Məhkəmə qərarları › İş №2(074)-1018/2021

Şamaxı Rayon Məhkəməsi Qətnamə — İş №2(074)-1018/2021

26.10.2021 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şamaxı rayonu İş № 2(074)-1018/2021 26.10.2021 ŞAMAXI RAYON MƏHKƏMƏSİ Şamaxı rayon Məhkəməsinin hakimi İsmayılov Natiq Əvəz oğlunun sədrliyi, Tamarova Züleyxa Kamil qızının katibliyi, İddiaçı nümayəndəsi və vəkili X2 iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “xüsusi mülkiyyətdə olan evdən istifadə hüquqlarına xitam verilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə Şamaxı Rayon Məhkəməsinin binasında, açıq məhkəmə baxışı iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xüsusi mülkiyyətində olan Şamaxı şəhəri, Niyazi Nəcəfov küçəsi, ev 24 ünvanında yerləşən evindən cavabdehlərin istifadə hüquqlarına xitam verilməsi barədə müvafiq qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Şamaxı şəhəri, Niyazi Nəcəfov küçəsi, ev 24 ünvanında yerləşən bir mərtəbəli iki otaqlı ev mərhum atasının adına olub. 2009-cu ildə atası İsrəfilbəyov Yusif dünyasını dəyişmişdir. O, qanuni əsaslarla vərəsəlik qaydasında Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən 31.05.2017-ci il tarixdə ********** qeydiyyat nömrəli mülkiyyət hüquqlarını təsdiqləyən çıxarış almışdır. Həmin bir mərtəbəli iki otaqlı evi sökərək yerində öz vəsaiti ilə yeni ümumi sahəsi 279.5 kv.metr ev inşa etmişdir. Həmin evdə 14 ildən çoxdur ki, heç kim yaşamır. Asudə vaxtlarında ailəsi ilə birlikdə Şamaxıya dincəlməyə gedəndə həmin evdə qalırlar. Cavabdehlər Cavabdeh1 2008-ci ildə dünyasını dəyişən qardaşı X1 həyat yoldaşı, Cavabdeh2 isə oğludur. Cavabdehlər qeydiyyatda olduqları evdə bir gün belə yaşamamışlar. Eyni zamanda 2014-cü ildən cavabdehlər Cavabdeh1 İsrafil qızı və övladı Cavabdeh2 görmür və heç bir rabitə əlaqələri yoxdur. Bu günə kimi də harada yaşamaları barədə məlumatı yoxdur. Cavabdehlərin onun evində qeydiyyatda olmaları 29.06.2021-ci il tarixdə evin alqı-satqısı zamanı ona məlum olmuşdur. Məhkəmə iclasında iştirak edən İddiaçı nümayəndəsi və vəkili X3 iddianı müdafiə edərək, iddia ərizəsi ilə eyni məzmunlu izahat verib, iddianın təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etdi. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 məhkəmə baxışı iclasında iştirak etməmişdir. Cavabdehlərin faktiki olduğu yer məlum olmadığından, məhkəmə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 147-ci maddəsinə əsasən mülki işə onların iştirakı olmadan baxmışdır. Məhkəmə iddiaçının nümayəndəsi və vəkilinin izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia təmin edilməlidir. İş materiallarında olan Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən RX seriyalı, ******* nömrəli çıxarışın surətindən görünür ki, ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evi İddiaçı xüsusi mülkiyyətindədir. İş materiallarında olan Şamaxı şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin 05.10.2021-ci il tarixli 257 nömrəli arayışdan görünür ki, ünvan 1 evdə qeydiyyatda olan Cavabdeh1 və Cavabdeh2 həmin ünvanda yaşamadıqlarından məhkəmə bildirişini təqdim etmək mümkün olmamışdır. İşin müəyyən edilmiş hallarından görünür ki, ünvan 1 fərdi yaşayış evi xüsusi mülkiyyət hüququ üzrə İddiaçı mülkiyyətindədir. Cavabdehlər isə mülkiyyətçinin qardaşının ailə üzvləri olmaqla həmin mənzildə qeydiyyata alınmışdır. Cavabdehlər qeyd olunan mənzildə yaşamasalar da, mənzildə pasport qeydiyyatında formal olaraq qalmışlar ki, bu da iddiaçının mülkiyyətində olan mənzilinə sahiblik, istifadə və sərəncam hüquqlarının tam həyata keçirməsinə mane olur. Yaşayış sahəsindən istifadə hüququnun mahiyyət etibarilə servitut olduğu nəzərə alınaraq qeyd olunmalıdır ki, bu hüququn kompensasiya odəmədən xitamı zamanı Mülki Məcəllənin “Servituta xitam verilməsi” adlanan 262-ci maddəsinin müddəalarının analogiya üzrə tətbiq edilməsi mümkün sayılmalıdır. Həmin maddəyə əsasən, yüklü olan mülkiyyətçinin tələbi ilə servituta onun qoyulduğu əsaslar aradan qalxdığına görə xitam verilə bilər. Bu maddənin müddəaları baxımından yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun sahibinin yaşayış sahəsinə ehtiyacı aradan qalxdığı təqdirdə (məsələn, istifadə hüququ olan şəxsin digər yaşayış sahəsinə könüllü surətdə daimi olaraq köçməsi; ev və ya digər yaşayış sahəsi üzərində mülkiyyət hüququ əldə etməsi; nikaha daxil olaraq ər-arvadın evinə köçməsi və s.) həmin hüquqa xitam verilməsi kompensasiya ödəmədən mümkündür. Məhkəmə iclasında tədqiq edilmiş sübutlarla müəyyən olundu ki, cavabdehlər uzun müddətdir ki, iddiaçıya məxsus mənzildə yaşamır və yaşamaq üçün özlərinə daimi olaraq başqa yaşayış yeri seçmişlər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 262.2-ci maddəsinin mənasına görə, yaşayış sahəsinin tərkib hissəsindən istifadə hüququnun həyata keçirilməməsi özözlüyündə (müstəqil olaraq) həmin hüququn xitamı üçün əsas deyil. Lakin uzun müddət ərzində və davamlı olaraq bu hüquqdan könüllü istifadə edilməməsi servitutun qoyulduğu əsasların aradan qalxdığı faktının müəyyən olunması üçün xüsusi əhəmiyyət daşıyır. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci maddəsinə əsasən əmələ gələn istifadə hüququna xitam verilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 29 mart 2016-cı il tarixli Qərarında qeyd olunmuşdur ki, yaşayış binasının tərkib hissəsindən istifadə hüququna müvafiq kompensasiya ödənilmədən xitam verilməsi həmin hüququn əldə edilməsini zəruri edən əsas (yaşayış sahəsinə ehtiyac) aradan qalxdıqda mümkündür. Konstitusiya Məhkəməsinin mövqeyini nəzərə alaraq məhkəmə hesab edir ki, cavabdehlər daimi yaşamaq üçün başqa yerə getdiklərindən və iddiaçıya məxsus yaşayış evində yaşamamaları müəyyən edildiyindən, onların həmin yaşayış evindən əvvəllər mövcud olan istifadə hüququna xitam verilmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin 1-ci hissəsinə görə Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə görə mülkiyyət hüququ subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüquqdur. Həmin Məcəllənin 157.4-cü maddəsinə əsasən isə əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsi ilə tələb edə bilər. Məhkəmə hesab edir ki, cavabdehlərin yaşayış evində qeydiyyatda qalması iddiaçıya öz mülkiyyətindən istifadə hüququnu həyata keçirməyə mane olur. Cavabdehin mənzildən qeydiyyatdan çıxarılması üçün isə onun mənzildən istifadə hüququna məhkəmə qaydasında xitam verilməlidir. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Qanunun 9-cu maddəsinin 1-ci hissəsinin 5-ci bəndində göstərilir ki, yaşayış sahəsindən istifadə hüququna yaşayış sahəsindən istifadə hüququna xitam verildikdə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi əsasında xitam verilir. Bütün yuxarıda göstərilən işin faktiki hallarının məcmusunu nəzərə almaqla, həmçinin onlara tətbiq ediləcək şərh olunan hüquq normalarını rəhbər tutmaqla məhkəmə belə qənaətə gəlir ki, iddia tələbi qanuni və əsaslı olduğu üçün təmin olunmalı, cavabdehlərin iddiaçının mülkiyyətində olan yaşayış sahəsindən istifadə hüququna xitam verilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddia təmin edilsin. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 Şamaxı şəhəri, Niyazi Nəcəfov küçəsi, ev 24 ünvanında yeləşən fərdi yaşayış evindən istifadə hüquqlarına xitam verilsin. Hazırkı qətnamənin qanuni qüvvəyə minməsi cavabdehlər Cavabdeh1 və Cavabdeh2 Şamaxı şəhəri, Niyazi Nəcəfov küçəsi, ev 24 ünvanında yeləşən fərdi yaşayış evindən qeydiyyatdan çıxarılmaları üçün əsasdır. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Şamaxı Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Natiq İsmayılov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar