Məhkəmə qərarları › İş №2(074)-11/2023

Şamaxı Rayon Məhkəməsi Qətnamə — İş №2(074)-11/2023

16.03.2023 · Torpaq mübahisələri - Torpaq münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şamaxı rayonu İş № 2(074)-11/2023 16.03.2023 ŞAMAXI RAYON MƏHKƏMƏSİ Şamaxı rayon Məhkəməsinin hakimi İsmayılov Natiq Əvəz oğlunun sədrliyi, Tamarova Züleyxa Kamil qızının katibliyi, İddiaçı Cavabdeh iştirakı ilə, İddiaçı cavabdeh X1 qarşı “zəbt edilmiş torpaq sahəsindən çıxarılma, daş hasarın sökülməsi, torpaqdan qanunsuz istifadəyə son qoyulması və torpağın onun istifadəsinə qaytarılması” tələbinə dair iddia ərizəsi üzrə mülki işə Şamaxı Rayon Məhkəməsinin binasında, açıq məhkəmə baxışı iclasında baxaraq, məhkəmə müəyyənetdi: İddiaçı cavabdeh X1 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh X2 tərəfindən zəbt olunmuş JN-140 saylı 41001004 kodlu torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə əsasında ona məxsus olan torpaq sahəsinin 0,05 ha hissəsinin boşaldılması, həmin hissəyə çəkilmiş hasarın sökülərək ona məxsus sahədən çıxarılması və həmin sahənin onun istifadəsinə qaytarılmasına dair qətnamə qət edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Şamaxı rayon Aqrar islahat komissiyasının 1999-cu il 29 yanvar tarixli 01 saylı qərarı ilə JN-140 saylı 41 001004 kodlu Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə əsasında ona 1,13 ha torpaq sahəsi verilmişdir. Həmin torpaq sahəsinin 140 konturunda yerləşən 6947.00 kv.m-lik sahənin 0,05 ha hissəsini cavabdeh 4 ildir ki, zəbt etmiş, hətta hasar da çəkmişdir. Həmin vaxtı məhkəməyə müraciət etmək istəmiş lakin cavabdeh yalvarıb yaxarmış, razılaşmışlar ki, 0,01 ha sahənin qiyməti 1000 manat olmaqla pulu ödənilərsə həmin sahəni ona sata bilər. Həmin vaxtdan indiyə kimi dəfələrlə ona demişdir ki, ya pulunu ödə gedib torpağı ona satsın, ya da torpaq sahəsindən çıxsın, hasarı da söksün. Amma Tahir heç bir əhəmiyyət verəyərək torpaq sahəsini boşaltmır. Daha sonra iddiaçı tələbin dəqiqləşməsinə dair ərizə təqdim edərək, Cavabdeh tərəfindən zəbt olunmuş JN-140 saylı 41001004 kodlu torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə əsasında ona məxsus olan torpaq sahəsinin 0,05 ha hissəsinin boşaldılması, həmin hissəyə çəkilmiş hasarın sökülərək ona məxsus sahədən çıxarılması və həmin sahənin onun istifadəsinə qaytarılmasına dair qətnamə qət edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia tələbinin təmin edilməsinə dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən Cavabdeh iddia tələbini qəbul etməyərək izahat verib bildirdi ki, torpaq sahəsini 2000-ci ildə Safa adlı şəxsdən almışdır. Safa ölmüşdür. 2010-cu ildə qaz işıq su çəkdirdilər. İddiaçının qardaşının evin təmir etmişdir. Təmir edəndə öz cibindən pul xərcləmişdir. O, bildirmişdir ki, 4 sot torpaq sənindir. Sənədi yoxdur. Bacısına pul vermişdir. Sənubərdən almışdır torpağı eyni torpaqdır. O bildirmişdir ki, onun yeridir sonra məlum olmuşdur ki, Mədinənindir. Komunallar öz adınadır. Odur ki, iddia tələbinin rədd olunmasına dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. Məhkəmə proses iştirakçılarının izahatını dinləyib iş materiallarını araşdıraraq, hesab edir ki, iddia təmin olunmalıdır. Belə ki, iş materiallarında olan JN-140 KOD 41001004 saylı torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamənin surətindən görünür ki, İddiaçı Şamaxı rayon Aqrar İslahat Komissiyasının 29 yanvar 1999-cu il tarixli 01 saylı qərarı ilə 1,13 ha torpaq sahəsi verilmişdir. İş materiallarında olan Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik hüquqi şəxsi 14 saylı Şamaxı Ərazi İdarəsinin mütəxəssis rəyindən görünür ki, elektron baza məlumatlarına (DWJ-torpaq islahatının nəticələrini əks etdirən kompleks yerquruluşu layihəsinə) əsasən İddiaçı Torpağa mülkiyyət hüququna dair JN-140 KOD 41001004 saylı Dövlət aktına ilə mülkiyyətinə verilmiş (mübahisəli 140 nömrəli çevrə) 0,69 ha torpaq sahəsi iddiaçının naturada faktiki istifadə etdiyi torpaq sahəsi ilə eyni ərazidə yerləşir, lakin sahə və konfiqurasiya uyğunsuzluğu vardır. Elektron baza məlumatlarına (DWJ-torpaq islahatının nəticələrini əks etdirən kompleks yerquruluşu layihəsinə) əsasən İddiaçı Torpağa mülkiyyət hüququna dair JN-140 KOD 41001004 saylı Dövlət aktına əsasən mülkiyyətinə verilmiş (mübahisəli 140 nömrəli çevrə) 0,69 ha torpaq sahəsinin 0.05 ha hissəsində cavabdeh tərəfindən dəmir tor çəkilmişdir. İş materiallarında olan Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 27 yanvar 2023-cü il tarixli ekspert rəyindən görünür ki, Azərbaycan Respublikası iqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti “Daşınmaz Əmlakın Dövlət Reyestri“ publik hüquqi şəxsi 14 saylı Şamaxı Ərazi idarəsinin 12 oktyabr 2022-ci il tarixli **********38 nömrəli mütəxəssis rəyinə əsasən, İddiaçı Torpağa mülkiyyət hüququna dair JN-140 KOD 41001004 saylı Dövlət aktına əsasən mülkiyyətinə verilmiş (mübahisəli 140 nömrəli çevrə) 0,69 ha torpaq sahəsinin iddiaçının naturada faktiki istifadə etdiyi torpaq sahəsi ilə eyni ərazidə yerləşdiyi, lakin sahə və konfiqurasiya uyğunsuzluğunun olduğu müəyyən olundu. Mütəxəssis rəyinə əsasən, İddiaçı Torpağa mülkiyyət hüququna dair JN-140 KOD 41001004 saylı Dövlət aktına əsasən mülkiyyətinə verilmiş (mübahisəli 140 nömrəli çevrə) 0,69 ha torpaq sahəsinin 0,05 ha hissəsində cavabdeh tərəfindən dəmir tor çəkildiyi müəyyən edildi. Keçirilmiş ekspertiza üzrə ekspert xərci 50 manat təşkil edir. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 111-ci maddəsinə əsasən Azərbaycan Respublikasında torpaqların özbaşına tutulması (zəbt edilməsi) qanunla qadağan olunur. Özbaşına tutulmuş (zəbt edilmiş) torpaq sahələri qanunsuz istifadə zamanı çəkilən xərclərin əvəzi ödənilmədən aidiyyəti üzrə geri qaytarılmalıdır. Torpaqların əvvəlki vəziyyətinə gətirilməsi (orada olan binaların, tikililər və qurğuların sökülməsi də daxil olmaqla) torpaqları zəbt etmiş hüquqi və fiziki şəxslər tərəfindən və ya onların hesabına həyata keçirilir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: 152.5-ci maddəsinə əsasən mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. 157.4-ci maddəsinə əsasən əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. 164.1-ci maddəsinə əsasən sahibin iradəsi olmadan sahiblikdən məhrumetmə və onu pozma qadağan edilmiş özbaşınalıq sayılır. Hər bir sahibin qadağan edilmiş özbaşınalıqdan müdafiə üçün güc işlətmək ixtiyarı vardır. Bu zaman o, şəraiti nəzərə almaqla, əsassız güc hərəkətlərindən çəkinməlidir. 164.2-ci maddəsinə əsasən sahiblikdən məhrum olan onun üçün qanunsuz sahibdən sahibliyin qaytarılmasını tələb edə bilər. Belə olan halda məhkəmə hesab edir ki, iddia təmin edilməli JN-140 saylı 41001004 kodlu torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə əsasında İddiaçı məxsus olan torpaq sahəsinin 0,05 ha hissəsi Cavabdeh tərəfindən boşaldılmalı və həmin hissədə cavabdeh tərəfindən çəkilmiş dəmir tor sökülməli həmin torpaq sahəsi iddiaçının əməli istifadəsinə qaytarılmalıdır Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 14.2, 217.4 və 218.3-cü maddələrinə müvafiq olaraq məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdıraraq, onlardan istifadə edərək, yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanaraq, iddia tələblərinin hədlərindən kənara çıxmadan işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: İddia təmin edilsin. JN-140 saylı 41001004 kodlu torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə əsasında İddiaçı məxsus olan torpaq sahəsinin 0,05 ha hissəsi Cavabdeh tərəfindən boşaldısın və həmin hissədə cavabdeh tərəfindən çəkilmiş dəmir tor sökülsün, torpaq sahəsi iddiaçının əməli istifadəsinə qaytarılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətinə Şamaxı Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Natiq İsmayılov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar