Məhkəmə qərarları › İş №2(074)-113/2022

Şamaxı Rayon Məhkəməsi Qətnamə — İş №2(074)-113/2022

08.02.2022 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Mirasın qəbul edilməsi və vərəsəliyin açılma yerinin müəyyən edilməsi faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şamaxı rayonu İş № 2(074)-113/2022 08.02.2022 ŞAMAXI RAYON MƏHKƏMƏSİ Şamaxı rayon Məhkəməsinin hakimi İsmayılov Natiq Əvəz oğlunun sədrliyi, Tamarova Züleyxa Kamil qızının katibliyi ilə, Ərizəçi iştirakı ilə, Ərizəçi (maraqlı şəxs Şamaxı Regional «Asan Xidmət» Mərkəzinin Notariat ofisi) “mirasın qəbul etmə faktının müəyyən edilməsi barədə” ərizəsi üzrə mülki işə Şamaxı şəhərində, Şamaxı Rayon Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə m ü ə y y ə n e t d i: Ərizəçi “mirasın qəbul etmə faktının müəyyən edilməsi barədə” ərizə ilə məhkəməyə müraciət edərək, torpağa mülkiyyət hüququna dair JN-150 kod 41003018 saylı dövlət aktında göstərilən 11,45 ha. kənd təsərrüfatı məhsulları istehsalı üçün torpaq sahəsinin vərəsə kimi tam pay hüququ ilə onun tərəfindən qəbul olunması faktının müəyyən olunmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, babası Xanqulu Əzizova, nənəsi Gülxanım Mayılovaya və ona Şamaxı rayonu Aqrar İslahat Komissiyasının 11 noyabr 1998-ci il tarixli 16 saylı qərarı ilə 11,45 hektar kənd təsərrüfatı məhsulları istehsalı üçün torpaq sahəsi verilmişdir. Bu barədə dövlət aktı var və 26 iyul 2001-ci ildə dövlət aktı qeydiyyat kitabında 11433 nömrə ilə qeydiyyata alınmışdır. Torpaq sahəsi onlara verilən gündən istifadələrində olmuş və bu gün də həmin torpaq sahəsindən istifadə etmişdir. X6 onun ana babasıdır. X14 onun anasıdır. Babası onu 1 yaşından öz himayəsinə götürüb və öz övladı kimi böyütmüş, o, baba və X32a əsl övlad olmuş, onların qayğısına qalmış və onlar rəhmətə gedəndə bütün dəfn xərclərini o çəkmişdir. Babası 28 iyun 2001-ci ildə vəsiyyətnamə qoymuşdur, o rəhmətə gedəndən sonra bütün əmlakları nənəsi Gülxanım Mayılovaya, Gülxanım Mayılova da rəhmətə gedəndən sonra bütün əmlakları ona qalsın. Babasından miras qalmış, yəni böyüyüb başa çatdığı evdə yaşamaqla, onun bütün əmlaklarını faktiki qəbul etmiş və buna görə də vergini ödəmişdir. O ailə üzvləri ilə birlikdə Şamaxı rayonu Qızmeydan kəndində yaşayırlar. X6 02 noyabr 2001-ci ildə Şamaxı rayonu Astraxanovka (indiki Qızmeydan) kəndində vəfat etmişdir. Bu barədə AZ № 085666 saylı ölüm haqqında şəhadətnamə vardır. X5 08 iyul 2015-ci ildə Şamaxı rayonu Qızmeydan kəndində vəfat etmişdir. Bu barədə AZ-İ № 741634 saylı ölüm haqqında şəhadətnamə vardır. O, babasından ona miras qalmış əmlakları faktiki qəbul etsə də, rəsmiləşdirə bilməmişdir. Babasından miras qalmış əmlaka dair vərəsəlik hüququ haqqında şəhadətnamə almaq üçün Şamaxı regional ASAN xidmət Mərkəzində Ədliyyə Nazirliyinin notariat ofisinə müraciət etmiş, ona 08 iyul 2015-ci il tarixdə vəfat etmiş X11 qanunvericilikdə nəzərdə tutulmuş vərəsələrinin sırasına daxil olmadığı üçün vərəsəlik işinin rəsmiləşdirilməsi üçün aidiyyəti üzrə Şamaxı rayon Məhkəməsinə ərizə ilə müraciət etməyi bildirilmişdir. O, babası və nənəsindən qalan bütün əmlakları faktiki qəbul etmişdir. Babası bu əmlakları ona vəsiyyət etmişdir. Babasından qalmış miras əmlakı faktiki qəbul etsədə, bunu rəsmiləşdirə bilmir və məhkəmədən kənar həlli olmadığından məhkəməyə müraciət etmişdir. Məhkəmə iclasında iştirak edən Ərizəçi ərizəsinə uyğun izahat verərək iddianın təmin olunmasını məhkəmədən xahiş etdi. Əlavə olaraq bildirdi ki, anası və iki xalası da babasından qalan bütün əmlakların onun tərəfindən qəbul edilməsini təsdiq edirlər. Nənəliyi olmuş X11 isə heç kimi olmamışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş X15 məhkəməyə ifadə verib bildirdi ki, 3 bacıdırlar. Oğlu Ramini babası saxlayıb. Raminin qardaşı yoxdur. Atası 2001-ci ildə, ögey anası 2015-ci ildə vəfat etmişdir. Ögey anasının övladı olmayıb. Ramin baba və nənəsi ilə yaşamış və onların qayğısına qalmışdır. Ramin daim onlarla yaşadığı üçün onlara torpaq verilərkən Raminin də adı onlarla bir siyahıda olub. Torpağı atası vəfat edəndən sonra isə oğlu istifadə edib. Məhkəmə iclasında şahid qismində dindirilmiş X16 məhkəməyə ifadə verib bildirdi ki, Ramin onun bacısının oğludur. Atası və ögey anası Raminə baxıb. Atası və analığı vəfat edəndən sonra onlara məxsus bütün əmlaklardan Ramin istifadə edib. Torpağa qarşı heç bir iddiası yoxdur. Məhkəmə iclasında şahid qismində dindirilmiş X8 məhkəməyə ifadə verib bildirdi ki, Ramin onun bacısının oğludur. Ramin atası və ögey anası ilə birgə yaşayıb. Atası və analığı vəfat edəndən sonra onlara məxsus bütün əmlaklardan Ramin istifadə edib. Torpağa qarşı heç bir iddiası yoxdur. Məhkəmə iclasında şahid qismində dindirilmiş X17 məhkəməyə ifadə verib bildirdi ki, X18 3 qızı var idi. 2-ci həyat yoldaşından övladı olmamışdır. Nəvəsi Ramini götürüb saxlayıb. Torpağı vəfat edənə qədər X7 isə Ərizəçi istifadə edib. Məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilməsinə baxmayaraq maraqlı şəxs Şamaxı Regional «Asan Xidmət» Mərkəzinin Notariat ofisinin nümayəndəsi məhkəməyə gəlməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.6-cı maddəsinə əsasən işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə prosses iştirakçılarının dinləyib və iş materiallarını araşdıraraq hesab edir ki, ərizə təmin edilməlidir. Belə ki, iş materiallarında olan AЗ 282587 saylı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X23 18.02.1962-ci ildə Şamaxı şəhərində anadan olmuşdur. İş materiallarında olan AЗ 256868 saylı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X20 01.07.1958-ci ildə Şamaxı şəhərində anadan olmuşdur. İş materiallarında olan 04.08.1998-ci il tarixli İİ-ЖГ-427905 saylı nikah haqqında şəhadətnamənin surətindən görünür ki, X37 ilə X23 23.10.1981-ci il tarixdə nikahları bağlanmışdır. İş materiallarında olan AZ-T 147142 saylı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, Ərizəçi xx.xx.1979-cu ildə Şamaxı şəhərində anadan olmuşdur. İş materiallarında olan AZ-İİ № 085666 saylı ölüm haqqında şəhadətnamədən görünür ki, X27 02.09.2001-ci il tarixdə ölmüşdür. İş materiallarında olan AZ-İ № 741634 saylı ölüm haqqında şəhadətnamədən görünür ki, X22 08.07.2015-ci il tarixdə ölmüşdür. İş materiallarında olan 28.06.2001-ci il tarixli vəsiyyətnamədən görünür ki, X1, Mərkəzi küçəsində yerləşən iki otaqdan ibarət gil və samandan hazırlanmış bir, dəmir dam altında yaşayış evi, heyətdə əlavə tikili-anbar, eləcə də bütün ona məxsus olan bütün daşınar və daşınmaz əmlakı həyat yoldaşı X19 tam hüquqlar əsasında vəsiyyət etmiş, həyat yoldaşı X11 ölümündən sonra ona və onun həyat yoldaşına vəfat etməmişdən əvvəl qulluq etməyi öhdəsinə götürən nəvəsi Ərizəçi Alməmməd oğluna vəsiyyət edmişdir. İş materiallarında olan 27.11.2020-ci il tarixli **********362 saylı Əmlak Məsələləri Dövlət Komitəsinin Yanında Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin 14 saylı Şamaxı Ərazi İdarəsinin məktubundan görünür ki, ləğv edilmiş Dövlət və Xəritəçəkmə Komitəsi tərəfindən Şamaxı rayon Aqrar İslahat Komissiyasının 11.11.1998-ci il tarixli 16 saylı qərarına əsasən hazırlanmış JN-150, kod 41003018 nömrəli dövlət akıtında Ərizəçi və ailə üzvlərinin adları düzgün göstərilməmişdir. Sənədləri verən orqan- Dövlət və Xəritəçəkmə Komitəsi ləğv edildiyinə görə, adlarda olan səhvlərin düzəldilməsi qeyrimümkündür. İş materiallarında olan 22.07.2021-ci il tarixli 157 saylı Şamaxı rayon İcra Hakimiyyəti Başçısının Qızmeydan kənd İƏD-si üzrə nümayəndəliyinin arayışından görünür ki, Ərizəçi Şamaxı rayonunun Qızmeydan kəndində yaşayır. Ailə üzvləri həyat yoldaşı X12, oğlu-18 avqust 1999-cu il təvəllüdlü X30, oğlu-01 oktyabr 2001-ci il təvəllüdlü X38 və qızı-01 avqust 2006-cı il təvəllüdlü X21r. İş materiallarında olan 11.08.2021-ci il tarixli 17 saylı Şamaxı rayon Qızmeydan bələdiyyəsinin arayışından görünür ki, mərhum X28 və X19 məxsus 11.45 ha kənd təsərrüfat təyinatlı torpaq sahəsi Ərizəçi istifadəsindədir və vergisi Ərizəçi tərəfindən ödənilir. İş materiallarında olan 20.09.2021-ci il tarixli 2150 saylı Şamaxı Regional ASAN Xidmət Mərkəzində notariat ofisinin məktubundan görünür ki, Ərizəçi 08.07.2015-ci il tarixdə vəfat etmiş X11 qanunvericiliklə nəzərdə tutulmuş vərəsələrinin sırasına daxil olmadığı üçün (qohumluq əlaqələrini təsdiq edən sənədlər olmadığına görə) vərəsəlik işinin rəsmiləşdirilməsi üçün aidiyyatı üzrə Şamaxı rayon Məhkəməsinə iddia ərizəsi ilə müraciət etməsi tövsiyyə olunmuşdur. İş materiallarında olan JN-150 KOD 41003018 saylı torpağa mülkiyyət hüququna dair dövlət aktından görünür ki, X26, X22 və X9 Şamaxı rayon Aqrar İslahat Komissiyasının 11 noyabr 1998-ci il tarixli 16 saylı qərarı ilə 11.45 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi verilmişdir. Məhkəmə iclasında müəyyən olundu ki, Şamaxı rayon Aqrar islahat komissiyasının 11 noyabr 1998-ci il tarixli 16 saylı qərarı ilə X26, X22 və Ərizəçi Şamaxı rayonu Qızmeydan kəndində 11.45 hektar kənd təsərrüfatı təyinatlı torpaq sahəsi verilmişdir. Həmin torpaq sahəsinin verilməsinə dair JN-150 Kod 41003018 saylı torpağa mülkiyyət hüququna dair dövlət aktı hazırlanmışdır. X26 02 sentyabr 2001-ci il tarixdə, X22 isə 08 iyul 2015-ci il tarixdə ölmüşdür. X4, xalaları X16 və X8 həmin torpaq sahəsini qəbul etməmişlər. Torpaq sahəsini faktiki olaraq Ərizəçi tərəfindən qəbul olunmuşdur. Qızmeydan kənd Bələdiyyəsinin 11.08.2021-ci il tarixli arayışından da görünür ki, X26 və X19 məxsus 11.45 hektar kənd təsərrüfatı təyinatlı torpaq sahəsi onun tərəfindən qəbul olunmuş, həmin torpaq sahəsinin vergisi bələdiyyəyə vaxtı-vaxtında ödənilir. Miras əmlakın qəbul olunması üçün Şamaxı rayon Notariat Kontoruna müraciət etsələrdə miras əmlakın qəbulundan əsassız olaraq imtina edilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 307.1-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Həmin Məcəllənin 307.2.9-cu maddəsinə əsasən məhkəmə mirasın qəbul edilməsi faktının və vərəsəliyin açılma yerinin müəyyən edilməsi barədə işlərə baxır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1159.1.1-ci maddəsinə əsasən qanun üzrə vərəsəlik zamanı birinci növbədə - ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər) bərabər pay hüquqlu vərəsələr sayılırlar. Həmin Məcəllənin 1243.2-ci maddəsinə əsasən vərəsə mirasın açıldığı yer üzrə notariat kontoruna mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. Həmin Məcəllənin 1243.3-cü maddəsinə əsasən vərəsə mirasın bir hissəsinə sahiblik etməyə faktik başladıqda hesab edilir ki, mirasın nədə ifadə edilməsindən və harada olmasından asılı olmayaraq, o, mirası tamamilə qəbul etmişdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu G.Qəhrəmanovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 18 oktyabr 2013-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair 18 iyul 2014-cü il tarixli qərarında qeyd etmişdir ki, … Mülki Məcəllənin 1246-cı maddəsinə əsasən vərəsə vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində mirası qəbul edə bilər. Miras açıldığı gündən altı ay keçdikdən sonra mirasın qəbuluna yol verilmir. Lakin mirasın qəbul edilməsi üçün müəyyənləşdirilmiş müddəti məhkəmə, gecikdirmənin səbəbini üzrlü sayarsa, uzada bilər (Mülki Məcəllənin 1248-ci maddəsi). Bu maddələrin tələblərinə görə mirasın qəbul edilməsi müddəti ərzində vərəsəliyə çağırılmış şəxslər mirası qəbul etməyə yönələn hərəkətləri etməlidirlər. Əgər vərəsə qanunda göstərilən müvafiq müddət ərzində mirası qəbul etmək hüququnu (subyektiv vərəsəlik hüququ) həyata keçirməmişdirsə həmin hüququ itirir. Qeyd olunmalıdır ki, mirasın qəbul edilməsi müddəti hüquq münasibətləri iştirakçılarını intizamlandırır, vərəsələrin hüquqlarının həyata keçirilməsinə və vəzifələrinin yerinə yetirilməsinə kömək edir və mülki hüquq münasibətlərində qeyri-müəyyənliyin, qeyri-sabitliyin aradan qaldırılmasına xidmət göstərir. … Miras əmlakın faktiki qəbulu vərəsənin konkret hərəkətləri və rəftarı ilə onun mirası qəbul etmək niyyətinin açıq-aşkar təsdiqlənməsi və sübut etməsi kimi qəbul edilir və belə hərəkətlərin məzmunu vərəsə tərəfindən məhz mirası qəbul etmək məqsədi daşıyır. Mirasın faktiki qəbulu üsulu iki cür olur: miras əmlaka faktiki sahiblik etmək üsulu və miras əmlakı faktiki idarə etmək üsulu. Faktiki sahiblik etmək üsulu ondan ibarətdir ki, onun əsasında vərəsə miras qoyan şəxsin əmlakını faktiki cəhətdən ələ keçirir və ona sahib durur. Miras əmlakı faktiki idarə etmək isə vərəsə tərəfindən elə hərəkətləri nəzərdə tutur ki, bu hərəkətləri adətən mülkiyyətçi öz mənafeyi üçün əmlakın saxlanması və normal təsərrüfatın aparılması üçün etmiş olsun. Konstitusiya Məhkəməsinin məhkəmələr tərəfindən rəhbər tutulmalı və məcburi hüquqi qüvvəsi olan qeyd edilən qərarında formalaşdırılmış hüquqi mövqeyi ondan ibarətdir ki, vərəsələrin miras əmlakı faktiki qəbulu üçün onların mirasa sahib durmaları, əmlakın saxlanması və normal təsərrüfatın aparılması üçün tədbirlər görmələri, mirasın saxlanması və xərclərinin ödənilməsi işlərini həyata keçirməlidirlər. “Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 12 aprel 2019-cu il tarixli qərarının 10.2-ci bəndində göstərilir ki, nəzərə alınmalıdır ki, mirasın qəbulu faktını müəyyən edən qətnamədə eyni zamanda, ərizəçinin həmin əmlak üzərində mülkiyyət hüququnun tanınması müəyyən edilə bilməz. Belə ki, məhkəmənin mirasın qəbulu faktının müəyyən edilməsi barədə qətnaməsi heç bir halda notariusun verdiyi vərəsəlik şəhadətnaməsini əvəz etmir. Məhkəmə nəzərə almalıdır ki, bir vərəsə barəsində mirasın qəbulu faktının müəyyən edilməsi, hələ digər vərəsələrin bu hüquqdan məhrum olunması demək deyildir. Vərəsələrin miras əmlakdakı payları, nə qədər ki, bununla bağlı məhkəmə mübahisəsi yoxdur, notarius tərəfindən verilən vərəsəlik şəhadətnaməsi ilə müəyyən olunmalıdır. Məhkəmə iş üzrə belə nəticəyə gəlir ki, DTXK-nin Şamaxı rayon Şöbəsi tərəfindən hazırlanmış JN-150 Kod 41003018 saylı torpağa mülkiyyət hüququna dair dövlət aktına əsasən ərizəçinin mərhum X6, X22 və Ərizəçi məxsus olan X26 və X10 miras qalmış Şamaxı rayonu Qızmeydan kəndində yerləşən 11,45 hektar torpaq sahəsinin Ərizəçi tərəfindən qəbul edilməsi faktı müəyyən edilməli, ərizənin təmin edilməsi barədə qətnamə çıxarılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-nin 216-220 və 311-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: Ərizə təmin edilsin. DTXK-nin Şamaxı rayon Şöbəsi tərəfindən hazırlanmış JN-150 Kod 41003018 saylı torpağa mülkiyyət hüququna dair dövlət aktına əsasən X26 və X10 miras qalmış Şamaxı rayonu Qızmeydan kəndində yerləşən 11,45 hektar torpaq sahəsinin Ərizəçi tərəfindən qəbul edilməsi faktı müəyyən edilsin. Qətnamədən 1 ay müddətinə Şamaxı Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Natiq İsmayılov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar