Məhkəmə qərarları › İş №2(074)-1020/2022

Şamaxı Rayon Məhkəməsi Qərardad — İş №2(074)-1020/2022

26.09.2022 · Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şamaxı rayonu İş № 2(074)-1020/2022 26.09.2022 ŞAMAXI RAYON MƏHKƏMƏSİ Şamaxı rayon Məhkəməsinin hakimi İsmayılov Natiq Əvəz oğlunun sədrliyi, Tamarova Züleyxa Kamil qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 və DƏRX 14 saylı Ərazi İdarəsinə qarşı “tikililərin, bağ sahələrinin sökülməsi və torpaq sahəsinin qaytarılması” tələbinə dair iddia ərizəsi üzrə mülki işə Şamaxı şəhərində, Şamaxı Rayon Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyənetdi: İddiaçı cavabdehlər Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 və DƏRX 14 saylı Ərazi İdarəsinə qarşı “tikililərin, bağ sahələrinin sökülməsi və torpaq sahəsinin ona qaytarılması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, reyestr nömrəsi **********53, qeydiyyat nömrəsi ********** olan xx.xx.2022-ci il tarixli Çıxarışla mülkiyyətində olan 2,9 ha torpaq sahəsində tikilmiş evlərin və bağ sahələrinin cavabdehlərin hesabına sökülməsi və ona məxsus həmin torpaq sahəsi üzərində mülkiyyət hüquqlarının bərpa edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında eştirak İddiaçı izahat verərək, bildirdi ki, ailəsinin mülkiyyətinə verilmiş torpaq sahəsinin 2,9 hektarı ümumi sahədən ayrı yerləşir. Həmin torpaq sahəsi faktiki olaraq Kürdəmir rayonunun hüdudları daxilində yerləşir, lakin Şamaxı rayonu, Nağaraxana inzibati ərazi vahidinə aid olan torpaqlardan ayrılmışdır. İddianın təmin edilməsini xahiş etdi. Məhkəmə mülki işin materiallarını araşdıraraq hesab edir ki, iddia ərizəsi aidiyyət qaydalarını pozmaqla icraata qəbul edildiyindən, mülki iş ərazi aidiyyəti üzrə göndərilməlidir. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 62-ci maddəsinə əsasən hər kəsin onun işinə qanunla müəyyən edlmiş məhkəmədə baxılması hüququ vardır. Şəxsin razılığı olmadan onun işinə başqa məhkəmədə baxılmasına yol verilmir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 39.1-ci maddəsinə əsasən daşınmaz əşyaya mülkiyyət hüququnun tanınması, daşınmaz əşyanın başqasının qeyriqanuni sahibliyindən götürülməsi, mülkiyyət hüququndan məhrum etmə ilə əlaqədar olmayan mülkiyyətçinin və yaxud başqa qanuni sahibin hüquqlarının pozulmasını aradan qaldırmaq haqqında iddialar daşınmaz əşyanın olduğu yerə görə verilir. İş materiallarında olan Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 14 saylı Şamaxı Ərazi İdarəsinin 11 may 2022-ci il tarixli İddiaçı ünvanlanmış məktubundan görünür ki, JN-162 dövlət aktına əsasən mülkiyyətinizdə olan 7,62 ha torpaq sahəsinin 2,9 ha hissəsi Kürdəmir rayonunun hüdudları daxilində yerləşir, lakin Şamaxı rayonu, Nağaraxana inzibati ərazi vahidinə aid olan torpaqlardan ayrılmışdır. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, mübahisəli torpaq sahəsi fakiti olaraq Kürdəmir rayonunun ərzisində yerləşdiyindən, hazırki mülki iş ərazi aidiyyəti qaydalarına uyğun olaraq Kürdəmir rayon Məhkəməsində baxılmalıdır. Azərbaycan Respublikası MPM-in 44.2.2-ci maddəsinə əsasən iş həmin məhkəmədə baxıldığı zaman onun aidiyyət qaydalarının pozulması ilə icraata qəbul edildiyi aşkar olarsa məhkəmə işi başqa məhkəmədə baxılmağa verir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 35, 44-45, 263 və 264-cü maddələrini rəhbər tutaraq, məhkəmə qəraraaldı: İddiaçınin cavabdehlər Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 və DƏRX 14 saylı Ərazi İdarəsinə qarşı “tikililərin və bağ sahələrinin sökülməsi və torpaq sahəsinin ona qaytarılması” tələbinə dair iddia ərizəsi üzrə mülki iş baxılması üçün aidiyyəti üzrə Kürdəmir rayon Məhkəməsinə göndərilsin. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 gün müddətində Şamaxı rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim Natiq İsmayılov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar