Azərbaycan Respublikası adından QƏTNAMƏ Şamaxı rayonu İş № 2(074)-1185/2025 17.11.2025 ŞAMAXI RAYON MƏHKƏMƏSİ Şamaxı Rayon Məhkəməsinin hakimi İsmayılov Natiq Əvəz oğlunun sədrliyi, Alıyeva Sevinc Ağasəf qızının katibliyi, İddiaçı Cavabdeh2, Cavabdeh1 nümayəndəsi Nümayəndə iştirakları ilə, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “həyətdən və yaşayış sahəsindən çıxarılma” tələbi barədə iddiasına dair mülki işə Şamaxı Rayon Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyənetdi: İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 ona məxsus olan Şamaxı rayonu, Şəhriyar qəsəbəsində 0,06 ha ünvanda yerləşən evindən və həyətindən çıxarılması barədə qətnamə qət edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 ona məxsus Quşçu kəndində yerləşən evinə el adəti ilə gəlin gətirib toy eləyib. Son vaxtlara kimi münasibəti çox yaxşı olduğundan Quşçu kəndində çətinlik çəkdiklərinə görə, onun Şamaxı rayonu, Şəhriyar qəsəbəsində xx.xx.2005-ci il tarixli Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Şamaxı rayon Şəhriyar Bələdiyyəsinin ona verdiyi həyatyanı qərarı ilə verilən 0,06 ha sahəsində hazır tikili 3 otaqlı evində müvəqqəti köçüb yaşamalarına icazə verib. Təxminən bir neçə ay bundan əvvəl eşidib ki, sayğacları heç bir əsas olmadan öz adlarına keçirdib sosial yardım alırlar. O, sayğacları ləğv etdirib öz adına qeydiyyata aldırmaq istəyib, ondan mülkiyyət sənədi istəyiblər. Şamaxı Rayon Dövlət Arxivinə müraciət edib ki, onun torpaq sahəsinin sənədlərini götürüb. Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinə müraciət edib ki, evini, torpaq sahəsini qeydiyyata aldırıb. Ona məxsus evinin sayğaclarını adına keçirdib, cavdehlərdə heç bir sənəd olmadan ona məxsus sayğacları necə adlarına keçirə biliblər. Məhkəmə iclasında iştirak edən İddiaçı izahat verərək bildirdi ki, evinin boşaldılmasını istəyir. Evi cavabdehlərə müvəqqəti yaşamağa görə verib. Torpağı 2005-ci ildə alıb. 2007-2008-ci illərdə evi tikib tam bitirib. Buna görə də iddianın təmin edilməsini xahiş etdi. Verilmiş suallara cavab olaraq bildirdi ki, həmin torpağa dair Elşənə etibarnaməni kefi yaxşı olanda verib. O, tropaq sahəsini Elşənə satmayıb. Elşən 2014-cü ildə heç yerdə işləməyib ki, onun torpaq almaq üçün pulu olsun. Daha sonra isə həmin Etibarnaməni ləğv etdirmişdir. Məhkəmə iclasında iştirak edən Cavabdeh2 izahat verərək bildirdi ki, iddiaçı yalan danışır. Evi yoldaşı ilə birlikdə tikib. Cehiz əvəzinə atası evi tikməyə onlara kömək edib. Elşən torpağı qaynatasından 9000 manata alıb. Həmin torpaq sahəsində yoldaşı ilə birlikdə ev tikib orada yaşayıblar. Lakin torpağı və evi maddi imkanları olmadığından adlarına rəsmiləşdirməyiblər. Torpağa dair verilmiş etibarnamənin ləğindən məlumatları olmayıb. Buna görə də iddianın təmin edilməməsini xahiş edir. Məhkəmə iclasında iştirak edən Cavabdeh1 nümayəndəsi Nümayəndə izahat verərək bildirdi ki, evi onun qardaşı tikib. Torpağı isə Elşən atasından pul ilə almışdır. Evin onlar tərəfindən tikilməsinə dair kifayət qədər sübutları var, lakin iddiaçı həmin şəxslərə hədə-qorxu gəldiyindən onlar məhkməyə gəlmək istəmirlər. Buna görə də iddianın təmin edilməməsini xahiş edir. Əvvəlki məhkəmə iclasında şahid qismində dindirilmiş X5 izahat verib bildirdi ki, o, usta kimi işləyir. Cavabdehləri tanıyır. 2-3 il bundan əvvəl Elşənin evinin döşəməsini o etmişdir. Bundan başqa həmin evdə giriş qapıları düzəldib, qaz çəkmişdir. Evin giriş döşəməsini o, vurmuşdur. Ev 3 otaq 1 eyvandan ibarətdir. Onu usta kimi tamilənin atası və Elşən çağırmışdır. Əvvəlki məhkəmə iclasında şahid qismində dindirilmiş X2 izahat verib bildirdi ki, 2003-2005-ci illərdə Şamaxıda yerləşən "Star" şirkətində işləyib. İddiaçı ilə tanışlığı həmin vaxtlardan-2004-cü ildən yaranmışdır. Alşan ev tikmək istədiyini bildirib və onun evində usta kimi işləməyini ona təklif edib. Evdə 2007-2008-ci ildə işləyib, hörgüsünü edib. Evin dam örtüyünü başqa usta vurub. Dam örtüyü vurulandan sonra suvaq vurub. İddiaçı ona zəhmət haqqı olaraq 700-800 manat pul ödəyib. O, pulu fəhlə ilə 2 nəfər arasında bölüb. Digər işçinin adı Anardır Əvvəlki məhkəmə iclasında şahid qismində dindirilmiş X4 izahat verib bildirdi ki, 2005-2006-cı illərdə Şamaxıda yerləşən "Star" şirkətində işləyib. 2008-2009-cu illərdə İsrafilov Fəxrəddinlə birgə iddiaçının evində fəhlə olaraq çalışıb. Kürsüdən yuxarı, evin özünü tikiblər. Üzərindən uzun müddət keçdiyinə görə nə qədər ona nə qədər pul verildiyini dəqiq xatırlamır. Xatırladığına görə günü 10 manata işləyib. Ev 1 zal + 2 otaqdan ibarət idi. Məhkəmə mülki işin materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iş materiallarında olan Şamaxı Rayon Şəhriyar Bələdiyyəsinin torpaqların alqı-satqısına dair aktın surətindən görünür ki, Şamaxı Rayon Şəhriyar Bələdiyyəsinin ərazisində 0,06 ha torpaq sahəsinin İddiaçı satılması barədə 06 dekabr 2005-ci il tarixli, 64 saylı qərar qəbul edilmişdir. İş materiallarında olan Şamaxı Rayon Şəhriyar Bələdiyyəsinin 06 dekabr 2005-ci il tarixli, 64 saylı qərarının surətindən görünür ki, vətəndaş İddiaçı fərdi mənzil inşa etmək üçün torpaq sahəsinin satılması barədə qərar qəbul edilmişdir. İş materiallarında olan Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 14 saylı Şamaxı Ərazi İdarəsinin 24 iyul 2025-ci il tarixli məktubundan görünür ki, İddiaçı adına Şamaxı rayonu, Şəhriyar qəsəbəsində 0,06 ha torpaq sahəsi daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmamışdır. İş materiallarında olan Şamaxı Bələdiyyəsinin 25 avqust 2025-ci il tarixli məktubundan görünür ki, 2025-ci ildə keçmiş X3 Bələdiyyəsinə birləşərkən 2005-2015-ci illərə aid sənədlər Şamaxı Bələdiyyəsinə təhvil verilməmişdir. İş materiallarında olan xx.xx.2014-cü il tarixli, 7E-3369 reyestr nömrəli etibarnamənin surətindən görünür ki, İddiaçı tərəfindən Cavabdeh1 Şamaxı rayon Şəhriyar Bələdiyyəsinin xx.xx.2005-ci il tarixli 64 saylı qərarına asasən ona məxsus olan Şamaxı rayonunun Şəhriyar qəsəbəsində yerləşən 0.06 hektar torpaq sahəsini idarə etməyi, mülkiyyət hüququnu təsdiq edən çıxarışı və 01 saylı arayışı aldıqdan sonra onun üzərində sərəncam verməyi buna müvafiq olaraq öz mülahizəsinə görə məbləği və digər şərtləri müəyyən etməklə qanunla icazə verilmiş əqdləri o cümlədən, satmağı, dəyişməyi, ipoteka (girov) qoymağı, pulunu almağı, buna dair müqaviləni imzalamağı, adımdan ərizə verməyi, miras əmlakı qəbul etməyi və ya ondan imtina etməyi, bu tapşırığın yerinə yetirilməsi ilə əlaqədər digər hərəkətləri etməyi etibar edir. İş materiallarında olan Şamaxı regional “ASAN Xidmət” Mərkəzində notariat ofisinin 23 avqust 2025-ci il tarixli məktubundan görünür ki, “Elektron notariat” informasiya sistemində İddiaçı tərəfindən Cavabdeh1 xx.xx.2014-cü il tarixdə verilmiş 7E-3369 reyestr nömrəli etibarnamə xx.xx.2019-cu il tarixdə İddiaçı tərəfindən verilmiş ərizə əsasında ləğv edilmişdir. İş materiallarında olan abonent saldosundan görünür ki, abonent Cavabdeh1 abonent kodu **********02568-dir. Sayğac Şamaxı rayonu, Şəhriyar qəsəbəsindəki yaşayış yerində yerləşdirilmişdir. İş materiallarında olan X6 Xidmətinin 23 oktyabr 2025-ci il tarixli məktubundan görünür ki, şəxslərin 2000-2010-cu illər üzrə əmək fəaliyyəti barədə məlumatların təqdim edilməsi ilə bağlı Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə ünvanladığınız xx.xx.2025-ci il tarixli, 5-157/2-1379/2025 nömrəli müraciətə aidiyyəti üzrə Nazirlik yanında X6 Xidmətində baxılmışdır. X2 və X1 adına "Əmək və məşğulluq altsistemində qeyd edilən dövr üzrə əmək müqaviləsi aşkar edilməmişdir. 2013cü il 27 dekabr tarixinədək qüvvədə olan qanunvericiliyə əsasən əmək müqaviləsinin hər hansı dövlət orqanında və ya digər qurumlarda qeydiyyata alınması nəzərdə tutulmadığı üçün həmin dövrədək əmək fəaliyyəti barədə məlumatlar "Əmək və məşğulluq” altsistemində mövcud deyil. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Mərkəzləşdirilmiş elektron informasiya sistemi 01 iyul 2014-cü il tarixdən istifadəyə verilmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 13.1-ci maddəsinə əsasən, Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinə əsasən, hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 1 saylı protokolunun 1-ci maddəsində qeyd edilir ki, hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç bir kəs cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 139.1-ci maddəsinə əsasən, mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. Həmin Məcəllənin 139.3-cü maddəsinə əsasən, daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı müvafiq icra hakimiyyəti orqanı tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada tərtib edilən və aparılan daşınmaz əmlakın dövlət reyestrində həyata keçirilir. Həmin Məcəllənin 139-1.1.3-cü maddəsinə əsasən, daşınmaz əmlak barəsində notariat qaydasında təsdiq edilmiş müqavilələr, vərəsəlik hüququ haqqında, ər-arvadın ümumi əmlakındakı paya mülkiyyət hüququ haqqında, yaşayış evlərinin, mənzillərin açıq hərracdan əldə olunmasına dair şəhadətnamələr, daşınmaz əmlak sertifikatı, daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsasdır. Həmin Məcəllənin 140-cı maddəsinə əsasən, reyestrin məzmununun qeyri-dəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir. Əqd əsasında özgəninkiləşdirənin adına qeydiyyata alınmış hər hansı bir hüququ əldə edən şəxsin xeyrinə reyestrdəki qeyd, bu qeydə dair etirazın reyestrə daxil edildiyi və ya əldə edən şəxsin qeydin qeyri-dəqiq olmasını bildiyi hallar istisna olmaqla, həqiqi hesab edilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən, mülkiyyət hüququ subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəllənin 152.5-ci maddəsinə əsasən mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Həmin Məcəllənin 157.2-ci maddəsinə əsasən, mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Həmin Məcəllənin 157.4-cü maddəsinə əsasən, isə əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsi ilə tələb edə bilər. Məhkəmə hesab edir ki, mövcud şərtlər daxilində iddiaçının iradəsinə zidd olaraq cavabdehlərin iddiaçıya məxsus daşınmaz əmlakda olması iddiaçının əmlak üzərində mülkiyyət hüququnun həyata keçirməsini əsassız məhdudlaşdıran hal kimi qiymətləndirilməlidir. Belə ki, mülkiyyət hüququ təbiəti etibarilə mülkiyyətçinin hüquqi təsbit olunmuş geniş səlahiyyətləri olmaqla, ona məxsus olan əmlaka faktiki sahib olmaq, öz tələbatlarının təmin olunması üçün təyinatından asılı olaraq bu əmlakdan istədiyi kimi istifadə etmək, əmlakın hüquqi müqəddəratını öz iradəsinə görə müəyyən etmək, həmçinin qüvvədə olan qanunvericilik çərçivəsində digər şəxslərin hüquq və qanunla qorunan maraqlarını pozmadan öz əmlakı üzərindəki hüquqlarına üçüncü şəxslərin qeyrihüquqi müdaxiləsini aradan götürmək, bu zaman öz mülahizəsinə görə və maraqlarına uyğun hərəkət etmək imkanlarını nəzərdə tutur. Məhkəmə həmçinin qeyd edir ki, vahid mülkiyyət qaydasına uyğun olaraq, mübahisəli ev onun yerləşdiyi torpaq sahəsinin tərkib hissəsidir, dolayısı ilə də onlar vahid daşınmaz əşya hesab edilir. Beləliklə də, məhkəmə hesab edir ki, iddia təmin edilməli, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 İddiaçı məxsus Şamaxı rayonu, Şəhriyar qəsəbəsində yerləşən 0,06 ha torpaq sahəsi və həmin torpaq sahəsində olan fərdi yaşayış evindən çıxarılmalıdır. Məhkəmə həmçinin cavabdehlərə izah edir ki, onlar torpaq sahəsinin alınması və fərdi yaşayış evinin onlar tərəfindən tikilməsi ilə bağlı çəkilən xərcləri iddiaçıdan tələb etmək hüququna malikdirlər. Onlar tərəfindən belə iddianın verilməməsi hazırki iddianın təmin edilməməsi üçün əsas ola bilməz. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 14.2, 217.4 və 218.3-cü maddələrinə müvafiq olaraq məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdıraraq, onlardan istifadə edərək, yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanaraq, iddia tələbinin hədlərindən kənara çıxmadan işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Yuxarıda göstərilənlərə əsasən və və Azərbaycan Respublikası MPM-nin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: İddia təmin edilsin. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 İddiaçı məxsus Şamaxı rayonu, Şəhriyar qəsəbəsində yerləşən 0,06 ha torpaq sahəsi və həmin torpaq sahəsində olan fərdi yaşayış evindən çıxarılsınlar. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetlə Şamaxı Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Natiq İsmayılov
Məhkəmə qərarları › İş №2(074)-1185/2025
Şamaxı Rayon Məhkəməsi Qətnamə — İş №2(074)-1185/2025
17.11.2025 · Mənzil mübahisələri - Mənzildən çıxarılma
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver