Məhkəmə qərarları › İş №2(073)-76/2023

Cəlilabad Rayon Məhkəməsi Qətnamə — İş №2(073)-76/2023

20.04.2023 · Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Cəlilabad rayonu İş № 2(073)-76/2023 20.04.2023 CƏLİLABAD RAYON MƏHKƏMƏSİ Hakim Əmirəliyev Elxan Əli oğlunun sədrliyi, Əliyev Elməddin Fizuli oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı cavabdehlərin ona məxsus Cəlilabad rayonu Qarazəncir kəndində yerləşən 0,075 ha ölçüdə torpaq sahəsindən və həmin torpaq sahəsindəki qanunsuz tikililərdən çıxarılması, torpaqdan istifadə etməyinə dair hər hansı bir müdaxilənin qadağan olunması tələbinə dair mülki işə Cəlilabad Rayon Məhkəməsinin binasında, məhkəmə iclas zalında, açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlərin ona məxsus Cəlilabad rayonu Qarazəncir kəndində yerləşən 0,075 ha ölçüdə torpaq sahəsindən çıxarılması və torpaqdan istifadə etməyinə dair hər hansı bir müdaxilənin qadağan olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbinin həcminin artırılması barədə ərizə təqdim edərək, həmin torpaq sahəsindəki qanunsuz tikililərdən cavabdehin çıxarılmasını da xahiş etmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 53-cü maddəsində göstərilir ki, iddiaçı işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər iddianın əsasını və ya predmetini dəyişməyə, iddia tələbinin həcmini artırmağa və ya azaltmağa haqlıdır. Məhkəmə baxışı zamanı iddianın əsasını və ya predmetini dəyişməyə, iddia tələbinin həcmini artırmağa və ya azaltmağa o halda yol verilir ki, bunun üçün əsaslar məhkəmə baxışı gedişində əmələ gəlmiş olsun və ya iddiaçı bu hərəkətlərin işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər edilməsinin ondan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. Məhkəmə iclasında İddiaçı iddianı əsaslandıraraq verdiyi izahatında bildirdi ki, Cavabdeh1 özünə məxsus olmuş Cəlilabad rayonu Qarazəncir kəndində yerləşən 0,075 ha ölçüdə torpaq sahəsini aralarında bağlanmış AN-İ ******* saylı alqı-satqı müqaviləsinə əsasən xx.xx.2022-ci il tarixdə Cəlilabad rayon 1 saylı notariat ofisi tərəfindən təsdiq edilməklə ona satmışdır. Hazırda cavabdehlər Cavabdeh1 və Cavabdeh2 aldığı torpaq sahəsindən çıxmaq istəmirlər. Aralarında olan razılaşmaya əsasən Cavabdeh1 torpaq sahəsini ona təhvil versə də, qardaşı Cavabdeh2 bundan imtina edir və müxtəlif bəhanələr gətirmklə, aldığı torpaq sahəsindən çıxmaq istəmir. Aldığı torpaq sahəsindən istifadə etməyinə, eyni zamanda Dövlət Reyestrindən adına çıxarışın alınmasından ötəri mütəxəssislərin ölçü işlərinin aparılmasına maneçilik törədir. Dəfələrlə cavabdehlərə etdiyi xəbərdarlıqlara baxmayaraq, heç bir nəticəsi olmamışdır. Bu səbəbdən də məhkəməyə müraciət etmək qərarına gəlmişdir. Ona görə də, cavabdehlərin ona məxsus Cəlilabad rayonu Qarazəncir kəndində yerləşən 0,075 ha ölçüdə torpaq sahəsindən və həmin torpaq sahəsindəki qanunsuz tikililərdən çıxarılması, torpaqdan istifadə etməyinə dair hər hansı bir müdaxilənin qadağan olunması barədə qətnamə çıxarılmasını xahiş etdi. İşə baxılmanın vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq cavabdehlər məhkəmə iclasına gəlməmişlər və gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsaslanaraq işə cavabdehlərin iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının izahatını diləyib, iş materiallarını araşdırıb və işin məhkəmə tərəfindən müəyyən olunmuş hallarına qiymət verərək, hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Belə ki, iş materiallarında olan Cəlilabad rayon 1 saylı Notariat ofisi tərəfindən təsdiq edilmiş 28 iyul 2022-ci il tarixli, AN-İ ******* saylı alqı-satqı müqaviləsindən görünür ki, İddiaçı Cəlilabad rayonu Qarazəncir kəndində yerləşən 0,075 hektar həyətyanı torpaq sahəsini Cavabdeh1 3000 manata almışdır. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş 18 avqust 2022-ci il tarixdə, **********77 reyestr nömrəli çıxarışın surətindən görünür ki, Cəlilabad rayonu Qarazəncir kəndində yerləşən 0,075 hektar həyətyanı torpaq sahəsi İddiaçı xüsusi mülkiyyəti kimi Dövlət qeydiyyatına alınmışdır. İşdə olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş 24 fevral 2023-cü il tarixli, 10/595 saylı ekspert rəyindən görünür ki, Əmlak Məsələləri Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 8 saylı Cəlilabad Ərazi İdarəsinin 11.01. 2023-cü il tarixli, 3-21-344/2-153/2023 saylı mütəxəssis rəyinə əsasən, iddiaçının tələb etdiyi torpaq sahəsinin Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş 18 avqust 2022-ci il tarixdə, **********77 reyestr nömrəli çıxarışla İddiaçı mülkiyyətinə verilmiş 0,075 ha pay torpaq sahəsinin 0,043 ha (430 kv.m) hissəsi, olduğu müəyyən edilmişdir. İddiaçının verdiyi məlumata əsasən (cavabdeh baxışda iştirak etməmişdir) həmin 430 kv.m torpaq sahəsinin Cavabdeh2 tərəfindən istifadə edildiyi müəyyən edilmişdir. Əmlak Məsələləri Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 8 saylı Cəlilabad Ərazi İdarəsinin 11.01. 2023-cü il tarixli, 3-21-344/2-153/2023 saylı mütəxəssis rəyinə əsasən, Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş 18 avqust 2022-ci il tarixdə, **********77 reyestr nömrəli çıxarışla İddiaçı mülkiyyətinə verilmiş 0,075 ha pay torpaq sahəsinin 0,043 ha (430 kv.m) hissəsində 2,6 kv.m ərazidə ayaqyolu və 12,88 kv.m ərazidə isə təsərrüfat tikilisinin inşa edildiyi müəyyən edilmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinə görə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq olaraq qiymət verir. Həmin Məcəllənin 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yoxlanılmalı və qiymətləndirilməlidir. Həmin Məcəllənin 217.4. maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə iclasında tədqiq edilmiş sübutlarla müəyyən edildi ki, İddiaçı xüsusi mülkiyyətində Cəlilabad rayonu Qarazəncir kəndində cəmi 0,075 ha həyətyanı torpaq sahəsi vardır və həmin torpaq sahəsi Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 8 saylı Cəlilabad Ərazi İdarəsi tərəfindən 18 avqust 2022-ci il tarixdə, **********77 reyestr nömrə ilə Dövlət qeydiyyatına alınmaqla çıxarış verilmişdir. Lakin Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş 18 avqust 2022-ci il tarixdə, **********77 reyestr nömrəli çıxarışa əsasən iddiaçının mülkiyyətində olan 0,075 ha həyətyanı torpaq sahəsinin 0,043 ha (430 kv.m) hissəsi Cavabdeh2 tərəfindən zəbt edilmişdir. Cavabdeh2 istifadəsində olan iddiaçıya məxsus torpaq sahəsinin 12,88 kv.m ərazidə təsərrüfat tikilisi və 2,6 kv.m ərazidə isə ayaqyolu tikilmişdir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, İddiaçı məxsus torpaq sahəsi Cavabdeh2 tərəfindən zəbt edildiyindən ona qarşı iddia tələbi əsaslıdır, digər Cavabdeh1 tərəfindən zəbt edilmədiyindən ona qarşı iddia tələbi əsassızdır. Məhkəmə qeyd olunan halla bağlı Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş 24 fevral 2023-cü il tarixli, 10/595 saylı ekspert rəyini obyektiv və əsaslı hesab edir. Azərbaycan Respublikasının Konstitusiyasının 13-cü maddəsinin İ hissəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ-subyektin ona mənsub əmlaka öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəllənin 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. İnsan Hüquqları və X1 Avropa Konvensiyasının 1 saylı Protokolunun 1-ci maddəsində göstərilmişdir ki, hər kəsin mülkiyyətindən maneəsiz istifadə hüququ vardır. Azərbaycan Respublikasının Torpaq Məcəlləsinin 111-ci maddəsinin İ hissəsində göstərilmişdir ki, Azərbaycan Respublikasında torpaqların özbaşına tutulması (zəbt edilməsi) qanunla qadağan olunur. Həmin maddənin İİİ hissəsində qeyd edilmişdir ki, torpaqların əvvəlki vəziyyətə gətirilməsi (orada olan binaların, tikililər və qurğuların sökülməsi də daxil olmaqla) torpaqları zəbt etmiş hüquqi və fiziki şəxslər tərəfindən və ya onların hesabına həyata keçirilir. Məhkəmə ilk növbədə nəzərə alır ki, mülki prosesdə qəbul edilmiş və sübut hüququnun tələbləri baxımından mühüm əhəmiyyətə malik olan formal həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. İşin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə birmənalı nəticə çıxarmağa əsas verməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Beləliklə, məhkəmə hesab edir ki, iddia qismən əsaslı olduğundan qismən təmin edilməli, Cavabdeh1 qarşı iddia təmin edilməməlidir. Cavabdeh2 Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş 18 avqust 2022-ci il tarixdə, **********77 reyestr nömrəli çıxarışa əsasən İddiaçı mülkiyyətinə verilmiş 0,075 ha həyətyanı torpaq sahəsinin 0,043 ha (430 kv.m) hissəsindən və həmin torpaq sahəsinin 2,6 kv.m ərazidə tikilmiş ayaqyoludan və 12,88 kv.m ərazidə tikilmiş təsərrüfat tikilisindən istifadə etməməklə çıxarılmalı, iddiaçıya torpaqdan istifadə etməyinə dair Cavabdeh2 tərəfindən hər hansı bir müdaxilənin olunması qadağan edilməli, iddiaçının sahiblik hüquqları bərpa olunmalı və torpaq sahəsi Cavabdeh2 alınıb iddiaçıya qaytarılmalıdır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İş üzrə keçirilmiş məhkəmə tikinti-texniki ekspertizasına görə Cavabdeh2 50 manat tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin (Dövlət xəzinədarlığı agentliyi, kod 210005, VÖEN **********, müxbir hesab AZ41NABZ********************, SFİFT BİK CTREAZ22, Məhkəmə Ekspertiza Mərkəzi VÖEN **********, hesab AZ34CTRE********************) hesabına ödənilməlidir. İş üzrə məhkəmə tikinti-texniki ekspertizasının keçirilməsindən ötrü hazırlanmış mütəxəssis rəyinin verilməsinə görə İddiaçı tərəfindən ödənilmiş 95 manat Cavabdeh2 alınaraq İddiaçı verilməlidir. İddia qismən təmin edildiyindən iş üzrə iddiaçı tərəfindən ödənilmiş 100 manat dövlət rüsumu da Cavabdeh2 tutularaq İddiaçı verilməlidir. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 213, 216-220, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə… Qət etdi: İddia qismən təmin edilsin. Cavabdeh1 aid hissədə iddia təmin edilməsin. Cavabdeh2 Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş 15 noyabr 2019-cu il tarixdə, **********62-10301 reyestr nömrəli çıxarışa əsasən İddiaçı mülkiyyətinə verilmiş 0,0575 ha həyətyanı torpaq sahəsinin 0,043 ha (430 kv.m) hissəsindən və həmin torpaq sahəsinin 2,6 kv.m ərazidə tikilmiş ayaqyoludan və 12,88 kv.m ərazidə tikilmiş təsərrüfat tikilisindən istifadə etməməklə çıxarılmalı, iddiaçıya torpaqdan istifadə etməyinə dair Cavabdeh2 tərəfindən hər hansı bir müdaxilənin olunması qadağan edilsin, iddiaçının sahiblik hüquqları bərpa olunsun və torpaq sahəsi Cavabdeh2 alınıb İddiaçı qaytarılsın. İş üzrə keçirilmiş məhkəmə tikinti-texniki ekspertizasına görə cavabdehlər Cavabdeh1 və Cavabdeh2 50 (əlli) manat tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin (Dövlət xəzinədarlığı agentliyi, kod 210005, VÖEN **********, müxbir hesab AZ41NABZ********************, SFİFT BİK CTREAZ22, Məhkəmə Ekspertiza Mərkəzi VÖEN **********, hesab AZ34CTRE********************) hesabına ödənilsin. İş üzrə məhkəmə tikinti-texniki ekspertizasının keçirilməsindən ötrü hazırlanmış mütəxəssis rəyinin verilməsinə görə İddiaçı tərəfindən ödənilmiş 95 manat Cavabdeh2 alınaraq İddiaçı verilsin. İddia təmin edildiyindən iş üzrə iddiaçı tərəfindən ödənilmiş 100 (bir yüz) manat dövlət rüsumu Cavabdeh2 tutularaq İddiaçı verilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Cəlilabad Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Elxan Əmirəliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar