Azərbaycan Respublikası adından QƏTNAMƏ Şamaxı rayonu İş № 2(074)-1036/2023 28.12.2023 ŞAMAXI RAYON MƏHKƏMƏSİ X5 Murtuza oğlunun sədrliyi, Məmmədli İsmayıl Elşən oğlunun katibliyi ilə, İddiaçı iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı yaşayış sahəsindən çıxarılma tələbinə dair mülki işə Şamaxı Rayon Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: İddiaçı məhkəməyə iddia ərizəsi ilə müraciət edərək, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 ona məxsus 0,04 ha torpaq sahəsi və həmin torpaq sahəsi üzərində tikdirdiyi fərdi yaşayış evindən çıxarılmaları barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmıdşır ki, Şamaxı rayonu, Böyük Xınıslı kəndində ona məxsus 0,04 ha torpaq sahəsi var və onun üzərində fərdi yaşayış evi tikdirmişdir. Şamaxı rayonu X2 11 saylı, xx.xx.2007-ci il tarixli qərarı ilə ona fərdi yaşayış evi tikmək üçün həmin bələdiyyənin perspektiv inkişaf fondundan 0,04 ha torpaq sahəsinin alqı-satqı qaydasında satılması qərara alınmışdır. Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Şamaxı Rayon Şöbəsinin 1-314/4 saylı, xx.xx.2007-ci il tarixli rəyindən görünür ki, ona 0,04 ha torpaq sahəsi Bələdiyyənin mülkiyyəti olmaqla satılmasına DTXK-nin Şamaxı Rayon Şöbəsi etiraz etmir. “Torpaqların Alqı-Satqısına aid Akt”dan görünür ki, Şamaxı rayonu X2 ehtiyyat fondundan ona 0,04 ha torpaq sahəsi verilmiş və bu əsasda 310 manat rüsumu həmin bələdiyyənin daxili hesabına ödəmişdir. Ödəniş qəbzinin əslini də bu ərizəyə əlavə etmişdir. Əslini bu ərizəyə daxil etdiyi Sxematik Plandan görünür ki, boş sahə, yurd sahələri və tikililərin çertyojları təsvir edilməklə, ona satılmış 400 kv.m torpaq sahəsinin xəritəsi verilmişdir. Notarial təsdiqli surətini bu ərizəyə daxil etdiyi DKT 393707 saylı, 03 noyabr 1980-ci il tarixli nikah haqqında şəhadətnamədən görünür ki, X4 ilə rəsmi nikah bağlanmışdır. Notarial təsdiqli surətini bu ərizəyə daxil etdiyi ölüm şəhadətnamədən görünür ki, həyat yoldaşı X4 23 aprel 2000-ci ildə vəfat etmişdir. Yaşayış yeri üzrə qeydiyyat haqqında ******* saylı, xx.xx.2023-cü il tarixli arayışdan görünür ki, o, ünvan 1 ünvanında qeydiyyatdadır. Məhkəməyə bu iddia ərizəsi ilə müraciət etməyisinin səbəbi odur ki, oğlu Cavabdeh1 və onun həyat yoldaşı Cavabdeh2 ailəliklə onun Şamaxı rayonu Böyük Xınıslı kəndində tikdirdiyi fərdi yaşayış evinə daxil olmuşlar və həmin evdən çıxmırlar. Dəfələrlə xəbərdar etmiş ki, bu 0,04 ha torpaq sahəsi onun adınadır və həmin torpağın üzərində tikdirdiyi fərdi yaşayış evi də ona məxsusdur. Odur ki, onun evindən çıxmalarını cavabdehlərdən tələb etsə də, buna məhəl qoyulmur. Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə edərək, təmin olunmasını xahiş etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilməsinə baxmayaraq, cavabdehlər məhkəmə iclasına gəlməmişdirlər. Məhkəmə Azərbaycan Respublikası MPMnin 185.5-ci maddəsinə əsasən, cavabdehlərin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmənin əvvəlki iclasında Cavabdeh2 iddia tələbinə etiraz edərək göstərmişdir ki, 2004-cü ildə iddiaçının oğlu Cavabdeh1la ailə həyatı quraraq, birlikdə iddiaçının Şamaxı rayonu, Böyük Xınıslı kəndində yerləşən evində yaşamışlar. Hazırda da, o, üç azyaşlı övladı ilə birlikdə həmin evdə yaşayır. Onun yaşayış üçün başqa yeri yoxdur. Odur ki, iddianın rədd edilməsini xahiş etmişdir. Məhkəmə işdə iştirak edən şəxslərin izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia rədd edilməlidir. Belə ki, iş materiallarından görünür ki, İddiaçı Şamaxı rayonu X2 xx.xx.2007-ci il tarixli, 11 saylı qərarı ilə yaşayış evi tikmək üçün, 0,04 ha torpaq sahəsi satılmışdır. İş materiallarında olan Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 14 saylı Şamaxı Ərazi İdarəsinin 05 dekabr 2023-cü il tarixli **********24 saylı məktubunda göstərilir ki, X1 adına idarənin arxivində qeydiyyata alınmış daşınmaz əmlak barədə məlumat aşkar edilməmişdir. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.1-ci maddəsinə əsasən, yaşayış sahəsi mülkiyyətçisinin ailə üzvlərinə həmin mülkiyyətçi ilə ona məxsus olan yaşayış sahəsində birlikdə yaşayan mülkiyyətçinin arvadı (əri), habelə onun uşaqları və valideynləri aid edilir. Azərbaycan Respublikası Konstitusiyasının 43-cü maddəsinin İ bəndinə əsasən, heç kəs yaşadığı mənzildən qanunsuz məhrum edilə bilməz. İşin həqiqi halları ilə məhkəmə iclasında müəyyən edilmişdir ki, cavabdehlər Cavabdeh1 iddiaçının oğlu və Cavabdeh2 isə iddiaçının gəlinidir. Onlar uzun müddətdir ki, iddiaçının razılığı ilə, sonuncuya aid fərdi yaşayış evində yaşayırlar. Cavabdehlər iddiaçının ailə üzvləridir, hazırda isə iddiaçı cavabdehlərin fərdi yaşayış evindən çıxarılmalarını tələb edir. Məhkəmə baxışında eyni zamanda müəyyən edildi ki, mübahisə predmeti olan daşınmaz əmlaka dair mülkiyyət sənədi yoxdur. Azərbaycan Respublikası MM-nin 139.1-ci maddəsinə əsasən, mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. Həmin Məcəllənin 139.3-cü maddəsinə əsasən, daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı müvafiq icra hakimiyyəti orqanı tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada tərtib edilən və aparılan daşınmaz əmlakın dövlət reyestrində həyata keçirilir. Göründüyü kimi, iddiaçı mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmayan əmlakdan cavabdehlərin çıxarılmasını xahiş edir. Məhkəmə iş üzrə toplanmış sübutlara və araşdırma nəticəsində müəyyən edilmiş hallara məcmu halında qiymət verərək hesab edir ki, qanunla müəyyən edilmiş əsaslar müəyyən edilmədiyindən, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı yaşayış sahəsindən çıxarılma tələbinə dair iddiası təmin olunmamalıdır. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə q ə t e t d i: İddiaçı Şahsuivar qızının cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı yaşayış sahəsindən çıxarılma tələbinə dair iddiası təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1(bir) ay müddətinə Şamaxı Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, rəsmi qaydada verildiyi gündən 1(bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Fərid Yaqubov
Məhkəmə qərarları › İş №2(074)-1036/2023
Şamaxı Rayon Məhkəməsi Qətnamə — İş №2(074)-1036/2023
28.12.2023 · Mənzil mübahisələri - Mənzildən çıxarılma
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver