Məhkəmə qərarları › İş №2(073)-46/2023

Cəlilabad Rayon Məhkəməsi Qətnamə — İş №2(073)-46/2023

16.06.2023 · Mənzil mübahisələri - Mənzildən çıxarılma - Mənzil mübahisələri - Mənzil münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Cəlilabad rayonu İş № 2(073)-46/2023 16.06.2023 CƏLİLABAD RAYON MƏHKƏMƏSİ Hakim Əmirəliyev Elxan Əli oğlunun sədrliyi, Əliyev Elməddin Fizuli oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı əşyaların və heyvanların dəyərinin ona geri qaytarılması tələbinə dair mülki işə Cəlilabad Rayon Məhkəməsinin binasında, məhkəmə iclas zalında, açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlərin ona məxsus evdən çıxarılması, əşyaların və heyvanların dəyərinin ona geri qaytarılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Cəlilabad Rayon Məhkəməsinin 16 iyun 2023-cü il tarixli, 2(073)-46/2023 saylı qərardadı ilə, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı cavabdehlərin ona məxsus evdən çıxarılması, əşyaların və heyvanların dəyərinin ona geri qaytarılmasına dair iddia tələbinə cavabdehlərin ona məxsus evdən çıxarılmasına dair hissədə iş üzrə icraata xitam verilmişdir. Məhkəmə iclasında İddiaçı iddia ərizəsində göstərilənləri müdafiə edərək verdiyi izahatında bildirdi ki, o, xx xxxxxx 1959-cu il tarixdə Cəlilabad rayonu Suluçeşmə kəndində doğulmuşdur və hazırda bacısı Nənəş Məmmədova ilə birlikdə həmin kənddə ona məxsus evdə yaşayırlar. Atasından qalan evi miras olaraq o, qəbul etmişdir. Mirası qəbul edən vaxt Cavabdeh1 və digər vərəsələr etiraz etməmişlər və məhkəmədə bu barədə mübahisə etməyəcəkləri barədə öhdəlik götürmüşlər. Cavabdeh1 onun qardaşı, digər Cavabdeh2 isə qardaşı Həşimin arvadıdır. Cavabdehlər bir müddətdir ki, onun yaşadığı evə qonaq kimi gəlmişlər, hazırki vaxtadək onun evində məskunlaşmışlar. O, cavabdehlərdən dəfələrlə evindən çıxmalarını tələb etməsinsə baxmayaraq, cavabdehlər ona məxsus evdən çıxmırlar. Bundan başqa cavabdehlər onun evdə olmamasından istifadə edərək, ona məxsus şəxsi əşyaları, təsərrüfatında olan qoyun-quzunu və inəkləri talamışlar. Cavabdehlərlə aralarında yaranmış mübahisələrə görə cavabdehlər Cavabdeh1 və Cavabdeh2 inzibati məsuliyyətə cəlb olunmuşlar. Qeyd edilənlərə əsasən cavabdehlərin ona məxsus evdən çıxarılmalarını, əşyalarının və heyvanlarının dəyərinin ona geri qaytarılmasına dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. İşə baxılmanın vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq cavabdehlər məhkəmə iclasına gəlməmişlər və gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsaslanaraq işə cavabdehlərin iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, iddiaçının izahatını dinləyib, iş materiallarını tam və hərtərəfli araşdıraraq və işin məhkəmə tərəfindən müəyyən olunmuş hallarına qiymət verərək hesab edir ki, iddia əsassız olduğundan təmin edilməməlidir. Belə ki, məhkəmə iclasında iddiaçının vəsatəti əsasında şahid qismində dindirilmiş X8 verdiyi izahatında bildirdi ki, İddiaçı onun bacısı, cavabdehlər Cavabdeh1 qardaşı və Cavabdeh2 isə qardaşı arvadıdır. O, atalarından miras qalan və mülkiyyət hüququ ilə İddiaçı məxsus evdə iddiaçı ilə birlikdə yaşayır. İddiaçı dəfələrlə cavabdehlərin onun evindən çıxmalarını tələb etsə də, cavabdehlər iddiaçıya məxsus evdən çıxmırlar. Bundan əlavə cavabdehlər onların evdə olmamasından istifadə edərək, iddiaçıya məxsus şəxsi əşyaları və təsərrüfatında olan mal-qaranı talamışlar. Həmin əşyaların və heyvanların biləvasitə cavabdehlər tərəfindən götürülməsini görməmişdir. Məhkəmə iclasında iddiaçının vəsatəti əsasında şahid qismində dindirilmiş X6 verdiyi izahatında bildirdi ki, İddiaçı onun bacısı, cavabdehlər Cavabdeh1 qardaşı və Cavabdeh2 isə qardaşı arvadıdır. Bacıları İddiaçı və X8 atalarından miras qalan və mülkiyyət hüququ ilə İddiaçı məxsus evdə birlikdə yaşayırlar. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 iddiaçıya məxsus evdən çıxmırlar. İddiaçı dəfələrlə cavabdehlərin onun evindən çıxmalarını tələb etsə də, cavabdehlər iddiaçıya məxsus evdən çıxmırlar. Bundan başqa, onun iddiaçıdan və başqa şəxslərdən eşitdiyinə görə cavabdehlər iddiaçıya məxsus şəxsi əşyaları və iddiaçının təsərrüfatında olan mal-qaranı talamışlar. Həmin əşyaların və heyvanların biləvasitə cavabdehlər tərəfindən götürülməsini görməmişdir. İşdə olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən 14 iyun 2012-ci il tarixdə qeydə alınmış **********79-10301 reyestr nömrəli çıxarışın notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, Cəlilabad rayonu Suluçeşmə kəndində yerləşən fərdi yaşayış evi və 0,8221 ha torpaq sahəsi İddiaçı tam mülkiyyətindədir. İşdə olan Cəlilabad Rayon Məhkəməsinin 01 aprel 2021-ci il tarixli, 2(073)- 602/2021 saylı qətnaməsinin surətindən görünür ki, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı cavabdehlərin Cəlilabad rayonu Suluçeşmə kəndində yerləşən və onun mülkiyyətində olan fərdi yaşayış evindən çıxarılması tələbinə dair iddiası əsassız olduğundan təmin edilməmişdir. İşdə olan Cəlilabad rayonu Astanlı kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin müavini X5, Astanlı bələdiyyəsinin sədri X9 və Suluçeşmə kənd sakini, ərazi baytarı X2 tərəfindən tərtib edilmiş 22 noyabr 2021-ci il tarixli aktın surətindən görünür ki, İddiaçı özünə məxsus olan iri buynuzlu heyvanları apardıqdan sonra, Cavabdeh1 və arvadı Cavabdeh2 qonşuları X3, X1 və X4 2 baş dana və 2 baş inək almışlar. Beləliklə, məhkəmə araşdırması zamanı müəyyən edildi ki, Cavabdeh1 və İddiaçı bacı-qardaş olmaqla mərhum Sahib Məmmədovun övladlarıdır. Cavabdeh1 doğulduğu gündən hazırki vaxta kimi valideynləri ilə birlikdə Cəlilabad rayonu, Suluçeşmə kəndində yerləşən valideynlərinə məxsus evdə birgə təsərrüfatı idarə edərək ailə üzvü kimi orada yaşayır. Cavabdehin valideynləri vəfat etmişlər. Tərəflərin valideynlərindən miras qalmış evə dair İddiaçı adına 14 iyun 2012-ci il tarixdə Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarış verilmişdir. Bundan əlavə İddiaçı cavabdehlərin onun əşyalarının və heyvanlarının dəyərinin ona geri qaytarılmasını tələb edir. Göründüyü kimi Cavabdeh1 doğulduğu gündən hazırki vaxtadək Cəlilabad rayonu Suluçeşmə kəndində valideyni Sahib Məmmədovun yaşayış yeri üzrə qeydi aparılaraq ailə üzvü kimi yaşayıb ümumi təsərrüfat aparmışdır. İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 tərəfindən onun əşyalarının və heyvanlarının dəyərinin ona geri qaytarılmasını tələb etsə də, həmin xüsusatları təsdiq edəcək sübutlarını məhkəməyə təqdim edə bilməmişdir. Bundan başqa məhkəmə araşdırması zamanı da cavabdehlər Cavabdeh1 və Cavabdeh2 tərəfindən iddiaçıya məxsus əşyaların və heyvanlarının talanması halları öz təsdiqini tapmamışdır. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı cavabdehlərin onun əşyalarının və heyvanlarının dəyərinin ona geri qaytarılması tələbində haqlı deyildir. Məhkəmə ilk növbədə nəzərə alır ki, mülki prosesdə qəbul edilmiş və sübut hüququnun tələbləri baxımından mühüm əhəmiyyətə malik olan formal həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. İşin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə birmənalı nəticə çıxarmağa əsas verməlidir. Belə ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq olaraq qiymət verir. Həmin Məcəllənin MPM-nin 9.1-ci maddəsinə əsasən ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Həmin Məcəllənin MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin MPM-nin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin MPM-nin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası Konstitusiyasının 127-ci maddəsinin İİ hissəsinə əsasən hakimlər işlərə qərəzsiz, ədalətlə, tərəflərin hüquq bərabərliyinə, faktlara əsasən və qanuna müvafiq baxırlar. Azərbaycan Respublikası Konstitusiyasının 129-cu maddəsinin İİİ hissəsinə görə məhkəmə qərarı qanuna və sübutlara əsaslanmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 78.1-ci maddəsinə əsasən sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Avropa İnsan Hüquqları Məhkəməsi «Mahmudov Rusiyaya qarşı» iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında qeyd etmişdir ki, məhkəmə araşdırmalarında sübutları qiymətləndirərkən «sübut etmə yükü təkzib edənin deyil, iddia edən tərəfin üzərinə düşür» prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər. Beləliklə, məhkəmə hesab edir ki, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı əşyaların və heyvanların dəyərinin ona geri qaytarılması tələbinə dair iddiası əsassız olduğundan təmin edilməməlidir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iddia təmin edilmədiyi üçün iş üzrə iddiaçı tərəfindən iddia ərizəsinin verilməsi ilə əlaqədar ödənilmiş 100 manat dövlət rüsumu da iddiaçıya aid edilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 222, 227 və 233-cü maddələrinin tələblərini rəhbər tutaraq məhkəmə… Qət etdi: İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı əşyaların və heyvanların dəyərinin ona geri qaytarılması tələbinə dair iddiası əsassız olduğundan təmin edilməsin. İş üzrə iddiaçı tərəfindən iddia ərizəsinin verilməsi ilə əlaqədar ödənilmiş 100 (bir yüz) manat dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Cəlilabad Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim:Elxan Əmirəliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar