Məhkəmə qərarları › İş №2(073)-620/2023

Cəlilabad Rayon Məhkəməsi Qətnamə — İş №2(073)-620/2023

23.06.2023 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Cəlilabad rayonu İş № 2(073)-620/2023 23.06.2023 CƏLİLABAD RAYON MƏHKƏMƏSİ Hakim Əmirəliyev Elxan Əli oğlunun sədrliyi, Əliyev Elməddin Fizuli oğlunun katibliyi ilə, İddiaçı nümayəndəsi (böyük icra məmuru) X2 iştirakı ilə, İddiaçı Cəlilabad rayonu İcra və Probasiya Şöbəsinin Cavabdeh qarşı vurulmuş maddi zərərin əvəzinin ödənilməsi tələbinə dair iddiası üzrə mülki işə Cəlilabad Rayon Məhkəməsinin binasında, məhkəmə iclas zalında, açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: İddiaçı Cavabdeh qarşı vurulmuş maddi zərərin əvəzinin ödənilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh təhkim edilmiş “Attenti” markalı elektron nəzarət vasitəsi olan mobil telefonun dəyəri olan 2277.40 manat pulun ondan (cavabdehdən) tutularaq Bakı şəhəri Maliyyə İdarəsinin hesabına ödənilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iddiaçı Cəlilabad rayonu İcra və Probasiya Şöbəsinin nümayəndəsi (böyük icra məmuru) X3 iddianı müdafiə edərək izahatında bildirdi ki, cavabdeh İsmayılov X1 rayon Məhkəməsinin 12 may 2022-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinərək, 1 (bir) il 11 (on bir) ay 26 (iyirmi altı) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir. Hökmün icrası barədə göstəriş İddiaçı icraatına daxil olduqdan sonra hökmün icraata qəbul edilməsi barədə müvafiq məhkəməyə məlumat verilmişdir. Məhkəmə tərəfindən məhkumun üzərinə elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək vəzifəsi qoyulmuşdur. xx.xx.2022-ci il tarixdə məhkumun iştirakı ilə müvafiq protokol tərtib edilmiş və cəza çəkdiyi müddət ərzində elektron nəzarət vasitəsindən istifadə qaydaları məhkuma izah edilmiş, həmin tarixdə məhkuma elektron nəzarət vasitəsi tətbiq edilmiş, ona bir ədəd mobil qurğu, bir ədəd mobil qurğunun enerji yükləyicisi (adaptor), bir ədəd qolbağ və yaddaş təhvil verilməklə onun yaşadığı ünvanda quraşdırılmışdır. Məhkuma bu nəzarət avadanlıqlarının istifadə qaydaları cavabdehə izah edilmiş və həmin avadanlıqlara görə üzərində gəzdirdiyi və istifadə etdiyi müddətdə maddi məsuliyyət daşıması barədə xəbərdarlıq edilmişdir. Cavabdeh cəza çəkdiyi müddətdə elektron nəzarət vasitəsi olan mobil telefonu yaşadığı həyətə panelin üzərindən düşərək salaraq yararsız hala salmışdır. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Maliyyə və Təminat İdarəsinin təqdim etdiyi maliyyə arayışına görə həmin zədələnmiş elektron nəzarət vasitəsinin mobil telefonun dəyəri 2277.40 manat təşkil edir. Buna görə də hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət edilmişdir. Qeyd edilənlərin nəzərə alınaraq Cavabdeh təhkim edilmiş “Attenti” markalı elektron nəzarət vasitəsi olan mobil telefonun dəyəri olan 2277.40 manat pulun ondan (cavabdehdən) tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin müvafiq hesabına ödənilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İşə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada məlumat verilməsinə baxmayaraq Cavabdeh məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsaslanaraq işə Cavabdeh iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyib, iş materiallarını araşdırıb hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Belə ki, işdə olan Cəlilabad rayon Məhkəməsinin 12 may 2022-ci il tarixli, 1(073)- 87/2022 saylı hökmündən görünür ki, Cavabdeh Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinərək, 1 (bir) il 11 (on bir) ay 26 (iyirmi altı) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir. Təqsirləndirilən şəxs Cavabdeh üzərinə İddiaçınə məlumat vermədən saat 23:00-dan növbəti gün saat 07:00-dək yaşadığı ünvan 1 ünvanında yerləşən yaşayış yeirini tərk etməmək, Cəlilabad rayonunun hüdudlarından kənara çıxmamaq, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanması üçün ona xidmət etmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi və ya işə düzəlməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmuşdur. İşdə olan 12 oktyabr 2022-ci il tarixli protokoldan görünür ki, Cəlilabad rayon Məhkəməsinin 12 may 2022-ci il tarixli, 1(073)-87/2022 saylı hökmünə əsasən 12 oktyabr 2022-ci tarixində məhkum Cavabdeh“Attenti” markalı elektron nəzarət vasitəsi tətbiq edilmişdir. İşdə olan 12 oktyabr 2022-ci il tarixli izahatdan görünür ki, Cavabdeh həmin izahatla Cəlilabad rayon Məhkəməsinin 12 may 2022-ci il tarixli, 1(073)-87/2022 saylı hökmünə əsasən 12 oktyabr 2022-ci tarixində ona tətbiq edilmiş “Attenti” markalı elektron nəzarət vasitəsi olan mobil telefonu yaşadığı həyətə panelin üzərindən düşərək yararsız hala salmasını etiraf etmişdir. İşdə olan Ədliyyə Nazirliyi Probasiya Xidməti Elektron Monitorinq İdarəsinin xx.xx.2022-ci il tarixli elektron nəzarət vasitəsinin vəziyyəti haqqında texniki rəydən görünür ki, “Attenti” markalı elektron nəzarət vasitəsinin ana palatada radioelektron antenanın pini zədələnib, təkrar qaynağı mümkün deyil. İstifadəyə tam yararsızdır. İşdə olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Probasiya Xidməti tərəfindən təqdim edilmiş qiymət cədvəlindən görünür ki, xüsusi proqram təminatlı mobil nəzarət qurğusunun dəyəri 2277.40 (iki min iki yüz yetmiş yeddi) manat təşkil edir. Beləliklə, məhkəmə iclasında müəyyən edilmişdir ki, Cavabdeh İddiaçı tərəfindən ona təhkim olunmuş elektron nəzarət vasitəsi olan mobil telefonu yarasız hala salaraq iddiaçıya 2277.40 manat məbləğində ziyan vurmuşdur. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinə görə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq olaraq qiymət verir. Həmin Məcəllənin 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yoxlanılmalı və qiymətləndirilməlidir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın; Həmin Məcəllənin 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuşşəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyəşəraitindəəldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür; Həmin Məcəllənin 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd əməldir (hərəkət və ya hərəkətsizlikdir); Həmin Məcəllənin 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2018-ci il 10 aprel tarixli, 144 nömrəli qərarı ilə təsdiq edilmiş “Məhkum edilmiş və ya barəsində qətimkan tədbiri seçilmiş şəxslərə elektron nəzarət vasitələrinin tətbiqi Qaydaları”nın 7.5-ci bəndinə əsasən tətbiq olunan elektron nəzarət vasitəsi yararsız hala düşdükdə və ya fəaliyyətində nasazlıqlar müşahidə olunduqda, o yenisi ilə əvəz edilə bilər. Bunun üçün icra məmuru (probasiya üzrə) və ya polis orqanının müvafiq vəzifəli şəxsi nasaz avadanlığa onu çıxarmadan baxış keçirməli və onun bilərəkdən korlanmaması aşkar olunduqda, dəyişdirilməsi barədə qərar verməlidir. Belə halda, icra məmuru (probasiya üzrə) və ya polis orqanının müvafiq vəzifəli şəxsi bu Qaydaların 7.4-cü bəndində göstərilən tədbirləri yerinə yetirir. Nəzarət subyekti elektron nəzarət vasitəsini zədələdikdə və ya digər üsullarla yararsız vəziyyətə saldıqda, həmin vasitənin dəyəri ondan tutulur. Məhkəmə tədqiq edilmiş sübutlara əsaslanaraq və qanunvericiliyin yuxarıda göstərilən normalarını rəhbər tutaraq iddia tələbi üzrə belə nəticəyə gəlir ki, məhkəmə prosesi zamanı cavabdeh tərəfindən xüsusi proqram təminatlı mobil nəzarət qurğusunun yararsız vəziyyətə salınmasına görə iddiaçıya 2277.40 manat zərərin vurulması təsdiq edilmiş, iddiaçının zərərin əvəzinin ödənilməsini tələb etmək hüququ olduğundan, cavabdehdən dəymiş zərərin əvəzi üzrə 2277.40 manat Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin xeyrinə tutulmalıdır. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.1.2, 9.1.14 və 9.4-cü maddələrinə əsasən məhkəmə hesab edir ki, 42,78 manat dövlət rüsumu cavabdehdən tutularaq dövlət büdcəsinə ödənilməlidir. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə Qət etdi: İddia təmin edilsin. Cavabdeh “Attenti” markalı elektron nəzarət vasitəsi olan mobil telefonun dəyəri olan 2277.40 (iki min iki yüz yetmiş yeddi manat qırx qəpik) manat pul tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin hesabına ödənilsin. Cavabdeh 42,78 manat dövlət rüsumu tutularaq dövlət büdcəsinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Cəlilabad Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Elxan Əmirəliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar