ya azaltmağa haqlıdır. Məhkəmə baxışı zamanı iddianın əsasını və ya predmetini dəyişməyə, iddia tələbinin həcmini artırmağa və ya azaltmağa o halda yol verilir ki, bunun üçün əsaslar məhkəmə baxışı gedişində əmələ gəlmiş olsun və ya iddiaçı bu hərəkətlərin işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər edilməsinin ondan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. Məhkəmə iclasında iddiaçı “Dağlı” kooperativinin nümayəndəsi X6 iddianı müdafiə edərək, verdiyi izahatında bildirdi ki, “Dağlı” kooperativi Cavabdeh mərhum əri Həsənov Vəkil Hüseynağa oğlunun, X3 və X1 təsisçiliyi ilə 23 mart 2001-ci il tarixdə nizamnamə əsasında yaradılmış kənd təsərrüfatı müəssisəsidir. “Dağlı” kooperativi hüquqi şəxsdir və öz fəaliyyəti ilə əlaqədar olan öhdəlikləri və vəzifələri yerinə yetirir. Özünün dövlət bankında hesabı, möhürü və ştampı vardır. Digər müəssisə, idarə və təşkilatlarla müqavilə münasibətlərinə daxil olur. “Dağlı” kooperativi ictimai faydalı əməyin mütərəqqi məşğuliyyəti formalarından biri olmaqla, gələcəkdə kənd təsərrüfatı məhsullarının istehsalı sahəsində qabaqçıl təcrübələrdən, elmin və texnikanın yeni nailiyyətlərindən istifadə etməmklə mühüm yer tutur. “Dağlı” kooperativinin əsas fəaliyyəti isə kənd təsərrüfatı məhsullarının istehsalı, emalı və satışının, o cümlədən heyvandarlıq, quşçuluq, maldarlıq, bitkiçilik və arıçılığın fəaliyyətinin həyata keçirilməsindən ibarətdir. Bəzən olur ki, fəaliyyətinin tam həyata keçirilməsi üçün təsisiçilərin birlikdə iştirakı lazım olur. Lakin hazırda təsisçilərdən Həsənov Vəkil Hüseynağa oğlu vəfat etmiş, Cavabdeh isə mərhum təsisçinin həyat yoldaşı olmaqla, eyni zamanda vərəsəsidir. Cavabdeh “Dağlı” kooperativinin nizamnaməsində göstərilən birgə fəaliyyəti təmin etmək məqsədi ilə vərəsəlik şəhadətnaməsi alıb kooperativin fəaliyyətində iştirak etmir, nə də mərhum əri Həsənov Vəkil Hüseynağa oğlunun adının nizamnamədən çıxarılmasına dair vergi orqanına ərizə vermir. Bu isə “Dağlı” kooperativinin torpaq sahələrinin icarəyə götürülməsinə, bank əməliyyatlarının aparılmasına, vergi orqanlarına digər fəaliyyətləri ilə bağlı müraciətlərin edilməsinə maneələr yaradır. Həmçinin nizamnamə üzrə hər üç təsisçinin kooperativin fəaliyyət məqsədləri üçün vəsait qoyması zərurəti var və cavabdeh qanuni əsaslarla bunların heç birində iştirak etmir və süni şəkildə digər təsisçiləri özündən asılı vəziyyətə salaraq hüquqlarını pozur. Kooperativə cavabdehin də qanuni əsaslarla qoşulub vəsait qoyub kooperativin istehsalını təmin etməsi barədə təklifləri nəticəsiz qalmışdır. Dəfələrlə cavabdehə bu barədə xəbərdarlıq edilsə də, heç bir nəticəsi olmamışdır. Qeyd edilənlərin nəzərə alınaraq iddianın təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iddiaçı “Dağlı” kooperativinin təsisçisi X5 “Dağlı” kooperativinin direktoru X2 izahatında qeyd edilənlərin həqiqət olduğunu bildirərək, qanunamüvafiq qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında Cavabdeh iddianı etiraf etməyərək, verdiyi izahatında bildirdi ki, mərhum əri Həsənov Vəkil Hüseynağa oğlu Dağlı” kooperativinin təsisçilərindən biridir. Dövlət tərəfindən “Dağlı” kooperativinə ilk öncə 100 hektar torpaq sahəsi verilmiş, sonra 62 ha olmuşdur. Onun ailəsinə məxsus torpaq sahəsinin yarısının, yəni 36 ha hissəsinin ona verilməsini tələb edir. Qalan torpaq sahəsindən kooperativ istifadə etsin. Həmin torpaq sahəsini Dövlət onun ailəsinə 1992-ci ildən vermişdir. Qeyd edilənlərin nəzərə alınaraq iddianın təmin edilməməsini məhkəmədən xahiş etdi. İşə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada məlumat verilməsinə baxmayaraq mübahisə predmeti üzrə müstəqil tələb irəli sürməyən 3-cü şəxslər Həsənova Yeganə Vəkil qızı, Həsənova Pərvanə Vəkil qızı, Həsənov Hikmət Vəkil oğlu, Həsənova Firuzə Vəkil qızı və 6 saylı Ərazi Vergilər İdarəsinin nümayəndəsi məhkəmə iclasına gəlməmişlər və gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsaslanaraq işə mübahisə predmeti üzrə müstəqil tələb irəli sürməyən 3-cü şəxslərin və 6 saylı Ərazi Vergilər İdarəsinin nümayəndəsinin iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının nümayəndəsinin və cavabdehin izahatlarını dinləyib, iş materiallarını tam və hərtərəfli araşdıraraq və işin məhkəmə tərəfindən müəyyən olunmuş hallarına hüquqi qiymət verərək, hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Belə ki, işdə olan Cəlilabad rayon İcra Hakimiyyəti tərəfindən verilmiş 23 mart 2001-ci il tarixli “Dağlı” kooperativinin nizamnaməsinin surətindən görünür ki, “Dağlı” kooperativi X6, X5, X7 və mərhum Həsənov Vəkil Hüseynağa oğlu tərəfindən yaradılmışdır və fəaliyyəti isə kənd təsərrüfatı məhsullarının istehsalı, emalı və satışının həyata keçirilməsindən ibarətdir. İşdə olan Azərbaycan Respublikası Vergilər Nazirliyi tərəfindən verilmiş Kommersiya hüquqi şəxsinin Dövlət qeydiyyatına alınması haqqında (VÖEN **********) qeydiyyat nömrəli şəhadətnamədən görünür ki, “Dağlı” kooperativi hüquqi ünvanı ünvan 1rgilər İdarəsində qeydiyyata alınmışdır. İşdə olan “Dağlı” kooperativinin uçota alınması haqqında arayışdan görünür ki, Cəlilabad rayon İcra Hakimiyyətinin 23 dekabr 1991-ci il tarixli protokolu ilə yaradılmış “Dağlı” kooperativi, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Hüquqi Şəxslərin Dövlət Qeydiyyatı üzrə X11 23 mart 2001-ci il tarixdə uçota alınmışdır. İşdə olan Uçot vahidlərinin Dövlət reyestrinə daxil edilməsi haqqında ******* saylı şəhadətnamədən görünür ki, “Dağlı” kooperativi 29 yanvar 2003-cü il tarixdə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Hüquqi Şəxslərin Dövlət Qeydiyyatı üzrə X11 dövlət qeydiyyatına alınmışdır. İşdə olan 6 saylı Ərazi Vergilər Baş İdarəsi tərəfindən verilmiş 07 sentyabr 2020-ci il tarixli, **********884300 saylı çıxarışdan görünür ki, hüquqi ünvanı ünvan 2 Dövlət qeydiyyatına alınmış, “Dağlı” kooperativinin nizamnamə kapitalının miqdarı (ödənilmiş) 6,90 manat, təsisçilər və nizamnamə kapitalında mayalarının miqdarı X5 1 pay, Həsənov Vəkil Hüseynağa oğlu 1 pay və X7 1 pay olmaqla, qanuni təmsilçi X4r. İşdə olan Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik hüquqi şəxsi tərəfindən verilmiş **********42 reyestr nömrəli çıxarışdan görünür ki, Cəlilabad rayon İcra Hakimiyyəti Başçısının 07 dekabr 2022-ci il tarixli, 329 saylı sərancamı ilə, 07 dekabr 2022-ci il tarixli, 42 saylı icarə müqaviləsinə əsasən Cəlilabad rayonu X12 torpaqlarından 5,24 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi 07 dekabr 2022-ci il tarixdən 07 dekabr 2022-ci il tarixə kimi, yəni 35 il müddətində “Dağlı” kooperativinin icarəsinə verilməklə, 05 yanvar 2023-cü il tarixdə, ********** nömrə ilə qeydiyyata alınmışdır. İşdə olan Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik hüquqi şəxsi tərəfindən verilmiş **********43 reyestr nömrəli çıxarışdan görünür ki, Cəlilabad rayon İcra Hakimiyyəti Başçısının 07 dekabr 2022-ci il tarixli, 329 saylı sərancamı ilə, 07 dekabr 2022-ci il tarixli, 42 saylı icarə müqaviləsinə əsasən Cəlilabad rayonu X12 torpaqlarından 29.76 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi 07 dekabr 2022-ci il tarixdən 07 dekabr 2022-ci il tarixə kimi, yəni 35 il müddətində “Dağlı” kooperativinin icarəsinə verilməklə, 05 yanvar 2023-cü il tarixdə, ********** nömrə ilə qeydiyyata alınmışdır. İşdə olan 24 yanvar 2022-ci il tarixli arayışdan görünür ki, Həsənov Vəkil Hüseynağa oğlu 06 noyabr 2020-ci il tarixdə ölmüşdür. İşdə olan Cəlilabad rayon 1 saylı notariat ofisi tərəfindən verilmiş 01 fevral 2022-ci il tarixli məktubundan görünür ki, Cavabdeh mərhum Həsənov Vəkil Hüseynağa oğlunun vərəsəsidir və əmlakı idarə edir. İşdə olan “Dağlı” kooperativinin 20 iyul 2022-ci il tarixli, 12 dekabr 2022-ci il tarixli və 18 mart 2023-cü il tarixli iclas protokollarının çıxarışlarından görünür ki, Cəlilabad rayonu Məlikqasımlı kəndində yerləşən “Dağlı” kooperativinin fəaliyyətinin tam həyata keçirilməsi üçün təsisiçilərin birlikdə iştirakı zəruri olduğundan, təsisiçilərdən mərhum Həsənov Vəkil Hüseynağa oğlu vəfat etməmişdən öncə dəfələrlə xəbərdarlıq edilməsinə baxmayaraq müəssisənin fəaliyyətində iştirak etməmişdir. Onun vəfatından sonra mərhum təsisçinin həyat yoldaşı, eyni zamanda vərəsəsi olan Cavabdeh hüquqi şəxsin nizamnaməsində göstərilən birgə fəaliyyət qaydasını və onun fəaliyyətində iştirak edilməsi məsələsini nizamnamədə nəzərdə tutulmuş qaydada təmin edilməsinə maneşilik törədir. Dəfələrlə cavabdehə bu barədə xəbərdarlıq edilsə də, heç bir nəticəsi olmamışdır. Beləliklə, məhkəmə iclasında müəyyən edildi ki, X6, X5, X7 və mərhum Həsənov Vəkil Hüseynağa oğlu olmaqla “Dağlı” kooperativi 23 mart 2001-ci il tarixdə nizamnamə əsasında yaradılmış kənd təsərrüfatı müəssisəsidir. “Dağlı” kooperativi hüquqi şəxsdir və öz fəaliyyəti ilə əlaqədar olan öhdəlikləri və vəzifələri yerinə yetirir. Özünün dövlət bankında hesabı, möhürü və ştampı vardır. Digər müəssisə, idarə və təşkilatlarla müqavilə münasibətlərinə daxil olur. “Dağlı” kooperativinin əsas fəaliyyəti isə kənd təsərrüfatı məhsullarının istehsalı, emalı və satışının həyata keçirilməsindən ibarətdir. Koperativin təsisçilərindən Həsənov Vəkil Hüseynağa oğlu 06 noyabr 2020-ci il tarixdə vəfat etmişdir. Təsərrüfat fəaliyyətinin tam həyata keçirilməsi üçün təsisiçilərin birlikdə iştirakı zəruridir. Lakin mərhum Vəkil Həsənovun arvadı Cavabdeh qanuni əsaslarla vərəsəlik şəhadətnaməsi təqdim etməklə kooperativdə təsisçilik hüquqlarından istifadə etməmiş, həmçinin kooperativin fəaliyyəti üçün digər təsisçilərlə bərabər vəsait qoyulmasında (xərclərdə) iştirak etməmişdir. Cavabdeh hüquqi şəxsin nizamnaməsində göstərilən birgə fəaliyyət qaydasını və onun fəaliyyətində iştirak edilməsi məsələsini nizamnamədə nəzərdə tutulmuş qaydada təmin etmir. Dəfələrlə cavabdehə bu barədə xəbərdarlıq edilsə də, heç bir nəticəsi olmamışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 43.1-ci maddəsinə əsasən hüquqi şəxs qanunla müəyyənləşdirilən qaydada dövlət qeydiyyatından keçmiş, xüsusi yaradılmış elə bir qurumdur ki, mülkiyyətində ayrıca əmlakı vardır, öz öhdəlikləri üçün bu əmlakla cavabdehdir, öz adından əmlak və şəxsi qeyri-əmlak hüquqları əldə etmək və həyata keçirmək, vəzifələr daşımaq, məhkəmədə iddiaçı və ya cavabdeh olmaq hüququna malikdir. Hüquqi şəxsin müstəqil balansı olmalıdır. Həmin Məcəllənin 43.2-ci maddəsinə əsasən hüquqi şəxslər bir fiziki və ya hüquqi şəxs tərəfindən, yaxud fiziki və hüquqi şəxslərin toplusu tərəfindən yaradıla bilər, üzvlüyə əsaslana bilər, üzvlərin olmasından asılı ola və ya asılı olmaya bilər, sahibkarlıq fəaliyyəti ilə məşğul ola və ya məşğul olmaya bilər. Həmin Məcəllənin 44.1-ci maddəsinə əsasən hüquqi şəxs dövlət qeydiyyatına alındığı andan mülki hüquqlara malikdir və mülki vəzifələr daşıyır. Hüquqi şəxsin hüquq qabiliyyətinə onun ləğvinin başa çatdığı an xitam verilir. Həmin Məcəllənin 45.1-ci maddəsinə əsasən hüquqi şəxs onun təsis edilməsi və nizamnaməsinin hazırlanması yolu ilə yaradılır. Həmin Məcəllənin 45.2-ci maddəsinə əsasən əgər hüquqi şəxs bir neçə təsisçi tərəfindən yaradılırsa, təsisçilər müqavilə bağlayaraq hüquqi şəxsin nizamnaməsini, onun yaradılması üzrə birgə fəaliyyət qaydasını, özlərinin əmlakının ona verilməsi və onun fəaliyyətində iştirak edilməsi şərtlərini müəyyənləşdirirlər. Həmin Məcəllənin 46-cı maddəsinə əsasən hüquqi şəxsin təsisçiləri hüquqi şəxsin dövlət qeydiyyatına alınmasına qədər əmələ gəlmiş, hüquqi şəxsin yaradılması ilə bağlı olan öhdəliklər üzrə birgə məsuliyyət daşıyırlar. Həmin Məcəllənin 47.1-ci maddəsinə əsasən hüquqi şəxsin təsisçiləri tərəfindən təsdiq edilmiş nizamnaməsi hüquqi şəxsin təsis sənədidir. Bir təsisçinin yaratdığı hüquqi şəxs həmin təsisçinin təsdiq etdiyi nizamnamə əsasında fəaliyyət göstərir. Həmin Məcəllənin 48.1-ci maddəsinə əsasən hüquqi şəxs müvafiq icra hakimiyyəti orqanında dövlət qeydiyyatına alınmalıdır. Dövlət qeydiyyatının məlumatları, o cümlədən kommersiya təşkilatları üçün firma adı ümumi tanışlıq üçün açıq olan hüquqi şəxslərin dövlət reyestrinə daxil edilir. Həmin Məcəllənin 59.1-ci maddəsinə əsasən hüquqi şəxsin ləğvi onun mövcudluğuna və fəaliyyətinə hüquq və vəzifələri hüquq varisliyi qaydasında başqa şəxslərə keçmədən xitam verilməsi deməkdir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddia təmin edilməli və Cavabdeh mərhum əri Həsənov Vəkil Hüseynağa oğlu “Dağlı” kooperativinin təsisçiləri sırasından çıxarılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə… Qət etdi: İddia təmin edilsin. Cavabdeh mərhum əri Həsənov Vəkil Hüseynağa oğlu “Dağlı” kooperativinin təsisçiləri sırasından çıxarılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Cəlilabad Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Elxan Əmirəliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar