Məhkəmə qərarları › İş №2(074)-119/2023

Şamaxı Rayon Məhkəməsi Qətnamə — İş №2(074)-119/2023

10.07.2023 · Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şamaxı rayonu İş № 2(074)-119/2023 10.07.2023 ŞAMAXI RAYON MƏHKƏMƏSİ Şamaxı rayon Məhkəməsinin hakimi İsmayılov Natiq Əvəz oğlunun sədrliyi, Məmmədli İsmayıl Elşən oğlunun katibliyi, İddiaçı nümayəndəsi X4, Cavabdehlər Cavabdeh2, Cavabdeh1 və Cavabdeh1 nümayəndəsi və vəkili Vəkil iştirakları ilə, İddiaçı Cavabdeh1 qarşı “qanunsuz tikililərin sökülməsi, zəbt olunmuş torpaq sahəsinin boşaldılması və onun istifadəsinə qaytarılması tələbinə dair“ iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyənetdi: İddiaçı Cavabdeh1 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Şamaxı rayonu Sabir qəsəbəsində yerləşən, ona məxsus torpaq sahəsində Cavabdeh1 tərəfindən özbaşına tikilmiş evin 2 metr enində olan hissəsinin, ot küləş üçün tikilmiş yardımçı tikilinin, qanunsuz zəbt olunmuş torpaq sahəsinə dəmir torun onun öz hesabına sökülərək ona məxsus torpaq sahəsindən çıxarılmasına və torpağın onun istifadəsinə qaytarılmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, onun Şamaxı rayonu Sabir qəsəbəsində 0.0976 ha həyətyanı torpaq sahəsi var. Cavabdeh onunla qonşudur. Bir neçə ildir ki, o ona məxsus torpaq sahəsinin 0,04 ha hissəsini zəbt edərək orada ot küləş damı tikib. Tikdiyi evin isə 2 metr enində hissəsi onun torpağındadır. Sonra isə 7mX56 metr enində onun torpaq sahəsi zəbt edərək orada olan setkanı çıxarıb atmış, sahəyə tökülmüş ona məxsus mişar daşlarını da götürüb torpağın digər hissəsinə köçürmüş və həmin sahəni çəpərləmişdir. O, dəfələrlə ona müraciət edərək damı onun torpağından çıxarmasını, dəmir toru çıxarıb öz sahəsinə çəkməsini evin onun torpağına düşən hissəsini söküb çıxarmasını desə də heç bir nəticəsi olmamışdır. Hətta son vaxtlar onu öz torpağına belə yaxın buraxmır və həmin torpaq sahəsində heyvan, qara, at, eşşək saxlayır. Ona da deyir ki, get hara deyirsən de, sənə bir qarış da olsun torpaq verməyəcəm. Odur ki, məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Daha sonra İddiaçı nümayəndəsi X9 ərizə ilə məhkməyə müraciət edərək Cavabdeh2 cavabdeh qismində mülki işə cəlb edilməsini xahiş etmiş və Cavabdeh2 cavabdeh qismində mülki işə cəlb edilmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı nümayəndəsi X9 iddia tələbinə uyğun izahat verərək iddianın təmin olunması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. Əlavə olaraq bildirdi ki, cavabdehin istifadəsində olan torpağın heç bir hüquqmüəyyənedici sənədi yoxdur. Cavabdehin bugünədək də həmin torpağa çıxarış almamasının səbəbi odur ki, torpağın mülkiyyətə verilməsinə dair akt bazada və DƏDKRX-nin 14 saylı Şamaxı Ərazi İdarəsinin arxivində mövcud deyil. Məhkəmə iclasında iştirak edən Cavabdeh2 izahat verib iddia tələbinin təmin olunmaması barədə qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən Cavabdeh1 izahat verib iddia tələbinin təmin edilməməsi barədə qətnamə qəbul ediməsini xahiş etdi. Əlavə olaraq bildirdi ki, həmin torpaq sahəsi notarial qaydada alqı-satqı qaydasında alınmışdır. Əgər həmin torpaq bazaya işlənməmişdirsə və həmin torpağa dair heç bir arxiv sənədi yox idisə torpaq sahəsi satıla bilməzdi. Məhkəmə iclasında iştirak edən Cavabdeh1 nümayəndəsi və vəkili Vəkil məhkəməyə yazılı ərizə təqdim edərək bildirdi ki, iddiaçı iddia tələbi üzrə iddia müddətini ötürdüyündən, iddia müddəti tətbiq edilməkələ iddia tələbinin rədd edilməsini xahiş edir. Məhkəmə proses iştirakçılarının izahatını dinləyib iş materiallarını araşdıraraq, hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Seriya MA ******* saylı Çıxarışın surətindən görünür ki, Şamaxı rayonu Sabir qəsəbəsində 0,0976 ha torpaq sahəsi İddiaçı və onun ailə üzvlərinin adına xx.xx.2012-ci il tarixdə qeydiyyata alınmışdır. İş materiallarında olan Sumqayıt İnzibati-İqtisadi Məhkəməsinin xx.xx.2013-cü il tarixli qərardadından görünür ki, iddiaçı X6 cavabdehlər Şamaxı rayon Sabir Bələdiyyəsinə, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin Şamaxı Ərazi İdarəsinə, Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Şamaxı rayon Şöbəsinə və üçüncü şəxs İddiaçı qarşı “İddiaçı adına verilmiş bələdiyyə qərarının etibarsız hesab edilməsi, həmin qərara əsasən verilmiş torpaq sahəsinin plan və ölçüsü sənədinin MA ******* seriyalı dövlət reyestrindən çıxarışın ləğv edilməsinə” dair veridyi iddia ərizəsi və ona əlavə edilmiş sənədlər iddiaçıya geri qaytarılmışdır. İş materiallarında olan daşınmaz əmlakın alqı-satqı müqaviləsindən görünür ki, X1 torpaq komitəsi tərəfindən verilmiş JN 2000 H kod 41014017 nömrəli torpağın mükiyyətə verilməsinə dair şəhadətnaməyə əsasən Şamaxı rayonunun Sabir qəsəbəsi ərazisində yerləşən 0,12 hektar torpaq sahəsini Cavabdeh2 satmışdır. Satılan torpaq sahəsi Dövlət torpaq komitəsi tərəfindən verilmiş JN 2000 H kod 41014017 nömrəli torpağın mükiyyətə verilməsinə dair şəhadətnamə əsasında X5 məxsusudur. İş materiallarında olan Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Kadastrı və Reyestri publik hüquqi şəxsinin 28 fevral 2023-cü il tarixli **********27 saylı məktubu ilə məhkəməyə göndərilmiş mütəxəssis rəyindən görünür ki, hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət Reyestrindən Seriya MA № ******* nömrəli çıxarışla İddiaçı mülkiyyətinə verilmiş, Şamaxı rayon Sabir qəsəbəsində yerləşən 0.0976 ha torpaq sahəsi naturada ölçülmüş torpaq sahəsi ilə eyni ərazidə yerləşir, lakin sahə və konfiqurasiya fərqi vardır. Cavabdeh1 tərəfindən naturada faktiki istifadə edilən torpaq sahəsinə dair heç bir hüuqmüəyyənedici sənəd təqdim olunmamışdır. Seriya MA № ******* nömrəli çıxarışla İddiaçı mülkiyyətinə verilmiş, Şamaxı rayon Sabir qəsəbəsində yerləşən 0.0976 ha torpaq sahəsinin 0,0258 ha hissəsi Cavabdeh1 tərəfindən istifadə olunur və həmin hissə yerquruluşu planında öz əksini tapmışdr. Torpaq sahəsinin zəbt olunub-olunmamasını müəyyənləşdimək mütəxəssisin səlahiyyətləri daxilində deyildir. Cavabdeh1 tərəfindən məhkəməyə təqdim olunmuş JN-2000H (kod ********) nömrəli Torpağın mülkiyyətinə verilməsinə dair şəhadətnamə elektron baza məlumatlarında və idarənin arxivində mövcud deyildir. Bundan əlavə JN-2000H (kod ********) nömrəli Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə X2 adındadır və alqı-satqı qaydasında Cavabdeh2 satılmışdır. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 10 aprel 2023-cü il tarixli, № 10/83 saylı rəyindən görünür ki, Azərbaycan Respublikası iqtisadiyyat Nazirliyi yanında Əmlak məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Reyestri publik hüquqi şəxsi 14 saylı Şamaxı ərazi idarəsinin 28 fevral 2023-cü il tarixli **********27 nömrəli mütəxəssis rəyində mütəxəssis rəyinə əsasən, Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət Reyestrindən Seriya MA № ******* nömrəli çıxarışla İddiaçı mülkiyyətinə verilmiş, Şamaxı rayon Sabir qəsəbəsində yerləşən 0.0976 ha torpaq sahəsinin naturada ölçülmüş torpaq sahəsi ilə eyni ərzidə yerləşdiyi, lakin sahə və konfiquriasiya fərqinin olduğu müəyyən olundu. Seriya MA № ******* nömrəli Çıxarışla İddiaçı mülkiyyətinə verilmiş, Şamaxı rayon Sabir qəsəbəsində yerləşən 0,0976 ha torpaq sahəsinin 0,0258 ha hissəsinin Cavabdeh1 tərəfindən istifadə olunduğu müəyyən olundu. Keçirilmiş ekspertiza üzrə ekspert xərci 50 manat təşkil edir. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 111-ci maddəsinə əsasən Azərbaycan Respublikasında torpaqların özbaşına tutulması (zəbt edilməsi) qanunla qadağan olunur. Özbaşına tutulmuş (zəbt edilmiş) torpaq sahələri qanunsuz istifadə zamanı çəkilən xərclərin əvəzi ödənilmədən aidiyyəti üzrə geri qaytarılmalıdır. Torpaqların əvvəlki vəziyyətinə gətirilməsi (orada olan binaların, tikililər və qurğuların sökülməsi də daxil olmaqla) torpaqları zəbt etmiş hüquqi və fiziki şəxslər tərəfindən və ya onların hesabına həyata keçirilir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: 152.5-ci maddəsinə əsasən mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. 157.4-ci maddəsinə əsasən əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. 164.1-ci maddəsinə əsasən sahibin iradəsi olmadan sahiblikdən məhrumetmə və onu pozma qadağan edilmiş özbaşınalıq sayılır. Hər bir sahibin qadağan edilmiş özbaşınalıqdan müdafiə üçün güc işlətmək ixtiyarı vardır. Bu zaman o, şəraiti nəzərə almaqla, əsassız güc hərəkətlərindən çəkinməlidir. 164.2-ci maddəsinə əsasən sahiblikdən məhrum olan onun üçün qanunsuz sahibdən sahibliyin qaytarılmasını tələb edə bilər. 384.0.4-cü maddəsinə əsasən mülkiyyətçinin və ya digər sahibin onun hüququnun hər cür pozuntularının aradan qaldırılması haqqında tələbləri, özü də bu pozuntular sahiblikdən məhrumetmə ilə birləşdirilmiş olmasa belə iddia müddəti şamil edilmir. Belə olan halda məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət Reyestrindən Seriya MA ******* nömrəli çıxarışa əsasən İddiaçı mülkiyyətində olan Şamaxı rayon Sabir qəsəbəsində yerləşən 0.0976 ha torpaq sahəsinin Cavabdeh1 tərəfindən istifadə edilən 0,0258 ha hissəsi cavabdehlər tərəfindən boşaldılmalı və İddiaçı mülkiyyətində olan Şamaxı rayon Sabir qəsəbəsində yerləşən 0.0976 ha torpaq sahəsində cavabdeh tərəfindən inşa edilmiş tikililər və çəkilmiş dəmir tor sökülməli həmin torpaq sahəsi iddiaçının əməli istifadəsinə qaytarılmalı, iddia tələbi qalan hissədə təmin edilməməlidir. Azərbaycan Respublikasının MPM-in 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, keçirilmiş ekspertizanın xərci 50 manat cavabdehlərdən müştərək qaydada tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 217.4 və 218.3-cü maddələrinə müvafiq olaraq məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdıraraq, onlardan istifadə edərək, yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanaraq, iddia tələblərinin hədlərindən kənara çıxmadan işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: İddia qismən təmin edilsin. Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət Reyestrindən Seriya MA ******* nömrəli çıxarışa əsasən İddiaçı mülkiyyətində olan Şamaxı rayon Sabir qəsəbəsində yerləşən 0.0976 ha torpaq sahəsinin Cavabdeh1 tərəfindən istifadə edilən 0,0258 ha hissəsi cavabdehlər tərəfindən boşaldılsın və İddiaçı mülkiyyətində olan Şamaxı rayon Sabir qəsəbəsində yerləşən 0.0976 ha torpaq sahəsində cavabdehlər Cavabdeh2 və Cavabdeh1 tərəfindən inşa edilmiş tikililər və çəkilmiş dəmir tor sökülsün və həmin torpaq sahəsi iddiaçının əməli istifadəsinə qaytarılsın. İddia qalan hissədə təmin edilməsin. İş üzrə keçirilmiş ekspertizanın xərcini təşkil edən 50 manat pul cavabdehlər Cavabdeh2 və Cavabdeh1 müştərək qaydada tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin (X3 kod 210005 VÖEN **********, m/h AZ41NABZ********************, S.W.İ.F.T. BİK CTREAZ22 Məhkəmə Ekspertiza Mərkəzi VÖEN: **********, Hesab: AZ34CTRE********************) hesabına köçürülsün. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətinə Şamaxı Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Natiq İsmayılov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar