Məhkəmə qərarları › İş №2(074)-109/2022

Şamaxı Rayon Məhkəməsi Qətnamə — İş №2(074)-109/2022

10.10.2022 · Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şamaxı rayonu İş № 2(074)-109/2022 10.10.2022 ŞAMAXI RAYON MƏHKƏMƏSİ Şamaxı rayon Məhkəməsinin hakimi İsmayılov Natiq Əvəz oğlunun sədrliyi, Tamarova Züleyxa Kamil qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh1 qarşı “zəbt olunmuş ərazinin boşaldılması, ümumi istifadədə olan su mənbəyinin həyətdən kənara çıxarılması, su mənbəyi üzərində örtülü hovuz düzəldilməsi və suyun truba vasitəsilə çəkilməsinə icazə verilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə Şamaxı şəhərində, Şamaxı rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyənetdi: İddiaçı Cavabdeh1 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh tərəfindən zəbt olunmuş ərazinin 2m.x 2m. ölçüdə boşaldılmaqla ümumi istifadədə olan su mənbəyinin həyətdən kənara çıxarılması, su mənbəyi üzərində örtülü hovuz düzəldilməsi və suyun truba vasitəsilə həyətlərə çəkilməsinə icazə verilməsinə dair qətnamə qət edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Qaladərəsi kəndi mövcud olandan indiyə kimi kəndin əksər hissəsi cavabdehin evinin yaxınlığında olan su mənbəyindən istifadə etmişlər. Əvvəllər həmin ərazi açıq olmuş, sonradan cavabdehin valideynləri tərəfindən çəpərə alınmışdır. Uzun müddət həmin sudan istifadə olunması ilə bağlı problem olmamışdır. Lakin son vaxtlarda cavabdeh özü su ilə bağlı problem yaradıb. Su arxının üstünə gətirib mal peyini tökür, onun yaxınlığına it bağlayır ki, heç kəs yaxına gələ bilməsin. Onun 84 yaşı var. Həmin sudan hazırda istifadə olunması qeyri mümkündür. Tam antisanitar vəziyyətdədir heyvan qarası, toyuq cücəsi, qazları hər gün bu suyun içərisində olur. O, bu vəziyyətə son qoymaq ümümi təklif etmiş ki, icazə verin, su mənbəyində bir üstü örtülü hovuz tiksin, oradan suyu həyətlərə truba vasitəsi ilə bölüşdürərərək, təmizlik olsun. Cavabdeh isə ona imkan vermir, suyun qabağını bağlayaraq onlara tərəf suyu buraxmır. Ona bildirib ki, gedin özünüzə su axtarın. Suyuda özü tərəfdən qazıb dərinləşdirib yönəldib həyətinə. Su məcrasını dəyişib ümumiyyətlə lazımsız yerə axıb gedir. Bu qədər su onun nəyinə lazımdır bilmir həmin su bir truba ilə axsa ona ən aşağısı 200 mm-lik truba lazımdır. Bu qədər sudan onlara tərəfə su gəlməsinə imkan vermir. Odur ki, ümumi istifadədə olan su mənbəyinin ətrafıdakı çəpər sökülərək ətrafı boşaldılsın. Su üzərində örtülü hövuz tikilsin və su truba vasitəsilə istifadə olunsun. Bunula bağlı rayon icra hakimiyyətinə, Polis şöbəsinə də müraciət etmişdir. İddiaçı daha sonra ərizə ilə məhkəməyə müraciət edərək bildirmişdir ki, iddia ərizəsi verdikdən sonra ona məlum olmuşdur ki, mübahisəli torpaq sahəsi torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamədə Cavabdeh1 adı qeyd edilməmişdir. Lakin hazırda Ceyhun orada yaşamaqla sudan istifadəyə mane yaratdığından oda cavabdeh qismində qalmaqla Cavabdeh2 mülki iş üzrə cavabdeh qismində işə cəlb edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia tələbini müdafiə edərək və ona uyğun izahat verib iddianın təmin olunmasını məhkəmədən xahiş etdi. Cavabdehlər məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəmə iclasında iştirak etməmiş və iştirak etməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən mülki işə cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının izahatını dinləyib və iş materiallarını araşdıraraq, hesab edir ki, iddia qismən təmin olunmalıdır. Belə ki, iş materiallarında olan JN-021B KOD 41010038 saylı torpağın mülkiyyət hüququna dair dövlət atının surətindən görünür ki, Şamaxı rayonu, Qaladərəsi kənd sakini Nuriyev Ağaməhəmməd Ə, Cavabdeh2 M, Nuriyev Nəsimi A, Şamaxı rayon Aqrar İslahat Komissiyasının 05 may 2001-ci il tarixli 05 saylı qərarı ilə 0,40 ha həyətyanı torpaq sahəsi verilmişdir. İş materiallarında olan xx.xx.2018-ci il tarixli 326 saylı Milli Arxiv İdarəsi X9 filialının arxiv çıxarışının surətindən görünür ki, Şamaxı RİH-nin Qaleybuğurd kənd İƏD-i nümayəndəliyinin 2001-2005-ci illərin Qaladərəsi kəndi üzrə Qaytalanmış təsərrüfatbaşına kitablarında Qaladərəsi kənd sakini şəxsi hesab № 253 olan Cavabdeh1 təsərrüfatbaşına həyətyanı torpaq shəsi haqqında 0.31 ha qeyd edilmişdir. İş materiallarında olan xx.xx.2021-ci il tarixli Ş-06-1910 saylı Şamaxı rayon İcra Hakimiyətinin məktubundan görünür ki, su mənbəyindən istifadə etməsinə Cavabdeh1 mane olması barədə rayon İcra Hakimiyyətinə ünvanlanmış müraciətə baxılmışdır. Müəyyən olunmuşdur ki, mübahisəli su mənbəyi rayonun Qaladərəsi kənd sakini Cavabdeh1 məxsus həyətyanı sahədə yerləşir. Məsələnin mülki hüquq mübahisəsinə aidiyyəti nəzərə alınaraq məhkəməyə müraciət etmək hüququnun olduğu bildirilir. İş materiallarında olan Şamaxı RİHB-nin Qaleybuğurd kənd inzibati ərazi dairəsinin xx.xx.2021-ci il tarixli 212 saylı arayışından görünür ki, X1 rayonunun Qaladərəsi kəndində daimi qeydiyyatdadır və hal- hazırda Şamaxı rayonunun Qaladərəsi kəndində yaşayır. İş materiallarında olan xx.xx.2022-ci il tarixli 10/4900 saylı Məhkəmə Ekspertiza Mərkəzinin rəyindən görünür ki, 14 saylı Şamaxı Ərazi İdarəsinin mütəxəssis rəyinə əsasən, X2 faktiki istifadə etdiyi torpaq sahəsində yerləşən (mübahisəli) su mənbəyinin KOD 41010038 saylı JN-021B nömrəli "Torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamə" ilə X3 və onun ailə üzvlərinin mülkiyyətinə verilmiş 0.40 ha torpaq sahəsinin hüdudları daxilində yerləşmədiyi müəyyən edildi. 14 saylı Şamaxı Ərazi idarəsinin mütəxəssis rəyinə əsasən, həmin su mənbəyinin KOD 41010038 saylı JN-021B nömrəli "Torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamə"yə əsasən X3 və onun ailə üzvlərinin mülkiyyətinə verilmiş 0.40 ha torpaq sahəsinin hüdudlarından kənarda, (135BB) bələdiyyə mülkiyyətinə aid olan torpaq sahəsində yerləşdiyi müəyyən edildi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 238.2-ci maddəsinə əsasən əgər qanunla ayrı qayda müəyyənləşdirilməyibsə, torpaq sahəsinə mülkiyyət hüququ həmin sahənin sərhədləri daxilində yerləşən səth (torpaq) qatına və qapalı sututarlara, meşələrə və bitkilərə də şamil edilir. Həmin Məcəllnin 239.1-ci maddəsinə əsasən fiziki şəxslər dövlət və bələdiyyə mülkiyyətində olan, hamının buraxılması üçün açıq torpaq sahələrində heç bir icazə almadan sərbəst ola bilər və həmin sahələrdə olan təbiət obyektlərindən qanunvericiliyin, habelə müvafiq torpaq sahəsi mülkiyyətçisinin yol verdiyi hədlərdə istifadə edə bilər. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 111-ci maddəsinə əsasən Azərbaycan Respublikasında torpaqların özbaşına tutulması (zəbt edilməsi) qanunla qadağan olunur. Özbaşına tutulmuş (zəbt edilmiş) torpaq sahələri qanunsuz istifadə zamanı çəkilən xərclərin əvəzi ödənilmədən aidiyyəti üzrə geri qaytarılmalıdır. Torpaqların əvvəlki vəziyyətinə gətirilməsi (orada olan binaların, tikililər və qurğuların sökülməsi də daxil olmaqla) torpaqları zəbt etmiş hüquqi və fiziki şəxslər tərəfindən və ya onların hesabına həyata keçirilir. Azərbaycan Respublikası Su Məcəlləsinin 36-cı maddəsində qeyd edilir ümumi istifadədə olan su obyektləri — istifadəsi hamı üçün mümkün və açıq olan su obyektləridir. Fiziki şəxslər belə su obyektlərindən öz ehtiyaclarını təmin etmək məqsədi ilə (çimərlik, qayıqla gəzinti, idman, balıq və digər su bioresurslarının həvəskar ovu, mal-qaranın suvarılması, texniki qurğulardan istifadə etmədən su götürmə və s.) pulsuz istifadə edirlər. Həmin Məcəllənin 104-cü maddəsinə əsasən özbaşına tutulmuş su obyektləri qanunsuz istifadə zamanı çəkilmiş xərclər ödənilmədən aidiyyəti üzrə geri qaytarılır. Məhkəmə iclasında müəyyən olunmuşdur ki, Cavabdeh2 və onun ailə üzvlərinə Şamaxı rayon Aqrar İslahat Komissiyasının 05 may 2001-ci il tarixli 05 saylı qərarı ilə Şamaxı rayonu, Qaladərəsi kəndində 0,40 hektar həyətyanı torpaq sahəsi verilmişdir. Hazırda mübahisəli su obyekti Cavabdeh2 və onun ailə üzvlərinə verilmiş 0,40 hektar həyətyanı torpaq sahəsindən kənarda yerləşir. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli cavabdeh tərəfindən zəbt edilmiş ərazi 2metr x 2metr ölçüdə boşaldılmaqla ümumi istifadədə olan su mənbəyinin cavabdehlərin həyətindən kənara çıxarılmalıdır. İddia qalan hissədə təmin edilməməlidir. Məhkəmə hesab edir ki, məhkəmə xərcləri iddianın təmin edilmiş hissələrinə müvafiq olaraq tərəflərə aid edilməli olduğundan, mütəxəssis rəyinin verilməsi üçün İddiaçı tərəfindən ödənilmiş 311 manat pul cavabdehlərdən müştərək qaydada tutularaq iddiaçıya ödənilməli, keçirilmiş ekspertizanın xərci 50 manat cavabdehlərdən müştərək qaydada tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 14.2, 217.4 və 218.3-cü maddələrinə müvafiq olaraq məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdıraraq, onlardan istifadə edərək, yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanaraq, iddia tələblərinin hədlərindən kənara çıxmadan işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: İddia qismən təmin edilsin. Cavabdehlər Cavabdeh2 və Cavabdeh1 tərəfindən zəbt edilmiş ərazi 2metr x 2metr ölçüdə boşaldılmaqla ümumi istifadədə olan su mənbəyinin cavabdehlərin həyətindən kənara çıxarılsın. İddia qalan hissədə təmin edilməsin. Mütəxəssis rəyinin verilməsi üçün ödənilmiş 311 manat pul cavabdehlər Cavabdeh2 və Cavabdeh1 müştərək qaydada tutularaq İddiaçı ödənilsin. İş üzrə keçirilmiş ekspertizanın xərcini təşkil edən 50 manat pul cavabdehlər Cavabdeh2 və Cavabdeh1 müştərək qaydada tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin (X4 kod 210005 VÖEN **********, m/h AZ41NABZ********************, S.W.İ.F.T. BİK CTREAZ22 Məhkəmə Ekspertiza Mərkəzi VÖEN: **********, Hesab: AZ34CTRE********************) hesabına köçürülsün. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətinə Şamaxı Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Natiq İsmayılov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar