Məhkəmə qərarları › İş №2(073)-488/2025

Cəlilabad Rayon Məhkəməsi Qətnamə — İş №2(073)-488/2025

10.04.2025 · Mənzil mübahisələri - Mənzilə köçürmə - Mənzil mübahisələri - Mənzilə istifadə hüququnun tanınması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Cəlilabad rayonu İş № 2(073)-488/2025 10.04.2025 CƏLİLABAD RAYON MƏHKƏMƏSİ Hakim Əmirəliyev Elxan Əli oğlunun sədrliyi, Əliyev Elməddin Fizuli oğlunun katibliyi, İddiaçılar İddiaçı1 və İddiaçı2 iştirakları ilə, İddiaçılar İddiaçı1 və İddiaçı2 Cavabdeh qarşı onların Cavabdeh yaşadığı Cəlilabad rayonu Günəşli kəndində yerləşən 3 otaqlı, ümumi sahəsi 130 kv.m olan fərdi yaşayış evinə istifadə hüquqları tanınmaqla, həmin evə köçürülmələri tələbinə dair mülki işə Cəlilabad Rayon Məhkəməsinin binasında, məhkəmə iclas zalında, açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: İddiaçılar İddiaçı1 və İddiaçı2 Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onların Cavabdeh yaşadığı Cəlilabad rayonu Günəşli kəndində yerləşən 3 otaqlı, ümumi sahəsi 130 kv.m olan fərdi yaşayış evinə istifadə hüquqları tanınmaqla, həmin evə köçürülmələri barədə qətnamə çıxarılmasını xahiş etmişlər. Məhkəmə iclasında İddiaçı1 iddia tələbini müdafiə edərək verdiyi izahatında bildirdi ki, anası X2 atası olan Cavabdeh ilə 1999-cu ildə ailə qurmuşlar, nikahlarını isə 2005-ci ildə rəsmiləşdirməmişlər. Onların birgə nikahından o və digər İddiaçı2 doğulmuşdur. Valideynləri ailə qurduqdan sonra ata tərəfdən babasına məxsus evdə yaşamışlar və 2001-ci ildə isə cavabdehə məxsus Cəlilabad rayonu Günəşli kəndində yerləşən torpaq sahəsində fərdi yaşayış evi inşa etdirərək həmin evə köçərək orada yaşamağa başlamışlar. Yaşadıqları müddətdə anası cavabdehlə birgə təsərrüfata malik olmuşlar. Əvvəllər valideynlərinin ailə münasibətləri müddət normal olsa da, sonradan ailə münasibətləri pozulmuş və daha sonra anası rəsmi qaydada cavabdehdən ayrılmışdır. Valideynləri ayrıldıqdan sonra aralarında yaranmış mübahisə nəticəsində anası onu və bacısını götürərək anasının valideynlərinə məxsus evə gedərək orada yaşamağa məcbur olmuşlar. Sonra anası rəsmi qaydada məhkəməyə müraciət etmiş və Cəlilabad rayon məhkəməsinin 30 sentyabr 2019-cu il tarixli, 2 (073)-1478/2019 saylı qətnaməsi ilə anası X2 03 fevral 2003-cü il təvəllüdlü Qoşqar və xx xxx 2005-ci il təvəllüdlü Aysun adlı uşaqları ilə birlikdə Cavabdeh yaşadığı Cəlilabad rayonu Günəşli kəndində yerləşən 3 otaqlı, ümumi sahəsi 130 kv.m olan fərdi yaşayış evinə köçürülmələri qət edilmişdir. Qeyd olunan qətnamə qanuni qüvvəsin aldıqdan sonra icra edilməsi üçün Cəlilabad rayon İcra və Probasiya şöbəsinə göndərilmiş və icra məmurlarının iştirakı ilə onlar həmin evə köçürülmüşlər. O, 44 günlük Vətən müharibəsində iştirak etdiyi vaxt atası, yəni cavabdeh anasını və iddiaçı olan bacısını evdən qovub çıxarmışdır. Sonuncu dəfə isə 10 iyun 2024cü ildə cavabdeh onu anası və bacısı ilə birlikdə məcburi qaydada evdən çıxarmışdır. Hazırda yaşamağa başqa evi olmadığına görə hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Qeyd edilənlərin nəzərə alınaraq iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında İddiaçı2 İddiaçı1 ilə eyni məzmunlu izahat verərək, iddianın təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə, iddiaçının nümayəndəsinin və vəkilinin, cavabdehin izahatlarını dinləyib, iş materiallarını tam və hərtərəfli araşdıraraq və işin məhkəmə tərəfindən müəyyən olunmuş hallarına qiymət verərək hesab edir ki, iddia qismən əsaslı olduğundan qismən təmin edilməlidir. Belə ki, işdə olan Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi tərəfindən verilmiş **********90 reyestr nömrəli çıxarışdan görünür ki, Cəlilabad rayonu Günəşli kəndində Cavabdeh xüsusi mülkiyyətinə verilmiş 0,1 ha həyətyanı torpaq sahəsi 09 aprel 2024-cü il tarixdə ********** qeydiyyat nömrəsi ilə Dövlət qeydiyyatına alınmışdır. İşdə olan Cəlilabad RİHB Günəşli kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş 20 avqust 2024-cü il tarixli, 5-41/2-10-418/2024 saylı arayışdan görünür ki, X1 həyat yoldaşı Cavabdeh ilə 2005-ci ildə birgə nikaha daxil olduqdan sonra Günəşli kəndində fərdi yaşayış evi inşa etmişlər, 2009-cu ildən həmin evdə birgə yaşamışlar və həmin nikahdan iki övladları vardır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etiazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 78.1-ci maddəsinə əsasən sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Həmin Məcəllənin 88-ci maddəsinə görə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yoxlanılmalı və qiymətləndirilməlidir. Məhkəmə ilk növbədə nəzərə alır ki, mülki prosesdə qəbul edilmiş və sübut hüququnun tələbləri baxımından mühüm əhəmiyyətə malik olan formal həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. İşin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə birmənalı nəticə çıxarmağa əsas verməlidir. Məhkəmə, məhkəmə iclasında iddiaçılar tərəfindən təqdim edilmiş sübutları daha mötəbər hesab edir və həmin hallarla bağlı iddiaçıların izahatını və təqdim etdikləri sübutları daha inandırıcı hesab edir. Məhkəmə hesab edir ki, iddiaçıların tələbi həm faktlar baxımından, həm də hüquq normalarının tələbləri baxımından qismən əsaslıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətlərinin yarandığı dövrdə qüvvədə olan maddi hüquq normaları əsasında çıxarılmalıdır. Məhkəmə işin müəyyən olunmuş hallarına qiymət verərək hesab edir ki, iddiaçının həmin evdən istifadəsi ilə bağlı münasibətlərə qüvvədə olan, yəni xx.xx.2009-cu ilədək qüvvədə olmuş Azərbaycan Respublikasının Mənzil Məcəlləsinin 53-cü maddəsi tətbiq edilməlidir. Belə ki, Azərbaycan Respublikasının Mənzil Məcəlləsinin 53-cü maddəsinin 3-cü hissəsinə əsasən icarədarın ailə üzvləri icarədarın arvadı (əri), onların uşaqları və valideyinləri hesab olunurlar. İcarədarla birlikdə yaşayıb ümumi təsərrüfat aparan digər şəxslər də icarədarın ailə üzvü hesab edilə bilərlər. Azərbaycan Respublikasının Mənzil Məcəlləsinin 53-cü maddəsinin 4-cü hissəsinə görə göstərilən vətəndaşlar icarədarın ailə üzvləri sırasından çıxıb onun yaşayış sahəsində yaşamaqda davam etdikdə, icarədarın və onun ailə üzvlərinin eyni hüquq və vəzifələrinə onlar da malik olurlar. Azərbaycan Respublikasının Mənzil Məcəlləsinin 54-cü maddəsinin birinci hissəsinə əsasən icarədar özü ilə birlikdə yaşayan ailə üzvlərinin razılığı ilə öz arvadını, uşaqlarını, valideynlərini, habelə başqa şəxsləri yaşadığı sahəyə sahəyə köçürmək ixtiyarına malikdir. Məhkəmə iddia tələbinin sözügedən yaşayış evinə köçürülməsi hissəsini əsaslı saysa da, digər tələbinin, yəni “istifadə hüququnun tanınması” tələbinin təmin edilməsini mümkün saymır. Belə ki, tərəflər arasında münasibətlərin yarandığı vaxt qüvvədə olan Azərbaycan Respublikası Mülki Məcəlləsinin adları çəkilən normaları 01 sentyabr 2000-ci ildən sonra evdən istifadə hüququnun əmələ gəlməsini istifadə hüququ əldə etmək istəyən şəxsin evin mülkiyyətçisi ilə bağladığı notarial qaydada təsdiqlənmiş yazılı razılaşmadan və istifadə hüququnun dövlət reyestrindən qeydə alınmasından asılı etmişdir ki, hazırkı mübahisə predmeti olan fərdi yaşayış evinə cavabdeh Rahim Eyvazovun və onun valideynləri sahiblik etsələr də, onların mübahisəli fərdi yaşayış evinə mülkiyyət hüquqları DƏDRX-də qeydə alınmamışdır. Onlar yalnız həmin evə istifadə və sahiblik etmişlər. İddiaçı mübahisəli evə əri və ərinin valideynləri tərəfindən ailə üzvü kimi köçürülmüş və onun ailə üzvlüyünə qəbul edilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.1-ci maddəsinə əsasən yaşayış binasının tərkib hissəsi mülkiyyətçisinin ailə üzvləri və digər şəxslər yaşayış binasından istifadə hüququna bu şərtlə malikdirlər ki, həmin hüquq daşınmaz əmlakın dövlət reyestrində qeydə alınsın. Həmin Məcəllənin 228.2-ci maddəsinə əsasən yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun əmələ gəlməsi, həyata keçirilməsi şərtləri və xitamı mülkiyyətçi ilə bağlanan, notariat qaydasında təsdiqlənən yazılı razılaşma ilə müəyyənləşdirilir. Həmin Məcəllənin 228.5-ci maddəsinə görə yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin onunla birgə yaşayan ailə üzvləri (əri, arvadı, valideynləri, uşaqları) yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüququna malikdirlər. Yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin ailə üzvləri öz yetkinlik yaşına çatmayan uşaqlarını həmin yaşayış binasına köçürmək ixtiyarına malikdirlər. Digər ailə üzvlərinin (ərin, arvadın) köçürülməsinə yalnız mülkiyyətçinin razılığı ilə yol verilir. Həmin şəxslərin yaşayış binasının tərkib hissəsindən istifadə hüququ mülkiyyətçi ilə ailə münasibətlərinə xitam verildiyi halda da saxlanılır. Yaşayış binasının tərkib hissəsindən mülkiyyətçinin ailə üzvlərinin istifadə etmək hüququ bu Məcəllənin qüvvəyə mindiyi gündən yaranır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 27 may 2008-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci maddəsinin «mülkiyyətçinin razılığı» müddəası həmin Məcəllənin 228.2-ci maddəsində müəyyən olunan qaydaya müvafiq olaraq yazılı bağlanan notariat qaydasında təsdiqlənən razılaşmanı nəzərdə tutur. İş materialları ilə müəyyən olunur ki, Cəlilabad rayonu Günəşli kəndində yerləşən fərdi yaşayış evi dövlət qeydiyyatına alınmamışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. Odur ki, məhkəmə hesab edir ki, iddia tələbi qismən təmin edilərək, iddiaçılar İddiaçı1 və İddiaçı2 ataları Cavabdeh ilə birgə yaşadıqları dövrdə inşa edilmiş Cəlilabad rayonu Günəşli kəndində yerləşən fərdi yaşayış evinə köçürülməlidir. İddia qalan hissədə əsassız olduğundan təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iş üzrə iddia ərizəsinin verilməsi ilə əlaqədar ödənilmiş 100 manat dövlət rüsumu iddiaçıların özünə aid edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 213, 216-220 və 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə... Qət etdi: İddia qismən təmin edilsin. İddiaçılar İddiaçı1 və İddiaçı2 ataları Cavabdeh ilə birgə yaşadıqları dövrdə inşa edilmiş Cəlilabad rayonu Günəşli kəndində yerləşən fərdi yaşayış evinə köçürülsünlər. İddia qalan hissədə təmin edilməsin. İş üzrə iddia ərizəsinin verilməsi ilə əlaqədar ödənilmiş 100 (bir yüz) manat dövlət rüsumu iddiaçıların özünə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 01 (bir) ay müddətində Cəlilabad Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsi ilə) Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, qəbul edildiyi gündən 01 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Elxan Əmirəliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar