Məhkəmə qərarları › İş №2(073)-914/2025

Cəlilabad Rayon Məhkəməsi Qətnamə — İş №2(073)-914/2025

11.06.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr - Yaşayış sahəsi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Cəlilabad rayonu İş № 2(073)-914/2025 11.06.2025 CƏLİLABAD RAYON MƏHKƏMƏSİ Hakim Vəliyev Osman Akif oğlunun sədrliyi, Məhkəmə iclas katibi Quliyeva Kəmalə Mehman qızının katibliyi, İddiaçı, Cavabdeh nümayəndəsi Nümayəndə iştirakları ilə, İddiaçı Cavabdeh qarşı xx.xx.2010-cu il tarixli ******* saylı alqı-satqı müqaviləsinin və xx.xx.2010-cu il tarixli ********** saylı qeydin etibarsız hesab edilməsi tələbinə dair iddiası üzrə mülki işə Cəlilabad Rayon Məhkəməsinin binasında, məhkəmə iclas zalında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı xx.xx.2010-cu il tarixli ******* saylı alqı-satqı müqaviləsinin və xx.xx.2010-cu il tarixli ********** saylı qeydin etibarsız hesab edilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlə X3 arasında bağlanmış ******* saylı alqı-satqı müqaviləsinin və xx.xx.2010-cu il tarixli ********** saylı qeydin etibarsız hesab edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsinə əsasən iddiaçı Rusiya Federasiyasında ticarətlə məşğul olaraq gəlir əldə edirdi. Müəyyən məbləğ topladıqdan sonra qərara gəlmişdir ki, Cəlilabad rayonunda özünə fərdi yaşayış evi alsın. Elə bu məqsədlə Azərbaycan Respublikası Cəlilabad şəhərində yaşayan qardaşı X9 ilə razılığa gəlmişdir ki, ona Cəlilabad şəhərində münasib qiymətə fərdi yaşayış evi tapsın. Bir müddətdən sonra qardaşı X9 ona məlumat vermişdir ki, Cəlilabad şəhəri A.Bakıxanov küçəsində münasib qiymətə, yəni 30000 ABŞ dollarına ev vardır. O (iddiaçı) özü evə baxdıqdan sonra evin mülkiyyətçisi ilə razılığa gəlmişdir ki, evin dəyərinin bir qismini indi, digər qismini isə bir müddətdən sonra ödəsin. Aralarında razılıq olduqdan sonra mülkiyyətçi X1 bildirmişdir ki, o, Rusiya Federasiyasında olduğu üçün ev bacısı X5 adına rəsmiləşdiriləcək. Mülkiyyətçi ilə razılaşdığı qaydada hərəkət edərək, pulun bir qismini nağd şəkildə, qalan hissəsini isə Rusiya Federasiyasından qardaşı X8 göndərməklə ödəmişdir. Evin rəsmiləşdirilməsi isə bacısı Cavabdeh adına aparılmışdır. O (iddiaçı), Rusiya Federasiyasından qayıtdıqdan sonra həmin evə müəyyən qədər xərc çəkərək evi yaşamağa tam yararlı hala gətirmişdir. Hətta bacısı Cavabdeh ilə də aralarında razılıq olmuşdur ki, ev ona (iddiaçıya) məxsusdur. Lakin cavabdeh onun özünə (cavabdehə) qarşı inamından sui-istifadə edərək həmin evi mənimsəmişdir. Bu faktı təstiq edən kifayət qədər sübutlar mövcuddur. Qeyd edilənlərin nəzərə alınaraq iddianın təmin olunmasına dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək bildirmişdir ki, mübahisəli evi o alıb. Evi aldığı vaxt Rusiyada yaşadığı üçün evi bacısı olan cavabdehin adına rəsmiləşdirmək qərarına gəlib. Uzun müddət münasibətləri normal olub. Lakin cavabdeh əri Nümayəndə ilə nikaha daxil olduqdan sonra tamamilə dəyişmişdir. Bunun əsl səbəbkarı isə cavabdehin əri Nümayəndə olmuşdur. Nümayəndə cavabdehin psixoloji problemlərindən istifadə edərək öz adına etibarnamə almışdır. Bacısı olan cavabdehi uzun müddətdir ki, görmür və bunun səbəbkarı Zahiddir. Zahid evi tamamilə mənimsəmişdir, hətta iddiaçıya məxsus ticarət obyektinə də göz dikmişdir. Məhkəmə iclasında Cavabdeh nümayəndəsi Nümayəndə verdiyi izahatında göstərmişdir ki, iddianı əsassız hesab edirlər. Belə ki, iddiaçının mübahisələndirdiyi ev Cavabdeh məxsus olub və cavabdeh şəxsən həmin evi alıb. Cavabdehin heç bir xəstəliyi yoxdur. Mübahisələndirilən alqı-satqı müqaviləsi tam qanunidir. İddiaçı 2010-cu ildə bağlanmış müqavilənin etibarsız hesab edilməsini istəyir. Hesab edir ki, iddiaçının heç müvafiq subyektiv hüququ da yoxdur – müqavilə tərəfləri olan şəxslər müqaviləni mübahisələndirmədikləri halda iddiaçının müqaviləni qanunsuz hesab etməsi absurddur. İddiaçı həm də iddia ərizəsini iddia müddətini ötürülməklə verilmişdir. Bu barədə iddia müddətinin tətbiq edilməsi ilə bağlı cavabdeh tərəfindən ərizə də məhkəməyə təqdim edilmidşir. 15 il bundan qabaq bağlanmış müqavilənin etibarsız olmasına dəlalət edən hər hansı hal mövcud ola bilməz. Qeyd edilənlərin nəzərə alınaraq, iddia müddəti də tətbiq edilməklə iddianın təmin edilməməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İşə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxslər Cəlilabad rayon Notariat ofisinin və Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestrı̇ Publı̇ k Hüquqı̇ Şəxsı̇ n 8 Saylı Cəlı̇ labad Ərazı̇ İdarəsinin nümayəndələri məhkəmə iclasına gəlməmişlər və gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdirlər. Məhkəmə işə gəlməyən tərəflərin iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə izahatları dinləyib, işdə olan sənədləri və digər iş materiallarını tam və hərtərəfli araşdıraraq və işin məhkəmə tərəfindən müəyyən olunmuş hallarına qiymət verərək hesab edir ki, iddia əsassızdır. Belə ki, işdə olan: - xx.xx.2010-cu il tarixli, AN-İ N0217319 saylı daşınmaz əmlakın notarial alğı-satqı müqaviləsinin surətindən görünür ki, mülkiyyətçi X2 mülkiyyətində olan Cəlilabad şəhəri Abbasquluağa Bakıxanov küçəsində yerləşən 47 saylı fərdi yaşayış evini Cavabdeh 12000 manata satmışdır; - Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Cəlilabad Ərazi İdarəsi tərəfindən verilmiş xx.xx.2010-cu il tarixli, MA0089688 saylı Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışdan görünür ki, Cəlilabad şəhəri Abbasquluağa Bakıxanov küçəsində yerləşən 47 saylı fərdi yaşayış evi Cavabdeh xüsusi mülkiyyətinə verilmişdir; - Cəlilabad Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli, 2(073)1161/2018 saylı qətnaməsindən görünür ki, həmin qətnamə ilə iddia təmin edilərək, cavabdehlər X9 və X6 uşaqları ilə birlikdə iddiaçı Cavabdeh mülkiyyətində olan Cəlilabad şəhəri Abbasqulu ağa Bakıxanov küçəsində yerləşən 47 saylı fərdi yaşayış evindən çıxarılmaları qət edilmişdir; - İşdə olan ərizədən görünür ki, cavabdehin nümayəndəsi iddianı əsassız hesab edir, həmçinin iddia müddəti tətbiq edilməklə iddianın rədd edilməsini xahiş edir. Beləliklə, məhkəmə iclasında müəyyən edilmişdir ki, Cavabdeh xx.xx.2010-cu il tarixli, ******* saylı alqı-satqı müqaviləsinə əsasən Cəlilabad şəhəri Abbasqulu ağa Bakıxanov küçəsində yerləşən 47 saylı fərdi yaşayış evini almış, daha sonra xx.xx.2010cu il tarixli, MA0089688 saylı Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışla həmin evə olan mülkiyyət hüququnu dövlət reyestrində ********** saylı qeydlə rəsmiləşdirmişdir. İddiaçı həmin evin onun (iddiaçının) pulu ilə alındığını iddia edərək, alqı-satqı müqaviləsinin və ********** saylı qeydin etibarsız hesab edilməsini istəyir. Bildirir ki, cavabdeh olan bacısı ilə müqavilə bağlananda normal münasibətləri olmuşdur. Bacısı nümayəndəsi olan Nümayəndə ilə evləndikdən sonra qardaş və bacılarına qarşı tamamilə dəyişmişdir. Nümayəndə bacısının psixoloji problemlərindən istifadə edir, öz adına bütün səlahiyyətlərlə bağlı etibarnamə alıb. Mübahisənin əsil səbəbkarı məhz elə Zahiddir. Buna görə də iddiaçı əqdin etibarsız hesab edilməsini məhkəmədən xahiş edir. Məhkəmə hesab edir ki, iddianın predmetini təşkil edən müqavilənin etibarsız və ya qanunsuz hesab edilməsi ilə bağlı hər hansı təsdiqedici hal mövcud deyildir. İddiaçının müqavilənin etibarsızlığına səbəb ola biləcək iddiasının yeganə əsasını təşkil edən cavabdehin psixoloji vəziyyətində olan problemlərlə bağlı məhkəmə qeyd etməyi zəruri bilir ki, müqavilə bağlandığı anda cavabdehin psixoloji problemli olması iddiaçının özü tərəfindən də təkzib edilmişdir. İddiaçı bildirmişdir ki, cavabdeh olan bacısı Nümayəndə ilə ailə qurduqdan sonra, yəni 2018-ci ildən sonra iddiaçı ilə münasibəti dəyişmiş və iddiaçını evə buraxmamışdır. Deməli, iddiaya görə, müqavilə bağlanan anda deyil, həmin andan 8 il keçdikdən sonra iddiaçıda hər hansı psixoloji problem yaranmaq ehtimalı olsa da belə bu hal müqavilənin etibarsızlığına əsas ola biləcək hal hesab edilə bilməz. İddiaçı, maraqlarına toxunulan şəxs, yəni maraqlı şəxs olaraq, həmçinin iddia qaldırılması müddətini ötürmüşdür. Məhkəmə qeyd edir ki, iddiaçı cavabdehin iradəsinin zədələnməsi nəticəsində müqavilə bağlanılması halına istinad etsə də belə bu hissədə Mülki Məcəllənin 354.2-ci maddəsində nəzərdə tutulan 1 illik kəsici müddət tətbiq edilməklə iddia rədd edilməlidir. Belə ki, həmin maddəyə görə, maraqlı şəxs əqdin bağlanmasına təsir etmiş zorakılığa və ya hədəyə son qoyulduğu gündən və ya əqdin etibarsız sayılmasına əsas verən halları bildiyi və ya bilməli olduğu gündən bir il ərzində əqdi mübahisələndirə bilər. Həmin müddətin iddia müddəti deyil, kəsici müddət olması ilə bağlı isə Konstitusiya Məhkəməsi Plenumunun qəti formalaşmış hüquqi mövqeyi vardır (“Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337, 339.6, 346.1 və 354-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 02 aprel 2021-ci il tarixli Qərarı). Azərbaycan Respublikası Mülki Məcəlləsinin 324.1-ci maddəsinə əsasən əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. Həmin Məcəllənin 390.1-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. Həmin Məcəllənin 329.1-ci maddəsinə əsasən, əgər qanunla başqa hal müəyyən edilməmişdirsə, qanunla və ya tərəflərin qarşılıqlı razılığı ilə müəyyən edilmiş forma tələblərinə riayət etməməklə bağlanılmış əqd etibarsızdır. Həmin Məcəllənin 140-cı maddəsinə əsasən reyestrin məzmununun qeyri-dəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir. Əqd əsasında özgəninkiləşdirənin adına qeydiyyata alınmış hər hansı bir hüququ əldə edən şəxsin xeyrinə reyestrdəki qeyd, bu qeydə dair etirazın reyestrə daxil edildiyi və ya əldə edən şəxsin qeydin qeyri-dəqiq olmasını bildiyi hallar istisna olmaqla, həqiqi hesab edilir. Həmin Məcəllənin 375.2-ci maddəsinə əsasən məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. Beləliklə, məhkəmə tərəfindən müəyyən edilmişdir ki, xx.xx.2010-cu il tarixli ******* saylı alqı-satqı müqaviləsi qanuni əsaslarla bağlanmış və cavabdeh də həmin müqavilə predmetini qanuni əsaslarla (********** saylı qeydlə) mülkiyyətinə keçirmişdir. İddiaçı iddia ərizəsində xx.xx.2010-cu il tarixli, ******* saylı alqı-satqı müqaviləsinin etibarsız olduğunu göstərsə də, həmin hallar məhkəmə iclasında öz təsdiqini tapmamışdır, yəni məhkəmə iclasında iddianın təmin edilməsi üçün əsaslar müəyyən edilməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırlamı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə görə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq olaraq qiymət verir. Həmin Məcəllənin 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yoxlanılmalı və qiymətləndirilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 213, 216, 220, 227 və 233-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia rədd edilsin. İş üzrə ödənilmiş 100 (bir yüz) manat dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Cəlilabad Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Osman Vəliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar