Azərbaycan Respublikası adından QƏTNAMƏ Şamaxı rayonu İş № 2(074)-115/2023 06.03.2023 ŞAMAXI RAYON MƏHKƏMƏSİ Şamaxı rayon Məhkəməsinin hakimi İsmayılov Natiq Əvəz oğlunun sədrliyi, Tamarova Züleyxa Kamil qızının katibliyi, İddiaçı və cavabdeh X4 nümayəndəsi X2 iştirakları ilə, İddiaçı cavabdeh X6 qarşı “mənzilə köçürmə və mənzildən istifadə qaydalarının müəyyən edilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə Şamaxı rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə m ü ə y y ə n e t d i: İddiaçı cavabdeh X6 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehə məxsus olan ünvan 1 ünvanına köçürülməyi və orada mənzildən istifadə qaydalarının müəyyən edilməsi barədə qətnamə qət edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, 2002-ci ildə cavabdeh X9 ilə rəsmi nikaha daxil olaraq onun daimi qeydiyyatda olmaqla yaşadığı ünvan 2 ünvanına gəlin köçmüş, təxminən 20 ilə yaxın müddətdə cavadehə məxsus sözügedən mənzildə yaşayıb onunla brgə ümumi təsərrüfat aparmışdır. Cehiz əmlakı da hazırda həmin mübahisəli evdədir. Bu ərizəyə əlavə etdiyi 3 ədəd doğum haqqında şəhadətnamələrin surətlərindən görünür ki, cavabdehlə birgə nikahdan xx.xx.2004-cü il təvəllüdlü X14, xx.xx.2007-ci il təvəllüdlü X10 və xx.xx.2009-cu il təvəllüdlü X11 adında üç övladı vardır. 2021-ci ildən başlayaraq cavabdeh X9 ilə onun təqsiri ucbatından münasibətləri pisləşmiş və nəhayət Şamaxı rayon Məhkəməsinin 2(074)-84/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsi ilə nikahları pozulmuşdur. Nikahın pozulması haqqında şəhadətnamənin notarial təsdiqli surətini bu ərizəsinə əlavə edir. Yaşayış yeri üzrə qeydiyyat haqqında arayışdan görünür ki, o 17 iyun 2004-cü il tarixdən Şamaxı şəhəri, X25 ev 2 ünvanına qeydiyyatdadır. Məhkəmə iclasında iştirak edən İddiaçı iddianı müdafiə edərək və ona uyğun izahat verərək iddianın təmin olunması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdeh X4 nümayəndəsi X7 izahat verib bildirdi ki, iddiaçı ilə cavabdeh 2004-cü ildə rəsmi nikahla ailə qurmuşlar. Ev isə 2003-cü ildə vərəsəlik qaydasında cavabdehin adına rəsmiləşdirilmişdir. İddiaçı o evə gəlin köçüb yaşasa da, hazırda evdə onun yaşamasına yer yoxdur. Ev vərəsəlik qaydasına cavabdehin adına keçdiyindən hesab edir ki, iddia tələbi təmin edilə bilməz. Məhkəmə proses iştirakçılarını dinləyib, iş materiallarını araşdıraraq, hesab edir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, iş materiallarında olan Şamaxı rayon Məhkəməsinin 02 fevral 2022-ci il tarixli, 2(074)-84/2022 saylı qətnaməsinin surətindən görünür ki, İddiaçı ilə cavabdeh X9 arasındakı 26 iyul 2004-cü il tarixdə Şamaxı rayon VVADQ şöbəsində bağlanmış, bu barədə nikahın bağlanması haqqında akt qeydləri kitabında 26 iyul 2004-cü il tarixdə 251 nömrə ilə qeyd edilmiş nikah qeydinin pozulması, tərəflərin birgə nikahlarından doğulmuş xx.xx.2004-cü il təvəllüdlü X15, xx.xx.2007-ci il təvəllüdlü X12 və xx.xx.2009-cu il təvəllüdlü X13 anası İddiaçı yanında qalması, cavabdeh X3 30 sentyabr 2021-ci il tarixdən başlayaraq xx.xx.2004-cü il təvəllüdlü X15, xx.xx.2007-ci il təvəllüdlü X12 və xx.xx.2009-cu il təvəllüdlü X8 yetkinlik yaşına çatana kimi saxlanılması üçün hər ay hər uşaq üçün 110 manat olmaqla cəmi 330 manat sabit pul məbləğində aliment alınıb İddiaçı verilməsi qət edilmişdir. İş materiallarında olan AZ-İ № 538421 saylı doğum haqqında şəhadətnamədən görünür ki, X14 xx.xx.2004-cü il tarixdə Şamaxı şəhərində anadan olmuş. X1, anası İddiaçıdır. İş materiallarında olan AZ-İ № 932968 saylı doğum haqqında şəhadətnamədən görünür ki, X10 xx.xx.2007-ci il tarixdə Şamaxı şəhərində anadan olmuş. X1, anası İddiaçıdır. İş materiallarında olan AZ-İİ № 276553 saylı doğum haqqında şəhadətnamədən görünür ki, X11 xx.xx.2009-cu il tarixdə Şamaxı şəhərində anadan olmuş. X1, anası İddiaçıdır. İş materiallarında olan AZ-İ № 403278 saylı nikahın pozulması haqqında şəhadətnamədən görünür ki, X9 ilə İddiaçı arasında olan nikaha xx.xx.2022-ci il tarixində xitam verimişdir. İş materiallarında olan Azərbaycan Respublikası Dövlət Tikinti yə Arxitektura Komitəsi Baş X5 və Mülkiyyət Hüquqlarının Qeydiyyatı İdarəsinin 2062 saylı Qeydiyyat vəsiqəsindən görünür ki, Şamaxı şəhəri, N.Nərimanov küçəsində yerləşən ümumi sahəsi-288.1 m2 yaşayış sahəsi-116.1 m2, beş otaqdan ibarət olan 50 nömrəli yaşayış evi şəxsi mülkiyyət hüququ əsasında Cavabdeh adına xx.xx.2003-cü il tarixdə 04 nömrəli reyestr kitabında 2062 reyestr nömrəsi ilə qeydə alınmışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. X.Məmmədovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 12 iyun 2013-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Konstitusiya Məhkəməsi Plenumunun 11 iyul 2014-cü il tarixli qərarında qeyd edilir ki, xüsusi mülkiyyət hüququ əsasında dövlət qeydiyyatına alınan yaşayış sahəsinə digər ailə üzvlərinin yaşayış hüququnun yaranması Mülki Məcəllənin 228.1 və 228.2-ci maddələrində və ya qüvvədə olan Mənzil Məcəlləsinin 30-cu maddəsində müəyyən edilmiş əsaslara və qaydalara uyğun olaraq həll olunmalıdır. Məhkəmələr tərəfindən göstərilən maddi hüquq normalarının tətbiqi zamanı həmçinin nəzərə alınmalıdır ki, yaşayış sahəsinin mülkiyyətçisi ilə digər ailə üzvləri arasında həmin sahədən istifadə hüququ ilə bağlı məsələlər həll edilərkən 2009-cu il oktyabrın 1-dək yaranmış münasibətlərə Mülki Məcəllənin 228-ci maddəsinin, həmin tarixdən sonra isə qüvvədə olan Mənzil Məcəlləsinin 30-cu maddəsinin müddəaları tətbiq edilməlidir. İş materialları ilə müəyyən olunur ki, iddiaçı xx.xx.2004-cü il tarixdə cavabdehlə rəsmi nikaha daxil olmaqla ailə qurmuş və həmin vaxtdan cavabdehə məxsus fərdi yaşayış evinə köçərək orada yaşamışdır. Göründüyü kimi, tərəflər arasında mübahisəli hüquq münasibəti xx.xx.2009-cu il tarixədək yaranmışdır, Konstitusiya Məhkəməsinin qeyd olunan qərarına əsasən bu halda mübahisəyə Mülki Məcəllənin 228-ci maddəsinin müddəaları tətbiq edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.1-ci maddəsinə əsasən yaşayış binasının tərkib hissəsi mülkiyyətçisinin ailə üzvləri və digər şəxslər yaşayış binasından istifadə hüququna bu şərtlə malikdirlər ki, həmin hüquq daşınmaz əmlakın dövlət reyestrində qeydə alınsın. Həmin Məcəllənin 228.5-ci maddəsinə əsasən yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin onunla birgə yaşayan ailə üzvləri (əri, arvadı, valideynləri, uşaqları) yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüququna malikdirlər. Yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin ailə üzvləri öz yetkinlik yaşına çatmayan uşaqlarını həmin yaşayış binasına köçürmək ixtiyarına malikdirlər. Digər ailə üzvlərinin (ərin, arvadın) köçürülməsinə yalnız mülkiyyətçinin razılığı ilə yol verilir. Həmin şəxslərin yaşayış binasının tərkib hissəsindən istifadə hüququ mülkiyyətçi ilə ailə münasibətlərinə xitam verildiyi halda da saxlanılır. Yaşayış binasının tərkib hissəsindən mülkiyyətçinin ailə üzvlərinin istifadə etmək hüququ bu məcəllənin qüvvəyə mindiyi gündən yaranır. Sadalanan xüsusatlara və qeyd edilən qanunvericilik aktlarına əsasən məhkəmə hesab edir ki, iddiaçının cavabdehin mülkiyyətində olan Şamaxı şəhəri N.Nərimanov küçəsi, ev 50-də yerləşən fərdi yaşayış evinə istifadə hüququ yarandığından və bu hüquq onlar arasındakı nikah pozulduqdan sonra da saxlanıldığından iddiaçı cavabdehə məxsus Şamaxı şəhəri N.Nərimanov küçəsində yerləşən 50 saylı evə köçürülməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Qeyd edilən Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 216-220 və 360cı maddələrini rəhbər tutaraq, Məhkəmə qətetdi: İddia təmin edilsin. İddiaçı cavabdeh X6 məxsus olan Şamaxı şəhəri N.Nərimanov küçəsində yerləşən 50 saylı evə köçürülsün. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətinə Şamaxı Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Natiq İsmayılov
Məhkəmə qərarları › İş №2(074)-115/2023
Şamaxı Rayon Məhkəməsi Qətnamə — İş №2(074)-115/2023
06.03.2023 · Mənzil mübahisələri - Mənzilə köçürmə - Mənzil mübahisələri - Mənzilə istifadə hüququnun tanınması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver