Məhkəmə qərarları › İş №2(074)-1057/2021

Şamaxı Rayon Məhkəməsi Qətnamə — İş №2(074)-1057/2021

14.10.2021 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Digər hüquqi hallar
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şamaxı rayonu İş № 2(074)-1057/2021 14.10.2021 ŞAMAXI RAYON MƏHKƏMƏSİ Şamaxı rayon Məhkəməsinin hakimi İsmayılov Natiq Əvəz oğlunun sədrliyi, Tamarova Züleyxa Kamil qızının katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi (maraqlı şəxs Şamaxı rayon Qeydiyyat Şöbəsi) “doğum akt qeydinin bərpa olunması” barədə ərizəsinə dair mülki işə Şamaxı rayon Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək, onun xx xxxxxx 1961-ci ildə Gürcüstan SSR Dmanisi rayonu Lök-Candar kəndində anadan olması, atasının X4, anasının X2 olması barədə itmiş doğum qeydinin bərpa olunmasına dair qətnamə qət edilməsini xahiş etmişdir. Ərizəçi tələbini onunla əsaslandırmışdır ki, o, xx.xx.1961-ci il tarixdə Gürcüstan SSR Dmanisi rayonu Lök-Candar kəndində anadan olmuş, 1989-cu ilə kimi Gürcüstanda yaşamış, 1989-cu ildə Azərbaycana gəlmiş və 06 iyul 1989-cu ildə Şamaxı rayonu Mədrəsə qəsəbəsində qeydiyyata alınmışdır. Həmin vaxtdan indiyə kimi orada yaşayır. Hazırda uşaqları ilə onun soyadında uyğunsuzluq var. Onu aradan qaldırmaq üçün onun doğum şəhadətnaməsi tələb olunur. Hər yeri axtarıb, doğum şəhadətnaməsi tapılmır. Sənədin Gürcüstanda olduğunu güman edərək ora da sorğu göndərib, lakin doğum akt qeydi orada da tapılmayıb. Doğum akt qeydini Qeydiyyat şöbəsində barpa etdirib yenisini almaq da mümkün deyil. Odur ki, ona doğum qeydinin bərpası üçün məhkəməyə müraciət etməsi məsləhət görülmüşdür. O, xx xxxxxx 1961-ci ildə Gürcüstan SSR Dmanisi rayonu Lök-Candar kəndində anadan olmuş, atası X4, anası X1r. Hər ikisi vəfat etmişlər. Nikah barədə şəhadətnaməsində və şəxsiyyət vəsiqəsində xx xxxxxx 1961-ci il tarixdə doğulduğu qeyd olunur. Həqiqətdə də onun doğum günü həmin tarixdir və hər il doğum gününü də həmin tarixdə qeyd edir. Məhkəmə iclasında iştirak edən Ərizəçi ərizəni müdafiə edərək və ona uyğun izahat verərək bildirdi ki, doğum haqqında şəhadətnaməsi olub lakin itirib. Doğum haqqında şəhadətnaməsinin olmaması onun hüquqlarını həyata keçirilməsinə maneələr törədir. Buna görə də ərizəçi ərizənin təmin olunmasını məhkəmədən xahiş edir. Maraqlı şəxs məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmiş və nümayəndənin gəlməməsinin səbəbi barədə məhkəməyə heç bir məlumat verməmişlər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.6-cı maddəsinə əsasən, məhkəmə mülki işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə ərizəçinin izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, ərizə əsaslıdır və təmin edilməlidir. Belə ki, iş materiallarında olan Gürcüstan Ədliyyə Nazirliyi Dövlət Servislərinin inkişafı Agentliyi Tbilisi vətəndaşlıq reyestri Xidmətinin 30.07.2021-ci il tarixli arayışından görünür ki, 1961-1963-cü illər üzrə Dmanisi rayonu və Ququti kənd sovetliyinin (həmçinin Muğanlı, Lökcandar) vətəndaşlıq aktlarının qeydiyyat şöbəsinin doğumun qeydiyyat yazıları və agentliyi elektron məlumatlar bazası yoxlanılmış vətəndaş Ərizəçi (Kalandarov) doğum akt qeydi tapılmamışdır. İş materiallarında olan Seriya AZE 0******* nömrəli Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Ərizəçi xx.xx.1961-ci il tarixdə Gürcüstanın Dmanisi rayonunda doğulmuşdur. İş materiallarında olan 31.08.2021-ci il tarixli 05/Q-761/69 saylı Şamaxı rayon qeydiyyat şöbəsinin arayışından görünür ki, Ərizəçi doğumu haqqında məlumat müəyyən edilməsi məqsədilə “Vətəndaşlı vəziyyəti aktları” avtomatlaşdırılmış qeydiyyat informasiya sisteminə 31.08.2021-ci ilədək daxil edilmiş bütün vətəndaşlıq vəziyyəti aktları üzrə yoxlama aparılmış və doğum haqqında akt qeydi aşkar edilməmişdir. İş materiallarında olan 23.08.2021-ci il tarixli 252 saylı Şamaxı rayon İcra Hakimiyyəti Başçısının Şamaxı rayon Mədrəsə qəsəbəsi inzibati ərazi nümayəndəliyinin arayışından görünür ki, Ərizəçi Mədrəsə qəsəbəsi, S.Vurğun küçəsi, 1/3 nömrəli evdə yaşayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 305.1.1-ci maddəsinə əsasən, məhkəmə hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında işlərə xüsusi icraat qaydasında baxır. Həmin Məcəllənin 307.2.3-cü maddəsinə əsasən məhkəmə doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın, ölümün qeyd edilmə faktının müəyyən edilməsi barədə işlərə baxır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 308-ci maddəsinə müvafiq olaraq, məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. “Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 aprel 2019-cu il tarixli, 03 saylı qərarında göstərilmişdir ki, “... Azərbaycan Respublikası MPM-nin 307.2.3-cü maddəsi doğum, övladlığa götürmə, nikah, boşanma, ölüm faktının deyil, vətəndaşlıq vəziyyəti aktlarının, yəni doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın, ölümün qeyd edilmə faktının müəyyən edilməsini nəzərdə tutur. Məhkəmə qaydasında bu faktlar o halda müəyyən edilir ki, vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatını aparan orqanlarda müvafiq qeydlər saxlanılmamışdır və onların bərpası (vətəndaşlıq vəziyyəti aktlarının qeydləri saxlanılan arxivin itməsi, müharibə, təbii fəlakət, yanğın və sair nəticəsində arxivin məhv olması və sair səbəbdən) mümkün deyildir və belə qeyd yalnız vətəndaşlıq vəziyyəti aktının qeyd edilməsi faktının məhkəmə qaydasında müəyyən edilməsi barədə qətnamə əsasında bərpa edilə bilər. Hər bir halda məhkəmə, hüquqi faktın müəyyən edilməsini xahiş edən şəxsdən doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın və ya ölümün qeydinin əldə edilməsinin və ya onun bərpasının mümkün olmamasını təsdiq edən sənədləri (məsələn: vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatını aparan orqanın müvafiq qeydi verməsinin mümkün olmamasına dair arayışı) tələb etməlidir. Doğum, nikah, boşanma, övladlığa götürmə, atalığın müəyyən edilməsi, adın, soyadın və ata adının dəyişdirilməsi, ölüm haqqında aktların itirilmiş qeydləri yalnız müvafiq qeydin əvvəllər mövcud olduğunu təsdiq edən sənədlər olduqda bərpa edilə bilər”. Beləliklə də məhkəmə hesab edir ki, Ərizəçi xx xxxxxx 1961-ci ildə Gürcüstan SSR Dmanisi rayonu Lök-Candar kəndində anadan olmağı, atasının X4, anasının X2, oğlması faktı ərizəçinin izahatı ilə yanaşı işin digər mötəbər sübutları ilə sübuta yetirildiyindən, ərizəçi isə həmin faktı təsdiq edən sənədi başqa qaydada ala bilmədiyindən, ərizə təmin edilməli, həmin fakt məhkəmə qaydasında müəyyən edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-in 216-220, 305-311-ci və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. Ərizəçi xx xxxxxx 1961-ci ildə Gürcüstan SSR Dmanisi rayonu Lök-Candar kəndində anadan olması, atasının X4, anasının X2, milliyyətinin "azərbaycanlı" olması faktı müəyyən edilərək doğum akt qeydi bərpa edilsin. Hazırkı məhkəmə qətnaməsi Ərizəçi doğum haqqında şəhadətnamə verilməsi üçün əsasdır. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətinə Şamaxı Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Natiq İsmayılov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar